Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:56

Səməd Seyidov: «Azərbaycan hə deyəndə, Ermənistan yox deyir»


Səməd Seyidov
Səməd Seyidov
«Hamı görür ki, Azərbaycan bir şeyə «hə» deyəndə onlar həmişə «yox» deyirlər. Yaxud da Türkiyə-Azərbaycan birliyi daha da yüksək səviyyədə inkişaf edəndə onlar başqa vasitələr düşünəcəklər ki, bu birliyə hansısa əngəllər törətsinlər, Türkiyənin Qərblə münasibətlərinə problemlər yaratsınlar. Yəni açıq aydın həm regionda, həm də beynəlxalq aləmdə destruktiv mövqedə dayanan bir siyasət aparılır».

ERMƏNİSTAN NİYƏ BELƏ EDİB?


Bunu AzadlıqRadiosuna Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Ermənistan hökumətinin bugünkü çağırışını şərh edərkən deyib.

O bildirib ki, Ermənistanın apardığı siyasət öz daxili maraqları çərçivəsindən daha çox Azərbaycan, Türkiyə və ümumiyyətlə, başqa ölkələrin maraqlarına müdaxilə etmək məqsədi daşıyır. Bu sonuncu addım da yenə regionda müxtəlif problemlərin yaradılması və xüsusilə Azərbaycanın, Türkiyənin Qərb dövlətləri ilə münasibətlərini pozmaq cəhdindən başqa bir şey deyil:

Səməd Seyidovun sözlərinə görə, Ermənistanın bu hərəkətləri Azərbaycanı heç də təəccübləndirmir. O hesab edir ki, bu məqamda çox ehtiyatlı olmaq və gözüaçıq siyasət aparmaq lazımdır:

«Biz ABŞ, Fransa və Rusiyanın – yəni ATƏT-in Minsk qrupundakı həmsədr dövlətlərin Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı siyasəti və rolu, Türkiyənin regionda nüfuzunun artmasını və ümumiyyətlə Avropa siyasətində rolunu və yerini aydın görürük. Bunu bizim kimi Ermənistan da yaxşı görür. Ona görə də bu protokolları hansısa bir nöqteyi-nəzərdən təhlil etmək olmaz. Bu regionda böyük güclərin, böyük ölkələrin bir birinə qarşı siyasətinin təzahürüdür. Protokolların Ermənistan parlamentinə göndərilməsi, ya bu ölkənin Konstitusiya Məhkəməsinin o sənədə münasibət bildirməsi, ya protokolların gündəmdən sıxması, sabah hansısa başqa bir addımın da atılması, bunların heç biri müstəqil siyasətin sahibləri tərəfindən atılan addımlar deyil təəssüflər olsun ki. Ona görə ki, Ermənistan özü müstəqil dövlət deyil. Əsas məsələ də bundadır».

«AZƏRBAYCAN NAHAQ YERƏ DEMİR Kİ…»

Deputat deyir ki, Azərbaycan həmişə Dağlıq Qarabağ məsələsini regionla bağlı problemlərdən ayırmamağı nahaq yerə tövsiyə etmir. Çünki regionda mövcud olan problemlərin əksər məsələləri məhz bu konfliktlə bağlıdır. Bu konflikti nəzərə almadan regionda real sülh və inkişaf haqda danışmaq ən azı sadəlövhlükdür:

«Bunu Ermənistanın son hərəkəti bir daha təsdiqləyir».

Ermənistan prezidenti Serj Sarkisyan aprelin 21-i Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyə ilə münasibətlərin normallaşmasına dair qərarı müzakirə edib.

Prezident məlumat verib ki, o, siyasi koalisiyaya daxil olan partiyaların liderləri ilə də məsləhətləşmələr aparıb.

Ermənistanın hakim siyasi koalisiyası isə artıq Türkiyə ilə münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların ratifikasiyasını dondurmağa çağırır.
XS
SM
MD
LG