Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:45

Rəsulzadənin hansı əsəri Stalini cin atına mindirib?..


Azerbaijan – The first page of the book “Azerbaijan Republic” by Mahammad Emin Rasulzade. 1924 Istanbul. 10Mar2009
Azerbaijan – The first page of the book “Azerbaijan Republic” by Mahammad Emin Rasulzade. 1924 Istanbul. 10Mar2009
«Rəsulzadə Sovet dövründə ən çox döyülən siyasi xadim idi. Sovetlərin dağılmasından sonra da ən çox sevilən siyasi xadimdir».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan tanınmış tarixçi alim, professor Cəmil Həsənli söylədi.

Azərbaycanda ötən əsrin 90-cı illərindən başlayaraq M.Ə. Rəsulzadə irsinin toplanılması istiqamətində kifayət qədər iş görüldüyünü deyən professorun sözlərinə görə, «ən azından Rəsulzadənin əsərlərinin iki cildliyi buraxılıb». Məşhur tədqiqatçı Şirməmməd Hüseynovun topladığı materiallar əsasında Rəsulzadənin 1909-cu ilə qədər və 1909-dan 14-cü ilə qədər yazdıqları nəşr edilib. «Rəsulzadənin demək olar ki, xaricdə çap olunmuş bütün əsərləri Azərbaycanda çap olunub».

Qonağımız maraqlı bir nüansa da diqqəti çəkdi:

«Rəsulzadənin əsərləri bir vaxt mübarizə apardığı Moskvada da çap olunubdur. Bu yaxınlarda Salavat İsakovun redaktorluğu ilə onun «Seçilmiş əsərləri» çıxdı. Orada «Azərbaycan Cümhuriyyəti» əsəri 1923-cü il tərcüməsində verildi. Mühacirətdə yazdığı bəzi məktublar da həmin nəşrə daxil idi».

1998-ci ildə prezident fərmanı ilə çıxan 8 cildlik «Cümhuriyyət sənədləri»ndə də Rəsulzadənin çıxışlarının, məktublarının verildiyini deyən Cəmil Həsənli bildirib ki, «Rəsulzadə ideoloq idi. Xaricdə çıxan heç bir kitaba onun 1923-cü ildə çıxan «Azərbaycan Cümhuriyyəti» kitabı qədər diqqət yetirilməyib».

RƏSULZADƏNİN HANSI ƏSƏRİ STALİNİ CİN ATINA MİNDİRDİ?

Sovet rəhbərliyinin, Stalinin bu kitaba kəskin reaksiya verdiyini deyən Cəmil Həsənli «Niyə» sualını belə cavabladı: «Çünki bu əsərin əsas ideyasını o təşkil edirdi ki, milli münasibətlər baxımından çar Rusiyasının siyasəti ilə Sovet Rusiyasının siyasəti arasında heç bir fərq yoxdur. İkinci birincidən daha mürtəcedir!»

C.Həsənli bu kitabla tanış olanda Stalini heyrət götürdüyünün bir səbəbini də açıqladı. «Çünki Stalin uzun müddət milli işlər komissarı olmuşdu. Bu sahəyə özü nəzarət edirdi».

Cəmil Həsənlinin dediyinə görə, ona görə də Stalin öz əliylə Rəsulzadəyə qarşı mübarizənin planını verdi.

«Rəsulzadəni nədə ittiham etmək lazımdır? Onu və əsərini ictimaiyyətin gözündə salmaqdan ötrü nələrə diqqət yetirmək lazımdır?» Stalin yazdığı tezislərdə Rəsulzadəni aqrar islahatı keçirməməkdə,
1918-ci ilin Şəmkir hadisələrində, mart hadisələrində ittiham edir. Onu bəy-xan hökuməti qurmaqda, hətta Türkiyəyə xəyanətdə suçlayır! Guya «o, rus ordusunun Azərbaycandan keçib Türkiyəyə getməsinin əleyhinə çıxış edib».

QARA MAYAKLAR SİYAHISINA RƏSULZADƏ NECƏ SALINDI?

C. Həsənli bu direktivin Sovet Azərbaycanının rəhbərliyinə göndərildiyini, Rəsulzadənin ifşası üçün kitab yazılmasının da tələb olunduğunu bildirdi. «Bəzi hazırlıqlar getsə də, Sovet Azərbaycanında belə bir kitab yazılmadı. Sonra Kazanda «Qara mayaklar» adlı kitab çıxdı, onun bir fəsli də Rəsulzadəyə aid idi».

M.Ə. Rəsulzadənin keçdiyi həyat yolunun böyük bir nümunə olduğunu deyən C.Həsənli «orada araşdırılmayan məsələlər hələ çoxdur» deməyi də unutmadı.

Cəmil Həsənli təzəlikdə İnsan Fondunun dəvəti ilə Fransada bir aylıq səfərə çıxdığını, müxtəlif arxivlərdə, kitabxanalarda olduğunu da qeyd etdi. «Qafqaz Mərkəzində iki mühazirəm oldu - Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti ilə bağlı, bu hökumətin Qərbə inteqrasiyası ilə bağlı. Maraqlı müzakirələr oldu».

- Cəmil Həsənli ilk siyasi mühacirlərimizin olduğu Fransada nələrlə qarşılaşdı?

- Fransa Xarici İşlər Nazirliyinin Diplomatik Arxivində Azərbaycanla bağlı hansı sənədlərə rast gəldi?

- Əlimərdan bəy Topçubaşovun orda saxlanılan sənədləri neçə bağlamadan ibarətdir?

- C. Həsənli niyə Diplomatik Arxivdəki materialların 60-70 faizinin bizə məlum olmadığını söylədi?

- 49 səhifəlik «Azərbaycan tarixi» əlyazması kimindir?

- Bu sənədlər nə vaxt dövlət səviyyəsində alınacaq?

- Cəmil müəllim Azərbaycan tarixiylə bağlı hansı kitabı oxuyaq? - deyə sual edən dinləyiciyə nə cavab verdi?

- Gənclərə hansı kitabı oxumağı məsləhət gördü?

- Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün çox əhəmiyyətli hesab etdiyi romanın niyə ekranlaşdırılmasını arzuladı?

- O hansı sevgi romanıdır ki, azərbaycanlı qəhrəmanları Cümhuriyyət ideyalarının müdafiəçisinə çevrilirlər?

- O dünyaca məşhur romanı Cəmil Həsənli niyə «Azərbaycan Cümhuriyyətinin salnaməsi» hesab etdi?

- Və nəhayət, Cəmil müəllim Azərbaycan ailələrinin «28 mayısı» - Cümhuriyyət Bayramını necə qarşılamalarını arzuladı?

«Can Bakı»nı mütləq dinləyin.
XS
SM
MD
LG