Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:31

«İnsan haqlarını pozan məmurlar Avropaya buraxılmasın»


Avropa Məhkəməsində Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir
Avropa Məhkəməsində Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir
Söz Azadlığını Müdafiə Komitəsi insan haqlarının kobud şəkildə pozan Azərbaycanın hakimiyyət nümayəndələrinin Avropaya səfərlərinin qarşısının alınması üçün dünyanın demokratik dövlət və təsisatlarının liderlərinə müraciət edib.

Komitənin koordinatoru Şahvələd Çobanoğlunun AzadlıqRadiosuna verdiyi məlumata görə, onlar bu çağırışı Eynulla Fətullayevə qarşı açılmış yeni cinayət işiylə bağlı komitənin yanvarın 4-də keçirilən toplantısında ediblər:

«Avropa Şurasına belə bir çağırış var ki, Azərbaycanda insan haqlarının müdafiəsi baxımından öhdəliklərin yerinə yetirilməməsinə görə Azərbaycan hakimiyyətinin repressiyalarda iştirak edən, insan haqlarının pozulmasında fəal olan yüksək vəzifəli məmurları ilə bağlı sanksiyalar qəbul edilsin. Onların Avropa ölkələrinə səfərlərinin qarşısı alınsın. Avropa Şurası Nazirlər Kabinəsinə olan müraciət isə ondan ibarətdir ki, müdafiə elə təşkil edilsin ki, Avropa İnsan Haqları Məhkəməsi hazırda Eynulla Fətullayevə qarşı qaldırılmış yeni cinayət işi də yaxın vaxtlarda baxılması gözlənilən köhnə şikayət ilə birləşdirilsin, jurnalistin azadlığa çıxması təmin edilsin».

Söz Azadlığını Müdafiə Komitəsi beynəlxalq ictimaiyyəti 2010-cu ildə Azərbaycanın demokratik qüvvələri ilə həmrəy olmağa da çağırıb.

Dekabrın 29-da Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 2 qram heroin tapılması ilə bağlı yeni cinayət işi başlanıb. Bundan sonra jurnalist saxlandığı 12 saylı cəzaçəkmə yerindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bundan əvvəlsə «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilmişdi.

Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir. Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin azad olunmasını tələb edirlər.
XS
SM
MD
LG