Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:55

6 ölümlə nəticələnən hadisənin müəmmaları


Bəyalı Əzizov və Etibar Məmmədov
Bəyalı Əzizov və Etibar Məmmədov
- Məhkəmə tibb ekspertizasının rəyi məni qane etmir. Bu iş Hərbi Prokurorluqdan alınmalıdır. İş ya verilməlidir Milli Təhlükəsizlik Nazirliyinə ya da Avropa Məhkəməsinə. Mən görürəm ki, bizimkilər bu işi düzgün aparmır…

Bunu yanvarın 28-də Daşkəsəndəki N saylı hərbi hissədə 4 hərbçini öldürdükləri iddia edilən iki əsgərdən birinin - mərhum Sadiq Məmmədovun atası Etibar Məmmədov deyir.

MƏHKƏMƏ TİBB EKSPERTİZASI YENİDƏN KEÇİRİLMƏLİDİR?

Etibar Məmmədov hesab edir ki, oğlunun meyiti yenidən ekspertizadan keçirilməlidir. Atanın sözlərinə görə, ekspertiza rəyində nə mərhum oğlunun başından aldığı yara, nə də bədənindəki zorakılıq yerləri əks edilib:

- Onun bədənindəki zorakılıq əlamətləri rəydə əks edilməyib. Sonra əgər bunların dediyi kimi oğlum 3 güllə yarası alıbsa, bəs onun başına dəyən güllə yarası nədən unudulub? Və ya onun ürəyinin üstündəki yara nə yarasıdır? Bu bıçaq zərbəsidir, yoxsa güllə yarası?Əgər güllə yarasıdırsa nədən güllə çıxarılmayıb? Bu güllə ortalıqda yoxdur…

SADİQ MƏMMƏDOV NƏDƏN DAŞKƏSƏNƏ GETMƏK İSTƏMİRMİŞ?

Bu hadisəyə qədər mərhum Sadiq Məmmədov hərbi xidmətinin heç ilk 3 ayını da başa vurmayıbmış. Atasının deməsinə görə, 2 ay Bakıda xidmət çəkən Sadiq Məmmədov cəmi 20-25 gün idi Daşkəsənə göndərlimişdi. Etibar Məmmədov üstəlik deyir ki, oğlu Daşkəsənə getmək istəmirmiş. Niyə? Atası sözlərinə görə, bunun səbəbini Daşkəsəndə, oğluna baş çəkəndə öyrənib.

Etibar Məmmədov deyir ki, həmin hərbi hissədə zabit heyətinin davranışı onun heç xoşuna gəlməyib:

- Əsgəri məcbur edirlər ki, hansısa cinayətə əl atsın. Atası də gəlib zibilə düşsün. Elə belə də anasına deyibmiş. Deyibmiş ki, mən təhqirlərə dözə bilməyəcəm.

VALİDEYNLƏR OĞLANLARININ İNTİHARINA İNANMIRLAR

4 hərbçinin qətlində adı gedən ikinci əsgər, mərhum Elxan Əzizovun atası Bəyalı Əzizov da istintaqın gedişindən narazılıq edir. Bəyalı Əzizov deyir ki, əsgər Sadiq Məmmədovun meyitində çoxsaylı güllə yaralarının və başqa zorakılıqların aşkarlandığını onun atasından öyrəndikdən sonra oğlanlarının özlərini vurmalarına inanmır. Üstəlik, onun fikrincə, bəzi başqa qaranlıq mətləblərə də aydınlıq gətirilməlidir:

- Görəsən, bu hərbi hissədə silah təmizləmə işi yalnız bu iki uşağamı tapşırılmışdı? Başqa tərəfdən bu uşaqlar təmizləmək adı ilə silah istəyəndə komandirlər hara baxırdı? Bir də onlar rabitədə olublar. Əslində, heç silah görməyiblər.

Bəyalı Əzizov: Sadiq Məmmədovun meyitində zorakılıqlar aşkarlanıb
Valideynlər prezidentə, baş prokurora, hərbi prokurora, milli təhlükəsizlik nazirinə və ombudsmana çoxsaylı şikayət məktubları göndəriblər. Onlar həm bu qaranlıq mətləblərə aydınlıq gətirilməsini, həm də istintaqın Hərbi Prokurorluqdan alınmasını istəyirlər.

Hərbi Prokurorluğun mətbuat xidmətində isə hesab edirlər ki, əgər valideynlərin hər hansı şikayətləri varsa, bunu konkret istintaqa bildirsinlər. Hazırda istintaq gedir və baş verən hadisə bütün təfərrüatları ilə obyektiv, ədalətli şəkildə araşdırılır.

Valideynlər isə deyirlər ki, onların bütün bu şikayətlərdə məqsədləri oğlanlarını haqsız yerə günahsız çıxarmaq deyil. Onlar sadəcə bu işin ədalətlə araşdırılmasını istəyirlər.

Sadiq Məmmədovun atası Etibar Məmmədov deyir ki, Qarabağ döyüşlərində qardaşını itirib. İndi bir neçə ay əvvəl orduya verdiyi 19 yaşlı mərhum oğlunun qatı cinayətkar, vətən xaini kimi təqdim edilməsi onun bütün inamını sarsıdır.

Rəsmi məlumata görə, bu il yanvarın 28-də Daşkəsəndəki N saylı hərbi hissədə iki əsgər - Sadiq Məmmədov və Elxan Əzizov dörd zabitə atəş açıb, sonradan isə bir-birini güllələyiblər.
XS
SM
MD
LG