Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:21

«Dedi ki, bu məsələlərə hökumətin gözü ilə baxın»


Rəşad Şirin
Klintonun Bakıya səfərindəki görüşləri demokratikləşmə mesajının daha az əhəmiyyətli olduğunun göstəricisidir.

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Hillari Klintonun görüşdüyü gənc fəallar arasında olan, AN şəbəkəsinin üzvü Rəşad Şirin deyib. Rəşad Şirin deyib ki, bu görüşdə, ümumiyyətlə bu səfərdə demokratiya mesajları prioritet təşkil etmirdi:

«Bizim onunla görüşümüzdə daha çox təhlükəsizlik mesajları səslənirdi. Azərbaycanın müstəqilliyini qorumaq üçün Amerika daim Azərbaycanın yanında olacaq kimi mesajlar verirdi. Özü ilk olaraq bloqqerlərin məsələsini qaldırdı. Demokratikləşmə kriteriyasında bloqqerlərdən çox uzağa getmədi».

Görüşdə iştirak edən gənclərdən Əli Novruzov isə Hillari Klintondan onların Azərbaycan hakimiyyəti ilə münasibətləri barədə suala cavab istəyib:

«Klinton mənə cavabında dedi ki, biz həm hakimiyyətə zəmanət veririk, həm də demokratikləşmə aparırıq. Siz də hökumətin vəziyyətinə girin və bu məsələlərə hökumətin gözü ilə baxın.
Əli Novruzov
Başa düşməyə çalışın ki, niyə hökumət müxalif fikirlərdən ehtiyatlanır. Bəlkə İrandan qorxurlar? Yəni arqument belə oldu ki, hökumət bir qədər azadlıq versə, İranın burda nüfuzu arta bilər. Mən belə başa düşdüm ki, demokratiya məsələsində ABŞ administrasiyası Azərbaycanda minimum proqram çərçivəsində fəaliyyət göstərəcək. Qalan digər məsələlərə maraq olmayacaq».

AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı isə deyib ki, Hillari Klintonun görüşü siyahı baxımından düzgün tərtib olunmayıb:

«Həmin görüşə daha çox ictimai fəaliyyətlə məşğul olan gənclər cəlb olunmuşdu. Bu gənclərin içərisində hakimiyyəti birbaşa dəstəkləyənlər də var idi. Bir də sırf ictimai fəaliyyətlə məşğul olan gənclər idi. Siyasi partiyaların gənclər təşkilatları orada yer almamışdı. Amma bu bizi son dərəcə narahat etmədi».

Rəşad Şirin deyib ki, bu görüşdə partiya gənclərinin iştirakı çox yaxşı olardı:

Mehman Əliyev
«Mənim üçün də aydın deyil bu format. Klintonun bu səfərində siyasi partiyalarla görüşməməyi demokratikləşmə mesajının daha az əhəmiyyətli olduğunun göstəricisidir. Ola bilsin bunu birbaşa demirlər. Siyasi partiya liderləri və gənclər təşkilatları ilə görüşməməklə bunu demək istəyirlər. Bu görüşdə Prezident Administrasiyasının işçisi də iştirak edirdi».

«Turan» agentliyinin direktoru Mehman Əliyev isə Klintonun Azərbaycana və digər ölkələrə səfərini Qərblə yeni əməkdaşlıq mərhələsinin başlanması ilə üst-üstə düşməsi kimi xarakterizə edib:

«Klintonun səfəri son illər Qərblə yaxınlaşmaya meylli olan bu ölkələrdə Qərb standartlarının möhkəmləndirilməsi, demokratik standartların tətbiq olunması istiqamətində aparılan işlərlə bağlıdır. Mən hesab edirəm ki, bu səfər yeni mərhələnin başlanması ilə bağlıdır. İyulun 16-da Avropa Birliyi ilə Azərbaycan arasında danışıqlar başlayacaq. Hesab edirəm ki, səfər bu prosesin tərkib hissəsidir».


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG