Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:16

Aksiya üçün nəzərdə tutulan stadionun qapısından qıfıl asılıb


Bibiheybət stadionu
Bibiheybət stadionu
Martın 31-də Müsavat Partiyası sərbəst toplaşmaq azadlığının pozulmasına etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək haqda qərar verib. Parlament seçkiləri yaxınlaşdıqca siyasi gündəmi məşğul edən mövzulardan biri yenə müxalifət partiyalarının kütləvi aksiyalar keçirmək təşəbbüsləridir. Hərçənd son illər şəhər rəhbərliyi müxalifətin kütləvi aksiyalar keçirməklə bağlı müraciətlərinə cavab olaraq, ən yaxşı halda Bibiheybətdəki «Neftçi» İdman Sağlamlıq Mərkəzinin stadionunu təklif edir.

Bibiheybət stadionunun adı artıq siyasətlə maraqlanan bir çox insanlara yaxşı bələd olsa da, onun yerini əslində ən fəal müxalifətçilər belə dəqiq bilmirlər. Kütləvi aksiya mövzusunun yenidən aktuallığını nəzərə alıb soraqlaşa-soraqlaşa Bayıl qəsəbəsi, «20-ci sahə»də yerləşən bu stadionun yolunu tutası olduq.

BİBİHEYBƏT STADİONUNUN QAPISINDAN QIFIL ASILIB…

Gözdən-könüldən uzaq olan bu stadionun giriş qapısından indi qara bir qıfıl asılıb. Bibiheybət stadionunu buna qədər yalnız bir dəfə - keçmiş SSRİ-nin mərhum dövlət başçısı Leonid İliç Brejnevin Bakı səfəri zamanı keçirilən tədbirlərin birində görən Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri Rahim Hacıyev deyir ki, onların bu ucqar, qapalı məkana göndərilmələri hakimiyyətin kütləvi aksiyalara qadağa qoymaq niyyətindən irəli gəlir:

Xalq Cəbhəsi Partiyasının funksioneri Rahim Hacıyev
- Yalnız bütün antidemokratik rejimlərin mövcud olduğu ölkələrdə kütləvi aksiyalar üçün belə yerlər ayrıla bilər.

YAP PREZİDENT SEÇKİLƏRİNƏ STARTI BİBİHEYBƏTDƏN VERDİ


Bakı Şəhər İcra Hakimiyyətində Siyasi Partiyalarla İş üzrə Şöbənin müdiri Zaur Ramazanov isə deyir ki, müxalifətin Bibiheybət stadionuna iradlarını başa düşmür. Çünki hakim Yeni Azərbaycan Partiyasının özü prezident seçkiləri ərəfəsində bu meydanda mitinq keçirib. Zaur Ramazanov Müsavat Partiyasının şəhər icra hakimiyyəti qarşısında aksiya keçirmək istəyinə isə münasibət bildirmir. Deməsinə görə, bununla bağlı rəsmi müraciət almayıblar. Ancaq o, Müsavat Partiyasının ötən ayın 12-də göndərdiyi müraciətə isə yaxın vaxtlarda cavab verəcəklərini istisna etmir. Həmin müraciətdə Müsavat Partiyası qarşıdan parlament seçkilərinin gəldiyini nəzərə alaraq şəhərin mərkəzi meydanlarında onlara yer ayrılmasını istəyirdilər. Zaur Ramazanov rəsmi cavabın hələ hazır olmadığını desə də, açıqca işarə vurur ki, Müsavat Partiyasının belə istəyi gerçəkləşən deyil:

ŞƏHƏR RƏHBƏRLİYİ MÖVQEYİNİ DƏYİŞMƏYƏ LÜZUM GÖRMÜR

- 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti şəhərin hər bir rayonunda aksiyalar üçün yerlər ayırıb. O siyahını dəyişməyə lüzum yoxdur. Çünki ondan sonra bələdiyyə seçkiləri də, prezident seçkiləri də keçirilib, hər şey qaydasında olub. Seçicilərlə görüş də keçirilib, təbliğat-təşviqat işləri də aparılıb.

Bibiheybət stadionu da daxil olmaqla siyahıdakı yerləri müxalifət kütləvi aksiyalar üçün münasib saymır
Ancaq Bibiheybət stadionu da daxil olmaqla həmin siyahıdakı yerləri müxalifət kütləvi aksiyalar üçün münasib saymır. Müsavat Partiyası Seçki Departamentinin sədri Arif Hacılı yada salır ki, 2005-ci ilə qədər müxalifət şəhərin bir çox mərkəzi meydanlarında kütləvi aksiyalar keçirib. Ona görə də onların istəyi lüzumsuz görünməməlidir:

- Bir halda ki, hakimiyyət ölkədə demokratik ənənələrin inkişaf etdiyini iddia edir, onda heç olmasa əvvəlki illərdə aksiyalar keçirilən yerlərdə, belə tədbirlərin keçirilməsinə razılıq verilməlidir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə deyir ki, nəinki demokratiyanın inkişaf etdiyi, hətta bir sıra post-sovet ölkələrində seçkilər ərəfəsində şəhərin mərkəzi meydanları müxalifətin üzünə qapadılmır. O belə hallarla nə Ukraynada, nə də Gürcüstanda rastlaşdığını deyir.

Anar Məmmədlinin fikrincə, hakimiyyətin son illər bir qayda olaraq insanların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırması onun siyasi azadlıqlara avtoritar yanaşmasının göstəricisidir.
XS
SM
MD
LG