Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:18

MTN terror aktları hazırlayan mütəşəkkil dəstəni zərərsizləşdirib


Milli Təhlükəsizlik Nazirliyinin binası
Milli Təhlükəsizlik Nazirliyinin binası
Milli Təhlükəsizlik Nazirliyi Gürcüstan ərazisindən külli miqdarda odlu silahı və partlayıcı maddələri Azərbaycana gətirərək terror aktları planlaşdıran mütəşəkkil dəstənin üzvlərini yaxalayıb. Bunlar Azərbaycan vətəndaşları Samir Nuriyev, Rafail Muğumov, Yaşar Qurbanov, Roza Namazova, Xavər Namazova, İsmayıl Pənahov, Bella Pənahova və Rusiya vətəndaşı Elbert Qayrbiyevdir.

Məlumatı MTN-in ictimai əlaqələr mərkəzi yayıb.

Müəyyən edilib ki, mütəşəkkil dəstənin rəhbəri, respublikadan kənarda olduğu ehtimal edilən Aqil Namazov 2010-cu il yanvarın 6-da hazırda şəxsiyyəti istintaqla araşdırılan Camal adlı bir nəfər vasitəsi ilə Balakən rayonunun Gülüzambinə kəndinin yaxınlığına qaçaq yolla külli miqdarda döyüş sursatı, partlayıcı maddələr və odlu silahlar göndərib.

Aqil Namazov dəstənin üzvü Rəfail Muğumova həmin silah-sursatları, həmçinin partlayıcı maddələri qəbul edib özündə saxlamağı tapşırıb. Aqil Namazov bu işin müqabilində Rəfail Muğumova 500 ABŞ dolları verəcəyini əvvəlcədən vəd edib, sonuncu da bu təkliflə razılaşıb.

Rəfail Muğumov əvvəlcədən razılaşdırılan yerdə Camal adlı şəxsdən silah-sursatı və partlayıcı maddələri, eləcə də ona çatası 500 ABŞ dollarını götürüb və həmin silah-sursatı və partlayıcı maddələri Balakən rayonunun Gərəkli kəndindəki evində gizlədib.

Sonradan Aqil Namazovun tapşırığı ilə Rəfail Muğumov həmin silah-sursatı və partlayıcı maddələri sərnişin avtobusu ilə Bakı şəhərinə gətirmiş və Keşlə qəsəbəsində Samir Nuriyevə çatdırıb.

Samir Nuriyev həmin silah-sursatı və partlayıcı maddələri Aqil Namazovun tapşırığı ilə xalası Roza Namazovanın yaşadığı ünvana apararaq ona təhvil verib. Bir müddətdən sonra Aqil Namazovun qayınanası Bella Pənahova və qaynı İsmayıl Pənahov birlikdə, sonuncunun idarə etdiyi avtomaşınla Roza Namazovanın yaşadığı ünvana gedərək silah-sursatı və partlayıcı maddələr olan bağlamanı ondan götürüblər. İsmayıl Pənahov silahları, döyüş sursatını və partlayıcı maddələri anası Bella Pənahova ilə birlikdə, sonuncunun işlədiyi Bakı şəhəri, Xətai rayonunda yerləşən uşaq bağçasının damında gizlədiblər.

Bir müddətdən sonra Bella Pənahova döyüş sursatı, partlayıcı maddə və odlu silahların orada saxlanılmasından ehtiyatlanaraq oğlu İsmayıl Pənahovun vasitəsilə onları Aqil Namazovun anası Xavər Namazovaya çatdırıb. Xavər Namazova əvvəlcə həmin silah-sursatı və partlayıcı maddələri yaşadığı Xətai rayonu Babək prospektindəki mənzilinə məxsus bağ sahəsində gizlədib. Sonradan Xavər Namazova silah-sursatın və partlayıcı maddələri Xətai rayonunun ərazisində fəaliyyət göstərən, özünün də biologiya fənni üzrə müəllim işlədiyi orta məktəbin həyətinin yanındakı daş qayasının altında gizlədib.

Dəstənin rəhbəri Aqil Namazov 2010-cu il yanvarın 15-də yenidən Camal adlı şəxs vasitəsi ilə Gürcüstandan Balakən rayonunun Gülüzambinə kəndinin yaxınlığına qaçaq yolla külli miqdarda döyüş sursatı, partlayıcı maddələr və odlu silahlar göndərib. Aqil Namazov dəstənin üzvü Rəfail Muğumova silah-sursatı və partlayıcı maddələri qəbul edərək dəstənin digər üzvü Yaşar Qurbanova çatdırmasını tapşırıb. Rəfail Muğumov əvvəlcədən razılaşdırılmış yerdə Camal adlı şəxsdən zəhmət haqqı kimi 200 ABŞ dolları alıb, silah-sursatı və partlayıcı maddələri götürərək Gərəkli kəndindəki evində gizlədib. Sonradan Aqil Namazovun tapşırığına əsasən, Yaşar Qurbanov idarə etdiyi «Mersedes» markalı avtomaşınla Gərəkli kəndinə gedib və Rəfail Muğumovdan partlayıcı maddələri, silah-sursatı təhvil alaraq avtomaşınının yük yerində yerləşdirib Bakı şəhərinə gətirib, bir hissəsini özündə saxlayıb, qalan hissəsini isə Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, ev 4, mənzil 19 ünvanda fəaliyyət göstərən «Salam» Çeçen Əllilər Cəmiyyətinin sədri Elbert Qayrbiyevə çatdırıb.

2010-cu il martın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil dəstənin üzvləri yaxalanıblar. Roza Namazovanın evindən 1 ədəd «Makarov» markalı tapança və həmin tapança üçün 1 ədəd daraq, Xavər Namazovanın Xətai rayonundakı məktəbin həyətinin yanındakı daş qayasının altında gizlətdiyi bağlamadan 1 ədəd «CZ-75 CHAMPİON» markalı tapança, bu və digər tapançalar üçün 616 ədəd müxtəlif çaplı patron, 7 ədəd daraq, 1 ədəd «GSM» və peyk kanalları ilə işləyən radiotelefon və hərbi təyinatlı elektro-detonator üçün 10 ədəd şnurlu kapsul-detonator, Yaşar Qurbanovun evindən 7.62x25 mm çaplı 150 ədəd patron, 1 ədəd pnevmatik tapança darağı və onun güllələri, soyuq silah və özünə məxsus 6 qramdan artıq narkotik vasitə olan heroin, Elbert Qayrbiyevin rəhbərlik etdiyi «Salam» Çeçen Əlillər Cəmiyyətinin ofisindən hər biri 400 qram, ümumi çəkisi 10 kiloqrama yaxın olan 24 ədəd trotil şaşkası, 950 ədəd elektro-detonator, xaricdə istehsal olunan 1 ədəd «Makarov» və 1 ədəd «Vikinq MP 446» markalı tapançalar, habelə bu tapançalar üçün 39 ədəd patron və 6 ədəd daraq, 2 ədəd «İC-R20» markalı rabitə dəsti, skanerli qəbuledici və özünə məxsus 6 qramdan artıq narkotik vasitə olan heroin, Rafail Muğumovun evindən xaricdə istehsal olunan 1 ədəd «Steçkin» markalı tapança və həmin tapança üçün 210 ədəd parton, 1 ədəd səsboğucu, 5 ədəd daraq, 1 ədəd «Berett 92» markalı tapança və həmin tapança üçün 1 ədəd daraq, 107 ədəd patron, 1 ədəd Almaniyada istehsal olunmuş «ERMA-WERKE» markalı qaz tapançası və onun 30 ədəd patronu, 2 ədəd ov bıçağı və özünə məxsus 0.442 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Bütün faktlar üzrə MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən silah qaçaqmalçılığı), 228.3 və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi başlanılıb.

Samir Nuriyev, Rafail Muğumov, Yaşar Qurbanov, Roza Namazova, Xavər Namazova, İsmayıl Pənahov, Bella Pənahova, Elbert Qayrbiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı təqsirləndirilən şəxs Rafail Muğumov deyib ki, iki ildən artıq dostluq etdiyi Aqil Namazov dəfələrlə ona Azərbaycanda cihad etmək və insanların kütləvi toplaşdığı yerlərdə partlayışlar törətmək niyyətində olduğunu və bu terrorçuluq aksiyalarının həyata keçirilməsi məqsədilə artıq müəyyən hazırlıq işlərinin görüldüyünü bildirib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
XS
SM
MD
LG