Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:27

"Yad dildə" gəzişmələr


Kənan Hacı
Kənan Hacı
Tənqidçi Kənan Hacı bu yazısı ilə Pərviz Cəbrayılın "Yad dildə" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.

Kənan Hacı


"POLİSLƏR ONUN KİM OLDUĞUNU BİLMƏSƏ DƏ, GÖYƏRÇİNLƏR BİLİRDİ..."

"Yad dildə" gəzişmələr

Mənim çayxanada oturmağa heç hövsələm çatmır, belə yerlərdə vaxtın ölümünü fiziki cəhətdən öz hüceyrələrimdə belə hiss edirəm.

Çayxanalar bir vaxtlar azad mətbuatı əvəz edirdi, ədəbi mühitin nəbzi bu çayxanalarda döyünürdü. Filarmoniyanın bağındakı Vahid poeziya evi sonuncu nəfəslik idi, onu da qapadılar.

İndi hər dəfə Pərvizi "Azərbaycan" nəşriyyatının dördüncü qatındakı yeməkxanada qəlyanını tüstülədə-tüstülədə aramla çay qurtumlayan görəndə o mühit üçün darıxmağa başlayıram.

"Azadlıq"ın Xaqani 33-dəki çayxanası, balaca hovuzda üzən xırda balıqlar üçün əməlli-başlı xiffət hissi keçirirəm...

Qənimət Zahid məhbəsdə olanda hamı Pərvizin başına yığılıb dərdləşirdi.

Görürdüm ki, ətrafdakı səs-küyə rəğmən Pərviz dərin fikrə qərq olub, bizdən çox-çox uzaqlardadı. Danışdırmağa ehtiyat edirdim, xəyal qırıqlığına uğramaq yazarı bezikdirir axı.

UZUN ZAMANDAN BƏRİ AXTARDIĞIM İDİ "ÖLƏNGİ"

"Öləngi" Azərbaycan nəsrində stereotipləri dağıdan ilk əsərlərdən idi, ədəbi tənqid bu əsərin ədəbiyyatımızdakı yerini müəyyənləşdirməyə belə deyək, çətinlik çəkdi, romanı incələyə, onun nisbətən reallığa yaxın olan yozumunu da verə bilmədi.

"Öləngi" dil və sturuktur baxımından son dərəcə maraqlı, orijinal və bitkin bir roman idi.

Mən bu kitabı "Azadlıq"ın köhnə ünvandakı girişində balaca qəzet-kitab köşkünün şüşə vitrinində görmüşdüm və yadımdadır ki, bu qara cildli kitabı alıb evə çəkildim və iki gecə kitabla baş-başa qaldım.

Uzun zamandan bəri axtardığım idi "Öləngi".

Dil və üslub məni əməlli-başlı valeh etdi.

Üslub heç də fasiləsiz nəyisə üyüdüb-tökməkdən, hər fikri danışıq dilində verməkdən ibarət deyil. Çalışmalısan ki, bu üyüdüb-tökdüyünü kağız da götürsün.

Mən Azərbaycan ədəbiyyatında görmək istədiyim, fəqət tapa bilmədiyim bir kitabı artıq əldə etmişdim.

Keçmişə ekskursu burdaca saxlayıb bu günə qayıdaq.

CƏSARƏT YAZIÇININ PASPORTUDUR

Pərvizin "Ən yeni ədəbiyyat" seriyasından çap olunmuş "Yad dildə" romanı nəsrimizdə əsl məxməri inqilab elədi. Tabulara qarşı, diktaturaya qarşı nifrət püskürən bu əsər gələcəyə ünvanlanıb.

Bizdən yüz il sonra bu məmləkətdə yaşayacaq insanlar "Yad dildə"ni vərəqləyib əsrin əvvəlindəki Azərbaycanı görüb tanıyacaqlar, (kaş tanımaz olaydılar - K.H) ilk öncə təəccüblənəcəklər, sonra vahiməyə düşəcəklər, dəhşətə gələcəklər, roman boyu içlərinə yığılmış nifrət söyüşə çevrilib xuntaçıların qəbrinə yağacaq. Dövrün həqiqətini yazmaq bacarığı heç də istedaddan az əhəmiyyət daşımır.

Cəsarət yoxdursa, yazıçı da yoxdur. Cəsarət yazıçının pasportudur.

"Yad dildə" romanı haqqında mətbuatda dərc olunan bütün yazıları oxumuş bir adam kimi deyə bilərəm ki, müəllif öz istəyinə yetərincə nail olub. Hətta kultaz saytında Ayxan Kiçikbəyin yazısını da diqqətlə oxudum və müəllifin iradlarına haqq qazandırmasam da, o yazıda münasibət baxımından maraqlı nüanslar yox deyildi.

Gənc yazarın "Öləngi"ni oxumaq cəhdi öz günahı ucbatından uğursuzluqla nəticələnib, ama uzun bir fasilədən sonra növbəti fürsəti qaçırmayıbsa ona halaldır.

"Yad dildə" Azərbaycanın qara kitabıdır. Bu qara kitabı hər gün haqqı basılıb yeyilən, cibinə nəşə atılaraq məhbəslərə atılan, dilənçi halına salınan zavallı insanlar öz yırtıq ayaqqabılarıyla hələ də yazmaqdadırlar.

Pərviz sadəcə mirzəlik edib, "bu bazarda çirkaba bulaşmaq istəməyənlər" üçün bir nəfəslik açıb.

"Şeytana daş atanların şeytanla bir cərgədə" olduğunu görüb susan yazıçı artıq mənəvi ölümünə qol çəkmiş olur. Zatən, Pərviz heç vaxt susmayıb, yazmayanda da sükutu ilə etiraz etməyi bacarıb. Haqqı deyən yazıçının sükutunda da dəhşətli, dağıdıcı bir güc var.

Yazıçı onu əhatə eləyən mühitin dinamikasını dilə gətirib, yaşadığı dövrün identifikasiyasını nəsrə köçürüb. "Yad dildə" müəyyən mənada Pərvizin simasında ümumiləşdirlimiş, akkumulyasiya olunmuş bir adam danışır.

YAZIÇI SANKİ OXUCUDAN TOTAL PASSİVLİYİN HAYFINI ÇIXIR

Mən müəlliflə mətndəki insanı eyniləşdirmək fikrində deyiləm, eyni zamanda anlayıram ki, qəhrəmanın həyatında onun özündən gələn məqamlar çoxdur.

"Biz o günə inanırdıq. İnanırdıq ki, artıq qurtuluruq; inanırdıq ki, artıq yupyumru bir günəş doğacaq içimizə və bir daha üzünü buludlar almayacaq..." Ama xalqın qanını su yerinə axıdan xunta çox güclüydü.

"Bu Xunta devrilənədək!" nidası əsərin əvvəlindən sonunadək oxucunu müşayiət edir.

Təəssüf, sonda oxucu xuntanın devrildiyini görmək xoşbəxtliyindən amansızcasına məhrum edilir. Yazıçı sanki oxucudan total passivliyin hayıfını çıxır.

Mən bu sətirləri yazarkən "Azadlıq" qəzetinin sonuncu sayı (27 aprel, 2010) gözümə dəydi, qəzetin sonuncu səhifəsindəki bir şəkil diqqətimi çəkdi - iki nəfər mülki geyimdə olan şəxs Pərvizin qoluna girib onu harasa aparırlar.

"Polislər onun kim olduğunu bilməsə də, göyərçinlər bilirdi..." Bu şəkil "Azadlıq" blokunun keçirdiyi aksiya polis tərəfindən dağıdılarkən çəkilib.

"Mən zülmətlə vuruşurdum - zülmətin tələsinə düşdüm. Biz yolumuzu bu zülmətdə azdıq. ...

Görünür, bizim içimizin işığı bəs eləmədi bu zülməti yarmağa." Oxucu yazıçının öz əsərindəki qəhrəmanın taleyini yaşadığını əyani surətdə görür və yazıçının ideallarına tapınır. Bu yazıçı kimi Pərvizin ən böyük uğurudur.

Bir qism yazarlar var ki, tarixi mövzular onlar üçün ən yaxşı sığınacaq yeridir.

Ünlü türk yazarı Orxan Pamuk özünün "Bəyaz qala" romanına yazdığı sözardında belə deyir:

"Yazarın tarixi mövzulara meyl etməsinin əsas səbəbi onun gerçəklikdən qaçmasıdır."

YAZIÇI FİKSATORDUR, QEYDƏ ALANDIR

Ədəbiyyat gerçək həyatın fiksə edilməsidir. Bu mənada yazıçı fiksatordur, qeydə alandır. Oxucuya nağıl danışacaqsansa, elə ilk cümlədən kitabını küncə tulazlayacaq.

Mən "Yad dildə"ni acgözlüklə oxudum və öz millətiylə yad dildə danışanları tanıdım. Hamımız onları tanıyırıq və onların haçansa qəhr olacağına adımız kimi əminik.

Yaşar Kamal öz əsərlərində daim Anadolunu təsvir edirdi.

Ordakı sosial bərabərsizliyə, kəskin təbəqələşməyə, insanların ağrılarına şərik olurdu. Y.Kamal o vaxt bütün sosialist ölkələrində tanınırdı.

Çünki o, bir kapitalist ölkəsinin timsalında bu quruluşu ustalıqla xarakterizə edirdi. Pərvizin romanında mövcud quruluşun iç üzü açılır, dövrün ziddiyyətləri və bu ziddiyyətləri doğuran səbəblər təhlilə çəkilir.

Milli Bank sədrinin gəlininin doğuşuna gedərkən

Məhin xanıma təklif olunur ki, təzə doğulan uşağın yerinə başqa bir uşağı qoysun, bundan sonrası isə onluq deyil. Bu işin əvəzi isə həyətdə dayanan yaraşıqlı avtomobildir. Əlahəzrət pul hər şeyə qadirdir.

Yazıçı bu romanda kifayət qədər ciddi problemlər qaldırır.

"BİZ ALLAHA DA KEÇMİŞ ZAMANDA İNANIRIQ"

Mən nəsrdə vizual elementlərin qabardılmasını xoşlayıram. Pərvizin nəsrində çox maraqlı metaforalar və aforizmlər var. "Vaxt oralarda (Sibir nəzərdə tutulur.- K.H) yiyəsiz, səfil, beş qara qəpiyə dəyməyən it kimidi."

"Biz Allaha da keçmiş zamanda inanırıq." "Məhərrimlik endirimləri gəl-gəl deyir...", "...xəyanət də sevgi kimidi, ürəkdə başlayıb yataqda bitir." "Siz" müraciət forması cəmiyyətdə bərabərliyin pozulduğu çağların qalığıdır." və s. və ilaxır.

Nəhayət bir məqama da toxunub fikrimizi yekunlaşdıraq.

İmam Hüseyn müsibətinin fəlsəfəsini anlayan da, anlamayan da min dörd yüz ildir ki, onun ölümünə yas saxlayıb zəncir vurur, özlərinə qəsd edirlər. Pərviz oxucuya nəyi anlatmaq istəyir?

Pərviz Cəbrayıl
"Hüseyn ibn Əli sizə ağlayırdı, ey müsəlmanlar! Sizə gün ağlamaq istəyirdi.

Siz özünüzə ağlayırsınızmı?

Axı bu gün əzilən, qətl edilən, malı talanan, haqqı tapdanan, azadlığı zorlanan, ağzına güllə sıxılan, cibinə kokain atılan, qarşısına küçə qadını, küçə "kişisi" çıxarılıb şərlənən, həqiqəti yazdığı üçün sinəsinə bıçaq saplanan, ehtiyac üzündən balaları məmləkəti tərk eləyib qürbət ellərə gedən, çoxunun o ellərdən mafası qayıdan, səsi günün günorta çağı oğurlanıb qutulara tökülən və hələ sonra həyasızcasına, utanmadan "göstərilən etimada görə təşəkkür" də olunan sizsiniz. İmam Hüseyn dözərdimi bunlara?..

Əlbəttə, dözməzdi. Siz isə dözürsünüz və susursunuz, digər tərəfdən haqq bildiyi iş uğrunda şəhid olmuş imama yas saxlayırsınız.

Bu şəbih bir qara qəpiyə də dəyməz. Məhəmməd peyğəmbər buyururdu ki, haqsızlıq önündə susan mənim hümmətimdən deyil.

"Yad dildə". Bu kitabı üzünə tutan hər bir kəs orda özünü görəcək. Dəyişmək istəyən də olacaq, istəməyən də...

(yazı təkrar çap edilib)

Bu mövzuda həmçinin oxu
Tehran Əlişanoğlu. “Yad dildə”ni doğma dilə çevirərkən

“Yad dildə” stolüstü yox, stulüstü roman ola bilər”
Yad Dildə Ədəbi Hadisə
Pərviz Cəbrayıl. "Yad dildə" (Romandan parça)
XS
SM
MD
LG