Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:48

Polkovnik ifadə verməyə əlcəklə gedib


İstanbul məhkəməsi
İstanbul məhkəməsi
«AKP-ni və Fətullah Gülən icmasını nüfuzdan salma planı»nın müəllifi olduğu iddia edilən polkovnik Dursun Çiçək İstanbuldakı Beşiktaş ağır cəza məhkəməsinin prokuroruna ifadə verməyə əlcəklə gedib.

«İnternethaber» portalının yazarı Zübeyir Kundıra yazır ki, polkovnik Çiçək, ifadə verməyə əlcəklə gəlməsinin səbəbini soruşan prokurorlara «Sizə güvənmirəm» - deyə cavab verib.

Polkovnik Çiçək, onun hazırladığı və altında imzası olduğu iddia edilən «AKP və Güləni bitirmə planı» ilə bağlı olaraq ifadəsini alan prokurorlara belə deyib:

«Bu sənədi mən hazırlamamışam və mən imza atmamışam. Siz bu sənədi hərbi prokurorluğa və kriminal laboratoriyasına göndərmədiniz. Çünki o halda sənədin saxtalığı meydana çıxacaqdı. Buna görə də göndərmədiniz. Sənədə mən qol çəkməmişəm. Ona görə də orada mənim izim ola bilməz. Burada mənim əl və barmaq izimi ala bilərsiniz. Kimyəvi izlər bulaşdıra bilərsiniz. Sizə güvənmirəm. Ona görə də əlcəklə gəldim».

Prokurora 6 saat ifadə verəndən sonra məhkəməyə göndərilən polkovnik Dursun Çiçək həbs edilərək hərbi həbsxanaya göndərilib.

İyun ayında da eyni məsələ ilə bağlı prokurorlara ifadə verən polkovnik Dursun Çiçək, həbs edilməsinə baxmayaraq, 24 saat sonra sərbəst buraxılmışdı. Baş Qərargah rəisi, ordu generalı İlker Başbuğ o vaxt ordunun hazırladığı iddia edilən «AKP-ni və Güləni bitirmə planı» üçün «Saxta bir kağız parçası» demişdi.

İki həftə əvvəl prokurorluğa məktub yazaraq orduda zabit olduğunu iddia edən naməlum şəxs, «AKP-ni və Güləni bitirmə planı»nın polkovnik Dursun Çiçək tərəfindən hazırlandığını və sənədin orijinalını məktubuna əlavə etdiyini bildirmişdi. Keçən həftə TRT kanalına çıxan baş nazir Ərdoğan da «sənəd»dəki imzanın polkovnik Çiçəkə aid olduğunu demişdi. Ərdoğanın bu açıqlaması onun istintaqa müdaxiləsi kimi dəyərləndirilmişdi.

Baş Qərargahda hazırlandığı iddia edilən «AKP və Güləni bitirmə planı» başqa bir mübahisəni də özü ilə gətirib-gəlib. Zira AKP hökuməti quran rəsmi siyasi təşkilatdır. Gülən icması isə rəsmi bir təşkilat olmadığına görə, onun nüfuzdan salınması üçün hazırlandığı iddia edilən əks-təbliğat planına görə, ordunun yüksək rütbəli polkovnikinin həbs edilməsinə bir çox siyasi şərhçi heç bir məna verə bilməməkdədir.
XS
SM
MD
LG