Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:26

Təbiətin yoxsa «Azərenerji»nin problemi…


Şirvanın Bayramlı qəsəbəsinin bir hissəsi su içində qalıb
Şirvanın Bayramlı qəsəbəsinin bir hissəsi su içində qalıb
«Su basıb həyəti. Boğuluruq, yatmağa yerimiz də yoxdur. Hər yer Kürün suyudur. Xahiş edirik bizə kömək edin».

Kür çayı ətrafında su altda qalan ərazilərin sayı günü-gündən artmaqdadır. Artıq Sabirabad rayonunun mərkəzi də su altında qalıb. Vəziyyətin təhlükəli olaraq qaldığını indi rəsmi strukturlar da təsdiqləyir.

Baş verənlərin əsas qurbanına çevrilməkdə olan yerli əhali isə üzbəüz qaldıqları bu təhlükəni törədənin təbiət yox, «Azərenerji» Səhmdar Cəmiyyəti olduğunu deyirlər:

BU SEL OLSAYDI, PALÇIQLI, ZİBİLLİ OLARDI

«Bu sel olsaydı, palçıqlı, zibilli olardı. Dupduru sudur. Mingəçevirdən gəlir. Ucuz enerji əldə edib pul yemək üçün belə edirlər. Bunun hamısı Etibar Pirverdiyevin bəlasıdır».

«Mingəçevirdə mazutdan istifadə etməmək üçün suyu hündürdə saxlayırlar ki, ucuz enerji alsınlar. Camaat da əziyyət çəkir. Baxın də bu su Arazla, Kürlə gəlsəydi belə duru olmazdı».

Əhali deyir ki, artıq 10 ilə yaxındır onlar bu vəziyyətdədirlər. Özü də bu təbiətin yox, öz mənfəətini güdən məmurların işidir. Yəni konkret desək «Azərenerji»nin.

«Azərenerji»nin mətbuat xidmətinin əməkdaşı Ələkbər Baxşəliyev isə bu barədə AzadlıqRadiosuna danışarkən deyilənlərin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, subasmanın Mingəçevir su anbarı ilə əlaqəsi yoxdur.

Bayramlı qəsəbəsi ərazisində yerləşən bəndin yarılması nəticəsində qəsəbənin böyük hissəsi su altındadır.
60 ilə qədər Bakıda və Moskvada su təchizatı sahəsində yüksək vəzifələrdə çalışmış mütəxəssis Ələsgər Yusifov da deyir ki, hazırda Kür çayı ətrafında baş verənlərin səbəbini göylərdə və dağlarda yox, Mingəçevir su anbarında və «Azərenerji»nin rəhbərliyində axtarmaq lazımdır. Anbarda suyun maksimum hündürlüyü 72 metr nəzərdə tutulduğu halda, «Azərenerji» qazanc əldə etmək üçün onu 90 metrə qədər qaldırır:

MAZUTUN HESABINA MİLYONLAR QAZANIRLAR

«90 metrdən suyu stansiyadan buraxanda elektrik enerjisinin istehsalı 5-10 dəfə artır. Onlar ucuz başa gələn həmin enerjini QRES –in işləməsinə sərf edirlər, mazutun hesabına milyonlar qazanırlar».

Ələsgər Yusifov deyir ki, «Azərenerji» buna görə də yay aylarında suyu Kür çayına buraxmayıb anbarda saxlayır.

Yayda Kürdə suyun az olduğunu çay kənarı ərazilərdə yaşayanlar da təsdiqləyirlər.

NAZİRLİK SU BURAXILIŞI QAYDALARINA DÜZGÜN RİAYƏT OLUNMADIĞINI BİLDİRİR

Tez-tez təkrarlanan və böyük əraziləri əhatə edən sel, daşqın və subasma hadisələrinin səbəblərinin aşkar edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ölkənin çay ətrafı əraziləri, bəndlər və çay məcraları haqqında materialları təhlil edib,
Salyan rayonu
mövcud vəziyyəti qiymətləndiriblər.

Nazirliyin İnternet saytında yerləşdirilən məlumata görə, təhlil nəticəsində müəyyən edilib ki, gursululuq dövründə Kürətrafı rayonların ərazisində daşqın və subasmaların yaranmasının əsas səbəblərindən biri də mövcud Şəmkir, Yenikənd, Mingəçevir və Araz su anbarlarından gündəlik su buraxılışı qaydalarına düzgün riayət olunmamasıdır. 2008-ci ildə qış ayları olmasına baxmayaraq, yanvar ayının 31-dən fevral ayının 20-dək Mingəçevir su anbarından buraxılan (çıxar) suyun həcmi daxil olan (axım) suyun həcminə nisbətən 1,47-1,62 dəfə artırılıb, bunun nəticəsində də Neftçala rayonunun Bankə qəsəbəsində 50-yə qədər fərdi yaşayış evi subasmaya məruz qalıb.

Məlumatda təhlilin nəticəsi kimi qeyd olunur ki, respublika ərazisində baş verən daşqınların əsas səbəblərindən biri də çayların məcralarının təmizlənməməsi, müdafiə və digər qurğuların tikilməməsidir və sairə.

Yəni insan faktoru. Hazırda su altında qalmış bölgələrin sakinləri də bunu deyir.
XS
SM
MD
LG