Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:19

«Bakıda namaz qılmağa məscid tapılmır»


«Bizim yol»: Bu il İslam Mədəniyyəti Paytaxtı elan olunmuş Bakı şəhərində inanclı müsəlmanların rahat namaz qılması problemə çevrilib. Səbəb hamıya məlumdur, məscidlər izaholunmaz şəkildə bağlanır, sökülür, dağıdılır.

Xüsusən xarici ölkələrin dəstəyi ilə tikilən məscidlərin, demək olar ki, əksəriyyəti bu gün fəaliyyət göstərmir. Türk məscidləri, «Əbu-Bəkr» məscidini buna misal gətirmək olar. Hazırda «Şəhidlər», «Peyğəmbər», «Əbu-Bəkr», «Şəhidlər Camesi», «Neft Daşları»ndakı ibadət ocağı fəaliyyətsizdir, «İlahiyyat» camesinin bağlanması barədə müzakirələr aparılır. Sökülən və təmir olunan məscidlərin siyahısı bununla yekunlaşmır.

Yeni Günəşlidə «Fatimeyi-Zəhra» məscidi sökülür. Həmçinin, «Təzə Pir» məscidi yaxınlığında yerləşən «Fatimeyi-Zəhra» ibadət ocağı da qanunsuz tikili adı altında fəaliyyətini dayandırıb.
Proses rayonlarda da geniş vüsət alıb. Məsələn, Gəncədə «Ozan», «Qazaxlar» və «Sünni Məscidi»nin bağlanması haqda məlumat verilib.

Nəzərə alsaq ki, son illər Azərbaycanda dinə meyllənən insanların sayı kəskin şəkildə artıb, amma bunun əksinə, namaz qılmaq üçün ibadət ocaqlarının sayı kəskin şəkildə azalıb. Dindarlar çox çətinliklə məscid tapıb Allaha ibadət edirlər.

Ötən gün baş çəkdiyimiz «Təzə Pir» məscidinə gələnlərin əksəriyyəti də əvvəllər başqa məscidlərdə namaz qılanlar idi. İndi məcbur olub uzun yolu gəlib burada ibadətlərini edirlər. Dindarlar Bakıda nəinki türk məscidlərinin, bütövlükdə ibadət ocaqlarının qapadılmasına etiraz edərək, bunu məntiqsiz addım hesab etdilər.

«Azadlıq»: Türkiyə ilə Azərbaycanın arasını kim vurur?

Türkiyə ilə Azərbaycan arasında məlum gərginlik yaşandığı müddətdə bəziləri iki ölkə arasında aranı vurmaq istəyənlərin axtarışındadır. Məsələn, Türkiyə baş nazirinin müavini Bülənt Arınc Azərbaycandakı Rusiyapərəst qüvvələrin aranı qarışdırdığını deyib. Azərbaycan rəsmilərinin buna cavabı özünü çox gözlətməyib. Bundan dərhal sonra ölkəmizin İstanbuldakı kosulu Səyyad Aran mətbuat konfransı keçirərək iki ölkə arasında gərginliyin yaranmasında Amerika tərəfini ittiham edib.

Ancaq məsələnin görünən tərəfləri var. Bursada keçirilən futbol matçı zamanı Azərbaycan bayrağı zibil qutusuna hər hansı bir göstərişlə deyil, sadəcə olaraq polis tərəfindən atılmışdısa, Bakı Şəhidlər Xiyabanında Türkiyə bayrağı birbaşa dövlət rəhbərliyini göstərişi ilə endirilmişdi. Türkiyədə Azərbaycan bayrağına qarşı hörmətsizlik iki ölkə arasında münasibətləri korlamaq istəyən, gərginliyi artırmaq arzusunda olan qüvvələr tərəfindən də edilə bilər. Ancaq Azərbaycanda vəziyyət bir qədər fərqli idi. Belə olan halda iki ölkə arasında gərginliyin artmasında kimlərin xidməti var? Ölkə siyasiləri bu barədə nə düşünür?

Məsələyə münasibət bildirən AXCP sədrinin müavini Nurəddin Məmmədli Türkiyə baş nazirinin müavininin fikirləri il şərik olduğunu və vəziyyətin gərginləşməsində ölkədəki rusiyapərəst qüvvələrin rolununu yüksək olduğunu dedi.

Politoloq Eldar Namazov isə iki ölkənin arasını vurmaq istəyənlərin çox olduğunu və Amerikanın bu məsələdə o qədər də fəal olmadığını qeyd etdi.

«Yeni Azərbaycan»: Xəzər hövzəsi sülh və əməkdaşlıq nümunəsinə çevrilməlidir.

Xəbər verildiyi kimi, ötən həftə Bakıda Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə Xəzər dənizinin təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunan konfrans keçirilib. İki gün davam edən tədbirdə ilk dəfə olaraq «Xəzər hövzəsində təhlükəsizliyin təmin olunmasına dair Saziş Layihəsi»nin əsas prinsipləri müzakirə olunub.

Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Xəzər hövzəsində təhlükəsizliyin təminatına dair Saziş Layihəsi Azərbaycanın təşəbbüsü ilə hazırlanıb. Nazir müavini dənizin su səthinin beynəlxalq hüquq normaları çərçivəsində bölünməsinin layihənin əsas tərkib hissələrindən biri olduğunu qeyd edib. Region dövlətlərinin xarici siyasətdə ümumi razılığa gəlmələrinə imkan yaradan amillərdən biri isə son illər Xəzər regionunda həyata keçirilən Qərbyönümlü beynəlxalq əməkdaşlıq layihələrinin çoxalmasıdır.

Ümumiyyətlə, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı uzun illərdir ki, müzakirələr aparılır. Azərbaycan hər zaman Xəzərin sülh və əməkdaşlıq hövzəsi kimi təşəkkül tapmasının tərəfdarı qismində çıxış edib.
XS
SM
MD
LG