Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:26

Isa Hüseynov "CƏHƏNNƏM" (Roman)


İsa Hüseynov (Muğanna)

"CƏHƏNNƏM"

(ƏsƏr)

1. Fantastikasız fantastika

"Cəhənnəm" deyilən doğrudan da varmı, ya yoxdur? Varsa, ömrü onsuz da işgəncələr içində keçən insanı bir daha, özü də daimi əzaba salmağa hansı vicdansız yaradıcıya lazım olub?

Və ya cəhənnəm yoxdursa, bir para adamın dediyi kimi, "insanı bəd əməldən çəkindirmək, qorxutmaq üçün Din uydurmasıdır.

Elə isə bir ağıllı və məntiqi sual da doğur ki, əgər bu "qır qazan"lı, "Odabaşı"lı dəhşət həqiqətən uydurulmuş yalandırsa, "Mif"dirsə artıq iyirmi ikinci əsrə qədəm qoymuş "sivilizasiya"lı bəşəriyyətdə bircə nəfər alim-filan tapılmayıb ki, "Cəhənnəmin doğrudan da varlığını və ya "mif"liyini sübut etsin?! Bu qəbildən sual axtarsan yenə tapılar.

Mən isə, Cəhənnəmin varlığı, yoxluğu və sairə suallar üzərində düşünməkdən canımı çoxdan qurtarmışam və birbaşa deyirəm, var Cəhənnəm! Vaxtilə mərhum Muğannalardan eşitdiyim, sonra özümün, necə deyərlər, öz gözümlə gördüyüm əzab-işgəncə məkanını bütün təfsilatı ilə yazmağa hazıram.

Və yazıram, oxuyun. Şübhə yoxdur ki, Cəhənnəm haqqında həqiqət hamıya lazımdır.

Bünyad bəyin gözlərini əvvəlcə nazik yapışqanlı "leykoplastr"la, sonra qara lentlə niyə bağladılar? Maşında biri sağında, biri solunda ötürüb, neçə saatlıq yolda bir kəlmə də danışmadan gedib sərhədi necə keçdilər? - Bunlar Mazandaran meşəsində məlum oldu. Hadisə də, əslində, elə orada - meşədə başlandı: Bünyad bəy lap çoxdan görmədiyi agenti Qumralın səsini eşitdi:

- İqamətgaha gözü bağlı gətirildiyinə görə bizi bağışla, Bəy. Sənin istəkli "Bakirələr”iyin hamısı, o cümlədən mən, gözübağlı gətirilmişik buraya, getmək lazım gələndə də gözübağlı aparılmışıq. Parisə, Moskvaya İmamımızla görüşməyə aparılanda pəncərəsiz kupelərdə, ya da lap dar arakəsməli təyyarələrdə İmamızın özü ilə birlikdə o yan-bu yana getmişik, hardansa vertolyotla gətirilmişik bu meşə içinə.

İmamımızın məlumatlarını haradan-haraya, kimdən kimə apardığımızı bilməmişik.

Yalnız gecələr İmamımıza qulluq göstərmək lazım gələndə gözlərimiz işıq görüb. İnan! İncimə!.. Bizim hətta "İmam" kəlməsini dilimizə gətirməyə də ixtiyarımız yox idi, "Sahibimiz" deyirdik "İmam" əvəzinə.

Sahibimizin eyş-işrət iqamətgahı idi bu yeraltı ev. Hərdən vertolyotdan düşəndə bizə deyirdilər: "Moskva altı" meşədəsiniz. Sonra ağaclardan tanıyırdıq, bilirdik ki, yox, Mazandarandayıq. Deyirdilər: "Fransada meşədəsiniz", tək onda çaşırdıq. Sən daha belə çaşqın yaşamayacaqsan, Bəy. Sahibimiz rəhmətə gedəndən sonra mənə dedilər:

"Bundan sonra qonağın Bünyad bəy olacaq". Açığı, sevinmədim, Bəy. Çünki səndə çox qəddarlıq görmüşəm. Əmma indi daha "ixtiyar"ın məndədi. Görürsənmi, necə sərbəstəm, hətta gülürəm. Çünki "ispolnitel" mənəm daha, Bəy. Əmma qəddar olmuyacam mən. Əksinə, qulluğunda duracam, açığı, cavanlaşdıracam səni.

Arxadan kiminsə soyuq əli uzanıb, bəyin başının dövrəsindən qara, enli, qalın lenti çıxartdı. Eyni anda yenə Qumralın səsi gəldi:

- İncimə, bəy, incimə. Hara gətirildiyini dedim. Nə üçün gətirildiyini bil: yaxşıca cavanlaşdıracam səni burda ki, yüz on üç yaşdan sonra da işə yarıyasan. Sən yeganə müsafirsən ki, yüz on üç yaşında da kəşfiyyatçısan.

Çünki çox təcrübəli adamsan. Yer üzündə ikinci belə adam yoxdu, ola da bilməz... Sahibimiz səksən yaşında qocaldı.

Çox intizar çəkirdi, heç bilmirdi Moskvada hazırlanır, yoxsa Parisdə. İllər keçirdi, hakimiyyətə gəlməyə şərait yaranmırdı, lap partlayırdı kişi. Bir də, açığı, Bakirələrlə ünsiyyətə dözmədi. Sənə heç altmış, yetmiş yaş da vermək olmaz.

Bu sirri-xudanı açmaq mənə tapşırılıb. Sənin adi, sadə agent kimi tanıdığın bu alim zənən bu yüz on üç - yetmiş yaşlı adamın hissiyyatını qurdalamalıdı bir az. Gəl görək niyə bu qədər şəhvətlisən, gəl. Deyirlər itdə olur belə şəhvət.

- Nə?! Ay qız, sən nə danışırsan! - Bünyad bəy nədənsə qızarıb titrədi.

Qumral isə, əksinə, asta-asta gülüb, əlini qocanın üzünə çəkdi.

- Hirslənmə, Bəy. "İt" kəlməsi sənin bioqrafiyanla bağlıdır. Əmma açmıram o sirri, qorxma...

Türkiyədən Azərbaycana gedən "Boz qurd" batalyonları da "it" deyirdilər sənə, əmma heç incimirdin onlardan, çiyinlərindən düşməyən Kalaşnkov avtomatından qorxurdun, sonra tez-tez qonaqlıq verdin onlara, adını "Bəy" elədilər. O vaxt necə sevindiyin yadındıdımı?

Axı, sən doğrudan da Bəysən. Adın da Bəydi, özün də. Bəlkə elə köhnə bəyliyindədi şəhvətin sirri? Qarayazı meşəsində, Qarasu deyilən yerdə qunduzlara - itlərə arpa yedirdə - yedirdə, hər gün gecə gedirdin Muğanlı kəndinə, hansı Muğanna haradadır, nə işlə məşğuldur, necə öldürmək olar ki, səsi çıxmasın?

Bəy qıza çəpəki baxırdı.

- Sən bunları hardan bilirsən, ay qız?!

- Vaxtı çatanda biləcəksən, Bəy. Tələsmə. Sən, necə deyərlər, ovcumun içindəsən, Bəy. Bakirələrdən hərəsindən bir az-bir az eyş-işrətdən başqa heç nə görməmisən sən bu həyatda. Düzdü? Ömrün kəşfiyyatda keçməyibmi, yazıq Bəyimiz!

Deyirsən bəlkə kəşfiyyatçı həyatının mərhumiyyətləri hərisləşdirib səni, bu sinnində bakirələrlə bir yerdə olmaq keçib könlündən? Sahibimizin canı üçün lap yazığım gəldi sənə. Mənim təklifimdi bu - bakirələrlə birgə olmaq, hüceyrələrini diriltmək. Hə! Elə bilirsən dirilməz? - Qumral elə gülürdü: - Özüm dirildəcəm ölmüş hüceyrələrini! İndiki şəhvətin birə-beş artacaq!

Bayaqkı soyuq əl yenə arxadan uzanıb Bünyad bəyin gözlərinin üstündən ikinci qara, zərif "leykoplastr"ları qopartdı, kandarın arxasındakı qara pərdəni kənara çəkdi və Bəy, Sahibinin iqamətgahını gördü və heyrətdən qurudu.

Sahibinin bu gizlin eyş-işrət iqamətgahı onun - Bünyad bəyin min doqquz yüz iyirmi üçüncü ildə "İran"la "Rusiya" (daha doğrusu, Şimali Azərbaycan) arasında sərhəd bağlananda tərk etməyə məcbur olduğu batin İsmaili iqamətgahının bir hücrəsi idi.

Vaxtilə "verbovat" olunanda bakirələrdən qaradinməzliyi ilə seçilən Qumral indi heyrətli dilli-dilavər, həm də bir növ mədəni və qəribə gənc olmuşdu.

Qumral elə bil onun fikrini duydu.

- Təəccüblənmə, bəy. İyirmi üçüncü ildən indiyə qədər Bakının məscidlərindən, Lənkərandan, Astaradan, Cəfəri müridlərinin əllərilə yığıb göndərdiyin qızıl, bu hücrədə hər şey, olduğu kimi durur, mən özüm də! Bəli! Özüm də! Bunun sirrini də sonra biləcəksən... qızıllardan lap az bir qismi inqilaba xərclənib. İslam inqilabını əslində SSRİ öz xərcinə elədimi?!

Şimali Azərbaycanla Cənubi Azərbaycanın arasını həmişəlik kəsmək, Bakı, Xəzər neftinə sahib olmaq üçün SSRİ qızılı təyyarəylə daşıyırdı. Sahibimiz buradakı qızıldan lap cüzi qismini bakirələrə verirdi, vəssalam. Bakirələrdən hamısı elə məntək kübarlaşmışdı.

Gördüyün kimi, əşyalardan da kübarlıq yağır. Nə istəsən, verəcəm. Sən Sərvinazı Muğanlının o Türmən deyilən yerində tutub o dünyaya göndərmisən. Bəli, bilirəm, Bəy! Bakirələrin səni yaxşıca cavanlaşdıracaqlar. Çünki hamısı bax beləcə məntək cavan, təravətlidirlər.

Niyə? Deyəcəm hər şeyi! Gəl, Bəyim, gəl! Sahibimizin xidmətində olan qızlar kimi, adım elə Bakirədir. Burda türklərimizin içində Qumral olmuşam.

Bünyad bəy içəri keçdi.

Hücrədə hər şey, o cümlədən alçacıq təam stolu, təxtxabın ipəkləri, hətta balınc da tünd qara rəngdə idi. Qumralın qumral üzü, badamı gözləri ən müasir diskoteka lampalarının titrəşən "işıqlarını əks edib içəridən şölələnirdi. Bünyad bəy maşında nə qədər silkələnib əzilsə də, bir necə andaca dirçəlib bu sifətin şöləsinə qapılıb daha heç nəyə diqqət yetirə bilmədi. Ətrafında hər şey dumana büründü.

Qumral elə bil qocanın fikrini oxuyurdu:

- Hə... səndə günah yoxdu, Bəy. Necə ildi o meşədəki "Zversovxoz"da1, itlərini yemləyə-yemləyə zənən üzü görməmisən. Elə ona görə demisən ki, istefaya gedənlərə pul verməyin siz, tovrişşi, mən zənənlərlə işləyəndə dirilirəm.

Qumralın köksdən gələn sehrli səsinin hərarəti qocanı vururdu. Yaxınlaşanda, əzabkeş, üzgün Bəy bu yaxınlıqdan od alıb alışdı. Sinəsi qabarıb - enib dalğalandı. Ağ, ipək saqqallı, zərif üzünün gözəlliyi ilə o qədər də uyuşmayan nəhəng, sümüklü, kobud əlləri Qumralın şabalıdı ipək saçları üzərində titrəyib, zərif, uzun boynuna, çiyinlərinə, sonra gərdəninə endi. Yüz on üç yaşlı quru sümük əllər deyildi daha bu əllər, acıxmış şir pəncələri idi.

Əmma Qumralın silahı daha güclü idi. Bu silah onun müdrik sakitliyi idi.

- Tələsmə, ey səksən pud qızıl sahibi!.. Düz səksən pud qızıl var burda, lap cavanlaşaqsan, Bəy. Əmma qızıl görüb qızıl ilana dönən Bəyimi xəbərdar etməliyəm ki, eyş-işrətlə bahəm Bakirə Qumraldan həm də dərs almağa göndəriblər səni. Bəli! Təəccüblənmə!.. Sonra biləcəksən necə dərsdi bu dərs. SSRİ çekistləri arasında çekist dərsi. İran siyasiləri arasında polis dərsi almısan.

Yadına sal, Peterburqdan Bakıya, ordan da uyezdə göndəriləndən bəri kimlərlə işləməmisən! Artistlər arasında artist Bəyim, mollalar arasında molla Bəyim, inqilabçılar arasında inqilabçı Bəyim ömrünün son illərini meşədə Zversovxozda itlərin arasında yatıb kobudlaşıb, elə yetişən kimi əlini aşağı atır!

Bəlkə zversovxozdakı o zverlərdi səndəki şəhvətin sirri, bəyim? Bayaq da eyham vurdum. Bir az da açıq deyim.

Açıq danışıram. Zversovxozda su itlərini yemləyə-yemləyə murdar¬laşmışan!

Saflaşmağa göndəriblər səni bu iyirmi altı yaşlı alim zənən yanına. Təəccüblənmə! "Verbovka" vaxtından çox keçsə də, yaşım artmayıb. Bunun üçün xüsusi şərait var. Vallah, billah, Bəy. Düz iyirmi altı yaşımdayam! Vaxtı çatanda deyəcəm bu nə sirri - xudadı. Hələlik sirlərlə culğalanmalısan sən. Nəhayət, mən bunu da deməliyəm ki, nə Qumralam, nə də Bakirəyəm mən.

Sənin Qumralıyın eyni olan tamam başqa bir zənən dərs deyəcək sənə, Bəyim. Onda özüm kimi adım da dəyişək. Uzaq yoldan gəlmisən. Öz təcrübəmdən bilirəm, maşında beş-altı saat fasiləsiz yol gedən adamın beyninə uğultu düşür, qulaqları tutulur. Çalış dediyimi eşit, bəyim. Təkrar edirəm, nə sahibimizin Bakirəsiyəm mən, nə də sənin Qumralın. Eyni zamanda həm Bakirəyəm, həm də Qumral. Özüm kimi adım da dəyişəcək. Əmma həqiqi adım başqadı. Özüm də başqayam, Bəy. Sən bir yaxşı-yaxşı bax mənə, sənin Qumralıyın kopyası olan tamam başqa zənən deyiləm?!..

Bünyad bəy baxıb-baxıb başını bulada və nəhayət dilini tərpədib:

- Yox... sən Qumralsan. Allada bilməzsən məni, - dedi.

Qumral qumrov kimi gincildədi - güldü.

- Sən Qumralı verbovat eləyəndə neçə yaşı vardı onun? On altı? Mən də elə o yaşdaydım o vaxt. Əmma gör neçə il keçib? Hesabladın? - qırx olmalıdı, düzdü? Mən başqayam, Bəy. Xüsusi dərs keçmişəm: siz kimilərə dərs demək, pozğunluğunuzu pozmaq, əxlaq saflığı vermək! Çox çətin işdi bu, Bəy. Əmma bacarıram.

- Köhnə əhvalat olsa da, məntək onlarla Bakirəni verbovat eləyən "master jenskix del" Bünyad bəy bilməlidi ki, biz çoxduq o vaxt. Verbovat günü dedin: "hamınız soyunun, mən soyunuram". To yest "doloy stıd" Bu bir. İkincisi, "mənim kliçkalarımdan biri "Qızıl ilandı", ikincisi "Çax-çuxdu (alverçi), üçüncüsü - “hökmdar". Yəni mənə tabe olmayanı qızıl ilan kimi çalıram, ikinci, alverçi hökmən alladır, üçüncüsü, hökmdarın hərəmi olur. Siz mənim hərəmimsiniz".. Sonra dedin "kliçkalarınızı özünüz deyin. Düzdü?

Unutmusan. Bu, əlbəttə, qocalıq əlamətidi. Əmma eybi yoxdu, bu düzələcək!.. Yadına salıram. Bundan sonra Furak de mənə. Hind qızı Furak. "Qumral desən, bağımın meyvələrinin hamısı zəhərli olar. "Bakirə" desən, bağımın meyvələri lap zəhri-mar olar. Yəni bədrəftarlıq eləyərəm ha!

Bünyad bəy özünü itirmişdi.

Qapıya tərəf baxıb, bayaqkı, soyuq əli xatırlayıb, barmaqlarını gözlərinin kənarlarında soyuq yapışqanlı yerlərə sürtdü. Ömrünün yarısından çoxunu bir-birindən mürəkkəb kəşfiyyat işlərində keçirmiş, qorxu bilməyən "SSRİ çekisti, İran siyasisi" indi nədənsə üşürgələndi.

- Öldürülməyə gətirilməmişəm mən. Bunu bilirəm. Elə orda da öldürərdilər... Sarsılmışam. Çox qocalmışam. Əmma hələ xeyir verə bilərəm. Beş-altı ay dincəlməyə ehtiyacım var... Sən "Bakirə" mənim agentimsən. İmamımıza xidmət eləyəndə "Qumral" olmusan. Bəs "Furak" kimindir?

Furak, qəribə bir sual verdi:

- Üçüncü dünya müharibəsi neçənci ildə başlanıb, Bəy? İkinci dünya müharibəsi hələ qurtarmamışdı. Stalin Çörçili "Ərəb dünyasının yeni renessansı" ilə qorxudub İsrailə müstəqillik aldı. Bunu təsdiq eləyirsən?

Bəy üzünü turşutdu:

- Məni xatirələrə çəkmə!

Furak, inadla:

- Lazımdı bu söhbət, bəyim! Lazımdı! - dedi.

- Mən sənə lap açıq, lap çılpaq danışmalıyam, bəzi həqiqətləri olduğu kimi deməliyəm. İsrail üç sverxderjavadan (SSRİ-dən, Amerikadan, İngiltərədən) gizlin silah aldı və dərhal Fələstinlə müharibəyə başladı. Sən o vaxtdan Rusiyanın bilavasitə dərsi nəticəsində etnik xəstəliyə tutulmusan, təhlükəli saydığınız "Muğ"ları qırırsan, bəyim. Buna etirazın yoxdu ki?

Bünyad bəy təəccüblə dedi:

- Sahibim də, sən "Qumral və sairələri də Sovetə xidmət eləmirdinizmi?

Furak ciddiləşdi.

- Biz hamımız bilirik ki, Stalin Qretsiyanın köhnə kəşfiyyatçılığından sonra Vatikanın ixtiyarına keçdi. Vatikan isə, bilirsən ki, bütün planetdə Yevreyin kökünü kəsmək üçün dünya müharibələrini biri-birinə çalayır. Düzdü bu?

Bünyad bəy başını endirdi.

- Düzdü. Sonra?

- Biz bunu da bilirik ki, İran inqilabı da "müsəlman" adı altında yaşayan Cənubi Azərbaycan, Şimali Azərbaycan, Əfqanıstan, Pakistan, Hindistan, Orta Asiya və başqa yerlərdə Yevreyi qurmaq üçündü. Düzdü?

Bünyad bəy bir qədər əsəbiləşdi:

- Bu nə söhbətdi?

Furak yenə müəmmalı idi:

- De görüm, Sahibimizin Yevrey olduğunu səndən, məndən başqa bilən var?

Bünyad bəy bir az düşünüb:

- Yoxdur, dedi, - ancaq russkoyazıçnı yevreylərdən bilən var. Yevreylər isə, bu müharibə bizim qələbəmizlə qurtarandan sonra açıq deyə bilərlər ki, üçüncü dünya müharibəsini Vatikan başlasa da, Yevreylər indi Vatikanı əllərinə alıblar. Etnik məsələ çıxıb ortğalığa, bütün planet elə Yevreylərdən ibarətdi. Ümumi çaşqınlıq yaranıb. Köhnə "Midiya" - Bağday, indiki Azərbaycan Vaşinqtonla Moskvanı, Çini, İranı, hamını inandırır ki, planetdə düşmən ayrıılıqlar yaranıb. Məni, görünür, köhnə işçi kimi ruhən rahatlayıb, fikrimi təzələyib, yenidən istifadə eləmək istəyirlər. Bu, deyək ki, aydındı, sən özün danış, düz! Birinci, aydın, sərrast qandır, necə cavan qalmısan? İkinci, təhrif "Muğ" sözü işlətdin, niyə?..

Niyə Bağ demədin? Üçüncüsü, İmamımın Qumralı, mənim agentim, Stalinə, Xruşşova, Brejnevə xidmət eləyibsə, bəs bu Furak nədir?!

Furak gülürdü.

- Səni diriltməyə göndəriblər iqamətgaha, ya yox?

Bünyad bəy köksünü ötürdü.

- Qumral Zversovxozdan gedəndən sonra zənən üzü görməmişəm. Dedilər, inandım ki, doğrudan da "massaj"a göndərirlər. Axırıncı dəfə soruşuram, "Furak" kimdir?

Furak:

- Sahibimizin özü dərs alıb məndən. Bəli! Lap körpə idim o vaxt. On altı yaş! Sahibimiz gəldi, dedi: "Gecələr ilanlar yeyir məni, həşərat qaynaşır canımda. Sabibini xilas elə, "Bakirə balam". Soyundu, uzandı təxt xaba.

Dedim: "İlanları, həşəratı Axirətdən göndərirlər, ya sahib. Mənə toxunsan, məni də ilana çevirərlər. Qorx məndən". Yazıq bilirmiş OdAğÜz BağÖdərdən necə göndərirlər bura o canlı işıq ilanları, həşəratı, cin-şəyatinləri. Başına gəlibmiş. Qorxma, sənə elə işgəncə verməzlər OdAğÜzdən, bəyim. Sənin dərsin başqadı... Yazıq sahibimiz qalxdı, geyindi, əllərimdən öpdü, diz çökdü qarşımda. Dedi: "Aşiq oldum sənə, Bakirə balam! Sən birinci zənənsən ki, yaxşılıq elədin, İmam nüfuzundan sui-istifadə eləmək əvəzinə, eşq verdin mənə".

Yer üzündə xoşbəxtlik üçün işıq bəxş olunub insana, bəyim. O işıqdan - eşqdən xəbəri yoxdu insanın. Ehtirasın sehrinə qapılıb, vəhşi ehtirası eşq zənn eləyir. Aldanır. Yanıb məhv olur. Diqqət yetir, gör nə danışır sənin Bakirən - Qumralın! Bozqurdlar, Cəbhəçilər Arazın şimalında hakim olandan sonra, bilirsən ki, çox dağıntılar eləyiblər orda, millət tamam lütlənib.

Türkiyəyə, buraya axın başlanıb, çörək dalınca gələnlərin arasında bizim "Bakirə"lərlə işləyən ruslar da var. Saçlarını boyayıblar, türkdən seçilmirlər. Sahibimizin canişının tapşırığı ilə əvvəlcə bura - mənim yanıma gəlirlər. O qədər adamın arasında bircə nəfər də ləyaqətli kişi görmədim, Bəy. Təsəvvür eləyə bilməzsən nə qədər əzab çəkmişəm hər birini insan sifətinə salmaq üçün... Sən xoşbəxt adamsan, Bəy. Bu yaşında səni də göndəriblər mənim sərəncamıma. Rütbəcə indi mən səndən böyüyəm, Bəy. Diqqət yetir, deyirəm xoşbəxt adamsan sən.

Əgər məndən dərs almalısansa, demək, hələ də nə isə çox məsuliyyətli, şərəfli işə göndərəcəklər səni... Min doqquz yüz altıncı ildə nə iş görmüsən bu tayda? Lap qədimlərdən "Türkə-EvƏrEyə - Yevreyə düşmən olan Asorulardan ibarət dəstələr toplamısan, İranda dərs demisən, hazırlayıb, silahlandırıb keçirmisən Şimali Azərbaycana, guya Ermənidilər. Erməni - müsəlman davası başlamısan. Sənin həyatın, nümunə¬vi fəaliyyətin haqqında danışırdım mən burda, deyirdim öyrənin o kişinin təcrübəsindən.

Məhz onun işi sayəsində Türkün - "Yevrey"in - EvƏrEyin başı qarışdı milli ədavətə, Rus yeridi doldu Azərbaycana. Yoxsa bu gün biz burda belə sərbəst işləyə bilərdikmi?! Belə bəxtəvərsən sən, Bəy! İndi, necə eləyərlər, bil və agah ol, yüz on üç yaşında ikən yeni-yetmə oğlan eləyəcəm səni. Bəli! Burda eşq yolundasan sən. Keç, yuyun, paltarını dəyiş, dincəl, başlayaq. Nəyə? Eşq dərsinə! - - Qumral qumrova dönüb, cingildəyə - cingildəyə bəyi soyundurub, hücrədən dala açılan qapıdan o yanda ilıq, ləzzətli hovuza itələdi, öz əli ilə çimdirib, öz əli ilə qurulayıb, yumşaq ipək xalat geyindirdi.

Alçacıq, dəyirmi stolun üstündə çay buğlandı.

Qumral elə ötürdü:

- Eşq yolunda tələsməzlər. Nizami deyir: "Elmin yolu tükdən də incədir". Eşq qışqırmır, sakit, rəvan danışır. Susur, dinləyir. Elmin sozünü kəsmir. Nizami deyir: Mənim eşq bağımda meyvə çoxdu. Meyvənin acısı var, şirini var. Zəhərlisi, zəhərsizi var. Hər bir nemətin dadına baxmalısan”.

Bəy nə yediyini, nə içdiyini bilmirdi. Gözəlliyin sehrindən gözləri dumanlanırdı.

Qumral qolunu Bəyin boynuna doladı. Susuzlaqdan yanan torpaq yağışdan necə yumşalarsa, qocanın qaysaqlı, quru dodaqları da eləcə yumşaldı, titrəyib, Qumralın dodaqlarına yönəldi. Əmma yenə də qəribə, sakit təbəssümlə qarşılaşdı.

- Bir iqlimdən başqa iqlimə düşəndə çox yeyən adamın məcazı pozulur, sonra heç nə yeyə bilmir, Bəyim. O taydan, zversovxozdan gəlmişən sən. Mən istəməzdim ki, Mazandaran meyvəsi Bünyad bəyin məcazını pozsun və Bəyim eşq hücrəsində xəcalətli olsun. Hələlik bu əlim, qolumdur eşq bağının meyvəsi. Nemətini bəyəndinsə, səbr elə, iqlimə alış. Əgər dərsimdən bəhrələnsən, Cənnətə düşəcəksən.

Yumşalmış torpaq həlim yağış çisəyindən necə bəhrələnərsə, Bünyad bəy də elə bəhrələndi: zərif gözəlin şadyanalığından sevinib, qəhqəhə çəkdi.

- Ümidvaram ki, qaçmaram, Bakirə balam! Razıyam səbr eləməyə. Əmma unutma ki, belə işdə qocalar səbirsiz olurlar. İqlimə alışmağım çox çəkəcək?

Qumral bu suala cavab əvəzində tamam başqa sözlər dedi:

- Sən məni tanımırsan, bəyim. Bakirə deyiləm mən, Qumral da deyiləm. Nizami Cəncəvinin yaratdığı Furak adında hind qızıdı bu danışan.

Bünyad bəy diksindi.

Bəy bir qurtum çay içib çeçədi.

- De görüm bu "Furak" kimə xidmət eləyir? Başqalarına işləyirsənsə, bu hovuzda boğaram səni!

Furak sakitcə soruşdu ki:

- Sahibimizin agenti Bəy Buşa xidmət eləyərmi? Daimi nəzarət altında, Buşa xidmət mümkünmü?

Bünyad bəy sözün sonrasını gözlədi.

Furak dedi:

- Heydər Əliyevə satılaram?

Bünyad bəy, qaş-qabaqlı:

- Lazım gələndə çox şey olur, - dedi.

Furak, bir qədər düşüncəli:

- Bu müharibə, bilirsən, etnik məsələ üstündədir, - dedi. - əgər bütün planet EvƏrEy - "Yevrey", ƏrÜz - "Rus" və sair ÖdƏrlərindən ibarətdisə, bu Odər xalqı özünü niyə tanımır, elə döyüşür? Dildi səbəb, dindi, ya nədi?

Bünyad bəy çaşqınlaşdı.

- Məni deyəsən doğrudan da boş-boşuna göndərməyiblər sənin yanına.

Furak əlini bəyin əlinin üstünə qoyub sığal çəkdi:

- Afərin, Bəy. Lap ilk söhbətdən dəyişirsən. Bilirsən ki, mən Xızıda böyümüşəm. Və bilirəm ki, "Xız" sözü olmayıb. Babalarımız AğÜz olublar. Bağdayın indiki "Qazax" mahalı içində olan, köhnə AğÜz vilayəti hətta Türkiyə ərazisini də əhatə eləyib vaxtı ilə. Düzdü? Sən axı yaxşı bilirsən "Midiya" - Bağday tarixini. De görüm bu tarixi bilən AğÜz (xızı) Odərləri ilə "Yevrey" Odərləri arasında heç bir fərq olmadığını bilən adam, keçmişdə vətəndən tərik düşüb "Türk" adlanan bədbəxtlərimiz keçmişdən niyə ƏrÜz - "Rus"la yola getmir?

Bünyad bəy nədənsə birdən-birə qəmli görünürdü.

- "Rus" EvƏrEy Türkün əleyhinə döyüşməz. Türk özü EvƏrEyi tanımır.

Furak dik qalxdı.

- Bəs sən niyə döyüşürsən, ay yaramaz Bəyim?! Sən qəsdən burda - İranda Bağ adı ilə yox, "Muğ" adı altında yaşayanlarımızı niyə qırmısan?

Bəy qururla:

- Sovet kəşfiyyatçısıyam mən, kommunistəm. Antitürk tərbiyələnmişəm - dedi - Mən kin mücəssəməsiyəm.

Furak yenə duruxub, adi səslə:

- Elə isə, özün de görüm, sənin Qumralın ikən dəyişib Furak olan bu qız kimindir?

Furak sözünü tamamlamaq üçün yenə əlini Bəyin əlinin üstünə sürtdü.

- Dediyim dərs böyük, əxlaqi siyasi dərsdi, incimə. Nizaminin "Xəmsə”sini oxumusan sən. Yadındadımı "həft peykər"də Hind gözəli Furak Bəhrama necə dərs deyir?

Bünyad bəy düşünmədən:

- Nağıl danışır, - dedi. - Bir naməlum şəhərdə naməlum bir qəssabın danışdığı nağılı danışır Furak.

Furak qımışdı.

- Nədi o nağıl?

Bünyad bəy çox könülsüz hüdülədi:

- Padşahla rəiyyətləri yas içindədilər. Səbəbini gizlədirlər. Padşah bir səbətə minir, Simurq quşunun caynağında uçur gedir İrəmə, yəni Cənnətə. Türk qızı Türknazla keyf çəkir, qayıdır, qara geyinir. Sonra məlum olur ki, ölkənin bütün kişiləri elə uçublar İrəmə, qayıdıb qara geyiniblər. Arvadlar ha soruşurlar, padşah kimi, o birilər də heç nə demirlər.

Budur nağıl. Niyə danışdırdın mənə bu nağılı? Qəsdin nədir?!

Furak qımışdı.

- Həft peykər"dən Bəhramı, Furakın nağılını möhkəm saxla yadında, Bəy. Lazım olacaq. Ola bilər ki, sən də qara geyinəsən.

Bünyad bəy haldan hala düşürdü.

- Sən ki. lap adi bir agent idin, sadə bir zənəndin, necə mürəkkəbləşdin belə birdən-birə, Qumral?! Niyə bu qədər gənc qalmısan?! Səbəbi nədi bunun?! Bircə bunu izah elə!

Furak təmkinlə:

- Sənə dedim, "Qumral" desən bağımın meyvələri zəhərli olacaq, Bəy, - dedi. - Gənc qalmağımın sirrini də dərs qurtarandan sonra biləcəksən.

Bünyad bəy daha dözmürdü.

- İçirt zəhərini! Aç sirrini!

Furak dedi:

- Sirrim də İrəmdədi1, zəhərim də, İrəmə uçacaqsan, "Səbət"də yox, işıq gəmisində. Nizami farsca yazırdı, bilirsən ki, "Səbət" yaza bilməzdi. Onun rəmzini anlatmaq üçün kəlməni türkcəyə - OdƏrcəyə çevirməlisən. Ən məşhur "Səbət" sözü, elə "səbət" mənasında anlaşılır. Burda - Azərbaycanda gərək ÖdƏrcəyə çevirəsən: "Səbət" ƏsEvOd (Yaradan evin həqiqəti). Bu dəfəki həqiqət adicə İşıq gəmisidir. ƏsEvOd - SimƏrAğ, belədi gəminin adı.

- Nə?! - Bəyin rəngi dəyişdi - Məəttəl qalmışam, harda, necə belə mürəkkəbləşmisən sən! Dilini qanammıram! Heç qanammıram ey, heç!

Furak dedi:

- "Adi bir agent, sadə bir zənən" kimi görünüb, lazım gələndə əsl üzünü göstərən adi, sadə razvedçikəm, Bünyad bəy! Bu "Xız"ı - AğÜz qızı sənin pişiyini ağaca dırmaşdıracaq bu gün.

- Unut bu münasibətdə dumanlı razvedçik zarafatlarını! İsti xörək ver bir az!

Furak duruxub, birdən güldü:

- İrəmdə mərhum arvadın Sərvinazın məclisində Cənnət təamları yeyəcəksən, "Hökmdar".

Bünyad bəy heç nə anlamırdı.

- Qurtar dedim bu zarafatları! Nə Cənnət?! Öldürülməyə gətirilməmişəm mən. Sözünü de! Şərtini de! Əmma nəzərə al: Sovetlərdən, Rusdan dönmərəm mən. Antitürk antiyevreyəm! Bəli! Yevrey özü də antisemit ola bilər? EyOd OdƏri, Bağ Oğlu Bağı Kesara satan İudayam! "Sarı inəyə"1 inanıram. SarUnEy EvƏrimə - Avrama yox! Qızıla inanıram, qızıla.

- Qəzəblənmə, Bəyim, mən gəmi barədə danışıram, sözün əsl mənasında işıq gəmisinə minəcəksən. Simurğ quşunun caynağında yox. ƏsEvOd - SimƏrAğ gəmisində uçacaqsan!

Bünyad bəy fikrə getdi, ofuldanıb:

- Əgər bu doğrudan da ciddi söhbətdirsə, onda "gəmi" Buşun təyyarəsidi, Cənnət Amerikadı, mərhum arvadım Sərvinazla huriləri isə, şübhəsiz, məndən ayrılmış Qumralımla birlikdə Buşun agent stüardessalarıdı.

Buşunkusan, ya yox?!

Furak başını buladı.

- Yox, Bəy, yox. Məni, səni ayrılmağa qoymazlar. Furak kliçka deyil, həqiqi adımdı. İnan, bəy! Sahibimizlə kəsdiyim çörəyə and içirəm, açacam sirrimi, hər şeyi biləcəksən. Hələlik həqiqət budu ki, həqiqi işıq gəmisinə minəcəksən. "Neopoznannıy letayuşiy obyekt" deyilən şeyi min yerə yozurlar. Əslində, planetlərarası gəmidi. Çoxdandı bu, Bəy, lap Ulu Bağ ƏsƏl Mənin - "Solomon"un zamanındandı! "Xalça” deyil! "ƏsEvOd -SinƏrAğ" adında işıq gəmisi gözləyir səni. Planetə uçacaqsan! "Həft peykər"də İrəm adlanan planetə! "İrəm" deyil dedim. Əslində Ağdı planetin adı, yəni işıqdı. AğaƏr də deyərmişlər əvvəllər, indi "Ay" deyirlər, Ağ əvəzinə. Bilirsən axı sən bunu. Ölən insanın "Ruh"u - ƏrAğı əvvəlcə oraya gedir. Bilirsən ki, gedib Ağa çatana qədər bədən lazım olan elementlərlə dolur "Ruh" - ƏrAğ, insan lap qısa müddətdə yenidən yaranır! SafAğ Elminin bu adi həqiqətini bilmirsənmi sən?! Mərhum arvadın Sərvinazı görəcəksən, Bəy!

Bünyad bəy yenə üşürgələndi. Sonra qəzəbdən canı alovlandı.

- Bəsdi! Bəsdi! Sözünü de! Qurtar! Nə tələb olunur məndən?!

Furak çox səmimi, köksünü ötürdü.

- Nahaq inanmırsan, Bəy. Çıx, minək maşına, gedək "Həft peykər"dəki o yas içində olan şəhəri də öz gözünlə gör. Sonra "İrəm" planetini də, arvadını da.

Bünyad bəy tamam bezikib qapıya tərəf baxdı.

- Çıxırıq?! İndi?! Çıxırıq?!

Furak ayağa qalxdı.

- Çıxırıq və gedirik ora! - dedi.

Bünyad bəy səfərin məhz Amerikaya səfər olduğuna şübhə etmədən, köksünü ötürüb, qapıya yönəldi. Əmma qara pərdədə oynayan diskoteka işıqlarını görüb, istər-istəməz dönüb, Qumralının gözəl üzündə oynayan işıqları da görəndə ayaq saxlamaya bilmədi.

- Əcəb diriltdin məni! Belə səfər vardısa, bəs "eşq dərsi" - zad nədi?!.. Acından ölürəm!.

Furakın elə bil qocaya yazıbı gəldi.

- Eşq dərsi davam edir, ey əzabkeş Bəyim. Mən vaxtı ilə sənlə çox loru danışardım, Zversovxozun yaxınlağındakı Muğanlı cəmaatı kimi, sadə, loru... İndi tərgitmişəm o danışıq tərzini. Gör necə sözlər deyirəm. "Mən, sən Bünyad bəyə həqiqətən Eşq, əxlaq dərsi demək, səni yeni-yeni sınaqlara hazırlamaq üçün göndərilmişəm. Hardan? Biləcəksən! İnan mənə! İnan ki, cənnətə aparıram səni. Diriləcəksən, ey yazıq "Rus" çekisti, İran siyasisi!

Bünyad bəy indi çox diqqətlə dinləyirdi.

- Yaman dəyişmisən, Qumralım - dedi, - Qarayazı meşəsində, Zversovxozda o murdar qunduz itlərə yem verə - verə planetin siyasətçilərini barmağına dolayan Bünyad bəyi barmağına dolamısan. "Məcazın pozular!", "Mazandarandan qaçmalı olarsan!", "bağından" bir dənə də "meyvə" verməmiş Amerikaya aparırsan məni!

Furak, sakit sərtliklə:

- Çıxaq! - dedi.

Mazandaran meşəsinin qaranlığı daha da qatılaşdıran sıxlığında həmin soyuq əl Bünyad bəyin başına torba keçirdi, biləyindən yapışıb maşına basdı.

Aç, susuz üzgün qoca nə qədər yol getdiyini bilmədi. Elə hala düşdü ki, hətta maşından necə düşürüldüyünü də hiss etmədi.

Hündür gil suvaqlı divarlardan, çaylaq daşı ilə döşəli səkilərdən başqa bir həyat əlaməti olmayan darıxdırıcı bir aləmdə, səhərin alatoranında tünd qara geyimli, solğun bənizli, kədərli susqun kişilər, qara çadralı, qəmli, susqun qadınlar göründülər. Bir az o yanda bacaları tüstülənən, zavoda, fabrikaya oxşar uzun bir binaya doğru tələsirdilər.

Bu mənzərə Bünyad bəyə tanış idi. Hardan? "İran" olmağına bura, şübhəsiz, "İran" idi. Bəs adamlarına sifətləri niyə bu qədər dəyişmişdi! Bom-boz üz! Bom-boz saqqal!..

Bünyad bəylə ağ örpəkli Furaka diqqət yetirmədən dərd, ələm içində getdilər.

Bəylə Furak ikinci küçədə də həmin geyimdə, həmin əhvalda adamlarla rastlaşdılar, üçüncü küçədə də.

Furak hərdən nə isə deyirdi.

- "Həft peykər"dəki şəhər, bax, buradı.

Bəy eynilə hücrəsini görəndə olduğu kimi, heyrətdən qurumuşdu. Birdən:

- Bu ki İsfəhandı, ay qız, - dedi.

Furak yanğılı idi.

- Bəli, Bəy. "Həft peykər"dəki o yaslı şəhərdi. Nizaminin təsvirindəki İsfəhanla indikinin fərqi nədi, Bəy? Neftdən gəliri var fundamentalist qəddarların, bəzi mərkəzi şəhərlərdə maşın çoxalıb, zahiri sivilizasiya var.

Öz EvƏrEy qardaşlarına - Türkə münasibət isə əvvəlkindən də pisdi! Qısası, qaragüruh hakimiyyətidi! Din hakimiyyəti! İran Vatikanla "Rus", Türkiyəylə ərəblərin arasında strateji baza kimi çiçəkləndirir bu qansızları! Mən bilmirəm, sən, dünya görmüş beynəlxalq kəşfiyyatçı necə dözürsən bu zülmə! Ayıldacam səni, Bəy!..

Bir az da gedib şəhərdən çıxanda gəmini görəcəksən. O gəmidə uzaqbaşı yarım saata İrəmə uçmaq olar... Hələ bu bədbəxtlərə bax. Bütün ölkə beləcə yas içindədi. Din hakimyyəti anaxronizmdi! Qala bilməz belə!

Bünyad bəy maraqlanmışdı.

- Quruluş dəyişəcək?

davamı
XS
SM
MD
LG