Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:57

"Bir ürəkdə Canəli Əkbərova və Elton Cona eyni dərəcədə sevgi ola bilməz"


GƏNC YAZAR XURAMAN HÜSEYNZADƏ İLƏ SÖHBƏT

- Siyasətin ədəbiyyatda təzahürü yazıçıya və oxucuya nə verir?


- Əvvəla onu deyim ki mən heç bir partiyanın üzvü deyiləm.

Aktiv siyasi fəaliyyətlə məşğul olan yazıçı Marqaret Düras haqqında İngiltərədə deyirdilər ki, ondan yazıçı çıxmaz, çünki suyasətə həddən artıq aludə olub.

Heç vaxt ritorikaya meyl etməyən madam Düras nə qədər siyasətə meyl etsə belə onun ədəbi yaradıcılığına aid nə varsa, hamısı bədii səciyyə daşıyırdı. Zənnimcə ədəbiyyatı siyasətdən ayıran məhz bu amildir.

Və məhz bu amilə görə Marqaret Düras siyasətçi kimi deyil, ədəbiyyatçı kimi tarixdə qaldı.

Ümumiyyətlə isə solçu olmağın ədəbiyyatda təzahürünün xeyri həqiqəti söyləməkdən ibarətdir. Müasir oxucunu yalnız həqiqət öz arxasınca apara bilir.

- Radikal mövqeli yazıçını, şairi əks düşərgənin oxucuları necə qarşılayır?

- Siz hesab edirsiz ki, mən radikal müxalifətçiyəm? Niyə ki? Baxın, “525ci qəzet”də bir yazı yazmışdım, orda “Yazıçı Mir Cəlal Paşayev” ifadəsi vardı. Yazı çap olunanda gördüm yazıblar “Gözəl yazıçımız Mir Cəlal Paşayev”. (Gülür).

Konkret söhbət müxalif mövqeli yazarlara bugünkü siyasi hakimiyyətin münasibətindən gedirsə, onu deyə bilərəm ki, əks düşərgənin Zəlimxan Yaqub, Vüqar Əhməd kimi şairləri var.

Azərbaycanda bu gün iki təbəqə-inomarkada gəzənlər və yolpulu tapa bilməyənlər varsa; bizim mətbəxi bəyənməyənlər və yavan çörəyə möhtac olanlar varsa, əks düşərgə təbii ki həqiqəti deyənləri top-tüfənglə qarşılayacaq.

- Birdən-birə “Müxalifət” kimi radikal bir qəzetdən hakimiyyətyönlü “525-ci qəzet”ə keçmək, üstəgəl prezident təqaüdü, sonra yenə radikal mövqeli “Demokrat” qəzetində redaktor... Bunları necə başa düşək?

- “525-ci qəzet”də mən mövqeyimi, əqidəmi dəyişmədən çalışdım. Əqidəmdən dönməyim mümkünsüz bir iş. Bu qəzet gənc yazarları ictimaiyyətə daha yaxından tanış etmək baxımından çox işlər görür.

Prezident təqaüdçüsü olmağım isə yalnız ədəbi fəaliyyətimlə bağlıdır.

Rəşad Məcidin gənc yazarlara diqqətini danmaq da mümkünsüz. Müəllif sütunu yazılarımda müxalif mövqeyim açıq-aşkar hiss olunduğu üçün o qəzetlə yollarımız ayrıldı. İndi daha sərbəst yaza bilirəm.

Necə deyərlər, özümü suda balıq kimi hiss edirəm.

- Adətən hakimiyyətdən ənam alan istedad sahiblərini susan görmüşük...

- Ədəbiyyat tariximizdə “Yaşa prezidentim, yaşa”, yaxud “Allahım, sən bizə ağsaqqal yetir” kimi “ədəbi nümunələr” qalmayacaq.

Bu xalqın üfürüb-şişirub göylərə qaldırdığı şair-yazıçılar zamanı gələndə həmin göylərdən üzünü aşağı-xalqa tutub onun dərdini deməyi bacarmırlar.

Bu hakimiyyətin ən güclü silahı istedadlı adamları susdurmaqdı.

Sənəti siyasətlə birləşdirən Henrix Böll dünyasını dəyişəndə Volfram Şütle adlı bir tənqidçi yazmışdı ki, bu dünyada Böllün olması, başqaları susarkən onun öz səsini qaldırması çoxlarına cəsarət verirdi.

Çox acınacaqlıdır ki, indi o, əbədi susmalı olacaq.

Bizimkilər isə məsələn, Şəhidlər Xiyabanında Heydər Əliyevdən evinin təmir olunmasını istəyir. Məncə o insanın ki şəxsiyyəti yoxdu, elə onun pulla susdurulması məsləhətdir.

- “Gülbuta”, “Mamed”, “Tutubikə”, “Fatmanisə”...

- Bunların atası hakimiyyət, anası cəmiyyətdi. Hərəsi bir tale yaşayıb. Və bunlar bizim ümumiləşmiş obrazlarımızdır.

- “Bir qədəh soyuq gecə”nin dadı necədi?

- Ayrılığın, yoxsulluğun, etibarsızlığın dadı kimi. İnsan ətrafdan, yaşadıqlarından, gördüklərindən üz çevirəndə “bir qədəh soyuq gecə”yə üz tutur. Amma insanın ən çox “bir qədəh isti sevgi”yə ehtiyacı var...

- Yaradıcılığınızda qadın modeli ön plandadır. Qadınlar haqqında çox yazmaqla onlara təsir etmək mümkündür?

- Yenə də deyirəm, lirik qəhrəman hansı əxlaqın daşıyıcısıdırsa bunun məsuliyyəti ata-hakimiyyətin və ana-cəmiyyətin üzərindədir. Müəllif sadəcə bu qəhrəmanları tapır və oxucularla tanış edir.

Müəllifin üzərinə düşən məsuliyyət isə yalnız qəhrəmanın təqdimatının uğurlu və ya uğursuz olmasından ibarətdir. O ki qaldı təsir etmək söhbətinə, heç Bovuar, Sartr da qadınların dünyagörüşünə təsir edə bilməmişdi.

Bu, artıq maariflənmək məsələsidir. Öz həyatını ədəbiyyatda görənlər əsərin finalından nəticə çıxarmalıdır.

- Yaradıcı insan üçün ədəbiyyat nədir?

- Dramaturq Ejen İonesko və şair dostumuz Qulu Ağsəs ədəbiyyatın nevroz olduğu qənaətindədir.

Bilmirəm, bunu ilk dəfə hansı kəşf edib... (Gülür) Mənə görə ədəbiyyat ruhumun həyatla döyüşə çıxdığı bir meydandır.

- Bu döyüşdən məğlub ayrıldığınız məqamlar olub?

- Olub. Dostlar üçün muğamat mətnləri yazanda.

- Qarabağlısız axı... Özü də peşəkar tarzən...

- Olsun. YUNESKO-nun mənəvi irs kataloqunda bizim muğamlarla yanaşı yam-yam nəğmələri, Afrikanın ümummilli cəngəllik şərqiləri də yer alıb.

Bunu hiss etməmək o qədər də çətin deyil: hakimiyyətin muğam siyasəti gözdən pərdə asmaq üçündür.

Bir ürəkdə Canəli Əkbərova və Elton Cona eyni dərəcədə sevgi ola bilməz.

- Hansı yazıçıların əsərlərindən təsirlənmisiniz?

- Bilirsiz necədi, hər yazıçının öz dəst-xətti var. Oxuduqdan sonra hansını oxuyub, hansını oxumamaq barədə qərar verirsən. İlk dəfə Kafkanın “Çevrilmə”sindən çox təsirləndiyimi düşünürəm.

Ejen İonesko deyirdi ki, Pol Valerinin əsərlərində işıq yox, zərgərlik məmulatlarının, brilyantın soyuq parıltısı var, Valeri Larbo isə daha isti təəssürat bağışlayır.

- Özümüzünkülərdən kimləri oxuyursunuz?


- Rafiq Tağıdan tutmuş Vüqar Əhmədə kimi hamısını...

Söhbətləşdi: S.Talıblı
XS
SM
MD
LG