Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:37

Avropa Məhkəməsi Azərbaycanı 20 min avro cərimələdi


Avropa Məhkəməsi
Avropa Məhkəməsi
İnsan Haqları üzrə Avropa Məhkəməsi dekabrın 17-də Azərbaycanla bağlı daha bir qərar qəbul edib. Hüquq Maarifçiliyi Cəmiyyətindən «Media forum» saytına verilən məlumata görə, Avropa Məhkəməsi Qubadlı rayonundan olan məcburi köçkün Məmmədov Mikayıl Səttar oğlunun şikayətinə baxıb və Azərbaycanı 20 min avro cərimələyib.

Qərarda qeyd olunub ki, ərizəçiyə münasibətdə Avropa Konvensiyasının 2-ci maddəsi (yaşamaq hüququ) pozulub.

Qərar yekdilliklə qəbul edilib və məbləğ dəyən mənəvi ziyana görə ödənəcək. Ərizəçinin maddi ziyanla bağlı 3500 manat təzminat ödənilməsi haqda iddiası təmin olunmayıb.

1961-ci ildə anadan olan M.Məmmədov hazırda Sumqayıt şəhərində yaşayır. Ailəsi ilə birlikdə yataqxanada məskunlaşan məcburi köçkün 2003-cü ildə Sumqayıtdakı köhnə hərbi-inzibati binanın bir neçə boş otağını bərpa edərək heç bir rəsmi icazə olmadan ora köçüb.

2004-cü ilin mart ayında iki yerli vəzifəli şəxs və polis zabitləri ailəni binadan məcburi çıxartmaq üçün ora gedib. M.Məmmədovun həyat yoldaşı Çiçək Məmmədova buna etiraz olaraq özünü yandırıb və bir neçə gün sonra bədənində olan şiddətli yanıqlardan vəfat edib.

Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozulmasından şikayət edən M.Məmmədov göstərib ki, həyat yoldaşının vəfatında şəhər icra hakimiyyətinin rəsmiləri və polis zabitləri məsuliyyət daşıyırlar.

Şikayətçi bildirib ki, həmin şəxslər qanunsuz olaraq onun mənzilinə daxil olub, hədsiz zor tətbiq edib və həyat yoldaşını xilas etmək üçün heç bir zəruri tədbir görməyiblər. O, həmçinin qeyd edib ki, hakimiyyət orqanları işi hərtərəfli araşdırmayıblar.
XS
SM
MD
LG