Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:27

İran gəmilərinin Amerika ilə siçan-pişik oyunu


Mahmud Əhmədinejad, 8 iyun 2010
İran prezidenti Mahmud Əhmədinejad deyib ki, əgər BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyalar qəbul etsə, İran nüvə proqramı üzrə danışıqlara razı olmayacaq.

İran prezidenti xəbərdarlıq edir ki, Türkiyə və Braziliyanın vasitəçiliyi ilə nüvə yanacağı mübadiləsinin razılaşdırılması Vaşinqtona şans vermişdi, bu şans bir daha təkrar olunmayacaq.

İran prezidentinin belə sərt danışmağı İrana qarşı yeni sanksiyalar qətnaməsinin BMT-nin Təhlükəsizlik Şurasında səsverməyə hazır olması ilə bağlıdır.

İstanbulda regional sammitdə olan Rusiyanın baş naziri Vladimir Putin deyib ki, yeni sanksiyalar demək olar ki, razılaşdırılıb. Sanksiyaların təbiəti haqda Putin deyib ki, onlar lazım olandan çox olmamalıdır. Sanksiyalar İranın dinc nüvə sənayesinin inkişafına mane olmamalıdır.

123 GƏMİ 405 DƏFƏ AD, SAHİB, BAYRAQ DƏYİŞDİRİR

Təhlükəsizlik Şurasında bu həftə səsverməyə çıxarılmalı yeni sanksiyalarda ilk dəfə olaraq İran gəmiləri də hədəfə götürülür.

Qətnamə layihəsinin mətbuata sızan mətninə görə, bütün ölkələr Sanksiya Komitəsinə İranın Dəniz Yükdaşıma Xətləri dövlət şirkətinin gəmiləri və yükdaşımaları haqda bütün informasiyanı verməlidir.

«New York Times» yazır ki, 2008-ci ildən Amerika bu İran şirkətinə qarşı sanksiya tətbiq edəndən siçan-pişik oyunu gedir. 2 ildir ki, bu şirkətin gəmiləri adlarını, altında üzdükləri bayraqlarını, sahiblərini dəyişə-dəyişə üzməkdə davam edirlər.

Vaşinqtonun «qara siyahısı»nda İran şirkətinin iki il əvvəl 123 gəmisi vardı, indi siyahıda cəmi 46-sı qalıb. Yerdə qalanları adlarını, sahiblərini dəyişiblər.

1990-cı ildən İranın dövlət gəmiçilik şirkətinin həmin 123 gəmisi öz adında, sahibliyində və hansı ölkənin bayrağı altda üzməsində 405 dəyişiklik edib.

İran gəmiləri Fars Körfəzində, 18 iyul 2007
İran öz gəmilərinə ingilis dilində səslənən adlar verir ki, şübhəli görünməsinlər. Məsələn, «İran Mədəni» gəmisi olub «Adventist», «İran Qazi» olub «Ayaks».

Gəmi adlarından «İran» sözü çıxarılır.

Bu gəmilər Malta, Honq-Konq, Kipr, Almaniya kimi ölkələrin bayrağı altda üzür. Bu da onların daşıdığı yükə şübhələri azaldır.

İRAN SANKSİYALARININ TARİXİ

İrana qarşı hazırda 3 cür sanksiya var - Amerikanın, BMT-nin və Avropa Birliyinin sanksiyaları.

1979-cu ildən bəri tətbiq olunan Amerika sanksiyaları İran malının və xidmətinin Amerikaya idxal olunmasını qadağan edir.

1995-ci ildən Amerika şirkətlərinə İranın neft və qaz sənayesinə investisiya etmək qadağan olundu.

Sonra bu qanun İranın neft və qaz sektoruna 20 milyon dollardan çox investisiya qoyan xarici şirkətlərə də aid edildi.

Hələ ki bu qanunla cəzalanan olmayıb.

BMT-nin İran sanksiyaları 2006-cı ilin dekabrından başlanıb. O vaxt nüvə proqramı ilə bağlı olan İran şirkətlərinin və fərdlərinin bank hesabları donduruldu.

Sonrakı sanksiyalar dalğalarında İrana silah satışına məhdudiyyətlər qoyuldu, maliyyə sanksiyaları sərtləşdirildi.

Avropa Birliyinin İran sanksiyalarında bir sıra İran rəsmilərinə, nüvə fiziklərinə, ballistik raket mütəxəssislərinə viza vermək qadağan olunub. Britaniya isə öz banklarında İranın 1,4 milyard dollarlıq vəsaitlərini dondurub.
XS
SM
MD
LG