Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:45

«Prezident Bənənyar hadisələrinə görə Vasif Talıbova təşəkkür etdi»


İlham Əliyevin Naxçıvana səfəri, oktyabr 2005

«ORDEN ALAN GƏLİB BU CAMAATA YİYƏ DURAYDI...»


«Kişi-qadın deməyib camaatı sürüdülər. İndi də küçəyə çıxmağa qorxuruq ki, polis bizi gəlib həbs eləyər. Vasif Talıbova isə «Şöhrət» ordeni verirlər. Orden alan gəlib bu camaata yiyə duraydı...»

Bunu Bənənyar kəndinin adını çəkilməsini istəməyən sakini deyir. Adının çəkilməsini istəməyən başqa bir kənd sakini isə deyir ki, o Vasif Talıbovu ad gününə görə təbrik edir, inanmır ki, onun bu kənddə baş verənlərdən xəbəri var:

«Ona yanlış məlumat veriblər».

«PREZİDENT «ŞÖHRƏT» ORDENİNİ VASİF TALIBOVA BƏNƏNYAR HADİSƏLƏRİNƏ GÖRƏ VERDİ»

«Prezident «Şöhrət» ordenini Vasif Talıbova Bənənyar hadisələrinə görə verdi. Bununla ona təşəkkür elədi. Ona başqa hansı əməlinə görə orden vermək olar ki?».

Bunu isə Bakı sakini Teyyub Əliyev deyir. O fikirləşir ki, prezident İlham Əliyev Vasif Talıbova camaatı qorxu altında saxladığına görə orden verib.

«VASİF TALIBOV BU ORDENƏ LAYİQDİR»

İlham Əliyevin Vasif Talıbova «Şöhrət» ordeni verməsiylə bağlı sərəncamda isə deyilir ki, o bu ordenə qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasındakı xidmətlərinə görə layiq görülür.

Millət vəkili Fəzail Ağamalı deyir ki, Vasif Talıbov bu ordenə layiqdir:

«Naxçıvanda işlər yüksək səviyyədədir. Müasir yollar çəkilir, məktəblər yenidən tikilir. Naxçıvan özünün yüksək inkişaf səviyyəsini yaşayır. Vasif Talıbovu təbrik edirəm».

«PREZİDENT TALIBOVUN QANUNSUZ ƏMƏLLƏRİNİ DƏSTƏKLƏDİYİNİ NÜMAYİŞ ETDİRDİ»

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı isə deyir ki, prezident Vasif Talıbova «Şöhrət» ordeni verməklə onun qanunsuz əməllərini dəstəklədiyini nümayiş etdirdi:

Fuad Qəhrəmanlı
«Bu, əslində zorakılığın, xalqa qarşı təzyiqlərin, korrupsiyanın, stimullaşdırılmasıdır. Xalqa qarşı zor işlədənlər məsuliyyətə cəlb olunmalı vaxtda İlham Əliyev Vasif Talıbovu mükafatlandırdı. Bununla da İlham Əliyev digər məmurlara da onları necə görmək istədiyini çatdırmaq istədi. Bu da çox təhlükəli tendensiyadır».

«400 MİN ƏHALİDƏN YARISI BURDA YOXDUR»

AXCP-nin Naxçıvan təşkilatının sədri Asəf Quliyev isə deyir ki, Naxçıvanda iqtisadi inkişafdan söhbət gedə bilməz. Hansısa binaların üzlüklərinin yenilənməsi iqtisadi inkişaf deyil:

«400 min əhalidən yarısı burda yoxdur. Camaatın çoxu Türkiyədə, Ukraynada, Rusiyada işləyir, Bakıya köç edir. İşsizliyə görə əhali yarıbayarı azalıb. İqtisadi inkişaf olsaydı, Naxçıvanda qalıb işəyərdi. Rəsmi 80 min əhalisi olan şəhərdə küçədə adam tapılmır. Söz azadlığına gəldikdə isə, Naxçıvanda söz azadlığı var soruşsan, deyərlər zarafat edirsən? Son hadisələr də bunu göstərdi ki, Naxçıvanda söz azadlığı deyilən şey yoxdur».

«ONA ORDEN DÜŞMÜR»

Prezidentin Vasif Talıbova «Şöhrət» ordeni verməsinə isə bir qrup Bakı sakininin münasibəti belədir:

- Naxçıvanı tanımaq olmur. Mən Naxçıvanı neçə il bundan əvvəl görmüşdüm. Oralar indi çox dəyişib, gözəlləşib.

- Prezident layiq bilibsə, demək layiqdir.

- Yox, ona orden düşmür. Naxçıvan camaatının çoxu burdan köçüb. Adama sual verərlər ki, əgər yerində dolanışığın yaxşıdırsa, burda nə işin var?

- Məncə, o adama orden düşmür. Naxçıvandakı o infrastruktur Naxçıvanın öz puluyla yaradılmayıb.

«QOHUM-ƏQRƏBADIRLAR DƏ…»

- Əgər bizdə demokratiya olsaydı, başqa cür cavab verərdim. Demokratiya olmadığına görə bu suala cavab verməkdən çəkinirəm.

- Qohum-əqrəbadırlar də. Bir-birinə ordendən-zaddan verirlər.

- Yerlibazlığa görədir. Həm də qohumdurlar, verməlidirlər.

- Prezident verib. Necə deyərlər, bu dəqiqə prezidentin alternativi yoxdur. Özü bilən məsləhətdir.

- Vasif Talıbov Naxçıvanın xanıdır. Orada güclü diktatura var. Prezident də ona görə ona medal verib.
XS
SM
MD
LG