Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:43

Artur Rasi-zadə tapmacası


Martın 30-da 27 dövlət idarəsinə məktublar göndərdik. Bu dəfəki eksperimentin məqsədi dövlət idarələrinin operativliyini yoxlamaq deyildi, dövlət məmurlarından, nazirlərdən, məhkəmə, komitə sədrlərindən müsahibələr istəyirdik. Məktubların mətni eyni idi: «AzadlıqRadiosu ayrı-ayrı dövlət məmurları ilə müsahibələr silsiləsinə hazırlaşır. Xahiş edirik, Azərbaycan Respublikasının «İnformasiya əldə etmək haqqında» qanununa uyğun olaraq, bizə müsahibə üçün vaxt ayırasınız».

MÜSAHİBƏ İSTƏYİRSİZ, VERƏK DƏ...

Böyütmək üçün tıklayın
İlk reaksiya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovdan gəldi. Qərib müəllim köməkçisi vasitəsilə bizimlə əlaqə saxlayıb müsahibə verməyə razı olduğunu bildirdi. Ancaq nədənsə bir neçə gündən sonra bir də zəng edib dedi ki, müsahibə qalsın təxminən 10 gündən sonraya…

AKKREDİTƏSİZ DƏ MÜSAHİBƏ OLAR?

İkinci cavabı Xarici İşlər Nazirliyindən aldıq. Nazirliyin mətbuat xidmətindən iradları bu oldu ki, nazirdən müsahibə istəyirik, ancaq bəzi əməkdaşlarımızın nazirlikdə akkreditəsi yoxdur. Bir də sualları istədilər. Razılaşdıq ki, müsahibəni akkreditəsi olan müxbir götürəcək. Sualları da yazıb göndərdik. Aprelin 13-də aldığımız cavabda deyilirdi: «Nazir E. Məmmədyarovun iş qrafikinin gərgin olması ilə əlaqədar hazırda belə bir müsahibənin verilməsi mümkün görünmür».

PREZİDENTİN VAXTI YOXDUR

«Prezident İlham Əliyevin müsahibə verməyə vaxtı yoxdur».

Bunu Prezident Aparatı mətbuat xidmətindən Vahid Əliyev AzadlıqRadiosuna bildirib.

Prezident Administrasiyasının bir neçə şöbə müdirinə də müsahibə üçün müraciət eləmişdik. Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov aprelin 29-da AzadlıqRadiosuna göndərdiyi elektron məktubda yazır ki, «iş qrafiki ilə əlaqədar yaxın müddət ərzində müvafiq müsahibəni həyata keçirmək mümkün olmayacaqdır».

«GÖZƏL, TAĞI MÜƏLLİM DEYİR Kİ, YAP-A GƏLƏSİNİZ»

Ən orijinal cavab Bakı metropolitenindən gəldi. İdarənin məktublar şöbəsindən Ruhiyyə Allahverdiyevadan:

«Gözəl, Tağı müəllim məktubun üzərinə yazıb ki, sabah saat 11-də YAP-a gələsiz.

- Yəqin Tağı müəllim mətbuat konfransı keçirir, hə?

- Bu barədə məlumatımız yoxdur. Bir də ki, səninçün nə fərqi var?»

Ertəsi gün, aprelin 2-də Tağı Əhmədov YAP-ın mərkəzi qərargahında mətbuat konfransı keçirdi. Ancaq bir gün əvvəl AzadlıqRadiosunun «İşdən sonra» proqramına bir saatlıq canlı efirdə olduğundan
Böyütmək üçün tıklayın
YAP-ın qərargahına getməyə ehtiyac qalmadı.

RƏSİZADƏ, YA RƏSİ-ZADƏ? BƏLKƏ, RASİZADƏ? YOX, RASİ-ZADƏ!


Hə, 27 məktubdan 26-sı bir yana oldu, Nazirlər Kabinetinə göndərdiyimiz məktub bir yana. Həm mətbuat xidmətinin rəhbəri Akif Əliyə, həm də baş nazir Artur Rasi-zadənin (!) adına məktublar göndərmişdik. Əvvəlcə Akif Əliyə gedən məktub dala qayıtdı, mətbuat xidmətindən bir qadın əməkdaş da zəng elədi ki, «Akif müəllim bərk əsəbiləşib ki, adını düz yazmamısız». Məktuba baxdım, doğrudan da, son variantda səhvən «Akif Əliyev» gedibmiş, imzalayanda baxmamışıq. Bir də göndərdik. Bir gün sonra Artur Rasi-zadənin adına göndərilən məktub qaytarıldı ki, «Nazirlər Kabinetinin sədri yox, Baş Nazir yazılmalıdır». Düzəldib göndərdik. Aprelin 7-də sonuncu məktub bir daha qayıtdı, dərkənarla «Rəsi-zadə yazılmalıdır!»

Araşdırdıq ki, Nazirlər Kabinetinin saytında Artur Tahir oğlu Rasi-zadə yazılıb, bu saytdakı bütün informasiyalarda baş nazir belə təqdim olunur. Başqa mənbələrdə isə Rasizadə də yazan var, Rəsizadə də, Rasi-zadə də, Rəsi-zadə də.
Nə isə, eləmədik tənbəllik, məktubu 3-cü dəfə göndərdik. NK-dan üstündə «Təcli! Urgent» yazılmış məktub gəldi. «Alan şəxsin adı yenə düz yazılmayıb. Xahiş edirik bizə zəng edin». Göstərilən nömrəyə zəng etdik, bu dəfə dedilər ki, yox, baş nazirin soyadı Rasi-zadə göstərilməlidir. Deyəndə ki, sonuncu dəfə dediklərini eləmişik, ona görə Rəsi-zadə yazmışıq, dedilər yox,
Böyütmək üçün tıklayın
bu yəqin qasidin (!!!) işidir.

- Bir də ki, niyə bu məktubu hər dəfə göndərirsiz? Bir dəfə müraciət etdiniz, kifayətdir. Məqsədiniz nədir?

- Xanım, hər dəfə məktub qaytarılır ki, Artur müəllimin soyadını düz yazmamışıq. Bəs düzəldib göndərməyək?

- Yaxşı, bu dəfə də göndərin. Artur müəllimə məruzə olunar.

Məktub o gedən gedib, aprelin 8-də.

İQTİSADİ İNKİŞAF NAZİRİ MƏŞĞULDUR...

İqtisadi İnkişaf Nazirliyindən zəng elədilər ki, «nazir Şahin Mustafayevin bu arada iş qrafiki sıx olduğu üçün müsahibə hələlik alınmır». Əməkdaş onu da qeyd etdi ki, müsahibəyə imkan yaranan kimi bizə xəbər edəcəklər.

TƏHSİL NAZİRİNİN də

«vaxtının məhdudluğunu nəzərə alıb razılaşdırılmış müvafiq vaxtda
Böyütmək üçün tıklayın
müsahibə alınmasını məqsədəuyğun hesab edirik».

RABİTƏ NAZİRLİYİNDƏN

aprelin 8-də bildirdilər ki, nazir Əli Abbasov xarici ölkədə ezamiyyətdədir, ona görə də RİTN-in fəaliyyəti ilə əlaqədar konkret suallarımızı nazirliyin mətbuat xidmətinə təqdim edək.

...QALANLAR?

Dövlət idarələrinə məktubların göndərilməsindən bir ay keçir, «İnformasiya Əldə Etmək Haqqında» Qanuna görə, sorğumuza çoxdan yazılı ya şifahi cavab verilməliydi. 20 idarədən hələ də cavab yoxdur, qalır bir də zəng edib xatırlatmaq...

AVROPA ŞURASI DA AZƏRBAYCAN MƏMURLARI KİMİ

Avropa Şurasının Azərbaycandakı Xüsusi Nümayəndəsi xanım Veronika Kotekə də məktub yollamışıq, aprelin 20-də, ancaq başqa sualla:

«Avropa Şurası Parlament Assambleyasının prezidenti cənab Mövlut Çavuşoğlunun aprelin 14-də Bakıda siyasi partiya liderləri ilə keçirdiyi görüşün iştirakçılarının siyahısı hansı prinsiplə tərtib olunub? Müxalifət təmsilçilərinin görüşü Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə görə tərk etməsini necə şərh edərdiz?»

Görəsən, bu məktubun gözü çoxmu yolda qalacaq?
XS
SM
MD
LG