Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:33

İsa Qəmbər Müsavatla AXCP-nin birləşməsini təklif edir


İsa Qəmbər
İsa Qəmbər
Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 21-ci il dönümü ilə əlaqədar iyulun 15-i Müsavat Partiyasının qərargahında keçirilən tədbirdə İsa Qəmbər bir siyasi təşkilatda birləşmək təklifi ilə çıxış edib.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı AzadlıqRadiosuna bildirib ki, İsa Qəmbər çıxışı zamanı deyib ki, Rəsulzadə-Elçibəy yolunda olan siyasi qüvvələrin yaxınlaşması vacibdir. Bu yaxınlıq hətta sözügedən təşkilatların birləşməsinə qədər də davam edə bilər:

«O bildirdi ki, seçkilərdən sonra Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyaların birləşməsini məqsədəuyğun hesab edir. Söhbət AXCP, Müsavat və digər təşkilatlardan gedir. Orada konkret olaraq adlar çəkilməsə də, təbii ki, ilk növbədə AXCP və Müsavat nəzərdə tutulur».

AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı deyir ki, İsa Qəmbərin bu fikri çox uğurlu və vaxtında səslənmiş fikirdir. Ölkədəki siyasi reallığı əks etdirir. Fuad Qəhrəmanlı deyir ki, ölkədə demokratikləşməni təmin etmək üçün bu iki partiyanın imkanlarını birləşdirməyə ehtiyac var:

«Burada söhbət konkret olaraq AXCP və Müsavatın birləşməsindən gedir. İsa bəy bildirdi ki, o başqanlıqdan gedir. Qarşıdan Müsavat Partiyasının qurultayı gəlir.

Seçkilərdən sonra bu iki partiya birləşib öz yeni başqanını seçsə daha yaxşı olar».

Fuad Qəhrəmanlı deyir ki, birləşməyə gedən yolda AXCP öz üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazırdır.
XS
SM
MD
LG