Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:54

Şəhərə Tanrı gəlib, bilən yox...


Pərviz
Pərviz
...Paket çaydan zəndeyi-zəhləm gedir, həmişə istehsalat artıq-urtuğu kimi təsəvvür eləmişəm, di gəl iş yerində, özü də jurnalist işi kimi bir qaçaqovda ayrı çarən yöxdu, içməlisən, dəstgah açmağa macal hanı?

Məncə, Azərbaycan ədəbiyyatının vaxtilə əsl flaqmanı olmuş, indisə “boss” kreslosundan durmaq istəməyən yazarların çoxunun Sovetlər Birlyi dağılandan sonra oxuculara təklif elədikləri də bir qayda olaraq elə həmən paket çaydan olub, bəlkə də eyni çay paketindən rəng alan ikinci stəkan...

Pərvizin “Yad dildə” adlı yeni romanını birnəfəsə oxuyardım.

Amma 424 səhifəni “iki günə bölməli” oldum. “Su kimi başa çəkmək” də olmur, bəzi gənc yazarların vəzndə də, qiymətdə də yüngül, populist, əvvəl yazılanları lağa qoyma (satira yox a!), yetənə yetib yetməyənə daş atmaqla diqqət cəlb etmə “üslubunda” da deyil.

ALLAH HANSI DİLDƏ DANIŞIR,

yaxud Allahla hansı dildə ünsiyyət qurmaq, dua etmək lazımdır? Əlbəttə sual yersiz görünə bilər, amma normalda. “Yad dildə” romanında isə hadisələr normal mühitdə baş vermir.

“Yad dildə” romanında insanlarla Allah arasında ünsiyyətin alınmamasından, aradakı dərin uçurumdan bəhs edilir. Şəhərə Tanrı gəlib - bir əcnəbi turist qiyafəsində, çiynindən fotoaparat da asılıb.

Amma onun Allahlığını bilən, qonağın dilini anlamağı bacaran yox.

Onunla danışanlar da sonradan söhbəti xatırlamır, “onlara elə gəlir ki, söhbət anlaşılmaz olub, hərə öz dilində danışıb, Allahın danışdığı dili isə hamı “yad dil” kimi təsvir edir”.

...İçərişəhərin suyu kəsilib, suyu kəsən hərbi xuntadır, su kranlarının açılması uğrunda mübarizə aparan isə asilər. Bu zaman xunta başçısının ölməsi xəbəri də çıxır. Asilər ürəklənib mərkəzi meydanı tutmaq, indi dəbdə olan ifadə ilə desək “narıncı inqilab” etmək istəyirlər. Amma...

Kimi deyə bilər ki, bu 2003-cü ilin oktyabr hadisələrinin obrazıdır, kimi də dərhal kitabda yaxın keçmişin, müasir dövrün

SİYASƏT QƏHRƏMANLARINI TANIYA BİLƏR

Ola bilər ki, burada Pərvizin siyasi mövqeyi, baxışları da aydın görünsün.

Amma yazıçının məqsədi Azərbaycanın yeni tarixində bir neçə gün ərzində baş verənlərlə bağlı “bəyanat vermək” deyil. Roman bir neçə laylıdır. Burada Azərbaycan insanının “mentalitet sütunları” olan – türklük və müsəlmançılığın - tarixi kontekstdə təhlilinə cəhd var.

Allahın şəhərə girməsindən niyə heç kəsin xəbəri yoxdur? Yazıçı bunun bir neçə səbəbini göstərir.

Əvvəla ona görə ki, hərbi rejimin başında duran Polkovnik özünü Allah sayır, onun ikinci bir Tanrıya ehtiyacı yoxdur, hamının məhz onun özünə sitayiş etməsini istəyir.

“Məlumatlı mənbədən” şəhərə Allahın girməsini eşidən kimi isə onu tutmağı əmr edir, onun “hakimiyyət xalqa məxsusdur” kimi “zərərli fikirləri” şəhərdə yaymasına imkan verməməyə çalışır.

Xuntanın qoruyucuları üçünsə Allah anlayışı mənasızıdır.

İçərişəhərin qapısını qoruyan bir əsgərin gözünə “Xəzərin üstündə Günəşin yanındakı” bulud Allah kimi görünür, paqonlu yoldaşı tez mobil telefonunu çıxarıb kamerasını buluda tuşlayır ki, sonradan “Allahın videosunu yaxşı qiymətə satsın”.

Təsadüfi deyil ki, meydandakı toqquşma zamanı xunta dəstəkçiləri bu dəfə polis qiyafəsində - ayaq altda qalan uşaqları xilas etməyə çalışan

FOTOAPARATLI ŞƏXSİ DƏ VURUB ÖLDÜRÜRLƏR

Dindarlar – o adamlar ki Allaha “bir köynək” yaxındırlar – zahirən Yaradana inanclarını sübut edən bütün atributlara malikdirlər, ağızlarından “Allah” sözü əskik deyil, məscidə gedir, namaz qılırlar, Aşura mərasimində həttə şəbih tamaşası da göstərmək istəyirlər.

Amma əsərin “Kefli İsgəndəri” olan Beyrək (ona Seyid də deyirlər) dindarların əslində Tanrının həqiqətlərindən bixəbər olduqlarını isbatlamağa çalışır, deyir ki, siz əslində İmam Hüseyn şəhadətinin mahiyyətini, onun həqiqət və azadlıq uğrunda özünü fəda etdiyini anlamırsız.

Zəncir vurursuz, amma qoluzəncirli yaşayırsız. Yenə də təsadüfi deyil ki, dindar kütlə şəhəri gəzə-gəzə şəbih tamaşasında heç kəsin oynamağa razılaşmadığı “Yezid rolu”na adam axtarır, bunu xarici turistlərin içində çiynindən fotoaparat asılan birisinə təklif edirlər...

O ki qaldı adi insanlara, onlar üçün Allah yolunda qalmaq, İblisə uymamaq, yalan danışmamaq, yaltaqlıq etməmək, rüşvət almamaq, zülmə boyun əyməmək çox çətindir.

Pərvizin düşüncəsinə görə, bu, rejimin mahiyyətindən irəli gəlir, Qaragünəni “üzünə fahişə durğuzub” həbsə atırlar, Qarabudağı işgəncəylə “tora salırlar”, başqa birisi “balama çörək aparmalıyam” deyib əqidəsindən dönür, bir ayrısı hədiyyədən - uşaqlıqdan arzuladığı maşının açarlarından imtina edə bilmir.

Allahı tanıyan yoxdu, amma hamı “Allah kərimdir”, “hər şey yaxşı olacaq”, “Haqq nazilər, üzülməz” fəlsəfəsi ilə yaşayır. Halbuki insan öz xöşbəxtliyi üçün özü çalışmalıdır. Allah bir "fotoqraf"dı, olanları qeydə alır, məşhər günü üçün...

...Bilmirəm müəllif qəbul edər, yoxsa yox, mən “Yad dildə” əsərində

ORXAN PAMUKUN “QAR” ROMANININ AÇIQ-AYDIN TƏSİRLƏRİNİ

gördüm. Qarsda islamçıları provakasiyaya çəkib hərbi çevriliş etmək və onların tifaqını dağıtmaq qurğusu ilə Bakıda yalançı ölüm xəbəri əsasında qızışdırılıb küçələrə çıxan asilərin pərən-pərən salınması arasında aydın paralellər var.

Pamukun romanının da əsas ideyası odur ki, Türkiyə “Allahın olmadığı yer”dir, yəni insanlar Allaha kor-koranə inanır, mahiyyətə vara bilmirlər.

Biri kasıblıqdan dindar olur, o biri işgəncələrdən sonra onu ovudan, ümid verən ruhanilərin hücrəsində təsəlli tapır, başqa birisi müasir bilgilərdən bixəbərdir, savadı beş-üç dini kitabla məhdudlaşır...

Pamuka görə, odur ki, cəmiyyət haqq yoluna gələ, xoşbəxt ola bilmir.

Pərviz Pamukun təqlidçisi deyil, bəlkə bir məsləkdaşıdır. O Pamuk ki, nə qədər söyülsə də, getdikcə əsərləri daha çox satılır, təsirləri Türkiyəylə az, ya çox dərəcədə oxşar taleyi bölüşən ölkələrə yayılmaq üçün münbit zəmin tapır.

Mürşidsiz qalan gənc yazarlar, paket çayın ikinci stəkanını içməyə məcbur olan oxucular neyləməlidir ki...
XS
SM
MD
LG