Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:49

Azərbaycanlı alim casusluqda günahlandırılır?


Rəşid Əliyev ailəsi ilə. Foto: Yeni Müsavat

«Rəşid Əliyevin 100 min dollar girov müqabilində azadlığa buraxılmasında problemlər yaranıb. Məhkəmə bu məbləği ödəmək istəyən İran şirkətinin təklifini qəbul etməyib».

Bunu AzadlıqRadiosuna İranda həbsdə olan Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Soltan Həmid Məlikov deyir. Onun sözlərinə görə, alim ötən gecə bunu telefonla ailə üzvlərinə bildirib:

ALİM GİROVU AZƏRBAYCANIN ÖDƏMƏSİNİ İSTƏYİR


«Rəşid İran vətəndaşı olsaydı, həmin şirkətin ona zamin durması məntiqli olardı. Yəqin ki, məhkəmə yerli şirkətin xarici vətəndaşa zamin durmasını məqsədəuyğun saymayıb və təklifi rədd edib. Ola bilər ki, İran tərəfi girovun Azərbaycandan ödənilməsini istəyir».

R.Əliyev özü də ilk gündən onu İrana dəvət edən şirkətin girovu müqabilində azadlığa çıxmasına razı olmayıb. Fikrini də bununla əsaslandırıb ki, o, azadlığa çıxandan sonra pulu ödəyən şirkətin girovuna çevrilmək istəmir və birbaşa Azərbaycana qayıtmaq istəyir. Bu baxımdan alim də girovun Azərbaycan hökuməti tərəfindən ödənməsini istəyir.

«İRANIN RƏSMİ CAVABINI GÖZLƏMƏYƏ MƏCBURUQ»


Azərbaycan hökumətinin alimin azadlığa buraxılmasıyla bağlı istənilən məbləği ödəyib-ödəməyəcəyi məlum deyil.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyir ki, onlar həbslə bağlı İran tərəfinə rəsmi müraciət ediblər, amma bu günə qədər qarşı tərəfdən hər hansı cavab verilməyib:

«İranın rəsmi cavabını gözləməyə məcburuq. Bir də İran məhkəməsinin son nəticələrindən asılı olaraq digər addımlar atacağıq».

«OLA BİLƏR RƏŞİD MÜƏLLİM HANSISA KONFLİKTİN GİROVUNA ÇEVRİLİB»

Alimin hüquqlarını müdafiə edən Soltan Həmid Məlikov isə deyir ki, son günlər R.Əliyevin həbsinin bəzi pərdəarxası detalları üzə çıxmaqdadır. Komitə rəhbərinin sözlərinə görə, məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb və söhbət zamanı Azərbaycanda da İranın müəyyən adamlarının həbsdə olduğuna işarə vurulub:

«Ola bilər Rəşid müəllim hansısa bir konfliktin girovuna çevrilib. Yoxsa ortaya heç bir fakt qoymadan vətəndaşı həbsdə saxlamaq asan məsələ deyil».

İranın Azərbaycandakı səfirliyindən isə alimin həbsilə bağlı hər hansı açıqlama verilmir.

Azərbaycanın Xarici İşlər Nazirliyindən isə hansısa İran vətəndaşının saxlanması barədə onlara indiyə qədər müraciət olunmadığını bildirirlər.

Rəşid Əliyev 2006-2008-ci illərdə İranın «Sazan Elektronics İndustry Company»nin dəvəti ilə müqavilə əsasında həmin şirkətdə çalışıb. Alim müqavilə müddəti bitəndən sonra şirkətin xahişlərinə baxmayaraq, Bakıya qayıdıb. 2008-ci il oktyabrın 5-də «Sazan Elektronics İndustry Company»nin rəhbəri Abbas Eftexarinin xahişi ilə İrana qısamüddətli səfər edib və həmin ilin oktyabrın 6-da həbs edilib.

ALİM CASUSLUQDA GÜNAHLANDIRILIR?

R.Əliyevin Tehrandakı Evin həbsxanasının 5-ci korpusunda saxlandığı bildirilir. «Turan» agentliyinin məlumatına görə, Abbas Eftexari alimin şirkətlə bağladığı müqaviləyə görə həbs edilmədiyini, onun casusluqda günahlandırıldığını deyib.

Siyasi şərhçi Sədrəddin Soltan isə deyir ki, alimin əməkdaşlığa dəvət olunduğu şirkət profilinə görə İran hakimiyyətinin hərbi sənaye kompleksinə və ya İslam İnqilab Qvardiyasına bağlı qurum sayıla bilər. Onun fikrincə, R.Əliyevin həbsində elə onu əməkdaşlığa dəvət edən şirkətin də rolu olmamış deyil.

S.Soltan hesab edir ki, bu yolla İran ona lazım olan mütəxəssisi saxlamaq istəyir. Azərbaycanda hansısa iranlının həbsdə saxlanması barədə məlumatlara gəlincə, şərhçi deyir ki, Bakı öz aliminin adını açıqladığı və müdafiə etdiyi kimi İran tərəfi də belə bir addım ata bilər.
XS
SM
MD
LG