Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:44

«Ən böyük kompromisimiz 20 ildir Azərbaycanın sülh prosesinə sadiq olmasıdır»


İlham Əliyev
İlham Əliyev
«Heç kim bizim maraqlarımızı kənara qoya bilməz və bizi müəyyən mənada təcridetmə planları baş tuta bilməz. Son hadisələr bir daha bunu göstərmişdir».

Prezident İlham Əliyev aprelin 23-də Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunan müşavirədə belə deyib.

«Nə bu gün, nə də gələcəkdə Dağlıq Qarabağı Azərbaycandan ayıracaq bir mexanizm yoxdur, danışıqlarda bu açıq –aydın göstərilir. Belə olan halda son təkliflər sazişin hazırlanması üçün əsas ola bilər. Ancaq buna baxmayaraq, Ermənistanın mövqeyi bir daha onu göstərir ki, Ermənistan tərəfi sülh istəmir».

İlham Əliyev deyib ki, ordu quruculuğu Azərbaycanda hər zaman diqqət mərkəzindədir. «Bu, bizim üçün əsas məsələdir. Çünki uzun illərdir Azərbaycan torpaqları işğal altındadır» deyən dövlət başçısı Azərbaycanın öz hərbi imkanlarını maksimum dərəcədə gücləndirməsinin zərurətdən yarandığını diqqətə çatdırıb.

Prezident bildirib ki, Ermənistan və onun havadarları işğal prosesində xüsusi qəddarlıq törədiblər. Xocalı soyqırımı bunun bariz nümunəsidir. Ermənistan bütün hüquq normalarını kobudcasına pozur. BMT Təhlükəsizlik Şurasının işğal olunan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan bu qərarları yerinə yetirmir.

Dövlət başçısı yenilənmiş Madrid prinsiplərinə də münasibət bildirib. Son təkliflərin sazişin hazırlanması üçün əsas ola biləcəyini diqqətə çatdırıb: «Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və olmayacaq».

Prezident deyib ki, Ermənistan danışıqlar prosesini uzatmaqla işğal etdiyi torpaqlardan çıxmaq istəmir. «Bizim ən böyük kompromisimiz 20 ildir Azərbaycanın hələ də sülh prosesinə sadiq olmasıdır» deyən dövlət başçısı bəyan edib ki, beynəlxalq aləm öz qərarlarına hörmətlə yanaşmalıdır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bölgədə heç bir problem həll edilə bilməz. Çünki bu münaqişə bölgədəki proseslərə ciddi təsir edir.

Müşavirənin əhəmiyyətindən danışan dövlət başçısı bildirib ki, Azərbaycanda hərbi sahənin inkişafı diqqət mərkəzindədir. Ölkədə hərbi hazırlıq səviyyəsi də yüksəkdir, son 5-6 ildə hərbi xərclər 10 dəfədən çox artıb, hərbi sənaye inkişaf edir, çoxlu texnika alınıb, bu isə bizim təbii haqqımızdır. «Bu gün Azərbaycan ordusu bütün sahələrdə Ermənistan ordusundan daha güclü və daha peşəkardır» deyən İlham Əliyev bildirib ki, Azərbaycan bu bölgədə nadir ölkələrdəndir ki, heç kimin yardımından asılı deyil.

Müdafiə naziri Səfər Əbiyev ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə edib.

Sonra müşavirədə ordu quruculuğu ilə bağlı məsələlər müzakirə olunub.
XS
SM
MD
LG