Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:40

ƏLIABBAS “Gecəyarı hadisə” (HEKAYƏ)


Mirzai Cəbrayıla

.1990-cı il sentyabr ayının on beşində, axşam saat onun yarısında Səlim müəllimin ömrünün o vaxtları idi ki, qarşısında baş əyənlərin alnı dizinə dəyərdi.

Bunu o özü də bilirdi, hər gün yüz dəfə görürdü, lap özünü görməzliyə vuranda da görürdü və açığı, bu ona olmazın dərəcədə ləzzət eləyirdi.

Nədən ki, bunun özü də bir cürə kef idi.

Kim bilir, bəlkə, bunlar olmasaydı, o indiyəcən başına bir çarə də qılmışdı, intəhası bunlar, gerçəkdən də, belə idi və o gecə saat təxminən ona qədər Səlim müəllimə elə gəlirdi ki, əl-qolunu bağlayan da elə budu, yoxsa dost onda, tanış onda, bu barədə fikirləşməyin özü belə axmaqlıq olardı.

Amma tezliklə bu işin də qəmbərqulusu çıxdı; axı kim Səlim müəllimin o günə düşdüyünə inanardı ki, o cür imkanlı, varlı-hallı insan məcbur qalıb, borc üçün ona əl açıb.

İlk baxışda bu, heç nəzər qaytarmağa da oxşamırdı, amma Səlim müəllim indi çox, lap çox istəyirdi ki, onun zəng vuracağı adamlar arasında belə fikirləşənlər də tapılsın. Ən pisi o olardı ki, onu məsxərəyə qoyub gülsünlər.

Yaşın da o vaxtı deyildi ki, belə şeylərə məhəl qoymaya, hər yersiz şey əsəblərinə toxunur, lap adicə bir hərəkətdən özündən çıxırdı.

Onu bir müddət telefona yaxın düşməyə qoymayan da qəlbinə dəyəcək adicə bir sözün qorxusu idi.

Həmişə hər şeyin özünə xeyir eləyən tərəfini fikirləşən bir adam indi hələlik heç bir ümid yeri görməsə də, hər halda bunu, necə deyərlər, sonuncu, ehtiyat variantı da hesab eləmirdi.

Fikirləşəndə ki, onu oda salan cəmi-cümlətanı ikicə kəlmə söz olub, bu sərin sentyabr gecəsində az qalırdı tüstüsü təpəsindən çıxa.

Əvvəlcə o bu sözə elə-belə, barmaqarası bir şey kimi baxırdı, hətta birinci gün anasının dediklərinə güldü də; onda oğul deyilən bəndə o ikicə kəlmə sözün arxasında nələr durduğunu bütün ciddiliyi ilə dərk eləməkdən çox-çox uzaq idi, amma əlüstü də olsa, fikirləşdi ki, gör bir arvad hansı simə vurur?!

Görünür, bu evə nəyin necə və hardan gəldiyini ömürdən ötüb keçən uzun illər ərzində fağırca canı ilə elə o da pis duymamışdı.

Səlim müəllim heç bilməzdi ki, bu başıaşağı arvad belə ayıq və diribaş ola bilər.

Hələ üç-dörd gün ondan qabaq "bəlkə, mənə bir Quran alasan!" sözlərini eşidəndə də elə başa düşmüşdü ki, evə günaşırı alınan yüzlərlə şeydən birini adını eşidir.

Əksər vaxtlar ertəsi günün bazarlıq söhbəti axşam şam süfrəsində düşərdi: nə azalıb, nə qurtarıb, nə tükənmək üzrədir?...

Təmiz bal, əl əti, təzə lavaş, camış qatığı, qoyun pendiri sözlərini hər gün də olmasa, Xanım arvadın dilindən vaxtaşırı eşitmək olardı.

-Alaq deyirsən, alaq da!-cavabını verəndə müəllim hələ süfrə arxasındaydı, yəni bu söhbət üçün məxsusi an-zad seçilib elənməmişdi ki, o, ayıq və sakit başla fikirləşib görə, indi verdiyi cavab üçün sonra peşmançılıq çəkəsi olacaq, ya yox?

Ümumiyyətlə, niyə yox deməliydi axı?! Bununçün səbəb olmalıydı.

Üstəlik oğlu anasının xasiyyətinə yaxşı bələd idi, bilirdi ki, başlasa nəm-nüm eləməyə, arvad o saat inciyib günlərlə, hətta həftələrlə evdə bir adamla kəlmə kəsən deyil.

Qanqaraçılığı da ki ilin-günün bu vaxtında heç nədən yaranan şeydi, hələ o ki qaldı bunu bilə-bilə özün başlamış olasan.

Bir dəfə oğlu onu başa saldı ki, xəstə, cansız adamdı, oruc tutmasa da olar, allah-taala keçər günahından.

Hələ onu da dedi ki, indi yer üzündə bəni-adəm deyilən şey o qədər artıb törəyib, heç allahın yadında da qalmayıb,

Xanım adda bəndəsi var, ya yox?! Bu sözü eşidən qarı oddan köynək geydi.

Oğlunu yaş yuyub, quru sərdi, o ki var danlayıb-dansadı, dedi, adını da pırfessor qoyub, danışdığı sözə bir bax.

O, bu sözü çətin deyirdi, əksər vaxtlar da oğluyla sözü düz gəlməyəndə, incikliyini heç cür gizlədə bilməyəndə deyirdi, hələ üstəlik yanına bir yoldaş sözü də qoyurdu ki, oğlu nəyi yadından çıxartsa da, onu yaddan çıxartmasın ki, bu sözü deyən onu professor eləyən oğulun anasıdır.

Elə bu dəfə də belə oldu: "Yoldaş pırfessor..."

Səlim müəllim evə ilk dəfə o adla qədəm basanda gözaydınlığına gələnlər gedəndən sonra arvad araya salıb utana-utana oğlundan soruşdu ki, o nə olan şeydi axı tez-tez ona deyirlər, heç əvvələr belə şey eşitməzdi.

Aida özünü çoxbilmiş göstərib ərini qabaqladı, intəhası arvada heç cür izah eləyə bilmədi ki, professor nə olan şeydi, axırda loru dillə başa saldı ki, bu adı hər yetənə vermirlər. Arvad nə illah elədisə, sözü ürəyinə yatan şəkildə tələffüz eləyə bilmədi, axırda:

-O nə addı, sən allah?-deyib gileyə başladı,-denən o söz anamın dilinə yatmır, qoy başqa ad versinlər.

O vaxt bu sözə hamı şaqqanaq çəkib güləndə də arvad heç bilmirdi, yaxşı-pis, axırı, bu sözü öyrənməli olacaq...

Onda Səlim müəllimin tez əl-ayağa düşüb:

-Zarafat eləyirəm, əşşi, sən də oruc tutmayanda, daha kim tutacaq?! Gəlininin tutduğu orucdan nə çıxar? Bu işlə məşğul olan adam bütün qəlbiylə, varlığıyla allaha bağlı olmalıdır,-deyə özünü təmizə çıxartmaq istəməyinin də heç bir köməyi olmadı.

Amma nə biləsən ki, arvadın düz bir həftə heç kimi dindirməməyi oğlunun sözündən daha çox gəlininin atmacasına görə olmayıb? "Ay aman, qız kimi nazlanır".

Elə, ya belə, hər halda arvad çörəyi qulağına yemədiyini bir həftənin içində onlara qəşəngcə qandıra bildi: səhər ertədən məscidə gedən adam bir də qaş qaralanda qayıdıb gəlir, evdə yeyib-içmir, hamıyla küsülü gəzib-dolanırdı.

Həftə tamam olanda, axır ki, oğlu onun qılığına girə bildi, intəhası qarı onlara anlatdı ki, heç kimin onun işinə qarışmağa haqqı yoxdur, oruc tutar da özü bilər, tutmaz da. "Mən onun-bunun kimi gündə bir rəng paltar geymirəm ki?!" sözlərini də, birbaşa gəlininin qabırğasına döşəmişdi, çünki söz, gerçəkdən də, onu götürənin deyilsə, gərək ona birinci cavab verən də heç Aida olmayaydı, halbuki Səlim müəllimin gül kimi iki qızı da həftənin elə günü olmazdı ki, bir paltarı iki dəfə dalbadal geyinmiş olsun...

"Alaq deyirsən, alaq da" - Səlim müəllimin anasına ayrı cür cavab verməyə əslində heç haqqı da yox idi: namaz qılan, oruc tutan adamı necə inandırasan ki, evdə Quransız ötüşmək olar?!

Əlbəttə, bəhanə var idi: indiyəcən yox idi, necə dolanırdılar? Amma cavab da hazır idi: yox idi ona görə ki, heç harda yox idi. Bəs indi nə olub? Nə mahna eləyə bilər?

Ümumiyyətlə, Səlim müəllim çox baş sındırdı, görsün bu fikri birdən-birə onun beyninə salan nədi?!

Arvad həmişə məscidə gedən olmuşdu və söz yox ki, bu fikir də beyninə orda gəlmişdi, amma Səlim müəllimin elə öz evi də qonaqlı-qaralı idi və son vaxtlar bir allah bilir ki, dünyanın gərdişi ilə bərabər, Quranın özündən də bu evdə nə qədər türlü söhbətlər olmuşdu?! Ancaq onun, yəni Səlim müəllimin özünün bu söz-söhbətlərə görə evə Quran almaq fikrinə düşməyi mənasız şey idi, çünki əksər vaxtlar olduğu kimi, o elə bu söhbəti də bu qulağından alıb o birisindən ötürürdü.

Bunun üçün anasının ayıqlığına, diribaşlığına indi o özü də məəttəl qalmışdı.

O cavabı verəndə, allahyana, həm də ani olaraq götür-qoy eləmişdi ki, axı evdə Quranın olmağının nəyi pisdi?

Əksinə belə şeyin evdə olmağına gərək onun özü də az sevinməyəydi.

O bu işin əncamını "Quran olan ev bərəkətli olar" kəlamını eşidən gündən qılmalıydı.

Bircə hərfini tanımasa da, adına ziyalı deyilən hər bir adamın evində Müqəddəs kitabın olmağı, Səlim müəllim biləni, həm də elə başucalığı idi. Guya, evində bu kitab olanların hamısı onu elə ona görə saxlayırdı ki, oxusun?!

O da onlardan biri...
İkinci gün bu barədə ayrı danışıq olmadı. Daha iki gün sakit keçdi. "Sənə söz dedim axı!" - Xanım arvadı dilə gətirən, şübhəsiz, dediklərini oğlunun qulaqardına vurmağı idi.

Əgər bu, gerçəkdən də, belə deyildisə, görünür, arvadın başa düşdüyü buracan idi. O bu sözləri deyəndə oğlu televizora baxırdı, anasının nədən dəm vurduğunu heç ağlına da gətirə bilməzdi.

-Nənədən əntiqə müstəntiq çıxardı e!-balaca nəvəni qarının sözü müqəddiməsiz və soyuqqanlı halda deməsi cuşə gətirdi, o gülümsünüb baş barmağını da dikəltdi.
-Arvad üzə durub ha!-Aida qızının böyrünü basıb astadan elə pıçıldadı ki, dediyini ondan başqa, heç kim eşitmədi.

Onlar - ana və iki qız qarını danışdırıb gülməkdən həzz alar, Səlim müəllim evdə olmayanda ona istehza edər, ələ salmaqdan belə çəkinməzdilər. Arvadsa oğlu evə qayıdanda ağzına su alıb durar, dava-şava olmasın deyə hər cəfaya dözərdi.

-Həəə, o söhbəti deyirsən?-soruşmaqla Səlim müəllim özünü elə göstərdi ki, həm anası onun tapşırığını unutmadığını hiss eləsin, həm də xatırlamaqçün vaxt qazanmaq istəyirdi görsün anası hansı sözdən danışır?

-Həəə, o söhbəti deyirəm, Qurani-Kərimi...-arvad qisas alırmış kimi qeyzli-qeyzli dilləndi.

Onu öz dərd-sərindən həmişə pıçıltı ilə danışan görmüşdülər.

Qarı hirslənəndə də ucadan, çığır-bağırla danışmaz, hər şeyi sakit deyərdi, lakin oğlu anasının söhbətə girişsiz-filansız, həm də acıqla başlamasından anladı ki, arvad bu günlər yalnız Quran havasıyla nəfəs alır...

-Tapşırmışam, gətirsinlər,-cavabını Səlim müəllim özündən düzəltdi ki, anası elə bilməsin, o bu məsələ ilə yerli-dibli maraqlanmayıb,-bayaqdan fikirləşirəm ki, anama nəsə deyəsiydim axı... Yaddaş qalıb ki?-deyə o, başala barmağıyla geniş alnını təkrar-təkrar taqqıldatdı...

...və ertəsi gün anasına, gerçəkdən də, şad xəbər gətirdi:

-Bir-iki günə kimi sənə Quran gətirəcəklər, özü də lap o əntiqəsindən. Haqqını da vermişəm.

Səlim müəllim bunu heç bir xüsusi məqsədi olub eləmədən demişdi, çünki o gün də evə əliboş qayıtmışdı, yalnız qapıdan girib anasını görən anda axşamkı söhbət yadına düşdü və onu vaxtında qabaqladı ki, fikrində varsa da, qoy bir azdan o bu söhbətə qayıtmasın.

Həm də müsəlmanın bir-iki günü axı nə vaxt yarım aydan az olub? Onacan həlbət bir gün boş vaxt tapmaq Səlim müəllimə nəsib olacaqdı.

Amma elə o gün, yəni sentyabr ayının on üçündə səhlənkarlıq və başısoyuqluğun ucbatından bu yalan-palanı quraşdırmayıb, gerçəkdən də, bir iş görmüş olsaydı, indi heç bu zillətə düşməzdi də...

-Ağlın ayrı şeyə getməsin haa, Quran gərək halal pulla alına! - şam yeməyi qurtarandan sonra anasının yenidən bu söhbətə qayıtmağından Səlim müəllim bir daha yəqin elədi ki, onu bu günlər bu işdən savayı, bəlkə də, heç nə düşündürməyib, intəhası bunun adicə sofuluq olmadığını da professor o dəqiqə hiss eləyə bildi.

Hərçənd vasvası olmasa da, arvad diqqətcil idi. Hər şeyin yaxşısını istəyir, yemək-içməyini özü bişirib-düşürür, qab-qaşığını özü yuyub təmizləyir, paltarlarını özü suya çəkirdi.

Ümumiyyətlə, heç kimdən minnət götürməyi xoşlamayan bu adam hər işini özü eləməyi sevirdi.

Bir də baxırdın, məsciddən qayıdıb gələndə halal-hümmət təqaüdü ilə özünə müxtəlif cür şeylər: parça, dizlik, köynək, corab və digər xırda-xuruş alıb gətirdi.

Oğul da bunun üstündə bir neçə dəfə arvadla sözləşmişdi ki, bir də belə şeylər eləməsin, bu ona toxunur.

O da qımışa-qımışa deyirdi, bu, axırıncıdır, amma hər dəfə söz verməyinə baxmayaraq, öz bildiyini eləyirdi.

Özü də nəsə almaq istəyəndə əvvəldən kiminləsə məsləhət-zad eləmirdi, alıb gətirəndən sonra deyirdi, özünə filan şey alıb, görsünlər xoşları gəlirmi? Bir yol özünə möhür, təsbeh, canamaz alan qarı möhürü tez-tez öpüb, gözünün üstünə qoyur:

-Türbət torpağıdı,-deyirdi,-qurban olduqlarımın qəbrindəndi,-hamının matdım-matdım baxdığını görüb,-hardan anlayasınız axı belə şeyi, ay tifillər?!-deyə əlavə elədi,-sizinki bəzənmək olsun.

Sonuncu dəfə özünə canlıq, çust və ayaqqabı aldığından da, sən deyən, bir elə vaxt keçmirdi. Arvad buna uşaq kimi sevinir, onu çıxardıb bunu geyir, bunu qoyub onu götürürdü.

Oğlu nə illah elədisə, anası ondan bir qəpik də almadı və "gə, malı-mala qatmayaq" deyəndə o, arvadı ürəyində hələ bir alqışladı da, çünki onun hər belə hərəkəti Aidanın yanında Səlim müəllimin də dilini uzun eləyirdi.

Lap bu günün, bu saatın, bu dəqiqənin özünəcən o elə başa düşmüşdü ki, anası hər dəfə ona bu sözü gəlininə acıq vermək üçün deyir.

Müəllimin həmişə belə bilməyi heç vaxt başqa fikrə düşməyinə imkan verməmişdi.

Yoxsa o çoxdan anlayardı, anasının oxuduğu Qurandır, ya yox?!

Uzun illərdən bəri Xanım arvadın dilindən düşməyən o dördcə kəlmə sözün əsl məğzi 1990-cı il sentyabr ayının on beşində, yəni ayın üçüncü şənbəsi, gecənin kirt yarısında, axır ki, Səlim müəllimə ayan oldu...

Ümumiyyətlə, bu söhbət onunçün dərin gölə atılan daş kimi idi.

Əvvəlcə düşdüyü yerdə balaca bir dairə əmələ gətirdi, getdikcə böyüyüb-böyüyüb, axırı, bütün gölü tutdu. İndi də... hər dəqiqə, hər an ona yeni bir sirr açırdı...

Səlim müəllim anasıyla olan söhbətin səhərisi də evə əli ətəyindən uzun qayıdıb gəlmişdi, amma onun budəfəki gəlməyi başısoyuqluqdan deyildi, nə olmuşdusa, o ikicə kəlmə "halal pul" sözünün ucbatından olmuşdu.

Hələ dünən axşam o söhbət düşməmişdən əvvəl fikri bu idi ki, səhər işə getməzdən qabaq, mütləq yolunu məsciddən salıb anasının istəyini yerinə yetirər, yoxsa bunu nə iş vaxtı eləyən idi, nə də işdən sonra macal tapacaqdı, allah bilir, hələ bəlkə, dost-tanış yenə dartıb onu boğazı yaşlamağa aparacaqdı, ondan sonra da gəl məscidə get görüm necə gedirsən?!

Evə bivaxt qayıtmışdı, yubanmaqda məqsədi o idi ki, anası ilə üz-üzə gəlməsinlər.

Hər şey elə o istədiyi kimi də oldu; arvad yatmamışdısa da, öz otağında idi: oğlu yubanıb eləyən kimi çörəyini yeməyi ilə yoxa çıxmağı bir olardı...

Əhvalat ertəsi gün də eynilə təkrar olundu. Anası ilə göz-gözə gəlməyin qorxusundan o yenə evə həmişəkindən çox gec gəlib çıxdı.

-Mənə mane olmasınlar! - tapşırığını verib öz otağına çəkiləndə artıq saat ona işləyirdi. İçəri girib bir qədər qaranlıqda otağa göz gəzdirdi, kitab şkafının üstündəki saatın yaşılımtıl fosforlu əqrəblərinə tamaşa elədi - qaranlıqda ona baxmaq maraqlı idi - sonra işığı yandırdı, paltarını dəyişdi, telefonun işləyib-işləmədiyini yoxladı və qızını ehmalca çağırıb dedi ki, o biri otaqda telefonu xətdən ayırsın.

"Nədən başlamalı?!" - uzunətək tiftikli xələtini geyib hərlənən kresloda oturmuş Səlim müəllim əlini günlük kimi alnına tutub gicgahlarını ovuşdurdu və bir qədər duruxub sakitcə telefon kitabçasına əl uzatdı...

...İlk zəng olunanda saat artıq on idi.

-Allo, Afiyət, sənsən?! Xoş gördük sizləri!-deyib Səlim müəllim hal-xoş elədi və elə o dəqiqə də duydu ki, dərdini ona, boynuna diri ilan salsalar da, deyə bilməyəcək.

Kimə, kimə Afiyətə bu barədə heç nə demək olmazdı; hər şeyin kəfinə getməyi xoşlayan bu adam sabah bu telefon söhbətindən sicilləmə bir lətifə də düzəldə bilərdi.

Afiyət - kefləri düzəlsin deyə dost-tanış hərdən ona elə Canalan Afət də deyirdi - əsl xeyir-şər adamıydı, hamının işinə yarayır, nəyi hardan və hansı qiymətə tapmağın təhərini hamıdan yaxşı bilirdi.

Kimin nə müşkülü olsaydı, onun üstünə qaçardı. Bu işin əsl ustası olmaqla bahəm, baməzəlikdə də əməlli-başlı ad-san qazanmışdı.

İşlərini elə düzüb-qoşurdu ki, o hamıya sataşa bilər, amma bir kimsə onun könlünə toxuna bilməzdi.

-Niyə görünüb eləmirsən, balam? Adamın vəzifəsi böyüyəndə gözü ətrafdakıları görməz bəyəm?-deyib Səlim müəllim özünü elə göstərdi ki, guya, zəng vurmaqda məqsədi o olub ki, elə bilməsin, xəbəri yoxdu, ondan qonaqlıq-zad istəyən var ki, xəlvət iş tutur?!
"A" hərfi sütununda ağlabatan bir nəfər də tapılmadı.

Ayxan Əlizadə institut müəllimiydi, Aydın Səlimbəyov ticarət nazirliyində işləyirdi, Atobba gülçülük sovxozunun direktoruydu. Ağamirzə, gərək ki, indi qarac müdiri olmalıydı. Asəf heç, Amil heç, Aslan da heç, Ağasəlimə də bir quş, prorektor keçdi, keçmədi, tanış-biliş hamısı yaddan çıxdı.

Əlbəttə, məsələ qırx manatda deyildi, qırx manat onun üçün indi kasıbın qırx qəpiyi kimi bir şey idi.

Ümumiyyətlə, Səlim müəllim fikrində qoymuşdu ki, kimə ağız açmasından asılı olmayaraq pulun məbləği barədə ya heç nə deməmək lazımdı - necə olmasa da ortalıqda ad-san məsələsi vardı - ya da deməli olsa, mütləq onu bir qədər çox demək lazımdı ki, heç kəs şübhəyə düşməsin.

Bir sözlə, nə qədər, telefon kitabını açmamışdı, Səlim müəllim elə güman eləyirdi, bircə dəfə ona nəzər salmaqla axtardığı adamı tapıb əlbəəl dərdini ona deyəcək, amma hər şey əksinə oldu.

Niyə uzağa gedir, məsələn, biri elə Ağasəlim! İlin-günün bu vaxtında ondan Xanım arvad deyəni tapmaq, bəlkə də, dünyanın daşı qoyulandan bəri baş verən möcüzələrin ən ağlasığmazı olardı, çünki yadda təkcə öz istisi ilə yox, daha çox unudulmazlığı ilə qalan iyul ayının üstündən cəmi-cümlətanı qırx beş gün vaxt keçmişdi...

Bədəl, mötərizədə də Hacı kişinin oğlu, sözlərini görəndə Səlim müəllimin üzündə qeyri-ixtiyari sevinc rəngi peyda oldu; o axtardığını lazım olandan da tez tapmışdı:

Bədəl fəhlə baba idi və qarşısındakı bu yaşıl rəngli, meşin üzlü kitabçanın hər vərəqini döndərdikcə Səlim müəllimə daha çox aydın olurdu ki, ümid yalnız belələrinə qalıb.

Ümumiyyətlə, onun telefon nömrəsi və adının kitabçada bu günə qədər qalmasının özü əcaib bir şey idi...

Kişi dəstəyi sevincək qaldırsa da, ilk iki nömrəni yığıb, onu axıra çatdırmadan dayanmalı oldu, çünki Səlim müəllim Bədəlin yanında gözükölgəli idi və on beş-iyirmi illik ayrılıqdan sonra da ona zəng eləməyə üzü gəlmirdi: oğlanın həm birinci, həm də axırıncı dəfə qapılarına ayağı düşəndə orta məktəbi iki il idi qurtarmışdı.

Hər şeydən hiss olunurdu ki, başı əsgərlikdə əlhəd daşına, yaman möhkəm dəyib.

Amma buna atasının o boyda bığlı-saqqalı kişini yanına salıb simsar qapısına uşaq kimi gətirməyi də öz təsirini göstərməyə bilməzdi.

Məsələnin nə yerdə olduğunu bilən kimi Səlim müəllim qohumlarının ağzını divara dayadı:

-Hacı kişi, adımı anıb yanıma gəldiyinizçün sağ olun. Çoxdan görüşməyəndə nə olar? Qohumumsunuz, deməli, canım, ciyərimsiniz. Mənim də yanıma gəlməyəndə daha kimin yanına gedəcəksiniz? Amma belədi də bizim bu Bədəl balamızın məsələsi... Ya gərək bizim universitetə, ümumiyyətlə, ali məktəbə qəbul olmaq üçün yaxşı başın ola. Amma belə baxıram ki, bizim uşaqda deyəsən, o baş yoxdu. Bu, bunun birinci, həm də çox vacib şərtidi. İkinci yol ondan ibarətdi ki, bəzi ağzıgöyçəklərin söz körüyünü mumlamaq üçün gərək mütləq onların bığının altından keçəsən. Köpək oğlanları alverxanaya döndəriblər bu müqəddəs ocağı. Nə qədər vuruşursan, çarpışırsan, köməyi yoxdu ki, yoxdu,-deyib qohum qımışaraq başını yırğaladı,-bilmirsən, kimə qarşı mübarizə aparasan?-deyəndən sonra danışığına bir qədər ara verib,-bunun üçüncü bir yolu da var ki,-dedi,-adına yoldaşlar arasında tapşırma deyərlər. Qəzəllərdə də tapşırma beyt deyilən bir şey olur ki, deyim onu da biləsən, həmişə bu sözü eşidəndə nədənsə yadıma o düşür,-Səlim müəllim öz qəfil tapıntısına gülməyə bilmədi,-indi biz qohumuqsa, gərək mən, qayda-qanuna görə, Bədəl oğlanı burdan kor-peşman qaytarmayam.

-Atan irəhmət,-işi düzəlmiş adam kimi dillənən Hacı kişi o sözü deyəndə düz üç gündən sonra rəhmətə gedəcəyini bilmək üçün gərək mütləq peyğəmbər olaydı.

-Amma üçüncü variant dediyim işin çox incə bir məqamı var ki, gərək onu tuta biləsən. Bədəli mən tapşırası olsam, denən həə...

-Həə...

-Hamı elə biləcək, bu uşağın nəyi var, alıb qoymuşam cibişdana ki, üstündə yarpaq kimi əsirəm.

Daha deməyəcəklər, yazıq Hacının heç beş biti də yoxdu ki, lazım gələndə sarılığı-zadı olana dərman eləyə. İndi bax gör, bu üç yoldan hansı sənə sərf eləyir, ondan da yapışaq.

Nə vaxt desən, qulluğunuzda hazıram, bir qohum kimi...

Səlim müəllimin Bədələ zəng eləyə bilməməyinin bir səbəbi də vardı; nə biləsən ki, Bədəl ondakı kimi indi də benzindoldurma məntəqəsində fəhlə idi?

O vaxt, yəni Bədəl atası ilə bu evin kandarından ilk dəfə içəri ayaq basan gün Səlim müəllim özü də, sən deyən, bir elə ad-san sahibi deyildi, təzəcə baş müəllim keçmişdi...

O hadisədən təxminən üç il sonra onlar lap təsadüfən yolda rastlaşanda oğlan onu instituta salmadığı üçün qohumundan yerdən-göyəcən razı qaldığını bildirib, gecə-gündüz ömrünə dua tökdüyünü dilə gətirəndə Səlim müəllim təxmin eləmişdi ki, deyəsən, Bədəl qara fəhləliyin daşını çoxdan atıb, yox əgər atmayıbsa da, işləri lap yağ kimi gedir...

Saat on bir tamam idi...

Professor bu mənasız və usandırıcı işdən bezib telefonu yerinə qoydu.

Sakitcənə oturmuşdu. Heç nə eləmir, pəncərənin ilk payız mehindən asta-asta yellənən tülünə baxırdı.

Bu arada qızlardan hansısa - səsləri elə oxşar idi, üzlərini görmədən onları bir-birindən ayırd eləmək çox çətin idi - soruşdu ki, o, çay içirmi?

-Nənə yatmayıb ki?-qız padnosu qoyub qayıdanda atası xəbər alırdı.

-Hazırlaşır.

-Hazırlaşır,-o, müəllim deyəni təkrarlayan uşaq kimi dilləndi və yenə telefon kitabçasına əl uzatdı, ancaq onu götürmədi, çünki əzbər bildiyi üç-dörd telefon nömrəsi vardısa, biri və bəlkə də, ən birincisi Şərbət müəllimin nömrəsiydi.

-Salam, yoldaş Rzaquliyev! Akademiyada nə var, nə yox? Deməli, deyirsən, heç nə yoxdu... Bir yandan baxanda, elə hamısından yaxşısı odu. Bizdə olub nə eləmişik ki?! - deyib dostu ondan məvacibini nə vaxt aldığını soruşdu, sonra söhbətarası ona işi düşdüyünü eşitdirdi və bir müddət onların başı çənə söhbətinə qızışdı, axırda yenə də maaş məsələsinə qayıtdılar.

Görünür, Səlim müəllimin gecənin bu əyyamında pulla əlaqədar ona ağız aça biləcəyinə heç Şərbət müəllimin özü də inana bilmirdi: bu işi hara çevirirdin-çevir, axırı, gəlib "Fatıya tuman..." məsələsinə çıxmalıydı - bu bir.

İkincisi, bu, heç nəyi ilə adicə söhbətə oxşamırdı. Şübhəyə düşməyi üçün onun əlində bir əsası da var idi: kefi kök olmayanda da Səlim müəllim ona adətən Bal şərbəti deyə müraciət eləyərdi və o da bundan qətiyyən inciməzdi, hətta inciməli olanda da inciməzdi, çünki Səlim müəllim kölgəli adam idi, heç ona da az yaxşılığı keçməmişdi.

Ürəkaçan zarafatdan da niyə rəncidə olasan axı? Bəyəm bu əsəb zəmanəsində könülaçan işlər belə çoxdu ki, hələ bir durub belə şeyə görə umu-küsü də eləyəsən?

Onun özü də Səlim müəllimə yeri düşəndə elə indi də Çəlim deyirdi. Çəlim, yəni çəlimsiz...

Səlim müəllimi en sonralar basdı...

-Axı sən demədin görək mənə nə işin düşüb?

Səlim müəllimin kürəyini yerə verməməkdə məqsədi var idi: əgər Şərbət məvacibi nə vaxt aldığını bəribaşdan desəydi, nə niyyətlə zəng vurduğunu deməyə lüzum qalmazdı. Lazımdı, vəssalam!

Həm də o, pulu elə adamdan almaq niyyətində idi ki, sonra qaytarmaq söhbəti olmasın. Bunun əvəzini yaxşılıq eləməklə də çıxa bilərdi, yoxsa o borcu sonralar qaytarmış, ya elə indi vermiş - bunun bir elə də fərqi yox idi...

İntəhası heç vaxt tərslik eləməyən Şərbətin də elə bil bu gün üzü dönmüşdü...

-Anama Quran almaq lazımdı, Şərbət!-xəbərini Səlim müəllim qara xəbəri necə deyərlərsə, elə o cürə dedi.

-Lazımdı, alaq da!

-Yooox, elə deyil axı. Əvvəl mən də səni kimi fikirləşirdim, amma sonra gördüm, məsələnin zoğu çox dərindədi.

-Belə olur ki, "Tarixi-Nadir" yada düşür daa... - Şərbət Səlim müəllimin qəliz danışığına üstüörtülü eyham vurmaqdan özünü saxlaya bilmədi.

Gerçəkdən də, o cür ki, onların arası açıq idi, Şərbət biləni, Səlim müəllimin nə dərdi-odu vardısa, cikinə-bikinə kimi deyə bilərdi,-bəlkə, telefona görə?-soruşub, həm dostunun ağzına dil atdı, həm də, çox güman ki, bunu öz şübhələrini dağıtmaq üçün dedi.

-Yoox,-elə bil Səlim müəllimin səsi quyu dibindən gəldi,-sən bilirsən də?...

-Nəyi?!

-Quran gərək halal pulla alına!

-Nə ilə?-görünür, o yaxşı eşitməmişdi.

-Halal pulla!-Səlim müəllim bir də təkrar eləyəsi oldu.

-Halal puuul,-Şərbət, xəttin o biri başında, deyəsən fikrə getməli oldu,-ııııımmm!... Belə deee!

-Niyə susdun?!-Səlim müəllim sevinən kimi oldu.

-İndi onu çətin taparsan, qardaş!

-Bu gün bir çox yoldaşlarla üstüörtülü pıçıldaşdım, gördüm elə hamı sən fikirdədi.

-Maaşı nə vaxt almısan?-səsindən hiss olunurdu ki, Şərbət müəllim gülümsünür.

-Almağına çoxdan almamışam, amma qarışdırmışam,-Səlim müəllim günahkar tərzdə dilləndi,-necə eləyək indi bu məsələni? Anamı özün tanıyırsan! Ayın axırınacan məni dəng eləyər...

-Nə deyim, vallah?!-cavabından sonra Şərbət müəllim maaşını nə vaxt aldığını bu dəfə özü açıb söylədi və izah eləməyi lazım bildi ki, onu lap günü bu gün almış olsaydı da, bir şeyə gərək eləmək olmazdı, çünki halala qalsa, heç o pulun özü də halal deyil.

-Bizim sistemdə çalışanların doxsan faizi vaxt öldürməklə məşğuldu, amma gördüyün kimi, hökumət buna da pul verir. Bir yarımız da təsərrüfat müqaviləsi ilə baş saxlayırıq. Tak şto, biz tərəfdən əlini üz!-deyib Şərbət müəllim ona bu işdən çıxış yolu da göstərdi,-mən sənin yerinə olsam, baxmaram ağına-bozuna, alaram gedər, çünki halalla haram çoxdan qarışıb, allah bilir, bəlkə də, dünya bina olandan. Biz indi ayılmışıq...

-Nə var ki sənə, deyərsən də!!!

Bunu kim bilməsə də, Səlim müəllim lap yaxşı bilirdi ki, dünyada çox şeylər var ki, gərək heç fərqinə varmayasan.

O, çox vaxt işlərini beləcə - əksər şeyləri vecinə almadan sahmana salmışdı və xoşbəxtlikdən heç nəyin də peşmançılığını çəkməmişdi.

Evlənəndə də belə oldu: qulağına Aida haqqında yüz cür söz-söhbət gəlib çatmışdı, amma hər deyilənə qulaq assaydı, gərək onda Aida qəbrə qız gedəydi. Bəzi xırda-para şeylər çıxılsaydı, o bu hərəkəti üçün indi çox məmnun idi.

Təxminən iyirmi-iyirmi beş il əvvəl onun çiyninə şahlıq quşu qondu, yuxarılara getmək söhbəti çıxdı, amma yenə heç kimin sözünə qulaq asmadan qalıb müəllimliyini elədi.

Gözlənildiyi kimi, bunun üçün onu danlayanların sayı, ürək-dirək verənlərdən qat-qat çox oldu, intəhası şan-şöhrətə aldanmadığına görə vaxtilə onu tənbeh eləyənlərin də dilindən sonralar az alqış eşitmədi.

Ümumiyyətlə, onun həyatında belə hadisələr çox olmuşdu... Elə indi də ...

Dünəndən bəri bu zilləti çəkmək əvəzinə, heç nəyə baxmayıb bu işi necə gəldi eləmək də olardı, di gəl bunun da öz əmması vardı: Səlim müəllim bir ziyalı kimi mövhumatçı olmasa da, allaha inamı da yox deyildi.

Yalnız əvvəllər şəriətə-zada inanmamışdı, hər şeyə şübhəylə baxar, adamların hədsiz avamlığına gülərdi, amma günü-güzəranı yaxşılaşdıqca onun da dinə, fövqəltəbii qüvvəyə münasibəti az-maz dəyişildi, özü də ona görə dəyişildi ki, axı onsuz da allahın varlığına inam ondan heç nə istəmirdi.

Adamların nəzərində dinsiz-imansız şeytana çevrilməyə də niyə razı olasan axı? İnanmırsan inanma, amma daha car da çəkmə!

Soruşsalar, hansını münasib bilirsən, elə o cavabı da verərsən. İntəhası son vaxtlar Səlim müəllim yaman inanmışdı ki, onun bu ağ günə çıxmağında hansısa gözəgörünməz bir qüvvənin əli var.

Odur ki, ömrün-günün bu ahıl çağında, özü də ilk baxışda mənasız görünən bir şeyin üstündə bilə-bilə günah işlətmək Səlim müəllimə indi olduqca ağır gəlirdi.

Bir vaxtlar yatsaydı, yuxusuna da girməzdi ki, vaxt gələr allah xofundan belə qorxa bilər.

Ümumiyyətlə, nə sirdirsə, insan yaşa dolduqca allahdan qorxan olur.

Elə onun da qorxusunun səbəbi çox ciddi idi: vur-tut qırx manata görə özünü günaha batırıb, yığdığını sağ canla yeyə bilməmək ağılsızlıq olardı.

Əlbəttə, əgər iyirmi, iyirmi beş il əvvəl olsaydı, bu qədər ehtiyat eləməzdi. Axı nədən qorxası idi? Bir həsir idi, bir Məmmədnəsir, ölüm barədə isə heç fikirləşmirdi də.

Görünür, bu da yaşla əlaqədar olan şeydi, ya da necə dolanmağın da həyat və ölüm barədə düşünməyə, kim nə deyir-desin, olduqca çox dəxli var...

-Nə əcəb yatmamısan, yoldaş general?! - Səlim müəllim Şərbətlə söhbətdən sonra Çələbiyə nə ağılla zəng vurdu, özü də bilmədi.

Binəva nazirlikdən çoxdan qovulsa da, Səlim müəllim öz həmkarına general deməyi hələ də tərgitməmişdi.

Yalan, ya düz Çələbi çox ciddi bir problem üzərində işlədiyini dedi. Görəsən, bu ona işarə deyildimi ki, qoy dost-düşmən elə güman eləməsin, Çələbi qılıncı yerə qoyub. Bəyəm işdən çıxmaq o deməkmidi ki, bu fəqir adamlıqdan da iraq düşüb?

Bu güman Səlim müəllimin əl-ayağını yığışdırdı - gecənin bu vaxtında zəng vurmağa gərək ciddi səbəb olaydı - və elə buna görə də o, nərdivanı qısa elədi:

-Mənə beş-üç qəpik pul lazımdı axı.

Xəttin o başında qəhqəhə qopdu.

-Professoru borc alan cəmiyyətin cəmi alimlər ordusu dilənçi olsun gərək!

-Belədi də, neyləmək olar? Bizi bu kökə elə cəmiyyət özü salmayıb?

-Nə qədər lazımdı?-"general" ciddiləşdi.

Səlim müəllim hiss elədi ki, nə qədər deməyindən asılı olmayaraq xoş xəbər eşitməyəcək, odur ki, elə məbləğ dedi, Çələbi hiss eləsin ki, bununçün bu vaxt zəng eləməyinə, doğrudan da, dəyərmiş, həm də elə olsun ki, o bunun altından çıxa bilməsin.

-İki yüz min!

-Oooo... əcəb də beş-üç qəpikdi!

Yersiz atmaca idi, intəhası bu söhbətin ən yaxşı sonluğu zarafat idi:
-Əl aşağıdı, qardaş, bu il yaddan çıxmışdım...

-Deyirəm, hayıf deyil, hər ay qəbul olmaya?!-deyib Çələbi müəllim kişmişi səslə güldü,-bəlkə, yüz əlliyə razılaşaq?!

-Olsun yüz əlli!

-Amma üç-dörd gün gözləmək lazım gələcək, çünki gərək rayona gedib-gələm.
Səlim müəllim bilirdi ki, Çələbi ona borc verən yetim deyil, üç-dörd gündən sonra da bir ayrı səbəb tapıb deyəcəkdi. Nədənsə bütün bic adamlar kimi Çələbinin də dilində "yox" kəlməsi yox idi... "Hərdən fikirləşirəm ki, görəsən, allah səndən verdiyi canı ala biləcəkmi?" - Səlim müəllimin tez-tez onunla elədiyi zarafat idi. "Allah biz özümüz! Guya, allah nə təhər olur ki?! İndi elə canı biz özümüz alırıq" - Çələbi də söz altda qalan oğul deyildi.

"Ağlı var, pulunu rayonda saxlayır, özü də ciddi problemlə məşğul olur" - saat on ikiyə qalırdı və Səlim müəllim də sakitcənə oturub fikirləşirdi...

"P" hərfi olan səhifə Pyatibrat İvan Timofeyeviçin adı ilə başlandı və Səlim müəllim də ani olaraq xəyalından keçirtdi ki, heç axtarsa da, ondan münasib adam tapa bilməz. Zəng elə Moskvaya, heç sən deyən, gec də deyil, indi orda köhnə hesabla on birə qalmalıdı, denən ki, Vanyacan, qulaq as mənə, sən o vaxtlar təmiz oğlan idin, həyat sənin kimi kristallara çətin ki, təsir eləyə bilə.

Mənə çox yox, əlborcu yüzcə manat pul yolla, kasıbçılıqdısa, lap qırx manat da göndərə bilərsən.

Bunu eləmək bu saat onun əlində su içmək kimi bir şey idi, heç Moskvanı yığmaq da bir elə çətin olmazdı, amma kişi ondan qorxurdu ki, bu məsələnin mahiyyətini öz aspirant dostuna heç cür izah edə bilməyə, işdir-şayəd, izah eləyəsi olsaydı da, çox gülməli mənzərə yaranardı; belə çıxırdı ki, bu böyüklükdə şəhərdə onun nə bir dostu, nə də sirdaşı vardı, əgər vardısa da, öz halal əməyi, alın təri ilə dolanan bircə adam da qalmamışdı!

Gəl gülmə belə şeyə!...

Hələ bir az da dərinə getsən, burada milli heysiyyət məsələsi-zadı da üzə çıxır ki, lap oda düşüb yansan da, tək elə bunun xatirinə susmalısan, bu sirri şəhərdən qırağa çıxarmağa haqqın yoxdur!

Bir də axı hardan biləsən ki, Pyatibrat özü elə əvvəlki adam idi?

Ya bəlkə, o özü anadan elə bu cür doğulmuşdu?!
Bəlkə, Zəka Qazıyevə zəng vursun?

Ondan bu barədə məsləhət istəməyinə dəyər, ağıllı, tədbirli adamdı, belə işlərin çəmini yaxşı bilir.

Üzeyir İbadullayev necə? Ağlı olmağına ağlı vardı, amma ağzıcırıq adam idi, bir də baxacaqdın ki, beş gündən sonra bu söhbəti heç gözləmədiyin bir adam sənə elə yerdə və elə bir münasibətlə danışdı ki, özün də mat qaldın...

Ağıllı olmağına qalsaydı, Vernidub Yefim Arnoldoviçə çatan olmazdı, yerin altını da bilirdi, üstünü də.

Nə cür tədbir desəydin, tökə bilərdi. İntəhası bu işdə təkcə ağıllı olmaq çox az idi.

Bəyəm Səlim müəllim onlardan geri qalan oğul idi? Amma ağzı elə yerə dirənmişdi ki, orda ağıl heç nəyi həll eləmirdi.

Qaldı işin o biri tərəfinə, dini məsələlərə onu-bunu qatmaq, özü də bu qarışıq məqamda, nə dərəcədə düz idi?...

Gərək hər şeyi nəzərə alasan.

Saat on ikini vurdu. Dövlət himni çalındı və nədənsə Səlim müəllim bu dəfə ona çox diqqətlə, həvəslə və axıracan qulaq asdı.

Ola bilsin, daha çox o səbəbə ki, çoxdan idi onu dinləmirdi, çünki bu vaxtlar oyaq qaldığı, allah bilə, hansı əyyamın söhbəti idi...

Püstə... Bu hansı Püstədi, görəsən? Olmaya?!... Yox, gərək ki, onun tanışları arasında belə adam olmayaydı axı.

Qadının adı da, telefonu da Aidanın xəttilə yazıldığından Səlim müəllim onun xanımının ya iş yoldaşı, ya da rəfiqələrindən olduğu qənaətinə gəldi.

Ümumiyyətlə, bu dəftərə qələm dəyən gündən o belə məsuliyyətsizliklər eləmirdi. Olmağına o cür şeylər az olmamışdı, amma əvvəllər...

Onun da balaca cib dəftərçəsinə çox qızların telefon nömrəsi düşmüşdü, amma onun cırılıb atıldığı vaxtdan da az keçmirdi. Aida belə şeylərin qənimi idi, elə bu evə gələndə də Səlimin az aşın duzu olmadığını bilirdi.

Oğlan arıq olsa da, boy-buxundan yaxşı idi, heç yar-yaraşığına da söz yox idi, beləsi üçün azları ləbbeyk deməzdi, intəhası Aida kişisinin əl-ayağını yad darvazaların həndəvərindən vaxtında yığa bildi.

Düzdür, Səlim müəllim köhnə adətindən heç indinin özündə də əl çəkməmişdi, imkan düşəndə öz işini görürdü, amma o bunu çox ustalıqla, əlaltdan və ehtiyatla eləyirdi.

Tutalım, əlli bir yaşlı professorun on doqquz yaşlı katibəsi ilə intim münasibətinə Aida yox, lap bir başqası necə inana bilərdi?

Yaxud kafedra müdirinin öz aspirantı ilə durub-oturmağına şübhə eləməyəsən, neyləyəsən?! Çox da ki danışırlar.

Danışanlar elə həmişə olub...

"H" hərfi olan sütun da ürək açmadı: Hümbət Səfiyarov göz xəstəxanasının baş həkimiydi.

Pasport masa rəisi Həşim Poladova gəldikdə, heç onun da adı bura özxoşuna yazılmamışdı.

Bazar müdiri Həsən Xudaverdiyev də həmçinin... Ona qalsaydı, taksimotor parkının direktoru hara, Səlim müəllim hara?!

Kişini elə özləri axtarıb tapmışdılar, çətinliklə, soraqlaşa-soraqlaşa... və beş ildən sonra, uşaqları məktəbi qurtarıb, üzülüşmə anı çatanda nə vaxt lazım gəlsə, qulluğunda hazır olduqlarını cani-dildən vəd eləyib ayrılmışdılar.

Vaxt həmin vaxt idi, amma nə Səlim müəllim o üzün yiyəsiydi, nə də allahdan qorxan oğul onlara ağız açmağa cəsarət elərdi...

Hüseyn Pərvanə adını görəndə Səlim müəllimin gözləri on beş yaşlı oğlan gözünə döndü: bu, əlini hər şeydən üzmüş adamın sifətində qeyri-ixtiyari yaranan ümid nişanəsi idi.

O heç cür ağlına sığışdıra bilmirdi ki, necə olub indiyəcən Hüseyn yadına düşməyib?!

Şair Hüseyn dağ adamıydı, kənddən də çox qəribə bir ad və təxəllüslə gəlmişdi: Söyün Tərtökər...

Səlim müəllim nəşriyyatdan ona rəyə göndərilmiş əlyazmanın müəllifinə birinci məsləhəti də elə onun adından başladı.

Çətin də olsa, hər halda Hüseyni fikrindən döndərmək mümkün oldu.

Səlim müəllim onu inandıra bildi ki, şairlik deyilən şey şərəf işi, namus məsələsidir.

Qaldı ki, tər tökməyə, elə onun özü də gəlib bura çıxanacan az tərlər axıtmayıb.

-Şair qardaş, amma bu o deməkmidir ki, mən özümə mütləq Tərtökər təxəllüsü götürməliyəm?! Şair tayfasının gərək adı da, təxəllüsü də sənəti kimi gözəl və nümunəvi ola,-kəlamını da Hüseynə Səlim müəllim başa salmışdı və onun kəndlilərə xas sadəlövhlük və təmizliyinin o vaxtlar oğlanın üzünə deməsə də, professorun nəzərində bircə adı vardı: halallıq...

O, dəstəyi qaldırıb nömrəni yığdı, özü də çəkinib eləmədən yığdı: Səlim müəllim biləni, şair olan bəndə yuxudan gərək elə gecənin bu vaxtı ayılaydı.

-Allo! Bağışlayın, çox gec zəng vururam, axşamınız xeyir olsun! Mənə Hüseyn Pərvanə lazımdı... Nə?... Hamamdı?! Üzr istəyirəm, bacı,-deyib professor yubanmadan telefonun düyməsini basdı, dəstəkdən yenə də aramsız və kəsilməyən fit səsləri eşidildi, intəhası Səlim müəllim nə qədər baş sındırsa da, anlaya bilmədi ki, əgər onun zəng elədiyi yer, gerçəkdən də, hamam idisə, görəsən, hamamda gecənin bu vaxtı nə qayırırdılar?

Ürəyindən zəng vurub həmin yerin, doğrudan da, hamam olub-olmadığını dəqiqləşdirmək istəyi keçsə də, xoşagəlməz cavab eşitmək qorxusu gecənin bu kimsəsiz əyyamında onu fikrindən daşındırdı.

-Deməli, beləəə!-o, dəftərçəni büküb alnına sıxdı, dost-tanışdan kimin harda olduğunu, nə məzhəbə qulluq elədiyini elə bil bu ünvan və telefon nömrələri yazılmış meşin üzlü, yaşıl dəftərçə başa çatandan sonra bildi, sanki bu dəftərçədə indiyəcən ona qaranlıq olan çox böyük bir həqiqət gizlənib qalıbmış və bunu kəşf eləyə bildiyi üçün Səlim müəllim indi ona tam ayrı gözlə baxırdı.

Necə ki, üzü əllə qapayarlar, eləcə dəftərçəni açıq halda sifətinə dayayıb ondan gələn meşin qoxusunu uda-uda yaxşı-pis, günü birtəhər başa vurduğuna sevinir, həm də indidən ertəsi günün dərdini eləyirdi.

Görəsən, sabah da anasının gözünə görünməsə, o bundan nə məna çıxardar?! Ümumiyyətlə, bunu bacarardımı?!

Çox mümkün idi ki, bu hadisə elə bütün ayı beləcə davam eləsin və heç nə dəyişilməsin. Bəs onda?

Onda yeganə bir çıxış yolu qalırdı: açıb hər şeyi anasına olduğu kimi danışmaq!

Yox əgər buna cəsarəti çatmazdısa, onda qızların otağındakı televizoru satmaq lazım idi.

Ona söz yox, bu, evdə bir qədər narazılığa səbəb olacaqdı; qızlar, elə hərdən Aidanın özü də xəlvətə çəkilib hardansa tapdıqları videokassetlərə qızların otağında tamaşa eləyirdilər, bəzən qonaq-qaraları da olurdu, illah da toy kassetləri əllərinə düşəndə... Amma bunu onlara necə açıb demək olardı?

Bu işin üzrü günahından beşbetər olardı...

Bəlkə, elə videonun özünü başından eləsin? Adını da qoyar ki, vaxt almaqdan başqa, heç nəyi yoxdu...

İntəhası bu işin də sonra Aidanın top-tüfənginə sinə gərməyi vardı... Onda ya qaracı, ya da maşını satsın.

Belə maşın üçün əldən-ayaqdan gedərdilər, amma vur-tut qırx manata görə o yaraşıqda maşını satana kim ağıllı deyərdi? Birdən-birə bu, adamlarda şübhəli fikirlər yaradacaqdı.

Belə şeylərə nəcabətli adamlar, ümumiyyətlə, yaxşı baxmırlar...

Bəs birdən elə bu maşının özünün nə ilə alındığının məsələsi ortalığa çıxsa, necə?!

Bu fikir onun ovqatını qətiyyən təlx eləməsə də, beynindən keçirtdi ki, onda bağı satmalı olacaq. Soruşan olsa, deyər ki, onlara əl vermir. Bir də axı bundan kimə nə?

Bağını satar da özü bilər, satmaz da... Bununçün bəlkə, kiməsə hesabat-zad verməliydi?

Guya, onu alanda kimdənsə xeyir-dua almışdı ki, satanda da məsləhət verəni olaydı?!...

Amma axı bu bağ da onunçün elə belə müftə başa gəlməmişdi - əgər Səlim müəllimin qabağını bu əcaib və qorxunc maneə kəsməsəydi, o, zəng eləyib, heç bir başağrısı-filan olmadan bu uzun gecənin beşcə dəqiqəsində ona müştəri də tapa bilərdi...

Əlbəttə, əgər o maneə olmasaydı...

Tərs kimi bütün həngamələr də elə o maneənin başındaydı...

-Deməli, heç nəyi! Heç nə-yi!-Səlim müəllim yumruğunu düyünləyib stola döyəcləyə-döyəcləyə saya çeşnili xalı döşənmiş divarlara göz gəzdirdi.

Amma nə biləsən ki, bu divarlar haqqında o indi heç nə düşünmədi?!

Çünki burda, bu mənzildə başdan-binadan onun olmayan, pulla alınmayan yeganə bir şey vardısa, o da elə bu sopsoyuq divarlar idi... vəssalam!

...Oturmuşdu. Başı əllərinin arasında, dirsəkləri stolda...

Qarşısında telefon, radio, bir az o tərəfdə boşluq, ondan o tərəfdə pəncərə, ondan da o tərəfdə bu aləmin heç nəyi vecinə almayan qaranlığı...

Saat birdə "Lirika dəftəri" başlandı, saat ikiyə on dəqiqə işləmiş veriliş başa çatdı, təxminən iki, ya üç dəqiqədən sonra Səlim müəllim qalxdı ki, gedib yatsın və qalxan kimi də gözü kitab şkafının üstündəki büllur vazaya sataşdı, çünki Səlim müəllimin boyu şkafdan uzun olmuşdu və o istəsəydi də, bu vazanı görməyə bilməzdi.

Qabdakı Aidanın qızıl-mızıllarıydı.

Götürüb onlara baxan kimi ağlına gələn ilk şey anasının üzüyü oldu...

Kişi əlində də daş-qaş quruyub qalmışdı. Bəlkə, doğrudan, üzüyü satmaq olardı?!

Həm halal olmağına halal idi - Səlim müəllimə təkcə elə bu bəs idi - həm də arvadın özündən savayı, üzüyün kimsəyə bir isti-soyuğu yox idi.

Onsuz da anasının xasiyyəti elə idi ki, üzük yoxa çıxsaydı da, abır-həyadan heç nəyi açıb-ağardan deyildi.

Elə o dəfə - qarının boyunbağısı itəndə də belə oldu: doğrudur, bunu evdəkilər bir ildən sonra da olsa bildilər, o da lap təsadüfən: gəlin, yəni Aida toya getməyə hazırlıq görəndə arvada eşitdirdi ki, boyunbağını iki-üç saatlığa ona versin, axı onu bərk-bərk sandığa qoyub hansı günə saxlayır?!

Arvad özünü elə göstərdi ki, guya, onu vermək istəmir, amma çox çək-çevirdən sonra məlum oldu ki, boyunbağı yoxa çıxıb.

Özü də nə az-nə çox, düz bir il bundan əvvəl...

Nəə, boyunbağı yoxa çıxıb? Hardan? Evdən?...

O vaxt gəlinin dediyi "ay arvad, eyy, gözünü aç gözümün içinə yaxşı bax haa, ağlın ona-buna getməsin, malını bərk saxla, qonşunu oğru tutma" sözləri Səlim müəllimcə, qabaqdangəlmişlik eləməkdən başqa bir şey deyildi.

İşin üstü açılan gün onun bu işə bir elə əhəmiyyət verməməyinin səbəbi də elə bu idi; Aidanın boyunbağıda çoxdan gözü vardı, durub-oturub xan-bəy dövrünün zinət əşyalarının gözəlliyindən, rənginin əlvanlığından elə hey dəm vururdu.

"Hər şeyi kimi elə bil bu zamananın qızılı da qəlpləşib" - sözləri də onun dilindən çıxmışdı.

Səlim müəllimə məhz o gün aydın oldu ki, niyə Aida çoxdandır boyunbağıdan söz salmır... Söz yox, o, qarının bu dünyadan köçəcəyi günü də gözləyə bilərdi.

Onsuz da onun bu bər-bəzək şeylərini verəcəyi elə bir kimsənəsi yox idi, intəhası axı hardan biləydin ki, hər şey məhz Aida gözləyən kimi olacaq?!

Nə çoxdur bu dünyanın möcüzələri?!... Hələ heç o da məlum deyildi ki, arvad onu qabaqlasaydı belə, Aida mərhumun daş-qaşına sahib çıxardı, ya yox?!... Belə...

O axşam arvad oğluna yalvar-yaxar elədi ki, onu ahıllar evinə aparsın, onda heç birinin başı ağrımaz. "Elə bir o qalmışdı" cavabını toydan da çox həvəssiz qayıdıb gəlmiş Səlim müəllim verdi, özü də çox hikkə ilə verdi.

Boyunbağının itdiyini ona vaxtında deməməyinin səbəbini soruşduqda isə, arvadın gözləri kasıb evinin damına döndü... və o handan-hana başa saldı ki, evdə söz-söhbət, qanqaraçılığı olacağından qorxduğu üçün susub...

Üzüyü satmaq məsələsi Səlim müəllimçün onu götürə bilməkdən heç də yüngül dərd deyildi: televiziya onu iki günün biri bu şəhərin sakinləri ilə görüşə gətirirdi və o, sonralar küçə-bacada rastlaşdığı adamların üzündəki təbəssümün səbəbini də ordakı o çıxışlarında görürdü.

Elə bunsuz da bir pedaqoq kimi, yəqin, onu tanıyanlar az olmazdı. Amma burdan o çıxmırdımı ki, televiziyada çıxış eləyənlər, guya, imam övladıdır, bəlkə, heç çörək də yemirlər?!

Əslində anasının üzüyünü çırpışdıran oğul üçün onu satdırmaq heç nə olmalıydı.

Yəni üzüyü əlaltdan zərgərə vermək də belə çətin şey idi?! Amma anasının gözlərinin kasıb evinin damına döndüyü o günü yada salanda professor özünü heç cür inandıra bilmədi ki, bundan sonra o üzüyü götürməyə əli gələr.

Gerçəkdən də, bəs övladlıq haqqı?

Bəlkə, anası on doqquz yaşından özünü bilə-bilə odun içinə elə ona görə atmışdı ki, tək onun xatiri üçün dul oturub böyütdüyü oğul indi ona qənim kəsilsin?! Nə qədər alçaq və şərəfsiz olmalısan ki, ağlına belə iyrənc fikirlər gələ?!

Bəlkə də, Səlim müəllim bu dəqiqə allahın ən xoşbəxt bəndəsi idi ki, nə düşündüyündən bir kimsənin xəbəri yox idi; anadan oğurluq eləmiş, ya haqqında fikirləşmiş - bəyəm fərqi var idi?

Getdi ki, pəncərənin nəfəsliyini örtsün; otaq buza dönmüşdü. Qaranlıqda hardasa boğuşan itlərin səsi gəlir, aradabir maşın təkərlərinin tükürpədən xırçıltısı eşidilirdi.

Binanın qarşısına üçüncü növbəyə gedən Mirsaleh kişinin özündən qat-qat uzun kölgəsi düşmüşdü və nədənsə onun yerişində bu gecənin sakitliyinə çox uyğun gələn qəribə bir arxayınçılıq da vardı.

Seyidin ardınca həsəd hissi ilə baxa-baxa Səlim müəllim ürəyindən keçirtdi ki, görəsən, qonşusundan borc eləsə, düşünməz ki, ay əbləh, bircə o qalmışdı camaatın gözünə kül üfürəsən? Gör kim kimdən borc alır, xudaya?

Sonra sakitlik oldu, hardansa uzun-uzadı siqnal səsi gəldi, yenidən sükunət çökdü. Mətbəxdəki taqqıltını da Səlim müəllim elə o sükutun hesabına eşidə bildi.

Bu vaxtlar adətən Xanım arvad subaşına çıxardı: elə bil qarının böyrəklərinin ağrısını soyuqlar özüylə birgə gətirirdi...

-Ay oğul, dur yat, bəsdi özünü yorduğun! Gör bir gecənin nə vaxtıdı?!-deməyindən Səlim müəllim bildi ki, anası dəhlizə elə indilərdə çıxıb.

Nəfəsini içinə çəkdi ki, arvad onu ya huşlanmış, ya da burda olmayan bilib getsin, amma işığın sönməyi üçün qapı mütləq açılmalıydı.

Əgər anası qapını açıb, onu burda görsəydi, susmağına nə ilə haqq qazandıra bilərdi?

Nə eləmək lazım idisə, üzü sulu ikən eləmək lazım idi, yoxsa indi üzə çıxmasa da, bu gündən onun üçün səhər də vardı. Əksinə, vaxt uzandıqca əzabı birə-beş artırdı.

Qapını ehmalca aralayıb oğru pişik kimi marıtladı və hərəkətindən özü də xəcalət çəkdi; anası mətbəxdən ona tərəf elə mötədil bir görkəmdə boylanırdı ki, indi onun içəridən çıxmağını görmək sanki əsl xoşbəxtlik idi.

-Yemə onu! Yediyin də, içdiyin də hamısı haramdı!- sözləri oğulun ağzından elə çıxdı ki, elə bil bu, qeybdən nazil olan səda idi.

-Nə deyirsən?-arvad çörəyi ağzında elə saxlamışdı ki, deyərdin bəs şirni sümürür.

-Nə deyəcəm? Deyirəm ki, dəyyuslar yeyib-içdiyimizi haram eləyiblər,-oğul anasının onu eşitmədiyindən ürəklənib hissə qapılaraq dediyi sözü çox ustalıqla dəyişə bildi,-heç soruşmursan, bu nə vaxtın oyaq qalmağıdı?

-Həə, qızlar dedilər, başın bərk qarışıqdı.

-İki gündü bu haramzadalar haqqında mərkəzi qəzetlərdən birinə, Moskvaya material hazırlayıram, inan ki, başımı qaşımağa amanım yoxdu. Tək mən deyiləm, indi bütün respublika ziyalıları ayaq üstdədi,-Səlim müəllim dedi və fikirləşdi ki, görəsən, axırıncı dəfə belə bir işlə məşğul olduğundan neçə il vaxt keçir?

Bu o qədər çoxdan olmuşdu ki, ümumiyyətlə, belə bir şeyin olduğunu xatırlaya bilməmək təkcə yaddaşın və hafizənin günahı ola bilməzdi,-bə sən niyə oyaqsan?

-Yarıcanım dünəndən yanındadı, neçə dəfə çıxıb baxmışam, görürəm, işığın yanır. Nə illah elədim, gözümə yuxu getmədi, heç şam da eləməmişəm,-arvad utana-utana əlindəki çörəyi göstərdi.

-İndi mən narahatam deyin, hamınız ayaq üstə qalmalısınız?-Səlim müəllim ərk və məzəmmət dolu baxışlarla anasını süzdü.

O, qarşısında dayanan bu cansız, üzü nurlu qocaya baxa-baxa fikirləşirdi ki, niyə axı belə səhvlər eləyir?

Əgər anası evə Quran aldırmaq fikrini ortaya atanda tələsib o cavabı verməsəydi, bəlkə də, arvad fikrindən elə özxoşuna əl çəkəcəkdi, intəhası o vaxt pul söhbəti olmamışdı deyin, ayrı cür düşünməyə elə bir bəhanəsi də yox idi, yoxsa onu, yəni anasını xəlvətə çəkib qulağına Aida olan evə Quran almağa əli gəlməməyi barədə bircə kəlmə söz pıçıldamaq da bəs idi: əvvəla, bu, arvadın yaralı yeri idi, bu fikri bəyənməyə bilməzdi, əksinə, bu, vaxtında ağlına gəldiyi üçün ona hələ "sağ ol!" da deyəcəkdi.

İkincisi də, oğlunun o sözü təmiz ürəklə, heç bir ayrı məqsəd-filanı olmadan dediyinə o nə haqla inanmaya bilərdi; professor sözə bəzək-düzək vurmağa bir can olmaqdan əlavə, allah tərəfi, ona pis oğulluq da eləmirdi axı...

-Gecə keçir, get yat!-Səlim müəllim dedi və hardansa lap qəfildən yadına düşdü ki, səhv eləmirsə, anası təqaüdünü həmişə ayın elə bu günləri, onu-on beşi arası alır...

Nə? Təqaüd?! Duran yerdə kişinin gözünə işıq gəldi və həmişə olduğu kimi, yenə də beynindən keçən ilk şey o oldu ki, görəsən, yaradan onu niyə belə ağıllı xəlq eləyib?...

Səlim müəllim həm də o şeyin professoru idi ki, qəfil tapıntılar bir qayda olaraq həmişə ən dar məqamlarda ağlına gəlirdi...

Arvad ağırtərpənişli olsa da, hələ qıvraq idi, oğlunun sözünü eşidər-eşitməz çörəyin yumşağından ağzına qoyub, ayağa qalxdı və ehmalca öz otağına - əksər vaxtlar o bura hücrə deyirdi - tərəf yönəldi.

Qapının ağzına çatanacan Səlim müəllim qarını baxışları ilə izləyib, nə fikir-xəyal elədisə, ürəksiz halda da olsa, onu səslədi, ancaq geri dönəcəyi anı gözləməyə səbri çatmadı, çünki o sözü ki, o deyəcəkdi, onu anasının gözünün içinə baxa-baxa deyə bilmək indi universitet müəllimindən əsl qəhrəmanlıq istəyirdi:

-Bəlkə, səndə qırx manat ola?

Sentyabr ayının on altısı, gecə saat təxminən ikinin yarısı idi...

oktyabr, 1990.
XS
SM
MD
LG