Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:39

AŞPA-da Azərbaycanda medianın vəziyyəti ilə bağlı mübahisə...


Yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasında Avropa Şurasının üzvü olan ölkələrdə medianın vəziyyəti müzakirə edilib. Bununla bağlı şuranın hesabatını Endryu Makintoş hazırlayıb.

Hesabatda Avropada medianın vəziyyətinin piləşdiyi deyilir. Bildirilir ki, axır illərdə Avropa ölkələrində azı 20 jurnalist öldürülüb, jurnalist qətlə yetirilən ölkələr arasında Azərbaycanın da adı çəkilir.

Bundan başqa hesabatda Azərbaycan, Ukrayna. Ermənistan. Rusiya kimi ölkələrdə seçkilərin birtərəfli işıqlandırılmasının müşahidə edildiyi bildirilir.

Hesabatla bağlı assambleyada çıxış edərkən Azərbaycan üzrə məruzəçi Andres Herkel Avropa ölkələrində jurnalistlərin təkcə öldürülmədiyini, həm də fiziki təzyiqlərə məruz qaldığını, böhtanla üzləşdiyini, onlarda daxili senzura yarandığını deyib.

Cənab Herkel bir cümləylə Azərbaycanda da medianın vəziyyətindən narahatlığını bildirib.

“BİZİ AZƏRBAYCANLA BİR CƏRGƏYƏ QOYMAYIN”

Ermənistanı təmsil edən deputat xanım Zurabyan isə hesabatda onun ölkəsinin adının media azadlığının vəziyyəti baxımından Azərbaycanla yanaşı çəkilməsinə etiraz edib.

Səməd Seyidov
O bildirib ki, problemlərə baxmayaraq Ermənistanda media ictimai rəyə təsir gücünə malikdir.
“İlham Əliyevin hakimiyyəti dövründə isə 1 jurnalist öldürülüb, onlarla jurnalist döyülüb. həbs edilib, çoxlu sayda jurnalistə qarşı ittihamlar irəli sütrülüb”.

Amma dərhal britaniyalı deputatlardan biri xanım Zurabyana irad tutub ki, bir neçə gün əvvəl Ermənistanda jurnalistin 7 il müddətinə azadlıqdan məhrum edilməsindən danışmayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə öz çıxışında hesabatda Azərbaycanla bağlı tənqidlərlə razılaşmadığını deyib.

“AZƏRBAYCANDA MEDİA TAMAMİLƏ AZADDIR”

“Bura Azərbaycanla bağlı çoxlu informasiyalar daxil olur. Onların çoxu həqəqətə uyğun deyil. Məsələn elə burda Ermənistan nümayəndəsi öz ölkəsinin media ilə bağlı problemləri qala-qala Azərbaycandan danışır. Bu. yolverilməzdir.

S.Seyidov deyib ki, Azərbaycanda tamamilə azad media mövcuddur, sadəcə azad olmayan jurnalistlər var, bir çox jurnalistlər müxalifətlə bağlıdırlar və öz fəaliyyətlərində birtərəflidirlər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, Azərbaycanda media üçün gözəl şərait var, İnternet qiymətləri aşağı salınıb, ölkəni əhatə edən 7 televiziya və 3 mindən çox mətbu orqanı var.

“BUNU DAYANDIRMAQ LAZIMDIR”

Müzakirələrdə iştirak edən ATƏT-in media üzrə nümayəndəsi Mikloş Haraşti S.Seyidovun “Azərbaycanda tamamilə azad medianın olması” ilə bağlı fikrini qəbul etməyib.

Mikloş Haraşti
O, iki tanınmış müxalifyönlü, amma eyni zamanda hökumətdən asılı olmayan, müstəqil redaktorun həbsdə olduğunu deyib. “Onlardan birini xuliqanlıq ittihamı ilə tutublar. Digəri isə vergidən yayınma, terrorzmə çağırış kimi ittihamlarla həbs edilib. Bu yaxında isə guya onun kamerasından 0,2 qram heroin tapılıb. Hüquq mühafizə orqanları jurnalistləri qeyri-jurnalistika ittihamları ilə tutmağı dayandırmalıdırlar”.

AŞPA-nın YENİ PREZİDENTİNDƏN EYHAMLI JEST

Haraştiyə bütün ölkələrlə bağlı çıxışlara münasibət bildirmək üçün 2 dəqiqə vaxt verilib. Amma 2 dəqiqə keçsə də, çıxışların bitdiyini xatırladan zəngin səsi eşidilməyib.

AŞPA-nın yeni prezidenti, Türkiyədən olan Mövlud Çavuşoğlu deyib ki, cənab Haraşti reqlamentdə nəzərdə tutulandan 3-4 dəfə çox danışıb. “Amma mən sizi dayandıra bilməzdim. Çünki siz bizim qonşu ölkədən danışırdınız”.

Onu da qeyd edək ki, mart ayında ATƏT-in media üzrə nümayəndəsi kimi Haraştinin 6 illik səlahiyyət müddəti bitir və o həmin vəzifəni tərk edəcək.

Hesabatı hazırlayan E.Makintoş bildirib ki, onlar yeni təkliflər irəli sürüblər.

Bu da üzv ölkələrdə jurnalistlərə təzyiqlərlə bağlı məlumatları mütəmadi toplamaq və onları İnternetə yerləşdirmək, bu barədə şura üzvü olan bütün dövlətlərin assambleyadakı nümayəndələrinə daim məlumat verməkdən ibarətdir.

Hesabat müəllifi hesab edir ki, bu yolla media nümayəndələrinin hüquqları pozulan ölkələrin hakimiyyətlərini ictimaiyyətin təzyqi ilə üz-üzə qoymaq mümkün olacaq.

Müzakirələrdən sonra AŞPA hesabatı qəbul edib.
XS
SM
MD
LG