Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:26

Nəriman Əbdürrəhmanlı "Ağ bayraq" (HEKAYƏ) davamı


ƏVVƏLİ BURDA

...belə şeyə ümid bağlayıb ömrü yelə vermək ağılsızlıqdan başqa bir şey deyil, çünki nisyədən nağdı yaxşıdı, nağdı könlün istəyən, xəyalında qurduğun kimi olmasa da, realdı, əlçatar, ünyetərdi, kəm-kəsirlərinə göz yummaq, ya da çalışıb-çabalayıb düzəltmək olar, amma nisyə xəyalplov kimi bir şeydi,

çatasan-çatmayasan – bunu təkcə göydəki bilir, sən xəyalındakının çin olduğunu gözləyirsən, bir də görürsən, ömür keçdi, ya əlin boşa çıxdı, ya da eləsinə rast gəldin ki, bütün ömrün alt-üst oldu, onda gəl ölünü qoy, dirini ağla, başına-dizinə döy, hara çatasıdı, səsini heç fələk də eşitməz, ömrünün axırınacan dilindən ah-vay, ürəyindən dərd qurtarmaz,

bütün bunlardan canını qurtarmaqdan ötrü vaxtında tədbirli tərpənməyinin nəticəsiydi, bəhrəsini bol-bol görmüşdü, hərdən xəyalına taleyinin başqa cür ola biləcəyini də gətirmişdi: əgər ağlına yox, hissinə uyub o rayonlu gədənin yağlı dilinə, yar-yaraşığına uysaydı, halı nolardı – şübhəsiz, ala-babat toy eləyərdilər, sonra kirayələrdə ömür çürütməyə başlayardılar,

uşaqları doğulardı, ər-arvad əlləşə-əlləşə uşaqların bitib-tükənməyən qayğılarını çəkməkdən başlarını qaldırıb dünyaya baxa bilməzdilər,

nə restoran tanıyardılar, nə kurortlara, xarici turist səfərlərinə gedərdilər, nə ürəkləri istəyən kimi qonaqlıqlar düzəldib, yüksək təbəqənin adamlarıyla oturub-durardılar, heç uşaqları da düz-əməlli məktəblərdə oxumazdı, beləcə birtəhər başlarını girləyərdilər,

bir də baxardılar ki, ömür keçdi, yır-yığış eləmək vaxtıdı, onda dərk eləyəcəkdi ki, yar-yaraşığa, şirin dilə aldanıb, ömrünü puç eləyib, cavanlığının o geri qayıtmayan anlarını lazımınca yaşaya bilməyib, ikinci dəfə də dünyaya gəlməyəcək ki, o səhvi düzəltsin,

yəni şair deyən kimi, bu ömrü uduzub, uduzmağın tüstüsü də ta qəbir evinəcən başından çıxacaq, onda dəyəri – filanı olmayan hissin toruna düşdüyünə görə özünə lənətlər yağdıracaq – amma yox, belə olmadı, uzaqgörənlik elədi, ürəyinin yox, ağlının sözünə qulaq asdı,

ağlagəlməz bacarığı, tədbirliliyi hesbaına işləri elə qurdu ki, cənginə keçirmək istədiyi adam özü ona könüllü təslim oldu, yaşadığı bütün illəri onun diqtəsiylə oturub-durdu, taleyinə yazılanı sözsüz-söhbətsiz qəbul elədi – yaşaya – yaşaya bütünı bunları özü də heyrətlənirdi,

çünki bu yola ayaq qoyanda hər şeyin asan olmayacağını gözünün aııtna almışdı, seçdiyi adamın həm qəlbindəki, həm də mühitindəki mövqeləri ələ keçirmək üçün səbrlə, inadla, ardıcıl çarpışmalara girəcəyini zənn eləmişdi,

amma yox, onun qəlbindəki möqeləri toyacan, mühitindəki mövqeləri toydan sonra asanlıqla ələ keçirdi, nisbətən çətini ər dediyi adamı ata-anasınıın, qardaş-bacısının əlindən qoparmaq oldu, o binəvalar da hələm-hələm təslim olmaq istəmirdilər,

amma bənd-bərənin bağlandığını, qismətlərinə düşən itkiyə barışmaq lazım gəldiyini tamam-kamal anlayanda əllərini səssiz-səmirsiz çəkdilər, cızılan nüfuz dairəsinin hüdudlarını pozmağa ağıllarına belə gətirmədilər – dəvət olunanda gəlirdilər, məsləhətlərini çox ehtiyatla, yüz dəfə ölçüb-biçib verirdilər, heç məsləhətlərinə əməl olunmasını da təkid eləmirdilər,

öz yerlərini dəqiq bilirdilər, uşaqlar doğulandan sonra heç o məsləhətləri də dillərinə gətirmədilər, beləcə hər şey lap başlanğıcdan fikirləşdiyi, planlaşdırdığı kimi oldu, ər dediyi adamı son hüceyrəsinəcən fəth elədi, başına kəndir salıb arxasında gəzdirdi, o da buna həvəslə olmasa da, itaət göstərdi,

sözünün qabağına söz çıxarmadı, uzaqbaşı zəif-zəif müqavimət göstərdi, o kəsərsiz müqavimətini özünün kişilik borcu saydı, amma son məqamdə sözünün keçmədiyini görüb rahatlandı,

yenilgisini həyat deyilən şeyin təbii qanunu hesab elədi, öz sözünü yeritmək üçün söz davasına, yumruq döyüşünə qalxmaqdan, əsəblərini korlayıb ailəsini dağıtmaqdansa, hər şeyi onun ixtiyarına buraxmağı daha ağıllı iş saydı – lazım gəlsə, özünü təmizə çıxarmağın tutarlı dəlil-sübutu da varıdı: vəzifə adamıdı, həyatın xırdalıqlarıyla baş yormağa nə vaxtı ilə həvəsi var,

fikri-zikri ailəsinin maddi ehtiyacını ödəməkdi, daha doğrusu, arvadının elədikləri ilə onun da fikrindən keçənlərdi, amma buna amanı da, macalı da yoxdu, bu səbəbdən də belə şeyləri onun öhdəsinə buraxıb – amma ağıllı iş saydığını ən qədər baha başa gəldiyini bircə özü hiss eləyirdi,

illah da ailəsiylə bağlı vacib şeylərdə qəlbində illərlə gəzdirdiyi arzusunun arvadının hökmüylə gözündə qaldığını duyanda nə qədər sındığını, cılızlaşdığını, yazıqlaşdığını açıq-aşkar görürdü, çiyinləri daha da sallanırdı, üzündəki ifadə get-gedə döyülmüş it ifadəsinə daha çox oxşayırdı, üstəlik, gicgahlarındakı ağ tüklərin sayı sürətlə artırdı,

bununla belə, ağzını açıb bir kəlmə söz demirdi, çünki desə, hansı cavabları alacağını, hansı ittihamlarla üzləşəcəyini çox gözəl bilirdi. Buna görə də susurdu: özünü olub-keçənlərlə razı kimi göstərirdi,

uzaqbaşı gözlərini qaçırdıb yazıq-yazıq gülümsəyirdi, bu gülümsəməyinin çəkisini – sanbalını da özündən, bir də təbii ki, arvadından başqa kimsə bilmirdi, belə vaxtlarda da arvadı, özünü daha da dikəldirdi,

dibində hikkə, qətiyyət, qələbə cilvələnin gözlərini ər dediyinə sarı fırladırdı. Bu da hər şeyi yerli-yerinə qoymağa bəs eləyirdi, belə baxışlarsa təkcə onun yox, uşaqlarının, bir cüt qızının, bir oğlunun da taleiyni müəyyənləşdirdi.

Geyinib-keçinmələri, oxumaları, kiminlə ailə qurmaları, necə yaşamaları o baxışla həll olundu, elə o baxış sayəsində də iki nəvə sahibi oldu, bu gün-sabah üçüncüsü də dünyaya gələcəkdi – yəni aradan otuz iləcən vaxt ötmüşdü,

bu illərin necə ötüb-keçdiyinisə hiss eləməmişdilər, oturub ömür haqqında fikirlərini bölüşməyi də ağıllarına gətirməmişdilər, heç tək qaldıqları qaranlıq gecələr də onları bu cür xəyallara salmamışdı, çünki ər dediyinin duyğularını çox ustalıqla ram eləməyi bacaran, onu istədiyini bol-bol yox, misqal-misqal, həm də böyük minnətlə verən, bununla da öz borcunu ikitərəfli şirin zəfərə çevirən qadın romantik sərsəmləmələr, idillik düşüncələrdən ötrü zərrə qədər də əl yeri qoymurdu,

qurbanının azadlıq arzusu üzərində əlindəki baltanın tiyəsini hazır saxlayan cəllad kimi ər dediyinin içində anlaşılmaz xof yaradırdı, o binəva xofdan qurtarmağa can ata-ata daha da tikinləşdiyini anlayırdı, elə bu vaxt da iqtidarını əlindən alan baxışlarla rastlaşıb çıxılmaza düşdüyünü açıq-aşkar dərk eləyirdi,

ər dediyinin bu halını gözəl anlayan qadın da birgə həyatlarının lap başlanğıcından düzüb-qoşuqlarının yorulmadan, usanmadan, vəzifə borcu kimi, planla yerinə yetirirdi, həm də gördüyü işlərdən əməlli-başlı ləzzət alırdı – bunu onun təhər-töhüründən aydınca görmək olurdu: camaatın arasında, məclislərdə bir söz deyəndə gözü onun onun üzündə olurdu,

yəni nəbadə ağzından mənim dediyimlə düz gəlməyən bir söz çıxa, küçədə yeriyəndə qoluna girirdi – qoy görsünlər, sən məndən ayrı bir addım da ata bilməzsən, bir şey alanda fikrini soruşurdu – fikrini deyə bilərsən, amma son söz mənimdi; bütün bunlardan da elə bil cavanlaşırdı,

ər dediyinin gicgahlarındakı tüklərin sürətlə ağardığını ya görmürdü, ya da görmək istəmirdi, indisə qəfildən gözlərinin qabağında ərinin ağ bayraq kimi yellənən ağsaçlı başına baxa-baxa beynində keçirdi ki, daha qmür keçdi, olmuşlar olmayacq, istəsə də, istəməsə də bununla barışmalıdı…

2008
XS
SM
MD
LG