Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:30

Mənmi Aydan gəlmişəm, Nərminmi başqa diyarı yazıb?


Seadet Akifqizi
Seadet Akifqizi
Səadət AKİFQIZI

"MƏNMİ AYDAN GƏLMİŞƏM, NƏRMİNMI BAŞQA DİYARI YAZIB?"

(Nərmin Kamalın Azərbaycanda qadınların vəziyyəti haqda yazdığı və müsabiqədə qalib olmuş essesini oxuyarkən...)

...Nərmin Kamalın essesini maraqla oxudum.

Birbaşa mətləbə keçib essenin toxunduğu mövzunun həm gərəkli, həm də təhlükəli olduğunu söyləmək istərdim.

Nərmin Azərbaycanda qadının yerinə, qadına münasibətə öz pəncərəsindən baxıb.

Qonşu pəncərələrdən görünən dünyanın yanından keçib öz pəncərəsindən gördüklərini bu ölkənin həqiqəti kimi təqdim edib.

Nərmin öz gördüklərinin şərhində haqlıdır, amma bu da unudulmamalıydı ki, öz düşüncələrinə və yoluna sahib təkcə Avropa qadınları, Avropa cəmiyyəti deyil.

Esseni oxuduqca təəccüblənirdim ki, bəs mən niyə Nərminin gördüklərini görə bilməmişəm?..

Mənmi Aydan gəlmişəm, Nərminmi başqa diyarı yazıb?

Təhsil almış, öz yolunu özü cızmış, ictimai mövqe yiyəsi, qəzetlərdə köşə yazılarının (şəkli də yanında) müəllifi olmuş tanıdığım neçə-neçə qadını gözümün qabağına gətirdim.

Hamısı azərbaycanlıydı, azərbaycanlı ailəsində böyümüşdü, azərbaycanlı ailəsinin gəliniydi.

Amma öz yolunda nə qadınlıq, nə də gəlinlik işarəsinin maneəsiylə üzləşmişdi.

Əksinə, içi mən qarışıq ictimai fəallıqla ailə-qohumluq həyatı arasında bir ziddiyət belə yaşamamışdıq və hətta bu cür müzakirələri də vaxt itkisi sayardıq.

Mən demirəm ki, Azərbaycanda bütün kişilər arasında qızına yalnız ərə gedəsi bir varlıq, qadınına mətbəx əşyası kimi baxmayan yoxdur. Bəli, öz əzizinə bu gözlə baxan var, amma baxmayanlar da az deyil axı…

Cəmiyyətdə tanınmış bir ailə sahibi olan tanışım öz oğlunun sevgilisindən niyə ayrıldığını danışdı mənə.

Sən demə, qız atası bu sevgiyə ona görə mane olmaq istəyib ki, birdən qızı xaricdə təhsilini davam etdirmək istəməz…

Şəmkirli bir qohumum qızının qəbul imtahanından o qədər də çox bal toplamadığını biləndə hirsindən bilməmişdi neyləsin ki, qızı birdən ali məktəbə qəbul oluna bilməz və iki qardaşın bircə bacısına demişdi ki, qızı öz yolunu, həyatını, təhsil dairəsini seçməkdə azaddır və hər zaman ona ata kimi arxa duracaq.

Ağdamın bir kəndində yaşayan bir tanış ailə isə borca-xərcə düşüb 11-ci sinifdə oxuyan qızlarını müəllim yanında hazırlaşıb instituta girməsi üçün Bakıya gətirib.

Bu danışdıqlarım da Azərbaycanda baş verir.

Amma öz pəncərəmdən gördüklərimi bir obraza sığışdırıb mütləq həqiqət kimi təqdim etmək istəməzdim. Çünki Nərminin də öz pəncərəsindən gördükləri var və bu da həqiqətdir.

Amma həqiqətin hamısı deyil…

Bu mövzuda əks mövqeli yazını da oxu
Nərmin Kamal: Azərbaycan - ənənələrin insan haqlarından üstün tutulduğu vətənim
XS
SM
MD
LG