Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:54

Əli Kərimli: «Bu yazı prezidenti çox həyacanlandırıb»


Əli Kərimli
Əli Kərimli
Bloqlarda Novruz bayramı davam edir. Bloqçuların bir qismi istirahət günlərindən istifadə edib deyəsən, əməlli-başlı istirahət etməkdədir. Bayram həftəsində fəallıq az olsa da, gündəliklərini tez-tez yeniləyən bloqçular da var. Bloqçular bu həftə nələrdən yazıb?

«VAŞİNQTON POST»UN SON YAZISI DÖVLƏT BAŞÇISINI ÇOX HƏYACANLANDIRIB»

Əli Kərimli bloqunda belə yazır:

«İlham Əliyev, hətta Novruz bayramı çıxışında da «bizim daxili işlərimizə qarışan» xarici dairələrdən xalqımıza şikayət edib. Xalqımıza da, xaricilərə də xeyli mesajlar göndərib...

…Azərbaycan hökuməti orta əsrlərə yaraşan repressiv siyasəti ilə ölkəmizi sivil dünyadan xeyli dərəcədə uzaqlaşdırıb. İndi iqtidarı xaricdən tənqid edənlərin sayı-hesabı yoxdur. Amma bu tənqidçilərin «məsləhət verənlərin» heç biri demir ki, Azərbaycan hansısa milli marağından vaz keçsin, əksinə onlar təklif edir ki, nəhayət hökumət öz vətəndaşlarına normal insan kimi yanaşsın.

İlham Əliyev dedi ki, bundan sonra da belə məsləhətləri eşitməyəcək. Çünki biz müstəqilik».

3 GÜN BAYRAM BƏSDİR

Elnur Məcidlinin son postlarından biri Novruz bayramının adətləri ilə bağlıdır. Bloqçu yumurta döyüşdürmək barədə bunları yazır:

«Hər il Novruz bayramında yumurta döyüşdürmək adətdəndir. AzadlıqRadiosunda yaxın zamana qədər təxminən belə bir anket keçirilirdi: Yumurta döyüşündə keçəl qalib gələcək yoxsa prezident? Nə fərq edər ki…Olan yumurtaya olur onsuz da. Xalq sadəcə ildə bir dəfə görür prezidentin keçəl və kosayla yumurta döyüşdürdüyünü. Prezident isə bəlkə hər gün keçəllərlə, kosalarla yumurta döyüşdürür…Hələ xoruz döyüşdürməni demirəm. Toyuğun gələcək balasını əlindən alırsan. Ərini də döyüşə yollayırsan. Toyuq qalır dul…Dul toyuğa edilən ən böyük yaxşılıq isə. Kəsilməsi olur…».

İsa Qəmbər isə yazır ki, «Millət, 3 gün bayram elədik, həvəsdi-bəsdi». Onun son postları Əliyevlərin Dubay mülklərinə həsr olunmuş müzakirələrdən video görüntülərdən ibarətdir.

DANIŞIN

Araz Önər bir müddət fasilədən sonra yenidən gündəliyində qeydlər aparmağa başlayıb. Bloqçu hesab edir ki, bəzi mətbuat orqanları özlərini xalqın yanında göstərsələr də, əsas anda həmişə «nala-mıxa» vururlar:

«Mən əminəm ki, «Yeni Müsavat»ın və bu sıradan olan digər media orqanlarının yazıları danışmağa başlasaydı, onlara inanan olmazdı. Azərbaycan elə bir ölkədir ki, orada heç nəyi gizlətmək mümkün deyil. Hər kəs kimin hara işlədiyini çox yaxşı bilir. Bunu yazıda gizlətmək olar, ancaq danışıqda əsla. İnsan yazanda hər şeyi bir az mətnaltı yaza bilər. Ancaq danışanda sən lazım olan əşyanın, insanın adını çəkə bilmirsənsə sənə inanmayacaqlar…

Yadınızdadırsa, Emin Milli və Adnan Hacızadə həbs olunanda «Yeni Müsavat» qəzetində manşet nə idi. Və ya bir neçə gün bundan əvvəl «Vaşinqton Post» qəzetinin kiçik Heydər Əliyevin Dubaydakı mülkləri haqqında yazdığı yazını guya Amerikanın İlham Əliyevə şantajı kimi dəyərləndirməsi nədir bəs? Bunu yazmaq olar təbii ki, ancaq tribunadan qışqıranda xalq üstündən tank kimi gəlib keçər, bunu biləsən. Keçməsə də təəccüblənmərəm».

«İŞİNİ DÜNYANIN SÖZÇÜSÜ VƏZİFƏSİ İLƏ SƏHV SALAN PREZİDENTİMİZ»

İlqar Məmmədov yazır ki, o, prezidentin sözlərinə, nöqtə-vergülünə, nəfəsinin səmimiliyinə qədər ona fikir verir:

«Bir neçə dəfə İlham Əliyevin Qarabağ məsələsində öz vəzifəsindən boyun qaçırmaq cəhdləri haqda yazmışdım. Nəhayət dünən o, öz çıxışlarının məzmununa tələb elədiyimiz düzəlişi sanki gətirdi: «Dağlıq Qarabağa Azərbaycandan kənarda statusun verilməsi qətiyyən qəbuledilməzdir. Bu bizim prinsipial mövqeyimizdir. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, Azərbaycan onu heç vaxt tanımayacaqdır. Bizim tanımadığımız qurum dünya tərəfindən də tanınmayacaqdır».

Amma yenə də, vəzifədən boyun qaçırmaq, gələcəkdə bəhanə tapmaq cəhdi bu ifadədə də aydın görünür. Axı nə vaxtdan bəri dünya öz sözçüsü vəzifəsini İlham Əliyevə həvalə edib? Və dünya öz sözçüsü vəzifəsindən prezidentimizi uzaqlaşdırsa, Qarabağın Azərbaycandan kənar status alması mümkündürmü?

İlham Əliyev elə bilməsin onun sözlərinə fikir verən yoxdur. Nöqtə-vergülünə qədər, nəfəsinin səmimilyinə qədər izləyirik. Heydər bala 44 milyon dollara xaricdə doqquz villa ala bilirsə, Heydər babanın «A bala, Robert» çağırdığı adamdan Qarabağdakı bütün məntəqələrimizi geri qoparmaq sənin vəzifə borcundur».

«Facebook, Twitter və bloqlar Qafqazda, xüsusilə də Ermənistan və Azərbaycanda gənclər üçün yeni imkanlar açıb». Uçan xalçalar və qırıq xətlər diyarından yazan bloqçu qeyd edir ki, sosial şəbəkələr həm azərbaycanlılar, həm də ermənilər üçün öz bənzərlikləri və fərqlərini bölüşdüyü, siyasət, mədəniyyət, həyat, incəsənət və s. haqda danışdığı platformaya çevrilib.

Tommycus azərbaycanlı müğənnilərin «toy qiymətləri» barədə yazıb. Yazıya inansaq müğənnilərin «qiyməti» 1000 AZN-dən 14.000 AZN arasında dəyişir.

İRANLININ AĞZINDAN SAQQIZ ƏKSİK OLMUR…

Qocaqurd yazır ki, iranlılar həftədə 2 milyon dollarlıq saqqız çeynəyir və saqqız çeynəmə vərdişi getdikcə artır:

«Dünya İqtisad» qəzetinin xəbərinə görə, iranlılar saqqıza son 9 ayda 73 milyon 890 min dollar pul xərcləyib. Saqqızın demək olar ki, idxal edildiyi İranda, saqqız çeynəyənlərin sayının dörd il əvvəlkinə nisbətən yüzdə yüz artdığı ifadə edildi.

İkinci saqqız fabrikini əvvəlki gün xidmətə açan İran, saqqız idxalatının böyük bir hissəsini Türkiyə və Birləşmiş Ərəb Əmrliklərindən qarşılayır.

Hər 10 adamdan 7-nin gündə ən az bir saqqız çeynədiyi İranda, ehtiyacı ödəməyə istiqamətli yeni saqqız fabriklərinin qurulmasının gündəmə gələ biləcəyi qeyd edildi».
XS
SM
MD
LG