Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:52

Yuxu


Bu başlığı bir jurnalist təxəyyülünün məhsulu sanmayın. Mən doğrudan da, bu yuxunu görmüşəm. Özü də, hələ heç kəsə söyləməmişəm. İlk dəfədir yazıya köçürürəm.

İki gün öncə İçərişəhər Qoruğunun yenicə açılmış saytı ilə bağlı atüstü bir müsahibə hazırlamaq fikrinə düşdüm. Qoruğun mətbuat sözçüsünə zəng çaldım. Sən demə, həmin gün Bəxtiyar Xanızadənin atası rəhmətə gedibmiş (Yeri gəlmişkən, Bəxtiyar bəyə radiomuz adından başsağlığı veririk). Bəxtiyargilin Rahib bəylərə qohumluğu çatığından, mətbuat sözçüsü, həm də o üzdən Şağan kəndinə yollanıbmış.

Təbii ki, İçərişəhərlə bağlı informasiya yan plana keçdi. Və o gecə mən qəribə bir yuxu gördüm... Gördüm İçərişəhərdəyəm. Oranı gəzmək fikrinə düşmüşəm.

Amma İçərişəhər muzeydir! Ora biletlə buraxırlar!

Siz allah, elə bilməyin ki, xəyal gücümü işə salıram. And olsun ki, yuxudur. Mən bilet alıb turistlərlə birgə qədim şəhəri gəzməyə çıxıram. Elə bilməyin ki, ayaqla. Yox, Funikulyorda adam daşıyan asqılara (vaqonetlərə) bənzəyən özü yeriyən arabalar bizi hər yeri dolaşdırır...

Ən maraqlısı, İçərişəhərdə heç kim yoxdur! Ancaq vaqonetlərdə gəzən turistlərdən başqa. Yerli əhali yoxa çıxıb. Hər yan səssiz-səmirsiz, tərki-dünya, donmuş vəziyyətdədir. Bileti Qoşa Qala qapısı tərəfdən alırıq. Ancaq nədənsə, “səyahətimiz” Qız Qalasının yanında sona çatır. Bizi tələsdirirlər. Çünki artıq hava qaralır... İçərişəhərə qatı qaranlıq çökür.

Turistlər hövlnak buranı tərk etmək istəyirlər. Çıxış eynən giriş kimi şüşəli böyük akvariumun içindən keçir. Girişdə təhvil verdiyimiz əşyalarımızı (yuxunun dəqiqliyinə bax!) çıxışda geri almalıyıq. Hamı, hər şeyini götürüb gedir.

Qalıram bircə mən. Əl çantam tapılmır ki, tapılmır...

Qaranlıq qatılaşır. Mən ağlayıram. Yalvarıram. Heç kim məni eşitmir... Birdən Qız Qalasının arxasındakı meydançada Gürcüstan prezidentinin yerdəcə bardaş qurub oturduğunu görürəm... (Yuxuya bax, daha niyə Gürcüstan prezidenti?)

Akvariumdan çıxıb ora cumuram. Həm də, jurnalist kimi cumuram (İndiyə qədər turist idim). Gülməyin, mən sanki iş başındayam. Saytımız üçün (!) onun şəklini çəkmək istəyirəm. Təsəvvür edin, Qalanın fonunda yerdə bardaş qurub (?) oturmuş, ətrafına baxıb qəhqəhə ilə gülən qızılgülçü prezident! Nə gözəl! Əlimi atıb telefonumu çıxarmaq istəyirəm ki, şəkil çəkim... Heyhat!

Telefon çantada. Çanta akvariumda! Bir anlıq elə bil bütün dünyanın jurnalistlərini bura tökürlər. Fotoaparatlar şaqqıldayır. Mən çarəsiz-çarəsiz hönkürüb ağlayıram.

Gürcü prezidenti bir yana, telefonum yanımda olsaydı, iki addımlıqda - Qız Qalasının dayandığı Neftçilər prospektində məni gözləyən oğluma zəng çala bilərdim. Bəlkə gəlib məni burdan qurtarardı. O da mümkün deyil.

Akvariumdakılar işlərini bitirib evə gediblər. Şəkilçəkən jurnalistlərdən əsər yox. Gürcüstan prezidenti də qeybə çəkilib.

Mən qatı qaranlığa bürünmüş İçərişəhərdə tək-tənha qalası oluram. Çarəsizlikdən Tarzan kimi qıy çəkirəm. Səsimə özüm ayılıram. Nə axmaq yuxu idi... Yaxşı ki, yuxu idi... Həmən yadıma Pompeylə bağlı uşaqlıqda oxuduğum, ancaq unuda bilmədiyim bir səhnə düşür.

Səhərdən-axşamacan turistlərin qaynaşdığı Pompey, axşam olunca sahibsiz qalırmış. Hamı - hətta suvenir satanlar da oranı tərk edirmiş. Viranə şəhər səhərə qədər tək-tənha, elə viranə halında gecələyirmiş... Lap mənim yuxumdakı kimi... Səhər durub işə yollanıram. Yuxunun təsiri canımdan çıxmayıb. Cib telefonuma zəng gəlir. Nə yaxşı, çantam əlimdədir! Akvariumdan sonra həmişə şikayətçi olduğum 125 saylı avtobus mənə cənnət görünür.

Telefonu cavablayıram. Tarix, Mədəni və Təbii İrsi Qoruma Komitəsindəndir. Qız Qalasının qonşuluğundakı binanı artıq buldozerlə sökürlər! Damından başladılar, bacarmadılar. Bina sal qaya daşları ilə tikilibmiş... İndi də buldozerlə?

Təpəmdən tüstü çıxır... Bir azdan o tüstü-duman binanın üstündən çıxacaq.

Saytımızdakı videoya, binanın çöküş anındakı halına baxın!

Nə qəribə təsadüf? Yuxum çin olur, nədir?

Allah qorusun!..
XS
SM
MD
LG