Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:57

Səfurə Əlizadənin «Telenor Arena»da ilk məşqi


Səfurənin ilk məşqi
Səfurənin ilk məşqi
«Ən çox səbirsizliklə gözlənilən məşqlərdən biri – Azərbaycan təmsilçisinin ilk məşqi olub». «Eurovision-2010» mahnı müsabiqəsinin rəsmi internet səhifəsində belə yazılır. Söhbət təbii ki, Azərbaycanı bu müsabiqədə təmsil edən Səfurə Əlizadənin Osloda «Telenor Arena» səhnəsindəki ilk məşqindən gedir.

Artıq iştirakçılar konsertin keçiriləcəyi bu səhnədə məşqlər etməyə başlayıblar, Səfurənin ilk məşqi isə mayın 18-də olub.

Səfurənin məşqi ilə bağlı məqalədə müəllif yazır ki, o ifa edəcəyi «Drip-Drop» mahnısına yekun cizgilər əlavə etmək üçün bu yaxınlarda professionallarla işləyib. Səfurənin məşqinə tamaşa etmək üçün xeyli mətbuat nümayəndələri və fanatlar «Telenor Arena»ya toplaşıbmış.

Məşqdə Səfurə qara qiyafədə olub, sol əlinə də paltarına uyğun əlcək taxıb. Onu səhnədə dörd nəfər qadın vokalist müşayiət edir. Səhnədə isə ikipilləkənli podium var, onlardan biri Səfurə üçün, digəri isə vokalçılar üçündür. Mahnının irəliləyən dəqiqələrində böyük səhnədə Səfurə və vokalçılara yarıçılpaq rəqqas da qoşulur.

Konsert zamanı səhnədə məşqdə olmayan hər hansı yeniliyin olub-olmayacağı, hələ ki, məlum deyil. Amma məşq onu izləyənlərin çox xoşuna gəlib.



BEYONSUN XOREOQRAFI SƏFURƏ HAQQINDA NƏ DEYİB?


Azərbaycanla bağlı mətbuat konfransı da gərgin keçib. Səfurə heyətinin bəzi üzvlərini, həmçinin Beyonsun xoreoqrafı JaQuel Knight və rəqqas Denis Hrystuku təqdim edib. Denis Hrystuk Ukraynada «Hamı rəqs edir» telelayihəsinin qalibidir.

Konfransda JaQueldən Səfurə ilə işləməyin təəssuratlarını soruşublar. O, deyib ki, Səfurə kimi suyuşirin və gözəl qızla işləmək onun üçün hədiyyədir və zövq verir:
«Səfurə kimi yeni istedad görmək məni ruhlandırır. O, ulduzdur, mən onunla işləməyə başlamazdan öncə o artıq ulduz idi».

JaQuel onu da deyib ki, Beyons və Səfurənin ikisi də çox çalışqandırlar.

Mətbuat konfransında Səfurədən soruşublar ki, bu gənc yaşında ölkəsini təmsil etməyin məsuliyyətini necə hiss edir. Səfurə isə cavabında deyib:

«Mən çox xoşbəxtəm ki, 17 yaşımda Azərbaycanı bu cür nüfuzlu müsabiqədə təmsil edirəm. «Drip Drop» mənim üçün xüsusi mahnıdır. İnsanlar onu eşidən kimi bəyənirlər. Bu, çox təsiredici mahnıdır və fəxr edirəm ki, bu mahnını ifa edirəm. Mənə verilən bu şansa görə çox böyük məsuliyyət hiss edirəm».

Səfurə Əlizadə Norveçin paytaxtı Osloda keçiriləcək «Eurovision 2010» müsabiqəsində mayın 27-də keçiriləcək II yarımfinalda 7-ci çıxış edəcək. Müsabiqənin final mərhələsi isə mayın 29-da olacaq.
XS
SM
MD
LG