Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:28

Hamı satır... Alan yoxdur


Bu il daşınmaz əmlak bazarında mövcud vəziyyətdən çıxış və müsbət irəliləyişlərin baş verməsi üçün hər hansı gözlənti yoxdur.
Bu il daşınmaz əmlak bazarında mövcud vəziyyətdən çıxış və müsbət irəliləyişlərin baş verməsi üçün hər hansı gözlənti yoxdur.
«Kirayə ev axtarırıq, qalmışıq küçələrdə. Satdıq da bahadır, kirayə də bahadır. Maraqlanırıq, şəraitli kirayə evin aylığı 300-400 manatdır. Çox bahadır. İmkan yoxdur ki, bir ev kirayələyək, yığışaq içinə».

Rza Səfərov Xaçmazdan Bakıya iş axtarmağa gəlib. Deyir ki, iş axtarmaq qalıb bir kənara, 3 aydan artıqdır ki, ucuz ev kirayələmək üçün «Neftçilər» metrosu yaxınlığındakı ev bazarına gedib-gəlir. Ancaq təklif olunan iki otaqlı, normal şəraitli evlərin kirayə haqqı cibinə münasib olmadığından, hər dəfə ev bazarını əliboş tərk etməli olur.

«Neftçilər» metrosu yaxınlığındakı ev bazarına hər gün gələn dəllallar da bazardakı durğunluqdan şikayətlənirlər. Deyirlər, hamı Rza Səfərov kimi ucuz ev kirayələmək istəyir. Müştərinin təklif olunan evlərin kirayə haqqı ilə razılaşmaması dəllalları da çıxılmaz vəziyyətdə qoyub.
10 ildir ki, ev bazarında dəllallıqla məşğul olan Şəfiqə Həsənova deyir ki, əlindən başqa iş gəlsəydi, bircə saat da burda dayanmazdı:

«Ötən ilə baxanda bu il vəziyyət çox gərgindir. Dolanışıq yoxdur. Bura yığılan camaat acından ölür. Nə çörək pulu var, nə də işıqucu. Evlər çox baha, camaatda da pul yox. Satan çoxdur, alan yoxdur».

DƏLLALLAR MÜŞTƏRİ TUTA BİLMİRLƏR

Arif Səmədov 4 ildir ev bazarındadır. Onun sözlərinə görə, əvvəllər ayda 4-5 ev satan dəllal indi bir aya heç bircə müştəri də tuta bilmir:

«Ev almaq istəyən yoxdur. Belələri tək-tükdür. Hamı gəlir ki, satıram. Kimsə torpağını satır, kimsə evini satır. Üç otağı satır, gedir iki otaq alır. 8 sot torpağın 4 sotunu satlr, dörd sotunu saxlayır özünə».

Rza Səfərov
Arif Səmədov deyir ki, ötən illə müqayisədə kirayə evlərin də qiyməti 20-30 faiz aşağı düşüb. Bununla belə, alver getmir. Hazırda ev almaq istəyənlər nə qədər azdırsa, kirayə ev axtaranların sayı bundan qat-qat çoxdur. Ancaq onlar da ucuz qiymətə üstünlük verirlər:

«Qışdır, camaat rayonlardan gəlir iş axtarmağa, fikirləşir ki, bir isti künc tapım qalmağa».

YENİ TİKİLİLƏRƏ YAXIN DÜŞƏN YOXDUR

Arif Səmədov deyir ki, ev almaq üçün qara bazara ayaq basan tək-tük müştərilərin də ilk xahişi bu olur ki, yeni tikililərdən mənzil təklif edilməsin:

«Yeni tikililərdə ancaq dörd divardır, bir də çöl qapısı. Onu normal şəraitə salmaq üçün azı 20 min pul xərcləmək lazımdı».

Elə kirayə üçün də köhnə evlərə üstünlük verilir. Ev dəllalı Elçin Musayev:

«Təzə binalarda qaz olmadığına görə heç kim getmir ora».

- Məsələn, bu ərazidə mənzillər neçəyə kirayə verilir?

- 250 manata. Şəraiti olanı da var, olmayanı da var.
- Daha çox neçə otaqlı istəyirlər?
- 1, ya da 2 otaqlı. Ucuz olduğuna görə əsasən 1 otaqlı istəyirlər.
- 1 otaqlının kirayə qiyməti neçəyədir?
- 180-200 manatdır.

NƏ BANKA ETİBAR VAR, NƏ DƏ EV ALANA


Ev dəllalları deyir ki, ipoteka ilə ev almaq istəyənlər çoxdur, ancaq heç kəs evini bu yolla satmaq istəmir. Çünki satan nə banka, nə də tanımadığı alıcıya etibar edir:

Şəfiqə Həsənova
Ev bazarındakı durğunluq notariusları da qazancsız qoyub.

Şəfiqə Həsənova deyir:

«Gedin baxın, notariuslar oturub, ağzını göyə açıb. Hamısı yalvarır ki, bəs niyə gəlmirsiz. Müştəriylə notarius yanına gedəndə sevinirlər ki, almağa adam var».

İNDİ 1000-2000 MANATA EV KİRAYƏLƏYƏN YOXDUR


«Agent» MMC rieltor şirkətinin rəhbəri Akif Abbasov deyir ki, il yarım əvvəlki vaxtla müqayisədə alqı-satqıda qiymətlər 20-25 faiz düşüb. Buna baxmayaraq, əhalidə daşınmaz əmlak almağa pul yoxdur. Ona görə də, onlar əsasən kirayə işləri ilə məşğul olurlar:

«Kirayə sahəsində qiymətlər təxminən 10-20 faiz düşüb. Xüsusilə də bahalı evlərə tələbat azalıb».

Akif Abbasov deyir ki, indi 1000-2000 manata kirayə verilən mənzillərə yaxın duran yoxdur.

İPOTEKA KREDİTLƏRİNİ ARTIRMAQ LAZIMDIR

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı-direktoru Ramil Osmanlı isə alıcılıq qabiliyyətinin aşağı düşməsinin bir səbəbini dünyadakı böhranın ölkəyə təsirində görür. Ancaq o, bu məsələdə daxili amilləri də istisina etmir:

«Tələb kəskin şəkildə aşağı düşür, ancaq bunun müqabilində yeni binalarda yüzlərlə mənzillər tikilib təhvil verilir. Bütün bunlarsa nəticədə ümumilikdə dinamikanın azalmasına, qiymətlərin aşağı düşməsinə gətirib çıxarır».

Ramil Osmanlı deyir ki, bu il daşınmaz əmlak bazarında mövcud vəziyyətdən çıxış və müsbət irəliləyişlərin baş verməsi üçün hər hansı gözlənti yoxdur. Bu sahəyə ayrılacaq ipoteka kreditlərinin ötən ilə nisbətən təqribən 30 faiz aşağı olması isə vəziyyəti bir qədər də çətinləşdirəcək.
XS
SM
MD
LG