Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:22

«Donuz qripi»nin 78 yaşı varmış!


Rauf Sultanov
Rauf Sultanov
«Donuz qripi» can almaqda davam edir. Dünyanın ən ünlü sənətçilərinə, futbolçularına, hətta vəzifə sahiblərinə belə aman verməyən bu virus, sən demə, 78 yaşında imiş.

AzadlıqRadiosunun «Can Bakı» proqramına danışan Ekologiya Standartlarının Monitorinqi Fondunun rəhbəri professor Rauf Sultanov 1931-ci ildə ilk dəfə bu qripə yoluxanların donuzlar deyil, bir donuz fermasında (ABŞ) çalışanlar olduğuna diqqət çəkdi. Tədqiqatlar nəticəsində bu virusun A H1 N1 olduğu məlum olub.

Amma ilk vaxtlar virus indiki kimi geniş yayılmayıb və zaman-zaman özünü göstərib. Virus ekoloji mühitin pisləşməsi, ekoloji tarazlığın pozulması səbəbindən yaranıb.

Rauf Sultanovun sözlərinə görə, «donuz qripi»nin dünya dövlətlərinə vurduğu zərər 3 trilyon manatla ölçülür. «Ötən il baş verən böhranın da dünya maliyyə sisteminə vurduğu ziyan o qədərdir». Demək, bu köklü bir problemdir.

Ekologiya Standartlarının Monitorinqi Fondunun rəhbəri bu mövzuda Dəyirmi Masa keçirdiklərini, əlaqədar qurumların təmsilçilərinin köməyi ilə donuz qripindən qorunmağın yolları barədə müzakirə açdıqlarını söylədi.

Rauf Sultanovun fikrincə, virusa qarşı vaksinasiya ilk növbədə həkimlər arasında aparılmalıdır. «Həkimlər virus daşıyıcıları ilə birbaşa təmasda olduğundan, həm öz səhhətlərini qorumaq, həm də başqalarına yoluxdurmaq riskini azaltmaq üçün bu istiqamətdə tədbirlər görülməlidir».

Bakının giriş yollarına - quru, dəniz və hava yollarına nəzarəti gücləndirməyin vacibliyini vurğulayan Rauf Sultanov xəstəliyin əsas yayılma mənbəyinin xəstə insanlar olduğunu və virusun qarşısının sərhəddə alınmalı olduğunu qeyd etdi.

Onun sözlərinə görə, kütləvi yerlərdə, ali və orta məktəblərdə, iri müəssisələrdə və s. insanların hərarətinin yüksəlişi də daim diqqət mərkəzində olmalıdır.

Rauf Sultanov son vaxtlar dövriyyəyə girən qoruyucu maskalar barədə də danışdı. «Dəyirmi Masada iştirak edən respublikanın baş epidemioloqu İbadulla Ağayev maskaları adi tənziflə əvəzləmənin mümkünlüyünü də söylədi. Yəni apteklərdə satılan adi tənziflə də bu virusdan qorunmaq olar».

Professor Rauf Sultanov dünyada «donuz qripi»nə tutulanların sayının azalmasının da müjdəsini verdi. Ancaq bu bizi arxayınlaşdırmamalıdır. «Çünki mart ayına kimi Bakıda «donuz qripi»nə tutulma riski yüksək olaraq qalacaq».

Rauf Sultanov bakılılara sağlamlıqlarının qeydinə özlərinin qalmalı olduğunu da xatırlatdı. «Hər bir insan əllərinin sabunla yuyulmasına nəzarət etməlidir. Dövlət səviyyəsində görülən tədbirlər bir yana, hər birimiz sağlamlığımızı özümüz qorumalıyıq. Yoxsa xəstəliklə mübarizə aparmaq çətin olacaq».

Ekologiya Standartlarının Monitorinqi Fondunun sədri ölkədə dezinfeksiyaedici məhlulların azlığından da gileyləndi. «Belə məhlulların istehsalını və ölkəyə gətirilməsini artırmaq gərəkdir».
XS
SM
MD
LG