Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:43

Azərbaycanlı qəbirlərinə başqa ölülər də basdırılır


“Westfriedhof” qəbiristanlığının 225-ci bölümü
“Westfriedhof” qəbiristanlığının 225-ci bölümü

...Münxenin “Westfriedhof” qəbiristanlığında 225-ci bölümü tapmaq çətin olmadı.

Almaniyadakı bir çox məzarlıqlar kimi Münxenin qərbində yerləşən və səliqə-səhmanına görə parkı xatırladan bu məzarlığın girişində ayrıca xəritə var.

Burda müsəlman məzarları bir neçə bölümdə yerləşir və 225-ci bölümdə hündür ağacların kölgəsində ay-ulduzlu məzarlarda dörd azərbaycanlı da uyuyur.

Onlar 2-ci Dünya Müharibəsində əsir düşən və alman ordusunda döyüşməyə razı olanlardır. Onlardan ikisinin qəbrinə başqa ölülər də basdırılıb.

Yalnız nabələd adam düşünə bilər ki, başdaşlarındakı bu adlar, rəqəmlər, yer adları məzarların sahibləri haqda çox şey deyir. Əslində bu bir tapmacadır...

Əhməd Cavadlı
1918-1991
Muğanlı
Azərbaycan

Kamil Əlizadə
1920-1978
Gəncə
Azərbaycan

Allahverdi Bəkir
1915-1980
Azərbaycan

Şamil Atabəy
5.5.1925-20.11.1975
Azərbaycan Bakı

Allahverdi Bəkirin məzarında 1992-ci ildə əlavə olaraq bir, Şamil Atabəyin məzarında isə 1984 və 1993-cü illərdə iki ərəb əsilli şəxs də dəfn edilib.

Şamil Atabəyin qəbrində daha iki şəxs dəfn edilib.

Mənə məzarlıqda - Münxendə təhsil alan azərbaycanlı tələbə İlqar İsmaıl bələdçilik edir.

Bu “üst-üstə dəfn” ilk baxışda adama çox əcaib gələ bilər, amma qəbirlərin sonradan açılmasının çox sadə bir səbəbi var...

QARMONDA ÇALINAN AZƏRBAYCAN HİMNİ

Mən heç vaxt Azərbaycan himninə qulaq asanda belə hiss keçirməmişdim... adamın tükləri biz-biz olur...

Keçən il Azadlıq Radiosunun səs arxivində kiçik bir araşdırma aparan zaman 1965-ci ildə 28 may münasibətilə yazılan verilişin lent yazısına rast gəldim.

Sovet Azərbaycanda 28 may adi iş günlərindən biri olduğu vaxtlarda Azadlıq Radiosu bir istiqlal bayramı olaraq həmin gün haqda böyük bir proqram hazırlamışdı.

Proqram Münxendə yaşayan azərbaycanlıların təşkil etdiyi təntənəli bayram tədbiri haqdadır və verilişidə həvəskar xorun ifasında Azərbaycan himni də səsləndirilir, qarmon və pianonun müşayiəti ilə. (həmin ifanı buradan dinlə.)

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himnini azərbaycanlı mühacirlər ikinci müstəqillik dövrünə belə qoruyaraq çatdırıblar...

Arxivdə tapdığım lent yazısı 1965-ci ildə istiqlal bayramının necə keçirildiyini anladır. Zaldan üçrəngli Azərbaycan bayrağı asılıb. Bayram yığıncağında Almaniyanın müxtəlif şəhərlərindən və qonşu ölkələrdən gəlmiş 200-ə qədər azərbaycanlı iştirak edir.

Tədbirə qonaqlar da qatılıb. İclas Azərbaycan himni ilə açılır, sonra istiqlal şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, şəhidlərin ruhuna dua oxunur.

“Tədbirin açılışında Azərbaycanın qədim tarixi və mədəniyyəti təsvir edilmiş, Azərbaycan və alman dilində istiqlal günümüz haqda geniş məruzələr edilmişdir.

Alman ordusunda azərbaycanlı legionçular. 804-cü legionçu batalyon

Sonra istiqlal və sovet istilasının başlanğıc dövrünü görmüş, habelə Kreml hökmranlığına qarşı üsyan hərəkatında iştirak etmiş həmyerlilərimizdən bir neçəsi çıxış etmişdir.

Bundan sonra alman və amerikan ictimaiyyətinin nümayəndələri, habelə Azərbaycan cəmiyyətlərinin nümayəndələri təbrik nitqləri ilə çıxış etmişlər.

Rəsmi hissə bitəndən sonra yemək verilmiş, ondan sonra da oyun və mahnılarımız nümayiş etdirilmişdir.

Şənlik gecənin gec saatlarına qədər davam etmişdir...”

Bayram tədbiri haqda verilişdə diqqəti çəkən məqamlardan biri də odur ki, təxminən 20 dəqiqəlik veriliş zamanı iştirakçılardan və bolşevik işğalını ifşa edən çıxışçılardan heç birinin adı çəkilmir.

Heç Azadlıq Radiosunun həmin verilişini kimin hazırladığı, apardığı da deyilmir. Bunun da səbəbi sadədir...

AMERİKANIN HİMAYƏSİ ALTINDA

Münxendəki azərbaycanlı legionçuların hamısı dünyasını dəyişib. Deyilənə görə, sonuncu legionçu bu ilin əvvəlində qocalar evində vəfat edib.

Alman ordusunda azərbaycanlı legionçu. 804-cü batalyon.

İkinci Dünya Müharibəsi başa çatandan sonra azərbaycanlı legionerlər repressiyalardan qorxaraq Vətənə qayıtmırlar və Amerika qoşunlarının nəzarətində olan Qərbi Almaniyaya keçirlər.

Almaniya Federativ Respublikasında əsasən Münxen və Ulm şəhərlərində məskən salırlar.

Kommunist rejiminə qarşı ideoloji mübarizə aparan Amerikanın təşəbbüsü ilə müharibədən sonra qərbi Almaniyadakı azərbaycanlılar təşkilatlandırılır.

Bunu isə mənə Almaniyanın paytaxtında yaşayan və azərbaycanlı legionçularla bağlı araşdırma aparmış gənc alim Qurban Ələkbərov danışır (Yeri gəlmişkən, onun və Münxendə İlqar İsmayılın köməyi olmasaydı, bu yazı alınmazdı).

50-ci illərin əvvəllərində Azadlıq Radiosunun Azərbaycan xidməti yaradılır və Sosialist Azərbaycanına yayıma başlayır. Azərbaycan legionunun qurucusu Əbdürrəhman bəy Fətəlibəyli Düdənginski xidmətin rəhbəri təyin edilir, başqa legionerlərdən də jurnalist işinə qəbul edilənlər olur.

Qurban bəy deyir ki, bundan başqa Münxendə əslən Orta Asiyadan olan ruhani Cümə Namanqaninin rəhbərliyi altında İslam İcması təşkil olunur, icmada SSRİ-dən olan müsəlman xalqlarının nümayəndələri, o cümlədən azərbaycanlılar təmsil olunur.

Ulmdakı azərbaycanlılar isə müstəqil şəkildə təşkilatlanırlar.

ÖLÜMDƏN SONRAKI... MÜQAVİLƏ

Almaniyada daimi məzar anlayışı yoxdur. Torpaq qıtlığına görə, mərhumun yaxınları yerli hakimiyyətlə müqavilə imzalamalıdırlar. Adətən belə müqavilələr 25-30 illiyinə bağlanır. Əgər müqavilə təzələnməzsə, mərhumun sümükləri məzardan çıxarılır.

Alman ordusunda azərbaycanlı legionçu. 804-cü batalyon.

Münxendəki İslam icması müsəlman adətləri ilə uzlaşmayan bu qanunları pozmamaq üçün yerli hakimiyyətlə belə bir razılıq əldə edib:

Münxen qəbiristanlıqlarında İslam icmasının səlahiyyətində olan qəbirlərin sayı məhdud olduğu üçün icma üzvlərindən dünyasını dəyişən olanda bəziləri artıq mövcud olan məzarlarda dəfn edilir. Təbii ki, bütün tərəflərin yaxınlarının razılığı ilə.

Yeri gəlmişkən, Almaniyada bir qəbirdə bir neçə nəfərin basdırılması nadir hal deyil. Mən Münxen qəbiristanlığında çox belə qəbir gördüm. Amma bunlar əsasən bir ailənin üzvləridir.

İlqar bəy deyir ki, “Westfriedhof” qəbiristanlığında uyuyan Allahverdi Bəkirin oğulları Helmut və Nadir Bəkir Münxendə yaşayırlar. Helmut taksi sürücüsüdür. O, atasının vətəni Şəkiyə də gedib-gəlir, qohumları ilə görüşür.

Əhməd Cavadlının milliyyətcə alman olan həyat yoldaşı isə başqa şəhərə köçsə də, məzarlıqlara qulluq göstərən şirkətlərin biriylə müqavilə bağlayıb və hər həftə ərinin qəbri üzərindəki güllər təzələnir...

ADLAR LABİRİNTİ

Münxenin başqa qəbiristanlıqlarında da azərbaycanlı legionçuların qəbirlərinin olduğunu eşitdim.

Münxendəki başdaşılarda yazılanlar məzar sahibləri haqda çox az şey deyir. Bunların böyük əksəriyyəti onların əsl adları deyil. Hətta doğum tarixlərinin də doğru olduğunu iddia etmək çətindir.

Mən bir müddət qabaq Almaniyanın başqa bir şəhəri Noy-Ulmdakı qəbiristanlıqda olarkən də eyni adlar labirintinə düşmüşdüm. Mənə bələdçilik edən 87 yaşlı keçmiş legioner Bəşir Əlizadə (onun haqqında "Həmyerli" rubrikamızın əvvəlki saylarının birində ətraflı danışmışdıq) məzarlıqda yatan ona yaxın azərbaycanlının əksəriyyətinin adlarının sonradan götürülmə olduğunu dedi.

Yeri gəlmişkən o öz adını da dəyişib, əsl adı Mirhəşim Əliyevdir. Dediyinə görə, hətta müharibədən sonra düzəltdirdiyi sənədlərdə doğum tarixini də yanlış göstərib.

Hələ Noy-Ulm-da olarkən anlamışdım ki, legionerlər haqda ilk yazılarımdan sonra Praqaya zəng edən Ruhşad adlı dinləyicimizin istəyini yerinə yetirməyim necə müşkül bir işdir.

Bəşir Əlizadə

O, babası – müharibədə əsir düşmüş, lakin sonrakı həyatı haqda məlumat olmayan Heydər Əlicabbar oğlu Hacıyev haqda (1916-cı il təvəllüdlüdür, Ağdaşdandır) nəsə öyrənmək cəhdlərimin bir nəticə verməsi necə çətindir. Bəlkə də mümkün deyil.

SSRİ-yə QARŞI VURUŞANLARIN QÜRBƏTDƏKİ QORXUSU

Tezliklə legionerlər sovet kəşfiyyatının necə əliuzun olduğunu anladılar. “KQB”nin müharibədən sonra xaricdə törətdiyi qətllərdən birinin hədəfi də Düdənginski olur.

Legionerlər arasında Vətənə qayıtmaq müqabilində sovet kəşfiyyatı ilə əməkdaşlığa razı olmuş Mikayıl İsmayılov öz evində Düdənginskini qətlə yetirir.

Azadlıq Radiosunun işə başladığı dövrdə - iki il müddətində radionun Azərbaycan xidməti ilə əməkdaşlıq etmiş Bəşir Əlizadə deyir ki, bu ölüm bütün legionerləri həm sarsıdır, həm də birə-beş ehtiyatlı olmağa vadar edir.

“Radio Münxendə yerləşirdi, işə qatarla gedərdim. Beş gün işləyib, şənbə-bazarı Noy-Ulmda - ailəmin yanında keçirərdim. 54-cü ilin noyabrında Fətəlibəyliyə sui-qəsd olanda mən məzuniyyətdə - Noy-Ulmda idim. Qətldən sonra daha Münxenə - radioya getmədim. Həyat yoldaşım istəmədi. “KQB”dən ehtiyat etdik”.

Əhməd Cavadlının gülləri hər həftə təzələnən məzarı.

Amma Bəşir bəy xatırlayır ki, sonralar Münxendə azərbaycanlıların keçirdiyi bayramlarda, o cümlədən Novruz şənliyində çox iştirak edib.

Berlində yaşayan gənc azərbaycanlı alim Qurban Ələkbərov İslam icmasından öyrəndiklərinə əsasən deyir ki, legionçuların öz adlarını dəyişdirməsi təkcə “KQB” qorxusu ilə bağlı deyildi.

Onlar arasında müharibə dövründə SS-də (birbaşa Hitlerin nasist partiyasına tabe olan silahlı birləşmələr. Müharibə cinayətlərinin çoxu SS tərəfindən törədilib) xidmətə cəlb edilənlər də olub.

Qurban bəy deyir ki, hətta keçən əsrin 80-ci illərində həmin şəxslərin təqaüd problemi də yaranıb. Əvvəl müharibə iştirakçısı kimi onlara təqaüd kəsilsə də, sonra SS-də xidmət etdikləri üzə çıxdığı üçün təqaüdləri ləğv edilib...

Amma SS mövzusu artıq ayrıca bir mövzudur və bu haqda növbəti söhbətlərimizin birində daha ətraflı danışmağa çalışacağıq.

XS
SM
MD
LG