Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:58

Müxbir Ramzan Kadırovun evində nəyə şahid olub?


Ramzan Kadırov «Paris Match»ın müxbirinə doğulduğu Centoroy kəndində tikdirdiyi şəxsi evinin qapılarını axşam saat 12-dən sonra açıb. Müxbir Romain Clergeat yazır ki, çeçen liderin malikanəsi göllə əhatələnib. Malikanədə atlar üçün xüsusi cıdır da var.

200 MİN AVROLUQ QOL SAATI

Səkkiz nəzarət yerindən keçəndən sonra Ramzan Kadırova yaxınlaşan «Paris-Match»ın müxbiri Romain Clergeat özünü hər an hücuma məruz qalacaqmış kimi hiss edib.

Ramzan Kadırovun qolunda 200 min avro dəyərində «Bovet Fleurier» markalı saatı var. Maşın kolleksiyasını da həvəslə göstərir. 500 min avroya aldığı yeni ərəb atını isə öz əli ilə yemləməyi də unutmur.

Ramzan Kadırov 34 yaşındadır. Ruspərəst atası Əhməd Kadırovun 2004-cü ilə sui-qəsd nəticəsində ölməsindən sonra Vladimir Putin onu əvvəlcə Çeçenistanın baş naziri vəzifəsinə, 2007-ci ildə isə prezident postuna təyin edib. Onun kadirovistlər adlanan silahlı adamları var.

ÖLKƏNİ YENİDƏN QURAN DÖVLƏT ADAMI İMİCİ

Kadırovun həyətində şəxsi zooparkı var. Burda saxladığı ayı, ya da canavarla vaxt keçirməsi onun əsas əyləncələrindən biridir.

Kadırov evindən bir kilometr aralı yerləşən və müharibə vaxtı dəlmə-deşik olan binaların yerində salınan evlərin tikinti meydançasına da baş çəkir. Bununla da, özünü ölkəsini yenidən quran dövlət adamı imicində göstərmək istəyir. Deyir ki, müharibənin yerlə-yeksan etdiyi Qroznını müasir bir şəhər vəziyyətinə gətirmək istəyir.

Neçə vaxtdır ki, Rusiya ilə Kadırovun işləri yaxşı gedirdi. Ancaq bu yaxınlarda 40 nəfərin ölümü ilə nəticələnən Doku Umarovun oyunu heç də Kadırovun lehinə deyil. Martın 19-da Vedonada Kadırovun adamlarının Umarovun təhlükəsizliyinə cavabdeh olan Əbu Xalidi pusquya salıb öldürməsini Kadırov qələbə kimi qeyd etmişdi. 10 gün sonra iki «qara dul»un Moskvanın mərkəzində metronu partlatması isə Moskvanın qarşısında onun başını aşağı elədi.
XS
SM
MD
LG