Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:42

«Bakını xilas edək!» kampaniyasına başlandı


«Bundan sonra məmurların qarşısını almaq olmayacaq».
«Bundan sonra məmurların qarşısını almaq olmayacaq».
«İçərişəhər 1969-cu ildən qoruq ərazisidir. Ona görə də, demək olmaz ki, burada köhnəni sökün, yerində təzəsini tikin».

Bu sözləri Tarix, Mədəni və Təbii İrsi Qoruma Komitəsinin düzənlədiyi yığıncaqda Komitənin əlaqələndiricisi Aytəkin İmranova ölkə prezidentinin İçərişəhər haqda son sərəncamına münasibət bildirərkən söyləyib:

«İçərişəhər bütün binaları ilə YUNESKO-ya təqdim olunub. Bu sərəncamla prezident indiyə qədər İçərişəhərlə bağlı özünün və sələfinin verdiyi bütün sərəncamların üstündən xətt çəkib. Bundan sonra məmurların qarşısını almaq olmayacaq. Kim o sərəncamı hazırlayıb və imzaya veribsə, prezident və hakimiyyət üçün çox pis xidmət göstərib».

Bir qrup içərişəhərlinin də iştirakı ilə keçirilən toplantıda bir daha vurğulanıb ki, qeyri-hökumət təşkilatlarının, KİV-lərin, ayrı-ayrı şəxslərin həyəcan təbili çalmasına baxmayaraq, Bakının tarixi binalarına müdaxilələr davam edir:

«İllərdir haray çəkdiyimiz, gec-tez gələcəyini söylədiyimiz o fəlakət artıq baş verməkdədir».

İçərişəhər sakini İlham Rəsulzadə Mənzil İstismar İdarəsindən yerli sakinlərə zənglər olunduğunu, onlara mənzillərini satmaq üçün cürbəcür təkliflər edildiyini dedi.

Neftçilər prospektindəki 97 saylı evin sakini Qurban Əliyev Qız Qalasının qonşuluğundakı binaya edilən müdaxilənin xronikasını da danışdı:

«2000-ci ildə Fərhad Əliyev binanı bizdən almaq istəyirdi. Ali Məhkəməyə qədər getdik, məsələ sovuşdu. 2002-ci ildə Hacıbala Abutalıbovla vuruşduq, yenə Ali Məhkəməyə qədər getdik, çıxmadıq. 2005-də yenə gəldilər ki, çıxın, çıxmadıq. Bir də 2007-ci ildə bu təşəbbüs başladı, məhkəməyə üz tutduq... İndi də belə».

Neftçilər prospektindəki 97 saylı ev
Xatırladaq ki, bu binada artıq söküntü işlərinə başlanılıb. Amma Qurban Əliyevin dediyinə görə, qəzalı damğası vurulan bu binanı sökməkdə çox çətinlik çəkirlər. Çünki bina sal qaya daşlarından inşa olunub.

Komitənin hüquqşünası Leyla Mədətli «Tarixi abidə sayılan binalar niyə sökülür?» sualını özü də cavabladı:

«1-ci variant: tutaq ki, qəsdən sökülür. 2-ci variant: maarifləndirmə səviyyəsi aşağı olduğundan sökülür, yəni tarixi binaya adi bina kimi yanaşılır. 3-cü və ən ağrılı variant: bu, sadəcə, ölkədə sistemli pozuntuların adi tərkib hissəsidir».

L.Mədətli Azərbaycan qanunvericiliyində tarixi abidələrlə bağlı nəyə istinad edilməli olduğundan da danışdı:

«1-ci sənəd Konstitusiyamızdır. Yəni, hər kəsin mədəniyyət hüququ var. Demək, tarixi abidə sökülürsə, bizim mədəniyyət hüququmuz pozulur. Ən səmərəli müdafiə vasitəsi məhkəmə olmalıdır».

L.Mədətli 2007-ci ildə Neftçilər—79/81/83 saylı binalarla bağlı məhkəməyə müraciət etdiklərini də söylədi:

«Mədəniyyət hüququnun pozulduğu ilə bağlı ilk dəfə idi ki, məhkəməyə üz tuturduq. Eyni zamanda mülkiyyət hüququnun pozulması ilə əlaqədar bəzi vətəndaşların adından müraciət etmişdik».

L.Mədətli deyir ki, onları bu abidə binaların niyə söküldüyü, yerində nə tikiləcəyi və dövlətin bu sahəyə nə qədər vəsait ayıracağı da maraqlandırırdı. Odur ki, informasiya almaq üçün müvafiq dövlət orqanlarına üz tutublar:

«Qanunvericiliyimiz məlumat almaqla bağlı çox mükəmməldir. Müraciətə 7 gün ərzində cavab verilməlidir. Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə müraciət yolladıq. Heç bir cavab gəlmədi. Məhkəmə proseslərinin də heç biri xeyrimizə olmadı. Avropa Məhkəməsinə müraciət etdik. Avropa Konvensiyasında da mədəniyyət hüququ deyilən maddə yoxdur. Amma çıxış yolu var. Avropa Məhkəməsi mülkiyyət hüquqlarını qoruyur. Biz bu yolla Avropa Məhkəməsinə üz tutduq. Hələlik nəticəni gözləyirik».

İçərişəhər
Leyla Mədətlinin fikrincə, Azərbaycanda mədəniyyət hüququnun durumuna dair hesabat hazırlanmalıdır. Bu işi QHT-lər öz üzərinə götürə bilər. Belə hesabat YUNESKO-da, Avropa Şurasının mədəniyyət məsələləri komissiyasında qeydiyyatdan keçə də bilər. Bu məsələnin parlamentdə müzakirəsini təşkil etməyə cəhd göstərmək də olar.

Hüquqşünas düşünür ki, bu məqsədlə ictimai nəzarət yollarından istifadə olunmalıdır. Məsələn, məhkəmələrlə bağlı şablon bir iddia ərizəsi hazırlamaq və bunu sayta yerləşdirmək olar:

«Qoy hamı imzalasın. 100 min adamın imzaladığı bir iddia ərizəsini xəyalınıza gətirin».

Tarix, Mədəni və Təbii İrsi Qoruma Komitəsinin toplantısında İçərişəhər icmasının yaradılması barədə razılığa gəlindi. Yeni yaradılmış icma adından ölkə prezidentinə, «İçərişəhər» Dövlət Qoruq İdarəsinə müraciət imzalanması nəzərdə tutuldu. İcma qarşısında «Bakını xilas edək!» çağırışı ilə şəhər əhalisi arasında imzatoplama kampaniyasına başlamaq tapşırığı qoyuldu. Tezliklə bu mövzuda forumun keçirilməsi, ictimaiyyətə, ölkə ziyalılarına müraciət, həmçinin BMT-nin HABITAT proqramına, YUNESKO və Avropa Şurasının komissiyalarına müraciət qəbul edilməsi dəstəkləndi.

Xatırladaq ki, Tarix, Mədəni və Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsi 2006-cı ildə yaranıb. Bu şəbəkə Avropa Şurasının dəstəyi ilə yaradılmış müxtəlif növ irsi qoruma təşkilatlarının saytında qeydiyyatdan da keçib.
XS
SM
MD
LG