Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:36

Demokratiya tərəfdarları və protokol əleyhdarlarının mitinqi başlayır


Yerevanda protokollar əleyhinə etirazlar
Yerevanda protokollar əleyhinə etirazlar
Ermənistan müxalifətinin növbəti mitinqi yanvarın 8-də olacaq. Günorta saatlarında Yerevanda başlayacaq mitinqdə siyasi məhbus və «Aykakan jamanak» qəzetinin baş redaktoru Nikol Paşinyanın deputatlığa namizədliyi dəstəklənəcək. O, Yerevandakı 10 saylı dairədə keçiriləcək növbədənkənar deputat seçkisi üçün namizədliyini irəli sürüb.

Keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konresi bu mitinqdə bütün siyasi məhbusların azadlığa buraxılması, insan haqlarının qorunması tələblərini səsləndirəcək. Adətən bu cür mitinqlərdə keçmiş prezident Ter-Petrosyan öz tərəfdarları qarşısında müxalifətin gələcək siyasi addımlarına dair ciddi bəyanatalar verir.

Bu dəfə də Levon Ter-Petrosyanın hakimiyyət-müxalifət münasibətlərinin perspektivlərinə dair çıxış edəcəyini gözləyirlər. Sonuncu prezident seçkisində namizəd olmuş Ter-Petrosyan seçkinin nəticələrinin ləğv olunmasını tələb edirdi. Amma Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsində hazırkı prezident Serj Sarkisyanın cəhdlərini müdafiə etdiyini bildirdi.

GƏNC FƏALLARA HÜCUM OLUB


Bugünlər Erməni Milli Konqresinin gənc fəalları Yerevanda sakinləri mitiqə çağıran vərəqələr paylayıb. Polis az-az hallarda onlardan vərəqə paylamağı dayandırmağı xahiş edir.

Amma dünən vərəqə paylayan gənclərə başqa bir gənclər qrupunun hücum etməsi barədə xəbər yayılıb. Vərəqə paylayan «Hima» («İndi») adlı gənclər təşkilatının üzvlərinə 30 nəfərlik başqa bir gənclər qrupu hücum edib. Məlumata görə onlar vərəqə paylamağı dayandırmağı tələb ediblər. Bundan imtina edəndə isə «Hima» üzvlərini armatur və başqa dəmir parçaları ilə döyməyə başlayıblar. «Hima» üç fəalının xəstəxanaya yerləşdirildiyini bildirib.

DAŞNAKSÜTYUN DA MİTİNQƏ HAZIRLAŞIR

Ermənistan müxalifətinin daha bir qrupu – Daşnaksütyun Partiyası isə yanvarın 11-də mitinqə hazırlaşır. Daşnaklar Konstitusiya Məhkəməsinin binasına qədər yürüş edəcəklər. Onlar Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair protokollara etiraz edirlər. Mitinqin ertəsi günü – yanvarın 12-də Ermənistanın Konstitusiya Məhkəməsi həmin sənədləri müzakirə edəcək. Partiya da bu aksiya ilə sənədlərə Konstitusiya Məhkəməsindən rədd cavabı almağa çalışır.

Daşnaksütyun Partiyasından verilən məlumata görə həmin protokolların əleyhinə olan Ermənistanın 14 siyasi təşkilatı bu aksiyaya qoşulmağa razılıq verib.

Keçən ilin oktyabrında Türkiyə ilə Ermənistan arasında imzalanmış iki protokolda iki ölkə arasında diplomatik əlaqələrin qurulması, aralarında sərhədin açılması və Osmanlı dövründə guya Türkiyə ərazisində «erməni soyqırımı» olması barədə ermənilərin iddialarının araşdırılması üçün tarixçi alimlərdən ibarət birgə komissiyanın yaradılması nəzərdə tutulur. Daşnaklar əsasən bu komissiyanın yaradılmasına qarşı çıxırlar. Prptokollar hər iki ölkənin parlamentində təsdiq edildikdən sonra qüvvəyə minməlidir.
XS
SM
MD
LG