Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:33

Ayrılan yollar


Çingiz Hüseynov
2006-cı ilin yazı. Moskvada yaşayan tanınmış yazıçı Çingiz Hüseynovun yeni romanının çıxması xəbərini aldıq. Üstəlik, mövzu diqqətimizi çəkdi. Roman N.Nərimanovla M.Ə.Rəsulzadənin münasibətlərindən, tutduqları fərqli yoldan bəhs edirdi. Rusca çıxan romanın adını «Bitmək bilməyən məktub» kimi tərcümə etdik, «İz» proqramında xəbərlədik və söz verdik ki, yaxın vaxtlarda yazıçı ilə geniş söhbətimiz olacaq.

Mayın sonlarında, daha doğrusu, 28 may-Gümhuriyyət Günü ərəfəsində Moskvaya zəng çaldıq. «İz»də «Ayrılan yollar» adlı (İsmayıl Şıxlının bu adda romanı var) radiodastan hazırladıq. Çingiz Hüseynovla - Qocaman Qəriblə şəxsi tanışlığımız belə başladı.

DÖRD İL ƏVVƏLKİ «İZ»

Aradan dörd il keçdi. Çingiz bəylə ara-sıra telefon söhbətlərimiz canlı verilişlərə, atüstü intervyülərə, «cansız» radioproqramlara çevrilməyə başladı. Hər zaman danışmağa, söhbətə açıq olan bu insan ən doğma adamımız oldu. İki il öncə onun ürək tutmasını eşidib çox üzüldük. Sağaldığını eşidincə şad olduq.

Arada telefonda soruşdum ki, Çingiz bəy, siz bizim ilk verilişimizi—«Ayrılan yollar»ı eşidə bildinizmi? «Yox» cavabını verdi. «Elə isə diskə yazıb Moskvaya gedənlərdən xahiş edərəm sizə çatdırsın» deyə söz verdim.

Sözümə əməl etdim də. İkimizin də dəyər verdiyimiz bir ümumi tanışımızdan diski Moskvaya göndərdim. Ancaq...Məktub yetişmədi.

Bu ay N.Nərimanovla bağlı hazırladığımız «Can Bakı»nın dinləyicilərdə maraq doğurması yadıma dörd il əvvəlki «İz»i saldı. Bəlkə o verilişi təkrar səsləndirək, həm saytımızda qalsın, həm də eşitməyənlər də eşitsin? 28 Aprel işğalının 90 illiyində onu bir də təkrarlamaq yerinə düşərdi. Üstəlik, ünlü yazıçının dedikləri nə yazıq ki, hələ də aktual idi...

Beləliklə, əziz oxucu və dinləyicilərimiz, «Ayrılan yollar» radiodastanı sizin qarşınızdadır. Sağda, Multimedia düyməsini basıb onu eşidə bilərsiniz.

Verilişdə Çingiz Hüseynov aparıcının saysız suallarını cavablandırır. Hətta verilişə ad da seçir. «Bitmək bilməyən istiqlal» olsun, ya «Ayrılan yollar» sualına ikincinin adını çəkir.

BU, İSTİQLALLA İŞĞALI EYNİLƏŞDİRMƏYƏ BƏNZƏMİR?

Və bizim «Nə deyirsiniz-deyin, 28 Mayın memarını (M.Əmin Bəyi) 28 Aprelin qurbanıyla (N.Nərimanovla) barışdırmaq (romanın iki qəhrəmanı var) - İstiqlalla İşğalı eyniləşdirməyə bənzəyir. Yoxsa bənzəmir» sualına;

«İlk romanınızın qəhrəmanı Mirzə Fətəliylə son qəhrəmanlarınız olan bu iki şəxsiyyət arasında hər hansı oxşarlıq var» sualına;

«Nərimanovla Rəsulzadəni bir-birindən nə ayırırdı» sualına;

«Romanı yazarkən N.Nərimanovun Xalq Cümhuriyyətinə münasibəti barədə əlinizə nəsə bir fakt keçdi-keçmədi» sualına;

«Doktor Nərimanov...Məhəmməd Əmin Bəy və Stalin!...Hər ikisinin taleyində Stalinin izi var. Romanınızda bu izin rəngi ağdır-qaradır, ya bəlkə çəhrayıdır» sualına;

«Siz yazıçı və alim Çingiz Hüseynovla onların arasında hər hansı oxşarlıq yoxdu? Axı, Moskvada yaşayır, amma Azərbaycansız yaşamırsınız!...»sualına cavab verir.

Verilişdə həmçinin «Bu iki şəxsiyyəti bir-birindən nə ayırır, nə birləşdirirdi» sualına yazıçı Anarın, politoloq Zərdüşt Əlizadənin, mərhum tarixçi-alim Mehdi Məmmədovun, filosof Rəhman Bədəlovun cavabları da yer alıb.

«Doktor Nərimanovun səsyazısı qalıb- qalmayıb» sualına Dövlət Səsyazılar Arxivinin direktoru Yaqub Mədətovun cavabı da məncə, sizə maraqlı olacaq.

Və nəhayət, «Ayrılan yollar»da Doktor Nərimanın oğluna bitmək bilməyən məktubundan fraqmentləri, Əmin Bəyin «Əsrimizin Səyavuşu» və «Azərbaycan Cümhuriyyəti» əsərindən səsləndirmələri də eşidəcəksiniz.

Lütfən, dinləyin
XS
SM
MD
LG