Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:47

«Türkiyənin təklif etdiyi qaz qiymətləri qəbuledilməzdir»


Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev
HAMI TƏLƏSİR, TƏK TÜRKİYƏ İŞİ LƏNGİDİR

Oktyabrın 16-da hökumətin müşavirəsində Prezident İlham Əliyev Türkiyə ilə qaz danışıqlarının niyə dalana dirəndiyini izah etdi. İlham Əliyev bildirir ki, hazırda vəziyyət belədir:

Avropa Birliyi Azərbaycan qazını dünya bazarındakı qiymətlərə almağa hazırdır, Bakının bu qazı və onu ötürmək gücü var, amma onun keçəcəyi Türkiyə tranzit üçün elə şərtlər tələb edir ki, onu qəbul etmək mümkün deyil.

Prezidentin bildirdiyinə görə indi bu məsələdə Türkiyədən başqa hamı tələsir. Avropa Birliyi ölkələri mümkün qədər tez qaz almağa çalışır, Azərbaycan qazına tez bazar tapmağa çalışır, xarici şirkətlər də pul qoyub pul qazanmağa tələsirlər. Onun verdiyi məlumata görə Azərbaycanın Şahdəniz yatağının qaz ehtiyatları 1.2 trilyon kub/metr hesablanır.

Yatağın ikinci hissəsinin istifadə edilməsinə xarici enerji şirkətləri 20 milyard dollar pul qoymağı planlaşdırılar. Bu gün işlərə başlansa, yalnız 2015-ci ildə yatağın ikinci hissəsindən qaz almaq mümkün olacaq. Bundan sonra yataq üzrə layihələrin müddətinin başa çatmasına cəmi on il qalır. On ilə isə 1.2 trilyon kub/metr qazı çıxarmaq mümkün olmadığından Şahdənizdəki xarici tərəfdaşlar narahatdırlar.

TÜRKİYƏNİN TRANZİT XƏRCİ KİMİ İSTƏYİ NƏ QƏDƏRDİR?

Azərbaycan özü də mümkün qədər tez qazına bazar tapıb iqtisadiyyatına əlavə 20 milyard dollar sərmayənin qoyulmasını təmin etmək istəyir.
Ortada olan layihələrə görə isə Azərbaycan qazı Avropa ölkələrinə Türkiyə ərazisi ilə keçirilməlidir. Amma Türkiyə Azərbaycan qazının öz ərazisi ilə Avropaya ötürülməsi üçün elə tranzit xərci istəyir ki, bunu qəbul etmək mümkün deyil:

- Heç kimə sirr deyil ki, Azərbaycan uzun illərdir Türkiyəyə qazı dünya qiymətinin üçdə-birinə - 30 faizinə satır. Hansı ölkə xüsusilə də indiki şəraitdə öz təbii ehtiyyatlarını başqasına bu qədər ucuz satmağa razı ola bilər?

Keçən ilin aprelindən indiyə qədər aparılan danışıqlarda əfsuslar olsun ki, indiyə qədər tranzit məsələsində heç bir nəticə əldə edə bilməmişik. Biz istəyirik ki, qazımızın qiyməti heç olmasa, Rusiya qazının qiymətinin 8-10 faizi qədər aşağı olsun, daha 50 faizi qədər yox.

Bizə bölgədə mövcud olan tranzit tariflərdən 70 faiz baha tarif təklif edirlər. Kim buna razılaşar?

Azərbaycan prezidenti bildirir ki, qəbul etməyin mümkün olmayacağını bilə-bilə bu cür şərtlər irəli sürmək bütövlükdə Türkiyə ilə qaz sövdələşməsini poza bilər.

AZƏRBAYCAN TÜRKİYƏDƏN YAN KEÇƏN YOLLAR AXTARIR

İlham Əliyev deyib ki, artıq Azərbaycan öz qazını satmaq üçün əlavə bazarlar axtarır. İki gün əvvəl Rusiya ilə qaz alqı-satıqısına dair müqavilə imzalanıb və həmin müqavilədə Azərbaycanın ən çoxu nə qədər qaz verməli olduğu göstərilməyib. Yəni, Azərbaycan nə qədər istəsə, Rusiyaya o qədər qaz sata bilər, həm də ortada tranzit ölkə olmadan, dünya bazarına uyğun qiymətlərlə.

Prezident ikinci yol kimi də qazın İrana satılmasını görür. Onun dediyinə görə artıq bu istiqamətdə də müzakirələr var, Astarada olan qaz kompressor stansiyasını yeniləmək, ya da təzələmək və mövcud kəmərlərdə təmir işləri aparmaqla qazı İrana ötürmək mümkündür.

Üçüncü istiqamət kimi də İlham Əliyev qazın Gürcüstan vasitəsilə Qara dəniz sahilləri ilə Avropa məkanına çatdırılmasında görür:

- Prinsip etibarı ilə biz buna razıyıq. Məsələni son dəfə mən Rumıniyada rəsmi səfərdə olarkən geniş müzakirə etdik, proses davam etdiriləcək.

Bolqarıstanla da bu sahədə əməkdaşlıq mümkündür. Biz bunu da araşdıracağıq. Yəni çətin vəziyyətdən çıxış yolları tampalıyıq və bu yollar da var.

Ilham Əliyev xüsusi vurğulayır ki, qazın bütün bu üç istiqamət üzrə nəqli barədə müzakirələrin təşəbbüskarları Bakı deyil. Bütün hallarda təklif tərəfdaşlardan gəlib.
XS
SM
MD
LG