Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:34

"Fəxri doktorluğu Bakıda qoyub gəldim"



"MƏNDƏN DOKTOR-MOKTOR OLARMI? MƏNİM İŞİM TABLO ÇƏKMƏKDİR"


Mənim gözümdəki obrazı “Buz baltası”dır.

89 yaşındadır - ancaq 25 yaşındakı dinamizmindən heç nə əksilməyib.

Hər qarşılaşanda şən-şaqraq səsi Nazim Hikmətin Mikayıl Rəfilinin ölümünə həsr etdiyi şeirdən “Eski şarap fıçısı gibi neş”eli hazret” misralarını yenə və yenidən xatirimdə canlandırır.

Və hər dəfə mənim sualımı gözləmədən özü Nazim Hikmətlə bağlı nəsə danışmağa başlayır.

2006-cı ilin yayında zəng edəndə ənənəsinə uyğun olaraq soyadımla çağıraraq davam etdi:

“Nahit Kabakçı Bakıya dəvət etmişdi.

Orada bir sənət qurumu mənə “Fəxri doktor” adı verdi.

Məndən doktor-moktor olarmı? Mənim işim tablo çəkməkdir.

Fəxri adımı Bakıda qoyub gəldim”

“Azadlıq” radiosuna reportaj yapmaq üçün o vaxt görüşəcəkdik - mənim işdən çıxarılmağım reportajın yapılmasını əngəlləsə də, dostluğumuz daha da gücləndi.

Daha sonra məni qışın qarında evinə dəvət edəcək, Elmira Zamanovanın 1970-ci ildə Moskvanın “İskusstvo” jurnalında onun haqqında yazdığı məqaləni Türkcəyə cevirməyimi xahiş edəcəkdi.

Məqalədə Yaşar Kemalın da adını görəndə özünəməxsus diksiyası ilə bir neçə arqonu Yaşar Kemala hədiyyə göndərsə də, ürəyi sakitləşməmiş və gənclik arkadaşının adının məqalədən çıxarılmasını istəmişdi.

Səbəbini soruşanda belə demişdi:

”Gedib Nazim Hikmətə deyirdi ki, Balabanı çox sevirəm.

Ancaq daima aramızı vurmağa çalışırdı”.

“Siz Əlizadəsiniz; biz də Balabanzadə olmuşuq - sonradan “zadə”lər atıldı.

Söhbətin tanınmış Türk rəssamı İbrahim Balabandan getdiyini sənətə azacıq maraq göstərənlərin anladığına şübhə yoxdur.

İBRAHİM BALABAN KİMDİR?

İbrahim Balaban "Doğum"

Bəli, Nazim Hikmətlə 7 il Bursa həbsxanasında yatan, şəkil çəkməyi Nazimdən öyrənən, “atam” dediyi Nazim barəsində “Şair baba və damdakılar”, “Nazim Hikmətlə 7 il” və s. kitabları yazan İbrahim Balabandan söhbət gedir.

2006-cı ildə Bakıda verilən “Fəxri doktor”- adını “Mənim işim şəkil çəkməkdir”- səbəbiylə Bakıda qoyub gələn Balaban.

Nazim Hikmətin iki Türk rəssamı üzərində həm böyük təsiri olub, həm də onların dünyada populyarlaşmasında önəmli rolu.

Bu rəssamlardan biri Abidin Dinodur - 1993-cü ildə 80 yaşında Parisdə öldü.

O biri isə İbrahim Balaban.

- Nazim 1950-də həbsxanadan çıxandan sonra İstanbula gəldi.

Həbsxanada mənə demişdi ki, bunlar barədə elə şeirlər yazacağam ki, balıq tavada necə yanırsa, bunlar da o cür yanacaq.

- Yazdı - Menderesə elə ağır sözlər yazıb ki? Moskvaya birgə gedəkmi? Məzarını ziyarət edərsiniz.

- Qəlbim tab gətirməz.

- Andrey Voznesenski “1968-in buzu” poemasında yazır ki, ölümündən əvvəlki dekabr ayında Nazimlə Moskvada bir ziyafətdən çıxdıq.

Paltosu olmadığına görə, iki qəzeti pencəyinin altına qoyub yaxasını düymələdi ki, soyuq olmasın.

Bunun rəsmini çəkə bilərsinizmi? (Nazimin Abidin Dinoya yazdığı “Sən xoşbəxtliyin rəsmini çəkə bilərsənmi, Abidin?”- misrasına işarə etdiyimi bilir).

- Susur. Bu sualı ona dəfələrlə versəm də, hər dəfə susaraq cavablandırıb.

"DÖVLƏTDƏN NƏ GÖZLƏYƏCƏM? MƏN ÖZÜM HƏMİŞƏ DÖVLƏTƏ MADDİ DƏSTƏK VERMİŞƏM".

Azərbaycanla münasibətləri 1967-dən başlayıb (təbii ki, burada da Nazimin rolu olub).

“Anarın atası ilə o vaxt görüşmüşdüm.Yazarlar heyəti ilə İstanbula gələndə.Daha sonra Anarla yaxın dost olduq (məni Balabanla tanış etdiyinə görə, hörmətli Anara təşəkkür borcumu burada verirəm).1996-da onun dəvəti ilə Bakıya getdik.

Yahu, Azərbaycanlı qardaşlarımızın dili nə qədər şirindir-“diplom”a “sənət” deyirlər (“sənət” Türkiyədə topdan və möhlətli alverdə istifadə edilən ödəmə kağızına deyilir).

Küçədə gedəndə məni tanıyanlar olur, saxlayıb deyirdilər ki, siz rəssam İbrahim Balabansınız - elə deyilmi? Prezidentlə görüşmüşdüm. Ancaq məni ən çox məmnun edən və heç vaxt unutmayacağım şey - Bakıda insanların məni küçədə tanımaları və yanımdan keçəndən sonra dönüb baxmaları idi. Yaradıcı adam üçün bundan dəyərli heç nə ola bilməz”.

Bu yaşda hər gün nizam-intizamla işləyir, hər il yeni sərgilər açır, tablolarının qiyməti getdikcə bahalaşır, kitab yazır.

Sənətkar ömrü bundan ibarət deyilmi?

“Dövlətdən bir şey gözləyirsinizmi?”

“Dövlətdən nə gözləyəcəm - mən özüm həmişə dövlətə maddi dəstək vermişəm. Tablolarımı satıblar, pulu onlara qalıb”.

Əgər bir ölkədə yaşı səksənə gəlmiş rəssam prezident təqaüdünə ehtiyac hiss edirsə, orada bir çox şeyin normal olmadığını deməkdən başqa çarə qalmır.

Sənətkara prezident təqaüdü lazım deyil - tablolarının satılması üçün yaradılan iqtisadi şərait sənətkar üçün ən böyük təqaüddür.

İbrahim Balaban ildə, heç olmasa, 300 min dollar qazanır - inanmırsınız, illərdən bəri sərgi açdığı qalareyadan, auksion evlərindən və kolleksiyaçılardan soruşun.

Sən ildə nə qədər alırsan, prezident təqaüdçüsü?

XS
SM
MD
LG