Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:45

Deputatlar Amerika Konqresinə müraciət göndərməyi təklif edirlər


Milli Məclisin fevralın 23-də keçirilən iclasında bir sıra millət vəkilləri Amerika Konqresinə müraciət ünvanlamağı təklif etdilər.

Yeni Azərbaycan Partiyasından deputat Mübariz Qurbanlı bildirdi ki, «martın 4-də Amerika Konqresi yenə də 1915-ci il qondarma erməni soyqırımını müzakirə etməyə hazırlaşır».

O hesab edir ki, əslində, bu, düzgün hərəkət deyil: «100 il əvvəl olmuş hadisəni müzakirə edirlər, Xocalı kimi ciddi hadisəni heç kim müzakirə etmir».

M.Qurbanlı parlamentə təklif etdi ki , hər il belə müzakirə olur, ona görə də bir müraciət hazırlayıb Amerika Konqresinə göndərsinlər. Deputatın fikrincə, lazım gələrsə Azərbaycan parlamenti Konqresdə müzakirələr aparmaq üçün nümayəndə qrupu da hazırlayıb ora göndərməlidir. Çünki Türkiyə ilə bağlı bu məsələ birbaşa Azərbaycanın da maraqlarına ziddir.

Türkiyə ilə Ermənistan arasında protokollarda rəsmi Ankaranın qətiyyətini xatırladan M. Qurbanlı bu işdə də Azərbaycan parlamentinin öz mövqeyini nümayiş etdirməsini zəruri saydı.

Deputatlar Məlahət Həsənova, Elman Məmmədov və digərləri də bu məsələ ilə bağlı M. Qurbanlı ilə həmfikir olduqlarını deyib, spiker Oqtay Əsədova belə bir müraciətin hazırlanmasını məqbul saydıqlarını bildirdilər.

Hələlik parlamentin bu müraciəti hazırlayıb-hazırlamayacağı bəlli deyil, çünki spiker məsələyə münasibət bildirməyib.

Parlamentin bundan əvvəlki iclaslarında vitse-spiker Ziyafət Əsgərov da ABŞ Konqresinin ünvanına sərt ittihamlar səsləndirmişdi.
XS
SM
MD
LG