Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:49

«Azərbaycan tarixində 28 Maydan böyük bayram yoxdur»


Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov
Şahnaz Bəylərqızı:

Studiyamızın qonağı, jurnalistlərin müəllimi, tədqiqatçı-alim, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovdur. Xoş gəlmisiz.

Şirməmməd Hüseynov:

Çox sağ olun. Təşəkkür edirəm.

Şahnaz Bəylərqızı:

Bayramınızı təbrik edirəm.

Şirməmməd Hüseynov:

Mən də hamının bayramını təbrik edirəm və onu demək istəyirəm ki, Azərbaycan tarixində bizim millət üçün «28 may»dan böyük bayram yoxdur.

Şahnaz Bəylərqızı:

Müsahibələrinizin birində demisiz ki, «28 may»ı Novruz bayramı kimi təmtəraqla qeyd etmirik. Nə vaxt ki, «28 may»ı Novruz kimi, milli bayram kimi böyük təmtəraqla qeyd edəcəyik o bizim bayramımız olacaq. Təhrif eləmədim fikirlərinizi?

Şirməmməd Hüseynov:

Yox. Mən bir şeyi deyim. M.Ə.Rəsulzadə demişdi ki, Azərbaycan xalqının bir dəstəsində ki, milli, dövlətçilik ruhu vardı, həmin insanlar da Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Amma bir hissəsi yaratdığı üçün, bütün xalqda bu ruh olmadığına görə biz o Cümhuriyyəti saxlaya bilmədik. İndi biz əgər istəyiriksə ki, bu müstəqil Azərbaycan dövlətini əbədi, daimi edək və bunu gələcək nəsillərə verək, bu torpağı, bu vətəni, onda biz gərək, elə edək ki, bütün millətin əksəriyyətinin, hamısını demirəm, rüşvətxorun, məddahın, oğrunun canında milli ruh olmaz, millətin böyük hissəsinin canında, qanında, ruhunda milli ruh, milli dövlətçilik hissi ola, vətəndaşlıq namusu ola, onda bu dövlət əbədi olacaq. Buna çalışmaq lazımdır. Əvvəla gərək hər kəs öz ailəsində belə bir vətəndaş yetişdirə. Odur ki, bayramlar çoxdur. M.Ə.Rəsulzadə bu bayramın tərifini də verib. Deyirdi ki, bayram ayrı-ayrı fərdləri birləşdirən, millət kimi formalaşdıran vasitələrdən biridir. Ayrı-ayrı fərdləri birləşdirən, milli zəmində birləşdirən, onları bir millətin topu halında məcmu edən vasitələrdən biridir. Buna görə də «28 may», mən belə fikirləşirəm ki, indi qeyd olunur, hətta təkcə bizdə yox, xaricdə də qeyd olunur, çünki bu bizim müstəqillik bayramımızdır. O ki qaldı, haradan mən müstəqil Azərbaycan cümhuriyyətinin tədqiqatçısı oldum, haradan M.Ə.Rəsulzadə mənim tədqiqat obyektimə çevrildi və mən onun daha doğrusu aşiqi oldum? Heç kəs mənə sifariş verməyib, kömək etməyib. Düzdür, kömək edən çox olub fərdi mənada. Mən dövlət mənasında deyirəm. bu təsadüfi deyil. Cümhuriyyətlə mənim aramda 6 yaş fərq var. Cümhuriyyət 18-ci ildi, mən 24-cü ildə anadan olmuşam. Cümhuriyyətin yıxılmağı, yəni işğalı 20-ci ildir, mən 4 il sonra anadan olmuşam. Mən uşaq olanda, hansı çörəyi yeyirdim? Cümhuriyyətin çörəyini. Kimlər mənə dərs deyirdilər? Cümhuriyyətin müəllimləri. Çünki Cümhuriyyət Bakıda, Gəncədə, Şəkidə, Qazaxda müəllimlər seminariyası açmışdı. Oranı qurtaran müəllimlər mənə dərs deyirdilər. Bizim ailəmizdə Cümhuriyyət ruhu həmişə vardı. Özü də mən sizə deyim, bolşeviklərə münasibət müxtəlif idi. Mənim yadımdadır, uşaq vaxtı biz mahnı oxuyardıq. Bilirsiz, hansı mahnılar mənim indi də yadımdadır? Ay ağalar qulaq asın, dağıtdı dünyanı sovet, erməni fayda gördü, yıxdı müsəlmanı sovet.

Şahnaz Bəylərqızı:

Bunu oxuyurdunuz o illərdə?

Şirməmməd Hüseynov:

O vaxt. 5-6-7 yaşında oxuyurdu camaat. Və yaxud da, soğan kimi soydular bizi bu bolşeviklər, qara günə qoydular bizi bu bolşeviklər.

Şahnaz Bəylərqızı:

Bəs qorxmurdunuz ki, sizi tutarlar?

Şirməmməd Hüseynov:

O vaxt hələ repressiya tam şəkildə deyildi. Hələ bəyləri, xanları, varlıları, axı bolşevizmin şüarı nə idi, kapitalistləri, mülkədarları bir sinif kimi ləğv etmək. Məsələn elə şeylər var ki, bizim tarixçilər bunları yazmırlar. Məsələn mən Moskvada arxivdə işləyəndə belə bir sənədə rast gəldim Azərbaycan Kommunist Bolşeviklər partiyasının o vaxt iki bürosu vardı, bir təşkilat bürosu, bir siyasi bürosu. 1920-ci ilin mayın 17-də, işğaldan 17 gün sonra qərar qəbul ediblər, rusca belə yazıblar: «O sozdaniye konslaqer v Baku». Bakıda ölüm düşərgəsinin yaradılması haqqında. Bu ölüm düşərgəsini Nargində yaratmışdılar. Çünki Nargində hərbi əsirlər üçün ölüm düşərgəsi vardı. Nikolay dövründə. 15-ci ildən sonra. Yəni bunların hamısı mənim yaddaşımdadır. Mən o vaxtdan ürəyimdə, qəlbimdə, qanımda vardı ki, belə bir dövlətimiz olub bizim. O vaxt M.Ə.Rəsulzadəni hamı əzbər bilirdi. Özü də hökumətə Müsavat hökuməti deyirdilər. Müsavatı kim yaratmışdı? M.Ə.Rəsulzadə və onun dostları, əqidədaşları. Ona görə də mən aspirant olanda partiya tarixi arxivində, digər arxivlərdə o vaxtın sənədlərini bizə vermirdilər. Heç mətbuat orqanlarına vermirdilər, cavanlara. Gərək xüsusi icazən olaydı. İcazənin də nömrələri vardı. Hər adama büro sənədlərini vermirdilər. Mən Moskvada gedib o sənədlərlə tanış olandan sonra «Azərbaycan» qəzetini qarşıma qoyub oxudum. Üzeyir bəyin redaktoru olduğu. Gördüm a kişi, bunlar sən demə, millətin, ən namuslu, qeyrətli, fədakar, istedadlı adamlarıdır. Onlara necə aşiq olmayasan? Amma bunun üçün gərək sənin canında, qanında da o ruh ola. Yəni vətənpərvərlik ruhu. Dünyaya, onun siyasi xəritəsinə baxırsan və həmişə həsəd aparırsan. Mən Moskvada oxuyanda dünyanın 20 – 30 ölkəsindən adamlarla bir yerdə oxuyurdum. Mən görürdüm ki, polyaklarda, çexlərdə, koreyalılarda, çinlilərdə, yuqoslavlarda, albanlarda necə vətənpərvərlik hissi var. Bunlar nə təhər öz ölkələrinin aşiqidir. Bunlar himnlərini əzbər bilirlər. Bayraqlarını döşlərindən asırlar. Hər dəfə bayram edirlər. baxırdıq ki, əşi biz onlardan nədə əskiyik, mən başa düşmürəm. Bizim də axı o cür tariximiz, kişilərimiz var. Bizim bir tarixi yaddaşımız da var axı. Mən bir söz demək istəyirəm. Məşhur türk tarixçisi var Mustafa Yazıçı. 1990-cı ildə Ankarada onun bir kitabı çıxıb. Mən Moskvada 91-ci ildə bu kitabla tanış oldum. Nədi o kitabın adı? Tarixdə 128 türk dövləti ilə, 318 dövlət, 356 hökumət başqanlarının özəllikləri. Miladdan öncə 220- miladdan sonra 1990-cı ilə qədər. Nə yazsa yaxşıdır? Türklər tarixdə bu müddət ərzində, yəni 2200 il ərzində 128 irili, xırdalı, müstəqil dövlət yaradıblar. O dövlətlərin həm adlarını, tarixini verir, həm dövlət başçılarını verir, həm hökumət başçılarını verir. Mən axtardım ki, burda Azərbaycan nə təhərdir? Gördüm sən demə Cümhuriyyətə qədər, 1918-ci ilin mayına qədər, onun yazdığı kitabda, iranlıları hesablamır ha, Azərbaycan türkləri 5 müstəqil dövlət yaradıblar. Türk dövlətindən söhbət gedir. Cümhuriyyət 114-cü türk dövlətidir tarixdə. Və 5 dövlət başçısının adını çəkir. 1146-cı ildən yaranan türk dövlətindən. Türklər axı bilirsiz ki, nə vaxt olub, nə təhər olub. Yəni türklər nə vaxt gəlib Orta Asiyadan, Altaydan. Bu tarixlər elədir ki, zorla tarix düzəltməyə ehtiyac yoxdur. Tarixi tarixçi yazır. 114-cü türk dövləti, kitabda yazır, Azərbaycan Xalq Cümhuriyyəti. Dövlət Başçısı M.Ə.Rəsulzadə. Milli Şuranın sədri dövlət başçısı hesab olunurdu. Niyə? Çünki Azərbaycan Cümhuriyyəti Parlamentli Respublika idi. İndi bizdə prezident respublikasıdır. Dövlət başçısı – prezidentdir. O vaxt dövlət başçısı parlamentin başçısı hesab olunurdu. Bunlar tarixdir. Ona görə biz Azərbaycan Xalq Cümhuriyyəti deyəndə deyirik ki, dövlətçiliyimizin bərpası? Demirik ki, yeni dövlət yaratmışıq. Dövlətimizi bərpa eləmişik. Çünki bizim qanımızda, varlığımızda, tarixi yaddaşımızda dövlət yaratmaq qabiliyyəti olmasaydı, biz müstəqil dövlət yarada bilməzdik. Dünyaya baxın. Dünyada alimlərin hesablamalarına görə, bəzisi yazır 3500, bəzisi yazır 3700-ə qədər xalq var, millət var, tayfa var, qəbilə var. Amma cəmi 230-nun müstəqil dövləti var. Onun 190-ı Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Onun biri bizik. Niyə 3500 dövlət yoxdur. Hər millət müstəqil dövlət yaratmaq vərdişinə malik olmayıb və yoxdur. Məsələn, Hindistanda elə xalqlar var ki, yüz milyondan artıq o xalqın üzvü var. Amma müstəqil dövləti yoxdur. Biz gərək bunları başa düşək və bu dövlətin qədrini bilək. Mən bəzən belə şeylərə qulaq asıram deyirlər ki, dövlət bizə göydən düşüb, heçdən yaranıb, nə bilim, nədən yaranıb. A kişi, bu vərdiş olmasaydı millətin qanında, canında o müstəqil dövlət həyatını yaşaya bilməzdi. Çox maraqlıdır ki, bu millətin bir yaşı bitəndə, ilk dəfə bu bir yaşlı övladın, müstəqil dövlətin bayramını necə keçiriblər? Mən onu qəzetdə çap etdirmişəm. 28 mayda «Azərbaycan» qəzetinin Üzeyir bəy 6 səhifəsini buraxıb. Cümhuriyyəti yaradanların şəkilləri ilə bərabər. Öz sağlıqlarında. Birinci şəkil M.Ə.Rəsulzadənindir. İkinci şəkil Topçubaşovundur. Üçüncü şəkil Həsən bəy Ağayevindir. Topçubaşovun müavini. Dördüncü şəkil Mehmandarovundur- müdafiə naziri. Beşinci şəkil Nəsib bəy Yusifbəylidir, altıncı şəkil Fətəli Xan Xoyskidir. Özləri sağ vaxtında, bir yaşı qeyd edəndə bu cür verirlər, bu işdən xəbəri olmayanlar bu siyahını istədiyi kimi dəyişir. Məmməd Əmini keçirir qırağa, Fətəli Xanı keçirir qabağa. Bəziləri nəsib bəyi qoyur, bəzisi Topçubaşovu qoyur. A kişi, öz sağlıqlarında bunlar bilirlər ideoloji cəhətdən, siyasi cəhətdən yaradan kim olub. Biz həmişə deyirik ki, Azərbaycan Xalq Cümhuriyyəti, islam dünyasında, türk dünyasında birinci demokratik dövlətdir. Amma bu dövləti kim ideyaca yaradıb? Dövlət həmişə əvvəlcə ideyaca yaranır. Bu əqidə bir qrup ziyalının, başa düşənin əqidəsinə çevrilib. Onlar da başlayırlar bu dövləti yaratmaq üçün siyasi ordu, siyasi qüvvə yaratmağa. İndi fikir verin, Üzeyir bəy nə yazırdı? «Azərbaycan» qəzetində Üzeyir bəyin də məqaləsi var, M.Ə Rəsulzadənin də. «Nə böyük bayram!»- M.Ə Rəsulzadə məqalə yazır, bir yaş bitəndə «Azərbaycan» qəzetində, ikinci məqalə «1 yaş»- Üzeyir Hacıbəyovundur. Üzeyir Hacıbəyovu oxuyuram. Nə təhər başlayıb bu cümləni bayram məqaləsində. Oxuyuram. Bu gün istiqlalını elan etmiş olduğumuz və bu istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərlə xanimanlarımızı xaraba qoyduğumuz bu dövlətin, yəni Azərbaycan türk dövlətinin 1 yaşı tamam olub da, ikinci yaşa qədəm qoyduğu gündür. Üzeyir bəy fikir verdiz nə dedi? Elə belə yaranmayıb. Vuruşmuşuq bu dövləti yaratmaq üçün. İndi nəyi bayram edirlər? Əgər millətin, vətənin taleyi, millət gəlib uçurum qarşısında, məhv olmaq qarşısında durursa və belə bir qorxu var idi. Nə idi bu qorxu? «Vopros istorii» jurnalı Moskvada nəşr olunur tarix jurnalıdır. Orda M.Ə.Rəsulzadənin məqaləsi də var, Isaakov Salavat onun haqqında yazıb. Aydın Balayevin keçən il Moskvada kitabı çıxdı. M.Ə.Rəsulzadə. İlk dəfə Moskvada rus dilində. Bu kitabdan bizi nə gözləyirmiş mart hadisələrindən, 1918-ci ilin martında, qırğın vaxtında, niyə bizi qırırdılar Bakıda daşnaklar və rus bolşevikləri, oxuyuram. Mart döyüşlərində məqsəd bu idi ki, Azərbaycan torpaqlarını 3 xristian dövləti arasında bölsünlər-erməni, gürcü, rus. Bizi bir millət kimi Qafqazda türk dövləti kimi, müsəlman dövləti kimi yaratmağa qoymasınlar. Bu təhlükəni başa düşdü müsavatçılar, Azərbaycan ziyalıları. Ona görə də M.Ə.Rəsulzadə iyun ayında Batumda müqavilə bağlayandan sonra getdi İstanbula. Türklərlə, sultanla danışıqlar apardı. Türk ordusunu bura gətirdi. Özü də ordu nə vaxt gəldi? Hələ Cümhuriyyət elan olunmamış, mayın 25-də Nuru paşa 300 nəfərlə Gəncədəydi. Mayın 28-də onlara arxayın oldular ki, Cümhuriyyəti elan edəndə, axı iyunun 4-də müqavilə bağlanmışdı. Bunu niyə deyirəm mən? Bu Cümhuriyyət elə belə yaranmayıb. Bu Cümhuriyyəti yaradanlar bu millətin ən namuslu, ən qeyrətli, tarixən hər birinə abidə ucaldılacaq insanlardı. Bir var tarixdə şəxsiyyət, biri də var şəxsiyyətə pərəstiş. Bunlar ayrı-ayrı şeylərdir. onların heç ehtiyacı yoxdur ki, onlara heykəl-zad qoyasan. Çünki o heykəli gərək millətin qanında, ruhunda, ürəyində qoyasan. Oradan heç kəs onu çıxara bilməz. Ondan sonra nə qədər istəyirsən apar daşa döndər qoy.

Şahnaz Bəylərqızı:

Yeri gəlmişkən bu yaxınlarda Ağcabədi müsavatçıları bəyan etdilər ki, Rəsulzadənin on il əvvəl icra hakimiyyətinin qabağından götürülmüş büstünü tapıblar. Büst torpağın altında basdırılıbmış. 10 ildən sonra onu axtara-axtara torpağın altından tapıblar. Və indi tələb edirlər ki, həmin büst yerinə qaytarılıb qoyulsun. Onun yerində isə hazırda Heydər Əliyevin büstü dayanır.

Şirməmməd Hüseynov:

Azərbaycan Xalq Cümhuriyyəti nəsli indi yoxdur axı. Biz hamımız o nəslin ruhunu, canını, varlığını, ideyasını daşıyanlarıq? Yox. Əkrəm Cəfər – şərqşünas alimimiz sovet dövrünün bolşevik zülmünü görmüş, sürgün olunmuş, qayıdıb gəlmiş, Allah rəhmət eləsin, çox namuslu, qeyrətli bir kişi 1989-cu ildəki dillər açıldı, camaat yazmağa başladı. O vaxt «Elm» jurnalında bir məqaləsi çıxmışdı. Mən onu kəsib saxlamışam. İndi o məqalədən bir parçanı sizə oxuyuram. Bağırovun məhkəməsində SSRİ prokuroru Rudenko Mircəfərə dedi ki, sən bu xalqın 28 min seçmə ziyalısını məhv etmisən. 28 min seçmə ziyalı zarafatdır? Əkrəm Cəfər yazır. 28 min seçmə oğul getdi. Azərbaycanda əvəzinə 28 min yaltaq, riyakar, rüşvətxor, satqın, bürokrat ikiayaqlılar vəzifə başına gəldilər. vəzifə başına keçib, özləri kimi yaltaq, bürokratik, rüşvətxor kadrlar yetişdirməyə başladılar. Camaatı qorxu içində bir-birinə inamsızlıq hissi ilə tərbiyələndirdilər. heç kəs bir-birinə inanmırdı. Stalinin bugünkü tərəfdarları elə məhz həmin tərbiyə ilə böyüyənlərdir. Həmin şərəfsizlərin xələfləridir. Nə gözləyirsiz bunlardan? Gözləyirsən ki, Məmməd Əminə heykəl qoysunlar? Qətiyyən. Ehtiyac da yoxdur. Tarix elə şeydir ki, hər şeyi öz yerinə qoyur. Stalinə yüz minlərlə heykəl qoymuşdular. Leninə də. Hanı? Soruşuram səndən. Heykəlbaz olmaq lazım deyil. Sözbaz da olmaq lazım deyil.

Şahnaz Bəylərqızı:

Deyirsiz hər şeyi buraxaq zamanın ixtiyarına?

Şirməmməd Hüseynov:

Zamanın ixtiyarına, tarixin ixtiyarına. Ən böyük hakim tarixdir. Hər şeyi öz yerinə qoyur.

Dinləyici:

Bu gün Rəsulzadə və Elçibəy yolunu hansı partiya lideri layiqincə yerinə yetirir və davamçısı görünür? Demək olarmı ki, sovet hakimiyyəti ilə bu hakimiyyətin fərqi yoxdur?

Şirməmməd Hüseynov:

1994-cü ildə M.Ə.Rəsulzadənin anadan olmasının 110 illiyi münasibəti ilə Heydər Əliyev 24 nəfərdən ibarət bir komissiya təşkil elədi. 110 illiyi çox böyük təntənə ilə qeyd elədik. Cümhuriyyət ensiklopediyası çıxıb 2 cild. Bunu yazanlar bilmirəm onu oxuyublar ya yox. Gəlin bir iş edək. Məşhur söz var. Deyir ki, sən əvvəl dövlətdən, hökumətdən istəməyi yadından çıxar. Denən ki, sən nə etmisən? Sən bu vətənə nə vermisən?

Dinləyici:

Rəsulzadənin büstünün yerin altından tapılması ilə «Dubay mülklərinin» tapılması arasında nə qədər fərq var?

Şirməmməd Hüseynov:

Demokratiyadır. Əvvəla onlar xoşbəxt insanlardır ki, belə şeyləri yazırlar və qorxmurlar. «Kommunist» qəzetində bir dəfə müxbir Stalin heca ilə keçirmişdi o tərəfə. Az qalmışdı tutsunlar. Şükür etmək lazımdır ki, onların ürəyindən nə keçir yazırlar. Onun fikridir. Ona hörmətlə yanaşmaq lazımdır. Bu bir. İkincisi də hərənin öz dünyagörüşü var, hərənin öz yanğısı var. əlbəttə azərbaycanlı üçün Rəsulzadə kimi bir tarixi şəxsiyyətin büstünün basdırılması faciədir. O faciə onun ürəyini ağrıdırsa, ona eşq olsun demək lazımdır. Onda vətəndaşlıq qeyrəti var. Qoy onu basdıran da utansın, o işə fətva verən də utansın və o atmosferi yaradan da utansın.

Şahnaz Bəylərqızı:

Nəsiman Yaqublu efirdə dedi ki, müasir Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi saymaq olmaz. Sizdən soruşuram Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqına nə verdi?

Şirməmməd Hüseynov:

Nəsiman da tədqiqatçıdır. Tələbəmdir. Çox yaxşı tədqiqatlar aparır. Axtarışları var. Bu onun fikridir. Bu fikrə etiraz etmək faydalı olmaz demokratiya üçün. Amma gəlin bir söz deyək. Azərbaycan dövləti mövcuddur ya yox. Dünyanın 60-70 ölkəsi bizim bu müstəqil dövlətimizi tanıyıb. Bayrağımız var? Himnimiz var? Sərhədimiz var? Qoşunumuz var? Pulumuz da var. İnkişaf da var. Yəni hər şeyi birdən istəməyə, oxşarlıq aparmağa. Filankəsin dədəsi milyonerdir mənim dədəm kasıbdır. Gecə gündüz bunu fikirləşməyə dəyər? Hərə öz qabiliyyəti ilə, hər şeydən nəsə qaşıyıb çıxarmaq məncə bu faydalı iş deyil.

Şahnaz Bəylərqızı:

Cümhuriyyət bəzi işləri 18 aya görmüşdü, amma bizdə hələ 18 ildi bəzi problemlər qalmaqdadır.

Şirməmməd Hüseynov:

İndi gərək şəraitə baxasan. Nə üçün Azərbaycan müstəqillik qazana bildi? Ona görə ki, birinci dünya müharibəsi idi. Dünyanın böyük dövlətləri bir-biri ilə ölüm-dirim savaşı aparırdılar. Bizim həmişə qonşularımıza baxın. Bizə xəta həmişə haradan olub? Rusiyadan, İrandan. O biri tərəfdən ingilislər neftə göz dikib. Amerikanlar da, fransızlar da neftə göz dikiblər. O vaxt bunlar bir-biri ilə savaşırdılar. Ona görə də hələ xırda millətlərlə filanla işləri yox idi. Nə üçün Pribaltika Rusiyadan ayrıldı? Polşada birinci dünya müharibəsindən sonra 1918-ci ildə müstəqilliyini elan elədi. Finlandiya, Latviya, Litva, Estoniya, Polşa. Niyə sovet ordusu ora girib, bolşeviklərin ordusu, Qızıl Ordu onların istiqlaliyyətini əllərindən almadı, bunu 40-cı ildə etdi, Pribaltikanı. Amma bizi elə 18-ci ildən sonra 20-ci ilin aprelində qapazladı. Çünki o gördü ki, bizi dünyada müdafiə edəcək qüvvə yoxdur. Bir Türkiyədir bizim arxamızda duran. Türkiyə özü də məhv olmaq qarşısında idi. Məsələn 11-ci ordunu kim qabağa düşüb gətirmişdi Azərbaycana? Xəlil paşa. Türk mühacirləri. Çünki Leninlə Atatürk danışıqlar aparmışdı. Danışmışdılar ki, ingilislərə, fransızlara qarşı, xarici imperialistlərə qarşı mübarizə aparsınlar. Ona görə də heç Türkiyənin marağı yox idi ki, Zaqafqaziya Rusiyadan ayrılsın. İstəyirdi ki sovet hökuməti ilə sərhədi olsun, Lenin ona kömək eləsin. Adamın özü ölüm təhlükəsində olanda daha qardaşı yada düşmür. Siyasət çox incə bir haqq hesabdır. Dövrü biləsən, atmosferi biləsən. Deyəsən ki, necə addım atmaq? Siyasət nədir? İmkan olana qədər, nə ki imkan var, ona nail olmaq. Əsl siyasətçinin işi budur. Bizimkilər o vəziyyətdən istifadə etdilər. Rusiyada vətəndaş müharibəsi idi. Baxmayaraq ki, bolşeviklər hakimiyyətə gəlmişdilər, vətəndaş müharibəsi idi. O birilərinin başı qarışmışdı. Məsələn ingilislər Bakıya gəldilər, türklər gəldilər, Bakını azad etdilər. Türklər azad eləməsəydi Azərbaycan yox idi. Amma sonradan türklər getdilər 19-cu ilin noyabrında. İngilislər gəldi. Sfetaxofskinin müsahibəsi var idi ANS-də. Maraqlı bir şey deyir ki, Azərbaycan Xalq Cümhuriyyəti ona görə demokratik idi ki, burda ingilislər vardı. İngilislər demokratiyanı gətirmişdilər. Amma M.Ə.Rəsulzadə nə yazır? Yazır ki, qərb dövlətləri, öz dövlətlərində, öz ölkələri daxilində demokratdırlar. Şərqə gələndə müstəmləkəçi. Vallah xəzinə üstündə oturmuşuq. Yerin altından çıxarılana sahib çıxan çoxdur. Neftə, qızıla, təbii sərvətə. Amma millətin mənəvi xəzinəsinə sahib çıxan azdır. İndi buna baxmayaraq biz gərək bunu üzə çıxaraq. Mən indi M.Ə.Rəsulzadənin üçüncü cildini hazırlayıram. Görəsiz ki, nələr var. Və mənə heç kəs bunu demir. Heç kəs qətiyyən. Mən özüm bunu işləyirəm. Çünki bundan zövq alıram. Mən görürəm ki, açıb bunu millətə göstərmək lazımdır. Deyir, balığı tulla dəryaya, balıq bilməsə xaliq bilər. bu millət əvvəl axır bunları oxuyacaq. Çünki ayrı yol yoxdur. Biz gərək öz-özümüzü dərk edək. Öz-özümüzün qədrini bilək. Öz dövlət xadimlərimizin qədrini bilək. Yəni bilirsiz bir var ki, nöqsan axtarasan. Nöqsanı deyə-deyə dostu da düşmən etmək olar. Amma əsas məsələ odur ki, səhv edənin gərək gördüyü yaxşı işlərini önə çəkəsən ki, gələcəkdə daha yaxşı işlər görsün. Mən belə fikirləşirəm.

Şahnaz Bəylərqızı:

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqına nə verdi?

Şirməmməd Hüseynov:

O sualın cavabını M.Ə.Rəsulzadə özü verib. Yaradan verib da. Yazır ki, faktik mövcudluğunun il yarımlıq müddətində milli hökumət nə verdi? Birinci yazır ki, Azərbaycan dövlətini müdafiə etmək üçün 30 min nəfərlik ordu yaratdıq. Bu birinci vəzifədir. Dövləti yaratmaq asandır. Qorumaq bundan yüz dəfə də çətindir. Uşaq dünyaya gətirmək asandır. O uşağı bir vətəndaş kimi böyütmək, ayaq üstə qoymaq nə qədər zəhmət tələb edir? Dövlət də elədir. Sərhədimizi çəkdilər. 96,6 min kvadrat kilometr Azərbaycan ərazisi. İndi 86-dır, onun da 20 faizini erməni istəyir qopara. Amma o biri ərazilərlə, yəni mübahisəli ərazilərlə bərabər 114 min kvadrat kilometrdir. Cənubi Azərbaycanı da hesab etsək bizim ərazimiz 221 min kvadrat kilometrdir. Heç olmasa bunu yaradıblar. M.Ə.Rəsulzadə deyir ki biz 30 minlik bir ordu yaratdıq. İkinci, deyir biz hakimiyyətə gələndə Azərbaycan əhalisinin 96 faizi savadsız idi. İl yarım müddətində Azərbaycan dili dövlət dili elan olundu, məktəblər, seminariyalar açdılar. İl yarımda əhalinin 10 faizi savadlı oldu. Azərbaycan əhalisi o vaxt, Üzeyir bəy məqaləsində deyirdi ki, bizim 2 milyonluq türk xalqı. Amma erməni, rusu və başqa millətləri hesablasaq 2 milyon 700 min. Maarifə geniş yol açdılar, o biri tərəfdən Azərbaycan ərazisində - o vaxt qanuni hökumətə qarşı üsyan qaldıranda Dağlıq Qarabağı azad elədilər. Balaca şeydir bu? Özü də Üzeyir bəy indiki kimi qoymurdu Dağlıq Qarabağ məsələsini ki bu ərazi məsələsidir. Deyirdi ki, Dağlıq Qarabağ məsələsi ərazi məsələsi deyil. Dağlıq Qarabağda bir qrup erməni qanuni Azərbaycan hökumətinə təslim olmaq istəmir. Tomsona deyir ki, İngiltərənin bir qraflığı, bir şəhəri qanuni hökumətə qarşı qiyam qaldırsa nə edərsiz? Dedi, silah gücünə susdurarıq, tabe edərik. Deyir bizə də icazə verin gedək azad edək. Dedi gedin azad edin Qarabağı. Məsələnin qoyuluşu maraqlıdır. Bu torpaq iddiası deyil. Bu torpaq Azərbaycan torpağıdır. Məsələni belə qoydular və həll elədilər. Bundan böyük nə istəyirsən? Azərbaycanı dünya miqyasında tanıtdılar. Sülh konfransında müttəfiq ölkələr amerikanlar, fransızlar, ingilislər Azərbaycanın müstəqilliyini tanıdılar. Beynəlxalq miqyasda tanıtdılar. Azərbaycanı 23 ölkə müstəqil dövlət kimi tanıdı. Dünya xəritəsində Azərbaycan dövləti yarandı. Bundan böyük nə yaratmaq olar? Hələ demirəm ki bayrağımızı yaratdılar, himnimizi yaratdılar, sərhədimizi yaratdılar, bircə məsələ var. Hansı sistemi yaratdılar? Azad – iqtisadi sistem yaratdılar. Kapitalist sistemi demirik? Azad bazar sistemi. Amma sosial istiqamətli azad iqtisadi sistem. Yəni sahibkara da deyirdilər ki, sən əhalini mütləq təmin etməlisən. İndi bizdə də kapitalist sistemidir də guya. Amerika ilə nə fərqi var. Amerikada bir fəhlə gündə nə qədər qazanırsa onun 65 faizini ona əmək haqqı verirlər. sovet vaxtında bu 7 faiz idi. Sən 100 manat qazanırsan, sənə 7 manatını verir. İndi neçə faizini verirlər Allah bilir. Cümhuriyyət bunu tənzimləyirdi. Cümhuriyyətin iqtisadi siyasəti sözün həqiqi mənasında demokratik siyasət idi. Ona görə M.Ə.Rəsulzadə deyirdi ki, bir yaş bitəndə, bizim düşmənlərimiz deyirlər ki, bunlar xan-bəy hökuməti, kapitalist hökuməti yaradıblar. Biz isbat etdik ki, biz Xalq Cümhuriyyəti yaratmışıq. 19-cu ildə «Azərbaycan» qəzetində bir yazı çap olunub. Onu çap edib «Şəki fəhləsi»nə də verdim. Maraqlı bir şeydir. Şəkidə bələdiyyə seçkiləri keçiriblər 19-cu ilin martında. Azaf bəy Mustafazadə bələdiyyə rəisi seçilib. Birinci nə iş görsə yaxşıdır. Mən «Azərbaycan» qəzetində olanı deyirəm sizə. Ac adamların siyahısını tutdular. Kim ki, çörəyə möhtacdır. 40 yerdə təndir tikdirdi Azaf əfəndi. Onlara hər gün çörək verirdilər. Kimin hesabına? Kimdə ki, un vardı hamısını yığdılar o varlıları bir yerə, dedilər ki, bu Xalq Cümhuriyyətidir, xalqın qeydinə qalmaq hamımızın borcudur. Azərbaycan hökuməti pulunuzu verir. O təndirdə çörək bişirin, kim acdırsa verin. Ac adam Şəkidə olmamalıdır. Mən o məqaləni oxuyandan sonra dedim ki, a kişi, bu Cümhuriyyəti niyə bunlar müdafiə edirmiş? Xalqın Cümhuriyyəti idi. Biz bəzən belə şeyləri üzə çıxarmırıq. Amma bunlar lazımdır. Məsələn «Azərbaycan» qəzetində bir məqalə var. 65 yaşında bir kişi Qazaxdan yazır ki, bu nədir? Siz 18 yaşından 45 yaşadək olan kişiləri orduya çağırırsınız. Mənim 65 yaşım var. Gəlsin onlarla yarışaq görək kim yaxşı ata bilir? Məni niyə əsgər aparmırsınız?

Şahnaz Bəylərqızı:

Sizcə bu nədən irəli gəlirdi?

Şirməmməd Hüseynov:

Görürdü ki, hakimiyyət başında olanlar bunlardan ötrü çalışır. Bu faktı deyirlər. Mən də indi təkrar etməyə məcburam. Nəsib bəy Yusifbəyli oldu hökumət başçısı. Onun atası Gəncədə varlı adam idi. Atasına məktub yazır ki, hökumət başçısı uşaqları dolandıra bilmirəm, xahiş edirəm mənə pul göndər. atası da yazır ki, ay oğul, nə vaxta qədər mən sənə baxacağam. Hökumət başçısısan məndən pul istəyirsən? Özünü dolandıra bilmirsən?

Şahnaz Bəylərqızı:

İndi hökumət başçısı belə məktub yazar?

Şirməmməd Hüseynov:

O dövr ayrıdır, bu dövr ayrı. Belə faktları aşkarlamaq lazımdır. Yoxsa bu ölü statistik məlumatlar, müəmmalı fikirlər, uzun cümlələrlə bu millətə Azərbaycan tarixi öyrətmək lazım deyil. Mahiyyəti vermək lazımdır ki, bunlar kim idilər? Məsələn parlamentdə M.Ə.Rəsulzadə məsələ qoyur ki, büdcədə kəsir var. Gəlir yaxşı gəlməyib. Deputatların, nazirlərin və mənim maaşımı 50 faiz azaltmaq lazımdır. Bunlardan danışın. Mən inan ki, bu adamların varlığına, əxlaqına, dünyagörüşünə, xalqa olan məhəbbətinə həsəd aparıram. Bunları necə istəməyəsən?

Şahnaz Bəylərqızı:

Xalq Cümhuriyyətinin ənənələri bu gün davam etdirilirmi?

Şirməmməd Hüseynov:

Mən bayaq o suala bir balaca cavab verdim. Biz əgər varis deyiliksə, deməli ayrı millətik. Bir var millət, bir var millətə kim başçılıq edir? 17-ci ilin martında Nikolay taxtdan salınandan sonra Rusiya respublika elan olundu. M.Ə.Rəsulzadə «Açıq söz» qəzetində bir məqalə yazdı: «Cümhuriyyət». Deyir ki, iki cür cümhuriyyət var. İndiki dillə desək, iki cür respublika var. Biri var azlığın çoxluq üzərində hakimiyyəti olan respublika, respublika xaos, yəni seçilmişlərin respublikası. Biri var xalqın respublikası. Çoxluq azlığın hüquqlarını müdafiə edən hakimiyyət. Demədi çoxluq azlığı əzsin. Çoxluq azlıq hüquqlarını qoruyan cümhuriyyət. Niyə M.Ə. Rəsulzadə deyir ki, biz elan etdik ki, parlament respublikası olaq, prezidentli respublika olmayaq. M.Ə.Rəsulzadə yazırdı ki, min illər boyu biz padşahlara, şahlara, sultanlara baş əymişik. Dinimizdə həmişə bizi itaətə çağırıb. Bir peyğəmbərə hamı biət edir, səcdə qılır. Padşahlar da nə deyirlər? Göydə Allah, orda peyğəmbər, burda biz. Bunlara qulluq edin. Onlar deyən qanundur. Yəni deyirdi ki, bizdə də prezident respublikası olsa, o prezident ki, bizim millətin nümayəndəsi olacaq, onun da qanında bu təfəkkür var. O iddialılıq var. Bir azdan öz yerlilərini, dost-aşnasını, qohum qardaşını yığacaq. Özünü sultan elan etməsə də, sultanlıq edəcək. Ona görə deyirdi ki, bizə parlament respublikası lazımdı. Biz hələ ona yetişməmişik. İndi Azərbaycan o Azərbaycan deyil. Xalq da o xalq deyil. 18-ci ildə Cümhuriyyəti quran bir adam yoxdur indi. Nəvələri nəticələridir. Bayaq dedim ki, hansı nəvələr var, hansı nəticələr var? Kimin nəvəsi var, kimin nəticəsi var. Hansı ruhda tərbiyə olunmuşuq biz. Çingiz Aytmatovu mən demək istəyirəm, böyük yazıçı. Deyirdi ki, bizdə Avropa tipli vətəndaş yetişməsi üçün ən azı 5-6 nəsil dəyişməlidir. Çünki bizim hamımızın qanında, o sovet dövründən, çarizm dövründən, mütləqiyyət dövründən qalan keyfiyyətlər var. Yaltaqlıq var, məddahlıq var, baş əymək var. Bunların qandan candan çıxması üçün uzun müddət lazımdır. Xəstə tələsməklə deyil, armud vaxtında dəyir.

Şahnaz Bəylərqızı:

Nə qədər keçməlidir onda? 50 il - 100 il?

Şirməmməd Hüseynov:

Bunu mən deyə bilmərəm. Onu tarix deyə bilər. Amma əgər Çingiz Aytmatov kimi böyük bir düha, yazıçı deyirsə ki, 4-5 nəsil dəyişməlidir, deməli o nəsə bilib deyir. Və ona da etiraz edən də görməmişəm. Qanun belədir. Yeni nəsil yetişəcək. Yeni nəsil həmişə köhnə nəslin həmişə müəyyən ənənələrini davam etdirir. Amma özü o köhnə qayda ilə yaşamaq istəmir. İntəhası onu da tərbiyə etmək lazımdır. Keçmişdən biz nəyi əxz etməliyik? Vətənə məhəbbəti, insana məhəbbəti. Əli bəy Hüseynzadə yazırdı ki, fikirləşmək lazımdır, biz birinci növbədə insanıq. Hər şeydən əvvəl Allahın yaratdığı insan. Bütün insanlar kimi biz də bir insanıq. İkinci biz türkük. Millətimiz türkdür. Üçüncü biz İslamıq. Dinimiz İslam dinidir. Sonra deyirdi ki, biz qafqazlıyıq. Yəni bunu düşünmək lazımdır ki, insan hüquqları niyə xaricdə ön plana keçib? Çünki orada milli məsələ həll olunub. Millətçilik, milli dövlətçilik ruhu haradan gəlib bizə? Avropadan gəlib. Şovinizm ayrı şeydir, millətçilik ayrı. Millətçilik vətənsevərlikdir. Bizə düzgün tərif vermirlər. Milliyyətçilik vətənsevərlikdir. Vətənsevərlik ingilisdə, almanda, fransızda, amerikanda. Avropada çox güclüdür vətənsevərlik. Almanlarla müharibədə 1500 ingilis cavan oğlanı alman təyyarələrini talan edirdilər. Aparıb təyyarəsini vururdu ki, vətənini bombardman eləməsin. Yoxsa faşizmə qələbə çalmaq olmazdı. Ruslar nə təhər vətənlərini sevirlər? Rusda vətən sevgisi o qədər tərbiyə olunub ki, torpaq, vətən sevgisi müqəddəs şeydir. Gərək bunlar bizdə başlana və bu hisslər gərək təbliğ oluna. Bu da nə ilə təbliğ olunar. Bir də deyirəm. Nümunə ilə təbliğ oluna.

Şahnaz Bəylərqızı:

Bir nümunə deyin.

Şirməmməd Hüseynov:

Cümhuriyyət dövründən nümunə həmin adamların özləridir. Cümhuriyyət dövrü ensiklopediyası bizdə buraxıblar. Mən baxdım ki, o ensiklopediyada 299 adamın şəkli var. Amma o vaxt azərbaycanlılar 2 milyon olub. Deməli 2 milyondan neçə adam tarixə düşüb? 299. Onların içərisindən bu millətin tanıdığı barmaqla hesablasaq 17-18 adamdır. Bunların adlarını bilirlər. O adamlar kimdir? Onlara oxşamaq, onlar kimi yaşamaq. Bizim üçün nümunədir. Bədii obrazlar ayrı şeydir. Bədii obrazlara, bədii qəhrəmanlara oxşayanlar çox olur. Birdə var həqiqi millət qəhrəmanları.

Şahnaz Bəylərqızı:

Vaxtımız bitdi. Təşəkkür edirəm gəldiyiniz üçün.
XS
SM
MD
LG