Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:00

İran saytlarına nə olub?


İranın Dövlət Radio və Televiziya Təşkilatının internet səhifəsi
İranın Dövlət Radio və Televiziya Təşkilatının internet səhifəsi
İranın Dövlət Radio və Televiziya Təşkilatının internet səhifəsinin Azərbaycan dilindəki bölməsinə Azərbaycandan daxil olmaq mümkün deyil. O cümlədən «Səhər» televiziyasının internet səhifəsi də açılmır.

«AZƏRBAYCANDAN BU ÜNVANLAR BLOKLAŞDIRILIB»

«Media forum» saytı yazır ki, oktyabrın 4-də İranın Dövlət Radio və Televiziya Təşkilatının internet səhifəsində «Azərbaycanda sionistlərin nəzarətində olan dövlət qurumları» başlıqlı videomaterial yerləşdirilib. Bir neçə millət vəkilinin, dövlət məmurunun islam əleyhinə keçirilən MAŞAV kurslarının iştirakçısı olduğu qeyd edilib».

Eyni material «Səhər»in saytında da yerləşdirilib.

Bundan sonra Xarici İşlər nazirinin müavini Vaqif Sadıqov İran səfiri Məmmədbağır Sadıqovla görüşüb və rəsmi bir qurumun saytında Azərbaycanın dövlətçiliyi əleyhinə material yerləşdirilməsindən narahatlığını bildirib.

Artıq iki gündür «Səhər»in internet ünvanına daxil olmaq mümkün deyil, Dövlət Radio və Televiziya Təşkilatının isə yalnız Azərbaycan bölməsi açılmır, saytın digər dillərdəki versiyalarına isə maneəsiz girmək mümkündür. İran tərəfi bildirir ki, Azərbaycandan bu ünvanlar bloklaşdırılıb.

BU, PROVAYDER PROBLEMİ OLA BİLƏRMİ?

Ancaq ayrı-ayrı provayderlərdən də bu ünvanlara (http://azeri.irib.ir/http://setv.irib.ir/) girmək mümkün olmadı. Azərbaycanın yeganə İnternet paylayıcısı «Delta» Telekomdan isə dedilər ki, onlar heç bir sayta müdaxilə etmirlər. Söhbət bloklaşmadan gedirsə, hansısa sayta blok qoymaq yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ixtiyarındadır.

Nazirliyin şöbə müdiri Rüfət Gülməmmədov isə AzadlıqRadiosuna ölkə ərazisində hansısa saytı bloklaşdırmadıqlarını bildirir:

«Bizim belə bir səlahiyyətimiz yoxdur. Bəlkə də o saytların öz texniki problemidir».

«MƏMURLARIN, YA MİLLƏT VƏKİLLƏRİNİN TƏNQİDİ DÖVLƏTÇİLİYİN TƏNQİDİ ANLAMINA GƏLMƏMƏLİDİR»

İranın «Səhər» televiziyasının Azərbaycan bölməsinin rəhbəri Bürhan Hişməti isə texniki problemlə bağlı deyilənləri təkzib eləyir:

«Biz yalnız Azərbaycandan saytımızın bağlı olması mesajını almışıq. Başqa ölkələrdən çox asanlıqla saytlara girmək mümkündür».

Bürhan Hişməti azərbaycanlı məmurlar və millət vəkilləriylə bağlı videomateriallın hələ də saytda qaldığını söyləyir və deyir ki, bu material Azərbaycan dövlətçiliyi əleyhinə deyil:

- Məmurların, ya millət vəkillərinin tənqidi dövlətçiliyin tənqidi anlamına gəlməməlidir.

- Amma siz birtərəfli məlumat yaymısız, adını çəkdiyiniz şəxslərin məsələyə münasibətini verməmisiz.

- Biz videomaterialda adı çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.

Bürhan Hişməti deyir ki, onlar iki ölkə arasında münasibətlərə kölgə salmaq niyyətində deyillər. «Bəs bu videomaterial səhifədən götürələcəkmi» sualının cavabında isə o deyir ki, yazını götürməyəcəklər, ancaq sayt yeniləndikcə, videomaterial arxivə düşəcək.

«BU, BÖHTANDIR»

Sözügedən videomaterialda adı MAŞAV kurslarında iştirakda çəkilən millət vəkili Asim Mollazadə təkzib verdirmək niyyətindədirmi?

Deputat bu materiala əhəmiyyət vermədiyini söyləyir:

«Yazılanlar yalandır. Böhtanın mahiyyəti də mənə aydın olduğu üçün əhəmiyyət vermirəm. Həm də Azərbaycanın dövlətçiliyi əleyhinə olan yazıların İran mətbuatında yayılması birinci dəfə deyil».
XS
SM
MD
LG