Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:40

«Sərhəd dirəklərinin sökülməsi ideyası Elçibəydən gəlmişdi»


İran - Azərbaycan sərhədi, 31 oktyabr 2007
İran - Azərbaycan sərhədi, 31 oktyabr 2007
- O tərəfdə, bu tərəfdə tonqallar qalandı. O tərəfdən bu tərəfə, bu tərəfdən o tərəfə keçənlər oldu. Yüzlərlə insan özünü Araz çayına atıb, qarşı sahilə üzdülər…

Bu, 20 il əvvəl - dekabrın 31-də Naxçıvanın İranla sərhədində tikanlı məftillərin sökülməsinə şahidlik edən keçmiş millət vəkili İbrahim İbrahimlinin xatirələridir.

O deyir ki, Berlin divarlarının sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Onun sözlərinə görə, məhz Azərbaycan Xalq Cəbhəsinin (AXC) sədri Əbülfəz Elçibəydən belə bir ideya gəlmişdi ki, Naxçıvanda sərhəd dirəkləri sökülməlidir.

Ancaq AXC Naxçıvan təşkilatının Ali Məclisində bu ideya ilə bağlı təklifi ilk dəfə Culfa rayon şöbəsinin sədri Ramiz Tağıyev verib.
İbrahim İbrahimli
İbrahim İbrahimli deyir ki, bundan ötrü məhz dekabrın 31-nin seçilməsi də təsadüf deyildi.

EVLƏRDƏ «YOLKA»LARI TİKANLI MƏFTİLLƏR ƏVƏZ ETMƏLİYDİ


Onun deməsinə görə, onda çoxları dərk edirdi ki, Yeni il azərbaycanlıların mili bayramı deyil. Həmin günü bütün dünya azərbaycanlılarının bayramına çevirmək lazımdır. İbrahim İbrahimli deyir ki, elə sərhəd dirəklərindən kəsilən tikanlı məftillərin parçaları da bu məqsədlə ev-ev, qapı-qapı paylanmışdı:

- Tikanlı məftil parçalarını kəsib insanlar evlərinə aparmışdılar. Necə ki, Berlin divarlarının daşlarını Almaniyada kimlərsə götürüb evində saxlayırdı. Üstəlik, həmin tikanlı məftillərdən evlərdə «yolka» kimi istifadə etmək ənənəsi yarandı. Bu ənənəni indi də bəzi evlərdə yaşadırlar…

SƏRHƏDLƏRİN SÖKÜLMƏSİNƏ 1 AY ÖNCƏDƏN HAZIRLIQLAR GÖRÜLÜB

Həmin günlər AXC Naxçıvan şəhər təşkilatının üzvü olmuş Mikayıl Rəhimov isə deyir ki, sərhədlərin sökülməsinə bir ay öncədən hazırlıq işləri görülüb. Bir neçə dəfə sərhəddə həmrəylik mitinqləri keçirilib.

M.Rəhimovun sözlərinə görə, hətta 1990-cı il 20 yanvar faciəsindən sonra da sovet hərbçiləri Naxçıvanda bütün sərhədlər boyu tikanlı məftilləri bərpa edə bilməmişdilər:

- Ancaq sonradan həm bizim, həm də oradakı soydaşlarımızın israrından sonra gəlib-getməyə icazə verildi. Həm Sovetlər Birliyi, həm də İran tərəfi.
Zərdüşt Əlizadə
Hər iki tərəf sərhədin 45 kilometrliyində yaşayan insanların gedib-gəlməsi haqlarını tanıdı. Nəticədə həmin sərhəd məftilləri yenidən əhəmiyyətini itirdi.

SƏRHƏD HƏRƏKATININ MAHİYYƏTİ İLƏ BAĞLI FƏRQLİ DÜŞÜNCƏLƏR


Ancaq istər o vaxt, istərsə də indi sərhədlərin sökülməsinə Azərbaycanda birmənalı münasibət yoxdur. Politoloq Zərdüşt Əlizadə deyir ki, Berlin divarlarının sökülməsi ilə Azərbaycanda sərhədlərin sökülməsi tamam başqa məqsədlərə xidmət edirdi:

- Orda məqsəd demokratiyanı qurmaq idi, burada qarşısını almaq. Adını mili azadlıq mücadiləsi qoymuşdular. Ancaq ailə-klan hakimiyyətini Azərbaycana gətirmək istəyirdilər.

Həmin hadisələrin iştirakçısı İbrahim İbrahimli isə düşünür ki, kimin necə dəyərləndirməsindən asılı olmayaraq bu hərəkat xalqın qəhrəmanlıq tarixinə yazılmalıdır.

İbrahim İbrahimli bu hadisələrdən Dövlət Təhlükəsizlik Komitəsinin istifadə etmək niyyətini istisna etmir. Ancaq o sual verir: Bəs Sovet qoşunları Macarıstana, Çexoslovakiyaya niyə girmişdilər? Orda da sərhədlər sökülmüşdü?
XS
SM
MD
LG