Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:04

İslama görə cahillik nədir?


«İslam dini özündən əvvəlki toplumu cahil toplum adlandırırdı. İslam bilgisizliyin düşmənidir»
«İslam dini özündən əvvəlki toplumu cahil toplum adlandırırdı. İslam bilgisizliyin düşmənidir»
Bu yaxınlarda Səudiyyə Ərəbistanında hökumətin çıxardığı qərar bütün dünya mətbuatını dolaşdı. 8 il əvvəl dini məktəblərdən birində yanğın baş verən zaman orda təhsil alan 15 qız başı bağlı olmadığına görə onlara binanı tərk etmək qadağan olunmuşdu və qızlar həlak olmuşdular. Yalnız 8 il sonra yerli hökumət qərara alıb ki, bu cür hallarda qızlar başı açıq olsa da, həyatlarını xilas etmək üçün çölə çıxa bilərlər.

Bakı Dövlət Universitetinin tələbəsi Bəhram bunu cahillik kimi qiymətləndirir. Onun fikrincə, bir çox ölkələrdə din dövlət başında oturanların əlində silahdır:

DİN ALƏTDİR

«Normal məntiq sahibi olan bir insan dini kitabları araşdırsa, onların ciddi mahiyyətinin olmadığını aşkar edər. Din iyerarxiya pilləkənində yuxarı təbəqədə olanların aşağıdakıları əzməsi üçün alətdir».

Son vaxtlar Azərbaycanda da hansısa mövzuda dini fikirlər səsləndirəndə bunu cəhalət kimi qiymətləndirirlər. Əksər hallarda da bəzi dini tələblərə riayət etməyi cahillik adlandırırlar.
Ramin Xəlilov
Əslində cəhalət nədir, cahil kimdir - bu suallara «İslam və demokratiya» proqramının növbəti buraxılışında cavab axtarılıb.

CAHİL – BİLMƏYƏN İNSANDIR

İlahiyyatçı ekspert Ramin Vəkilov cəhalətin özünün İslamdan gəlmə termin olduğunu bildirir. Onun sözlərinə görə, İslamda cahil – bilməyən insan kimi qəbul edilir:

«İslam dini özündən əvvəlki toplumu cahil toplum adlandırırdı. İslam bilgisizliyin düşmənidir. Burda söhbət həyatı, insanları və təbii ki, Allahı bilməkdən gedir. «Qurani-Kərim» bilməyənlərlə bilənlərin eyni olmadığını vurğulayır».

Filosof Ağalar Məmmədov isə əmindir ki, dindarlara görə cahillik İslamdan xəbərsizlik deməkdir. Onun fikrincə, din üçün cahil olmaq problem törətmir:

«Belə qəbul edirlər ki, miladi təqvimin 610-cu ilindən əvvəl hər şey cəhalətdir. «Quran»dan, şəriətdən xəbərsizlik cahillikdir. Nədən danışırsınızsa, danışın – istər Nitşşe nəzəriyyəsi olsun, istər Mirzə Fətəli Axundov - onlara da savadsız və cahil deyəcəklər. Hədislərdə deyilir ki, elm Çində olsa da, dalınca gedin. Amma Darvinin nəzəriyyəsi də elmdir. Amma ondan danışsanız, bunu da cahillik sayacaqlar».

ELƏ BİLİRLƏR Kİ NAMAZ QILMAQ KİFAYƏTDİR

A.Məmmədov hesab edir ki, cahil deyəndə «dünya haqqında elmi təsəvvürü olmayan insan» nəzərdə tutulmalıdır. Onun fikrincə, İslam regionunda bir milyarddan artıq insanın cəhalət içində çapalaması bu baxımdan şəriət ölkələrində vəziyyətin necə olduğunun göstəricisidir:

Ağalar Məmmədov
«Kimsə oxumur, namaz qılır və fikirləşir ki, bunun kimliyi, dünya haqqında təsəvvürü var. Halbuki əsl cahil odur. O, gedib elmlə məşğul olsa, cəhalətdən qurtula bilər. Bu gün Azərbaycanda təhsilin dünyəviləşə bilməməsinin bir səbəbi də insanların dini cəhaləti özləri üçün kompensasiya kimi qəbul etməsindədir. Kimsə fikirləşir ki, namaz qılır, imamların adını, şəriət qaydalarını bilirsə, kifayətdir».

CƏMİYYƏTİMİZDƏ DİNİN YERİ BOŞDUR

Ramin Vəkilov isə İslamla bağlı əksər məsələlərdə dindarlarla dinin yerinin səhv salındığını deyir. Bu cür fikirlərin yayılması İslamın yox, müsəlmanların günahıdır:

«Halbuki, bəzən müsəlmanlar öz dinini, İslamın əmrlərini, sosial-ictimai vacibatlarını düzgün anlamırlar. Özü də məgər dindarlıq Azərbaycanda mənfi mənada o qədər yayılıbmı ki, insanları təhsildən ayırır? Azərbaycanda boşluq olan sahə varsa, o da dindarlıqla bağlı boşluqdur. Bu gün ölkədə qurulan cəmiyyətdə dinin yeri boşdur. Əsl dinin insanlara o formada təsir eləməsi mümkün deyil».
XS
SM
MD
LG