Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:26

Azərbaycan-ABŞ birgə hərbi təlimi niyə təxirə salındı?


Azərbaycan-ABŞ hərbi təlimləri, 24 aprel 2009
Azərbaycan-ABŞ hərbi təlimləri, 24 aprel 2009
Azərbaycan ABŞ-la birgə keçirəcəyi növbəti hərbi təlimi təxirə salıb. Bu təlimlər iki ölkə arasında imzalanmış «Regional cavab-2009» əməkdaşlığı çərçivəsində keçirilməliydi. Ötən il hərbi təlimlər keçirilsə də, bu dəfə Azərbaycan may ayına nəzərdə tutulan təlimdən imtina edib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən AzadlıqRadiosuna deyiblər ki, bununla bağlı bütün suallar Azərbaycan tərəfinə ünvanlanmalıdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə yalnız məlumatı təsdiqləməklə kifayətlənib və bildirib ki, təlim təxirə salınıb və bunun təfərrüatı hələ onun özünə də məlum deyil:

NİYƏSİNİ HƏLƏ BİLMİRƏM

- Əgər təfərrüat məlum olsa, bu barədə məlumat verəcəyik. Azərbaycan-ABŞ arasında imzalanmış sazişdə götürülən öhdəliklərə hər zaman əməl edilib və birinci dəfədir ki, belə bir hal baş verir. Niyəsini isə hələ bilmirəm.

Pənah Hüseyn
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komitəsinin üzvləri Pənah Hüseyn və Zahid Oruc hərbi təlimin təxirə düşməsiylə bağlı detallı məlumata malik olmadıqlarından məsələyə şərh verməkdə çətinlik çəkdiklərini söylədilər. Amma onların fikrincə, Azərbaycanın ABŞ-la hərbi təlimdən imtina etməsini son vaxtlar iki ölkə arasındakı münasibətlər kontekstində təhlil etmək mümkündür.

ƏLİYEV HAKİMİYYƏTİNİN CAVABI

Pənah Hüseynin fikrincə, bunu ABŞ hökumətinin Dağlıq Qarabağ problemiylə bağlı tutduğu mövqeyə Əliyev hakimiyyətinin cavabı kimi də qiymətləndirmək olar:

- Əlbəttə ki, ABŞ-ın Dağlıq Qarabağa dair tutduğu mövqeylə yanaşı, iki ölkə arasındakı digər məsələlər də – mən Amerikanın ev sahibliyi elədiyi nüvə təhlükəsizliyi sammitinə Azərbaycanın dəvət edilməməsini nəzərdə tuturam – rol oynayır.

Zahid Oruc isə Azərbaycanın həm Klinton, həm də Buş administrasiyası ilə münasibətlərini tənzimləyə bilməsini xatırladıb deyir ki, Obama hökuməti barəsində bunu söyləmək çətindir. Oruca görə, hərbi təlimdən imtinanı həm texniki səbəblərlə, həm də Azərbaycan rəsmilərinin son vaxtlarda
Zahid Oruc
ABŞ-a ünvanladığı mesajlarla izah edənlər olacaq:

OBAMANIN PREZİDENTLİYİ DÖVRÜNDƏ GECİKMƏLƏR VƏ LƏNGİMƏLƏR BAŞ VERDİ

- Bu mənada indiki siyasəti təhlil edəndə düşünürəm ki, Obamanın prezidentliyi dövründə Amerikanın bu bölgədəki siyasətində gecikmələr və ləngimələr baş verdi. Rusiyanın Qafqazın mühüm bir hissəsini hərbi cəhətdən ələ keçirməsinə adekvat göstərilən kontur siyasət nə başa çatıb, nə də bir sıra hallarda Azərbaycanın maraqlarını ehtiva edir. Məncə, Ağ Evin strateqləri nə qədər tez bunu qiymətləndirə bilsələr, proses bir o qədər tez məcraya düşmüş olacaq.

Hərbi təlimdən imtinanı təhlükəli tendensiyanın başlanğıcı sayan politoloq Eldar Namazov isə ABŞ-la münasibətlərin getdikcə soyuqlaşmasını ölkənin milli maraqlarına zidd sayır. Onun fikrincə, ABŞ-dan uzaqlaşmaq insan haqlarından, demokratiyadan uzaqlaşmaq deməkdir. Politoloqun sözlərinə görə, son vaxtlar Azərbaycan rəsmilərinin Qarabağla bağlı təzyiqlər olması haqqında bəyanatları səmimi deyil, çünki elə ABŞ-ın təklif etdiyi Madrid prinsiplərini qəbul edən Azərbaycandır, Ermənistan yox.

Eldar Namazov
Namazovun fikrincə, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına Azərbaycanın razı olmaması da, ABŞ kimi strateji müttəfiqi itirməyə səbəb ola bilməz:

AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ SUAL ALTINA DÜŞƏ BİLƏR

- Ona görə də deyirəm ki, iki ölkə arasında münasibətlərə əsas gərginlik yaradan məhz Azərbaycanda insan haqları, jurnalistlərin, bloqqerlərin həbsi, demokratiya problemləridir.

Eldar Namazov ehtimal edir ki, Azərbaycanın ABŞ-a qarşı bu tendensiyanı davam etdirəcəyi təqdirdə ölkəni təhlükələr gözləyə, hətta müstəqilliyi sual altına düşə bilər.

Son günlər Azərbaycan-Amerika münasibətlərini AzadlıqRadiosunun verilişlərində müzakirə edən digər siyasi ekspertlər də münasibətlərin normallaşması üçün Əliyev hakimiyyətinin demokratiya və insan haqları sahəsinə həssas yanaşmasının vacibliyindən danışıblar. Əliyev administrasiyası isə ABŞ-ı Azərbaycana Qarabağa görə təzyiq göstərməkdə suçlayır.
XS
SM
MD
LG