Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:25

Ərdoğan Moskvada Qarabağ nizamlanmasının şərtini deyib


Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Moskvada mətbuat konfransında, 13 yanvar 2010
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Moskvada mətbuat konfransında, 13 yanvar 2010
Rusiyada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident Medvedev və həmkarı Putinlə energetika sahəsində əlaqələri genişləndirməyi müzakirə edib. Ərdoğan əsas mövzularından birinin də Qarabağ münaqişəsi olduğunu bildirib.

«RUSİYA QARABAĞ NİZAMLANMASINDA DAHA FƏAL OLMALIDIR»

«Rusiya Qarabağ münaqişəsinin həllində daha fəal ola, əsas rol oynaya bilər».

Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Moskva Dövlət Universitetinin Xarici Əlaqələr İnstitutunda təşkil edilən «Türkiyənin xarici siyasəti» adlı konfransda çıxışında deyib.

Ərdoğan bildirib ki, Türkiyə qonşuları ilə, o cümlədən də Ermənistanla normal münasibətlərin qurulmasına çalışır. Bunun üçün Sürixdə protokollar da imzalanıb. Amma Azərbaycan torpaqlarının işğalına son qoyulması və davamlı sülhün əldə edilməsi də son dərəcədə önəmlidir:

«Bu məsələdə xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ABŞ, Fransa və Rusiya öz üzərilərinə düşən işi görməlidirlər».

Ərdoğan bildirib ki, Moskvada dövlət rəhbərləri ilə görüşünün əsas mövzularından biri də Qarabağ probleminin həlli məsələsidir. Türkiyənin baş naziri vurğulayıb ki, bu problem BMT Təhlükəsizlik Şurasının Qərarlarının icrası ilə, işğala son qoyulması yolu ilə həll edilməlidir. Ərdoğan qeyd edib ki, Qarabağ münaqişəsinin həlli Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmasına da təsir edə bilər.

PUTİN DƏ QARABAĞI ERMƏNİSTAN-TÜRKİYƏ NORMALLAŞMASINDAN AYIRIR
Hər iki ölkənin baş naziri iki saat yarım çəkən görüşdən sonra birgə mətbuat konfransı keçirib. Türkiyəli jurnalistin Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinə Qarabağ münaqişəsinin təsiri mövzusunda sualına cavabında Vladimir Putin bunların bir-birinə bağlı olmayan məsələlər olduğunu deyib.

"Mən onların bir paket halında bir-birinə bağlanmasını düzgün hesab etmirəm. Hər biri həlli çox çətin olan problemdir. Onları bir yerdə həll etməyə cəhd etsək, avtomatik olaraq, ümumi həll prosesini çox uzaq perspektivə uzatmış olarıq. Ona görə də mən hesab edirəm ki, bu problemləri bir paketdə cəmləmək taktiki və strateji cəhətdən məqsədəuyğun olmazdı"- deyə Vladimir Putin bildirib.

Rusiyanın baş naziri bir daha qeyd edib ki, Moskva hər iki problemin həllinə mümkün olan bütün köməyini göstərəcək: " Bununla belə, sözsüz ki, bu problemin həlli bir halda, Ermənistanla Azərbaycandan, o biri halda da Ermənistanla Türkiyənin özündən asılıdır. Biz öz tərəfdaşlarımızın mövqeyinə həmişə hörmətlə yanaşmışıq, yenə də hörmətlə yanaşacağıq. Bu məsələdə Rusiyanın rolu həmin çətin problemlərin həllinə yönəlmiş bütün müsbət addımları müdafiə etməkdən ibarətdir".

RUSİYANIN TÜRKİYƏ İLƏ TİCARƏTİ ABŞ VƏ BRİTANİYA İLƏ TİCARƏTİNDƏN DAHA ÇOXDUR

Rəcəb Tayyib Ərdoğan bu gün Moskvada əvvəlcə Rusiyanın prezidenti Dmitri Medvedev, onun ardınca da həmkarı Vladimir Putinlə görüşüb.

Moskva ətrafında iqamətgahında keçirilən görüşdə Medvedev deyib Türkiyə ilə əlaqələr təkcə enerji sahəsində əməkdaşlıqla məhdud deyil. Moskva ilə Ankaranın regiondakı bəzi qarışıq problemlərə baxışı da eynidir. Medvedev bildirib ki, son bir ildə beynəlxalq böhrana görə iqtisadi əlaqələrdə bir qədər zəifləmə olsa da Türkiyə hələ də Rusiyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır:

Dmitri Medvedev və Rəcəb Tayyib Ərdoğan, 13 yanvar 2010
«İqtisadi əlaqələrin həcmində bir qədər azalma olsa da bu sahədə vəziyyət hələ də kifayət normaldır və qarşıdakı illərə olduqca iddialı layihələrimiz var. Energetika və başqa sahələrdə böyük layihələrimiz həyata keçirilir».

Rusiyanın baş naziri və dostu adlandırdığı Vladimir Putinlə görüşdə Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya ilə illik iqtisadi əlaqələrin həcmini qarşıdakı beş ildə 100 milyard dollara çatdırmaq kimi bir planları var. Onun verdiyi məlumata görə hazırda Rusiya ilə əlaqələr enerji əməkdaşlığından başqa, hərbi, siyasi, mədəni sahələri də geniş əhatə edir.

Vladimir Putin də bildirib ki, Rusiya ilə Türkiyə arasında illik iqtisadi əlaqələrin həcmi 35 milyard dollara yaxındır. Amma keçən il beynəlxalq maliyyə böhranına görə bu rəqəmdə 40 faizə qədər enmə olub.

Vladimir Putinin dediyinə görə enmə olsa da Rusiyanın Türkiyə ilə ticarəti hələ də ABŞ və Britaniya ilə ticarətin həcmindən çoxdur. O, qeyd edib ki, hər iki ölkə vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişinə dair Türkiyədən təklif verilib. Bunun üçün hökumətlərarası sənədin imzalanmasına hazırlıq başlayıb, yəqin ki, onun imzalanmasına o qədər də çox vaxt lazım olmayacaq.

ƏRDOĞAN MOSKVANI DA «NABUCCO»YA RAZI SALMAĞA ÇALIŞIR


Bunlar Türkiyə baş nazirinin Moskvaya ikigünlük səfəri haqqında verilən rəsmi məlumatlardır. Amma Rusiya və Türkiyənin mediasında görüşlərdə müzakirə edildiyini deyilən bəzi başqa mövzulardan da söhbət açılır.

TRT televiziyasının məlumatına görə, müzakirə mövzularından biri də Türkiyənin qaza görə Rusiyaya yaranan bir milyard dollarlıq borcu ilə bağlı şərtlərin yumşaldılması da var. Bu borc Türkiyənin 2009-cu ildə Rusiyadan almağa öhdəlik götürdüyü, amma ala bilmədiyi qaza görə yaranıb.

Rusiya mətbuatı isə yazır ki, tərəflər Rusiyanın Türkiyədə atom elektrik stansiyasının, Türkiyənin Samsun və Ceyhan limanlarını birləşdirəcək yeni neft kəmərinin, Rusiyadan Türkiyəyə qaz nəql edən «Mavi axın» kəmərinin ikinci qolunun, həmçinin də Rusiyanın Avropaya qaz göndərmək üçün nəzərdə tutduğu «Cənub axını» qaz kəmərinin tikintisində də razılaşmalar əldə ediblər.

2013-cü ilin əvvəlinə nəzərdə tutulan «Cənub axını» həm də Avropanın Rusiya qazından asılılığını azaltmaq məqsədi ilə çəkmək istədiyi «Nabucco» qaz kəmərinə rəqib hesab edilir. TRT-nin məlumatına görə Türkiyə hətta, Rusiyaya da «Nabucco» kəmərinə qoşulmağı təklif edir. Amma bu istiqamətdə müzakirələr haqqında ətraflı məlumat yoxdur.
XS
SM
MD
LG