Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 03:35

İranda 11 gün qayıdış bayramı keçirilir


Hökumət ölkədə 11 günlük bayram tədbirləri elan edib
Hökumət ölkədə 11 günlük bayram tədbirləri elan edib
İranda bu ölkənin ilk ali dini rəhbəri olmuş Ayətullah Ruhullah Xomeyninin Fransadan qayıdışının 31-ci ildönümünü təntənə ilə qeyd edirlər. Hökumət ölkədə 11 günlük bayram tədbirləri elan edib. Fevralın 11-də hökumət tərəfdarları böyük mitinqlə İslam İnqilabının ildönümünü qeyd edəcəklər.

1979-cu il fevralın 1-də Ayətullah Xomeyni 14 illik mühacirətdən sonra Parisdən Tehrana dönmüş, bundan 10 gün sonra – fevralın 11-də isə ABŞ-ın himayəsində olan Şah hökumətinin əvəzinə öz hökumətini formalaşdırmışdı. Tehrana dönərkən tərəfdarları qarşısında çıxışında Xomeyni tərəfdarlarına mənəviyyat söz verirdi:

«Biz təkcə maddi rifahınızı deyil, əsasən mənəvi həyatınızı yüksəltmək istəyirik. Xaricilər sizin mənəvi mühitinizi pozublar. Hər şeydən vacibi ruhi həyatdır, mənəviyyatdır. Gəlib sizə sadəcə pulsuz çörək, pulsuz su verəcəyimizi gözləməyin, hər şeydən vacibi mənəviyyatdır».

İran, fevral 1979
Təhlilçilərin çoxu hesab edir ki, hazırda İran son 31 ildə görmədiyi bir siyasi böhran yaşayır. Keçən ilin iyun ayında keçirilən prezident seçkisində Mahmud Əhmədinejad yenidən ölkə başçısı elan edilsə də o, kütləvi etirazlarla üz-üzə qalıb. Elə inqilabın ildönümünə - fevralın 11-ə müxalifət də hakimiyyət əleyhinə mitinq təyin edib.

Dövlət televiziyası ilə yayılan müsahibəsində prezident Mahmud Əhmədinejad siyasi sabitlikdən danışsa da, müxalifətin həmin mitinqindən narahatlığını da gizlətməyib:

«Əminəm ki, böyük İran xalqı inqilabın ildönümü tədbirlərində qanqaralığı düşməməsi, insanlıq düşmənlərinin, zalımların sevinməməsi üçün əlindən gələni edəcək. Bu zalımlar sabah insanlıq qarşısında cavab verəcəklər».

İran, fevral 1979
Bu günlərdə həbsdə olan 16 müxalifət fəalı məhkəməyə çıxarılıb. Ötən Aşura – dekabrın 27-də müxalifətin mitinqi zamanı həbs olunan bu adamlardan beşini «moharebeh»-«Allahla müharibə» cəhdində ittiham edirlər. Qalanları isə ictimai qaydanı pozmaqda, milli təhlükəsizlik əleyhinə fəaliyyətdə suçlu bilirlər.

Həmin mitinqə polisin müdaxiləsi zamanı səkkiz adam ölmüş, yüzlərlə adam da yaralanmışdı. O zaman 450 adam da saxlanmışdı.

Prezident seçkisindən sonrakı etiraz aksiyalarında saxlanılan adamlardan daha ikisi də yanvarın 28-də «Allahla müharibə» ittihamı ilə məhkəməyə çıxarılıb.

Hazırda İran hakimiyyəti müxalifətin fevralın 11-ə təyin etdiyi mitinqin təşkilatçılarından olan adamların həbsinə başlayıb. Keçən həftəsonu hüquq-mühafizə orqanları xəbərdarlıq ediblər ki, mitinqlər zamanı çəkilən fotolar və videolar orada iştirak edənlərin daha asan tapılmasına imkan yaradır.
XS
SM
MD
LG