Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:32

«Bizim aparacağımız təbliğat «bezpoleznodur»...


İnamsızlıq namizədlərin təbliğat aparmasına mənfi təsir göstərir
İnamsızlıq namizədlərin təbliğat aparmasına mənfi təsir göstərir
Seçki kampaniyası niyə sönük keçir? Göyçay rayonunun Potu bələdiyyəsindən namizədliyi qeydə alınan şərti adı Vahid Cabbarov olan namizəd deyir ki, artıq hər şey əvvəlcədən həll olunduğundan o artıq xərc çəkib təbliğat aparmaq istəmir:

«Hamısı qabaqcadan qurulmuş şeylərdir. Heç bir pul xərcləməyin mənası yoxdur, heç nəyə yer qalmayıb. Yerlər hamısı müəyyənləşib. Bizim aparacağımız təbliğat ruslar demiş «bezpoleznodur».

Vahid Cabbarov deyir ki, yaxınları, dostları onların təbliğatına pul xərcləmək istəyirlər, amma onlar həmin adamların əlavə və həm də nəticəsiz xərc çəkməsinə qarşı çıxırlar.

«BU, TƏBLİĞAT APARMAQ İSTƏMƏYƏNLƏRİN BƏHANƏSİDİR»


İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı isə namizədlərin bu məsələni əsas götürüb təbliğat aparmamasını səhv addım sayır.
Məhərrəm Zülfüqarlı
O hesab edir ki, bu kimi hallar daha çox cəmiyyətdə bələdiyyəyə olan inamsızlıqdan irəli gəlir. Amma bələdiyyə seçkilərinin taleyinin seçkidən qabaq həll olunduğunu deyib təbliğat aparmamaq, əl-qolunu yanına salıb dayanmaq düzgün deyil.

«Bu fikirlər təsir edə bilər, amma namizəd öz namizədliyini irəli sürübsə və mübarizə aparmaq əzmi varsa, o belə fikirlərə aludə olmamalıdır. Əvvəllər də belə fikirlər var idi ki, yuxarıdan kimləri desələr, o keçəcək. Parlament seçkilərində çoxları gördü ki, belə olmadı, göründü ki, kim güclü kampaniya apardısa, o da seçildi».

«BİRİ HESAB EDİR ONU SEÇƏCƏKLƏR ƏLAVƏ XƏRCƏ NƏ EHTİYAC, O BIRI DƏ HESAB EDİR Kİ, ONU ONSUZ DA SEÇMƏYƏCƏKLƏR»


Seçki məsələləri üzrə ekspert Hafiz Həsənovsa təbliğatın faydasızlığı barədə deyilənlərin əsassız olmadığı qənaətindədir. Ekspertə görə, əslində seçkiyə gedən namizədlər azad və ədalətli seçki keçiriləcəyinə tam inanmalıdırlar. Onun fikrincə, inamsızlıq namizədlərin təbliğat aparmasına mənfi təsir göstərir, onlar təbliğat aparmağın mənasız olduğunu düşünürlər:

«Təbii ki, namizədlər hesab edirlər ki, təşviqatı necə aparsalar da, əslində əvvəlcədən müəyyənləşmiş siyahı olacaq və bu siyahı üzrə də kimlərin keçib-keçməməsi seçicilərin iradəsindən asılı olmayacaq.
Hafiz Həsənov
Ötən seçkilərin təcrübəsi də göstərir ki, bu fikirlərdə kifayət qədər əsaslar var».

Hafiz Həsənova görə, əgər bir qrup artıq hazır siyahıların olduğunu əsas götürüb təbliğat, təşviqat aparmaq istəmirsə, digər tərəfdən artıq seçilənlər siyahısında olduğuna əmin olanlar da əlavə xərc, əlavə əziyyət çəkmək istəmirlər:

«Seçilmək imkanları olan və olmayanlar hər ikisi hesab edir ki, bu proseslərdə fəallıq göstərməyin o qədər əhəmiyyəti yoxdur. Çünki seçilən hesab edir ki, onu seçəcəklər, seçilməyən də bilir ki, nə qədər fəaliyyət göstərməsindən asılı olmayaraq seçilməyəcək».

Hafiz Həsənov da hesab edir ki, əslində bunu nəzərə alıb sakit dayanmaq seçkiyə düzgün yanaşma deyil. Onun fikrincə, əslində namizəd seçilməsə belə onun apardığı təbliğat ən azı seçkinin nəticələrinin qiymətləndirilməsində və ya müəyyən yerlərdə siyahıyla seçilmələrə mənfi təsir göstərə bilər.
XS
SM
MD
LG