Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:47

Azərbaycanın əsas rəqibləri Almaniya, Türkiyə və Ermənistandır


Ermənistanı təmsil edəcək Eva Rivas Rostovda doğulub
Ermənistanı təmsil edəcək Eva Rivas Rostovda doğulub
Azərbaycanı «Eurovision-2010» mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadəyə rəqib Almaniya, Türkiyə və Ermənistan təmsilçiləri sayılır.

Bunu müxtəlif internet saytlarında aparılan virtual səsvermənin nəticələrindən görmək olar. Məşhur sosial şəbəkə olan «Facebook»da «Eurovison»la bağlı səhifə var. Burda keçirilən səsvermənin nəticələrinə görə, 31 faiz səslə Türkiyə birincidir. Azərbaycan 4 faiz səs yığıb və təxminən 5-ci yerdədir.

Google da hər il olduğu kimi bu dəfə də «Eurovsion»un nəticələrini qabaqcadan proqnozlaşdırmağa çalışır. Google hansı iştirakçının mahnısının daha çox axtarılmasına əsaslanıb belə qənaətə gəlib ki, ən çox tələb Almaniyayadır. Səfurənin «Drip-Drop» mahnısı isə Google-da axtarılan 9-cu mahnıdır.

Bir başqa, wiwibloggs.com saytındakı səsverməyə görə, birinci yerdə Türkiyə, ikinci yerdə İspaniya 37,39 faizlə irəlidədir. Sonrakı yerləri Almaniya, Ermənistan və Azərbaycan tutur. Müxtəlif internet resurslarında keçirilən rəy sorğularından belə qənaətə gəlmək olar ki, Azərbaycan təmsilçisi Səfurə Əlizadənin əsas rəqibləri Almaniya, Türkiyə və Ermənistandır.

ALMANİYA

Almaniyanı 19 yaşlı Lena «Satellite» mahnısı ilə təmsil edəcək. Lena peşəkar musiqiçi deyil. Ali məktəbə imtahana hazırlaşır. Almaniyada milli müsabiqənin qalibi olandan dərhal sonra onun mahnısı musiqi saytlarında ən çox dinlənən və yüklənən mahnılardan biri olub. Hətta onun mahnısı Almaniyada satışına görə qısa müddətdə rekord vurub.


TÜRKİYƏ


Türkiyəni isə 4 nəfərlik «Manqa» rok qrupu «We could be the same» mahnısı ilə təmsil edəcək. Qrup 2001-ci ildə bir neçə albom buraxaraq uğur qazanıb. Türkiyədə albomları besteller olub. «Manqa» 2009-cu ildə MTV-nin Avropa Musiqi Mükafatına layiq görülüb. Həmin il ən yaxşı video, ən yaxşı qrup, ən yaxşı mahnı, ən yaxşı albom, ən yaxşı ifa nominasiyaları üzrə müxtəlif mükafatlar da alıb.


ERMƏNİSTAN


Ermənistanı təmsil edəcək Eva Rivas isə Rostovda doğulub, 23 yaşı var. Rostovda «Arevik» ansamblının solisti olub. 2005-ci ildə «Rostovun qızıl səsi» və «Don çayının incisi» fəxri adlarına layiq görülüb. Həmin il Ermənistanda keçirilən ilin mahnı yarışmasının qalibi olub. Ölkəsini «Apricot Stone» mahnısı ilə təmsil edəcək.
XS
SM
MD
LG