Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:50

«Azərbaycan ət yeyən ölkədən ot yeyən ölkəyə çevrilib»


Pənah Hüseyn
«Bu gün Azərbaycan vətəndaşı orta hesabla 1985-ci illə müqayisədə 4 dəfə artıq kartof yeyir. Bu rəsmi statistikadır. Bu hökumətin siyasəti nəticəsində Azərbaycan ət yeyən ölkədən ot yeyən ölkəyə çevrilib».

Bu fikirləri parlamentdə hökumətin hesabatına münasibət bildirən deputat Pənah Hüseyn səsləndirib. O hesab edir ki, hökumət bu hesabatla istefaya getməlidir.

Azərbaycanın keçmiş baş naziri Pənah Hüseynin indiki baş nazir Artur Rəsizadənin məruzəsinə neyə belə reaksiya verməsi və fikrini necə əsaslandırması barədə az sonra danışacağıq. Amma əvvəlcə hesabat barədə.

Martın 16-da parlament 2009-cu il üçün hökumətin hesabatını dinlədi. Sənədi deputatların diqqətinə çatdıran Artur Rəsizadə dedi ki, keçən il hökumət prezidentin tapşırıqlarına əməl edərək ölkədə iqtisadi sabitliyin qorunmasına, qlobal maliyyə böhranının Azərbaycana təsirinin qarşısının alınmasına nail olub:

QƏTİYYƏTLİ VƏ SƏMƏRƏLİ TƏDBİRLƏR

«Hökumət makroiqtisadi sabitliyin qorunması, istehsalın səviyyəsinin saxlanması, pul kredit siyasətinin gücləndirilməsi, sosial problemlərin həlli, sahibkarların fəaliyyətinin stimullaşdırılması istiqamətlərində zəruri işlər görüb. Qətiyyətli və səmərəli tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını nümayiş etdirmiş, diversifikasiya əsasında qeyri-neft sektorunda iqtisadi artım əldə edilib».

Baş nazirin sözlərinə görə, beynəlxalq maliyyə qurumları Azərbaycanda həyata keçirilən antiböhran tədbirlərinin səmərəliliyini yüksək qiymətləndirib.
Bir sözlə, ölkədə enerji, sənaye, müdafiə, nəqliyyat və digər sahələrdə də artım müşahidə olunur. Ümumi daxili məhsul, əməkhaqqı və təqaüdlərdə, eləcə də ünvanlı sosial yardım alanların sayında və sair məsələlərdə də ki, hər il olduğu kimi keçən il də artım baş verib. Bunu Azərbaycanın baş naziri Artur Rəsizadə deyir.

ÇANTA SÖHBƏTİ

Deputat Qüdrət Həsənquliyev isə hesab edir ki, nə də olmasa dünyada gedən maliyyə böhranı Azərbaycana təsir edib. Bunu ən azı Nazirlər Kabinetinin parlamentə göndərdiyi hesabatın elə zahiri vəziyyətindən anlamaq olar. Belə ki, hər il bu hesabat deputatlara yaraşıqlı çantalarda paylanırdı, bu il isə açıq şəkildə, çantasız-filansız verilib.

Bu əlbəttə ki, deputat fikridir. O deputatın ki, sonda hesabatı qeyri-qənaətbəxş adlandırdı.

İndi də keçək yazının əvvəlində vəd etdiyimiz kimi Azərbaycanın keçmiş baş nazirinin hesabata münasibətinin mahiyyətinə.
Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyevdən fərqli olaraq Pənah Hüseyn fikrini daha çox rəqəmlərlə əsaslandırır:

RƏQƏMLİ SÖHBƏT

«2008-ci ildə ÜDM təxminən 40 milyard olub. 2009-cu ildə isə 34 milyard manat olub. Göstərilir ki, 9,3 milyard manat artım əldə olunub. İqtisadçılara bəllidir ki, bu rəqəm nəyin hesabına artırılıb. Məlumdur ki, keçən il 40, bu il isə 50 milyon ton neft, 1 milyarddan bir qədər artıq qaz istehsal olunub. Oyunu bu qiymətlərin hesablanmasının üzərində quraraq artım haqqında hesabat verilir. Xarici ticarət dövriyyəsi 54 milyard manatdan 24 milyarda qədər azalıb. Kənd təsərrüfatı sahəsində 3 vaizdən də çox artımdan danışılır. Statistik rəqəmlərdə də bu əsasən dənli bitkilərin hesabına olaraq göstərilir. Xüsusən də taxılın hesabına. Bir kartofdan başqa digər sahələrin əksəriyyətində azalma var. Halbuki, mətbuatda da dərc olunmuşdu ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalardan bəlli olmuşdu ki, taxıl əkinində şişirtmələr var və Baş Prokurorluq da bu barədə cinayət işi başlayıb».

Pənah Hüseyn deyir ki, dünya həqiqətən də böhran içərisindədir. Azərbaycan isə inkişaf etməkdə olan ölkədir. Müəyyən irəliləyişlərin olduğunu da heç kim inkar etmir. Ancaq bu saxtakarlıq, şişirdilmiş rəqəmlər kimə lazımdır, kimi alladır bununla hökumət?

Millət vəkilləri Bəxtiyar Əliyev, Hadı Rəcəbli və bəzi başqa deputatlarsa Pənah Hüseyndən və onunla həmfikir olan digərlərindən fərqli düşünürlər. Hesab edirlər ki, sənəd kifayət qədər əsaslı hazırlanıb.

Əlbəttə ki, bütün bunlar hesabata mənfi və ya müsbət münasibətlərin yalnız bir hissədir. Parlamentə Nazirlər Kabinetinin təqdim etdiyi sənədə rəsmi münasibət isə ondan ibarətdir ki, millət vəkilləri onu qəbul ediblər. Özü də nə az, nə çox, 100 səs lehinə, 8 səs əleyhinə olmaqla. Sənədə biganə qalan - yəni bitərəf olmayıb.

Hökumətin builki hesabatına münasibətin bir özəlliyi də odur ki, sənəd bir gündə müzakirə də edildi, qəbul da olundu.

HÖKUMƏT PREZİDENTİ ALDADIR

İqtisadçı ekspert Qubad İbadoğlu isə hesab edir ki, neçə günə və neçə səs lehinə qəbul edilməsinə baxmayaraq, hesabatda həqiqətən də şişirtmələr, saxta rəqəmlər yetərincədir. Özü də bu təsadüfən və ya naşılıqdan edilmir.
Qubad İbadoğlu
Hökumət bununla dövlət başçısını aldadır. Çünki nazirlər bilirlər ki, onların postlarında qalıb- qalmamasına ortada olan göstəricilərin təsiri az deyil:

«Məsələn, hökumətin hesabatında yazılır ki, guya Azərbaycan özünün yağa olan tələbatının təxminən 82 faizini, prezident isə deyir ki, 83 faizini ödəyir. Bunun absurd olduğunu sübut etmək üçün iqtisadçı olmaq da lazım deyil. Sadəcə, istənilən mağazaya girib orada olan yağların çeşidlərini və istehsal olunan ölkələri nəzərdən keçirmək kifayətdir ki, Azərbaycan bazarında hökmran mövqedə xaricdən gətirilən kərə yağlarının olduğunu anlayasan. Yəni bunlar hamısı ağ yalandır. O cümlədən makroiqtisadi sadə olan göstəricilər, məsələn, inflyasiya ilə, yoxsulluqla, işsizliklə, aqrar bazarda istehsalla bağlı göstəricilər. Bütün bunlar ekspertlərdə şübhə doğurur. Bizim apardığımız alternativ tədqiqatlar da hökumətin hesabatında qeyd olunanların əksini deyir».

Qubad İbadoğlu hesab edir ki, bu cür saxta hesabatlar üzərində qurulmuş siyasət son nəticədə ölkəni iqtisadi baxımdan tənəzzüllə üzbəüz qoya bilər. Bir vaxtlar SSRİ-də də belə hesabatlardan, şişirdilmiş iqtisadi göstəricilərdən istifadə edilirdi. Sonda məlum oldu ki, əslində, ümumi daxili məhsulun arxasında elan olunan qədər mövcud əmtəə və xidmət yoxdur. Həmin dövlətin aqibəti hamıya bəllidir.
XS
SM
MD
LG