Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:22

Ermənistanda 357 hektar meşənin qırılması planlaşdırılır


Lori rayonunda mis mədəni
Lori rayonunda mis mədəni
Ermənistanın şimalında yerləşən Texut zəngin təbiəti ilə məşhurdur. Son vaxtlar bu ərazi barədə eşitməyən qalmayıb. Üç il əvvəl Ermənistan hökuməti Texut mis-molibden mədənini dağ-metallurgiya şirkəti - «Armenian Copper Program»ın (ACP) istismarına verib. Mədənin açıq istismarı zamanı 357 hektar meşənin qırılması planlaşdırılır. Bu da Texutun müdafiəsinə qalxan ekoloq və bir çox erməninin birləşməsinə səbəb olub.

«BU LAYİHƏNİN HÜQUQİ ƏSASI YOXDUR»


Texuta bir sıra kitablar həsr olunub. Kimya elmləri namizədi Akob Sanasaryan Texutu müdafiə edən fəallardan biridir. Kitabında meşələrin qırılması məsələsindən, təbiətə dəyəcək itkidən yazıb. Alim hesab edir ki, dağ-metallurgiya şirkəti yatağın istismarı lisenziyasını alaraq hökuməti sadəcə aldadıb:

«Onlar tam olmayan hesablamalarla iqtisadi itkini güman ki, kiçik göstəriblər. Bu layihənin hüquqi əsası yoxdur, Ermənistan qanunlarına ziddir. Yeri gəlmişkən, bu saxtalığı hökumətə də sırıyıblar.

Şirkətin 25 il ərzində mədəni istismar etmək hüququ var. İndiyə qədər 357 hektar meşənin 25 hektarı qırılıb. Yaxın kəndlərin sakinləri ağacların məhv edilməsinə baxıb təəssüflənirlər. Henrik Vardanyan da narahatdır:

«Təbiət məhv edilsə, insanlıq da məhv olacaq».

İndi «Armenian Copper Program» şirkətinin fəaliyyəti zəifləyib. Buna səbəb layihənin əleyhdarları yox, iqtisadi böhrandır. Misin qiyməti ucuzlaşıb. Şirkət Texut mədəninin istismarı üçün Rusiya banklarının birindən 249.5 milyon dollarlıq kreditin alınması üçün müqavilə imzalayıb. «Bank tələb olunan vəsaiti verəcək ya yox, hələlik məlum deyil, danışıqlar davam edir», - şirkətin icraçı direktoru Qaqik Arzumanyan belə deyir:

«VTB bankı ilə danışıqlar davam edir. Ümid edirik ki, ilin sonunadək maliyyələşmə olacaq. Ancaq bankla əməkdaşlığımız alınmasa, digər maliyyə mənbələrinin də əlavə olunacağını istisna etmirik».

MƏHKƏMƏ DAVALARI

Şirkət proqramını həyata keçirmək üçün çıxış yolu axtardığı bir vaxtda Texutun müdafiəçiləri boş oturmayıblar, çoxsaylı aksiyalardan sonra məhkəməyə müraciət etməyə qərar veriblər. Ermənistanın Kasasiya Məhkəməsi sentyabrda İnzibati Məhkəmənin qərarından şikayəti icraata götürüb.

«Transparency International – antikorrupsiya mərkəzi» və «Ekodar» ictimai birliyi İnzibati Məhkəməyə iki dəfə müraciət edib. Birinci dəfə qeyri-hökumət təşkilatları Texut yatağının işlənməsinə dair hökumət qərarının, həmçinin həmin yatağın işlənməsi üçün «Armenian Cooper Program» şirkətinə verilmiş lisenziyaların qanunsuz sayılması iddiası ilə çıxış ediblər. İkinci dəfə isə məhz iddiaya baxılmamasından şikayət veriblər.

Amma «Transparency International – antikorrupsiya mərkəzi» və «Ekodar»ın hüquqşünası Ayk Alumyan qələbəyə inanır:

«İstəyirlər ya yox, sifarişi onlar alıb ya yox, fərqi yoxdur, bizim iddia Ermənistan məhkəmələrində qəbul ediləcək. Və onların istəyindən asılı olmayaraq təmin ediləcək».

Təşkilatlar paralel olaraq Avropa strukturlarına da müraciət edib. Ayk Alumyan:

«Biz Avropanın İqtisadiyyat Komitəsinə müraciət etmişik ki, Ermənistanda Orxus Konvensiyasının üç prinsipindən ikisinə əməl olunmur. Yəni, ictimaiyyətin vacib ekoloji qərarların qəbulunda iştirakı və məhkəməyə çıxış haqqı təmin olunmur. Bizim ərizə qəbul olunub, icraata götürülüb. Onlar qərar verəcək ki, bizim ölkə Orxus Konvensiyasını pozub ya yox».

AŞ PA-da TEXUT MƏSƏLƏSİ

Parlamentin deputatı, «İrs» müxalifət partiyasının, Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Zarui Bostancyan Assambleyanın sonuncu iclasında Texut yatağının işlənilməsi barədə danışıb. O bildirib ki, yatağın istismarına dair lisenziya ölkə Konstitusiyasına ziddir və Texutda gedən işlər ətraf mühit üçün böyük təhlükədir. Bostancyan çıxışında sağlam ətraf mühit hüququ haqqında protokola diqqət çəkərək, Texut yatağının istismarına qarşı mübarizədə səmərəli hüquqi mexanizmin olmadığını qeyd edib:

«Bu protokol bizim kimi ölkələrin vətəndaşlarına sağlam ətraf mühit hüquqlarını qorumağa imkan verəcək və daha yaxşı müdafiə üçün hüquqi əsas olacaq».

«BİZ BUNUNLA BAĞLI EKOLOJİ PLAN HAZIRLAMIŞIQ»


«Armenian Copper Program» şirkətinin direktoru Texut müdafiəçilərinin səylərini qiymətləndirir, amma hesab edir ki, onların şikayəti şişirdilib. Şirkətin icraçı direktoru Qaqik Arzumanyan:

«Proqramla bağlı ekoloqların narahatlığı başa düşüləndir. Sirr deyil ki, proqramın ətraf mühitə böyük təsiri olacaq və bir daha qeyd edirəm ki, biz bununla bağlı ekoloji plan hazırlamışıq. Onlar tənqidçi rolundan əməkdaş roluna keçsələr, təbiətə təhlükə azala bilər...».

«Armenian Copper Program» hər il 7 milyon ton filiz istehsal etməyi planlaşdırır. Şirkət hesab edir ki, Lorinin bu hissəsində mis ehtiyatları bir neçə on ilə bəs edər. Ekoloqlar isə iddia edirlər ki, proqramın reallaşdırılması zamanı Texut sənayeləşmənin qurbanı olacaq.
XS
SM
MD
LG