Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:31

Mətbuat günü – «bayram xatirinə bayram»?


Qənimət Zahid
Qənimət Zahid
«Mən bilmirəm, 135 il öncə Həsən bəy Zərdabinin daşıdığı dəyərləri indi Azərbaycan jurnalistikasında neçə nəfər yaşadır».

Bu açıqlamanı AzadlıqRadiosunun «Can Bakı» proqramının qonaqlarından biri olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid səsləndirib.

OBYEKTİV BİR HESABAT VƏ...


Onun sözlərinə görə, mətbuatımızın 135 illiyini qeyd ediriksə, bir qədər yaxşı əhval-ruhiyyədə olmalıyıq. «Bu həm də illik, əsrlik hesabat dövrüdür. Özümüzə hesabat verməliyik ki, biz nələr qazanmışıq. Həsən bəyin ideyalarını hara aparıb çıxara bilmişik. Güman edirəm ki, obyektiv bir hesabat bizi o qədər də yaxşı olmayan vəziyyətə qoyardı».

BAYRAM XATİRİNƏ BAYRAM?

Verilişin digər qonağı Ramin Dekonun fikrincə, ölkədə bayram ovqatı hiss olunmur. «Sadəcə bir ali media mükafatı təsis ediblər. O da mediada işıqlandırılıb. Yəni buna bayram xatirinə bayram demək olar».

BU GÜN BÖYÜK BAYRAMDIR!

Daha bir qonağımız—İTV Yayım Şurasının üzvü, veteran jurnalist Altay Zahidov bu günü böyük bayram hesab edir.
Ramin Deko
«135 il əvvəl qəzet buraxmaq Həsən bəy Zərdabinin uğuru, qələbəsi idi. Özü də, onun ən böyük istəyi həyata keçib. Biz onun yetirmələri, davamçılarıyıq. Odur ki, hamını bu bayram münasibətilə təbrik edirəm».

FƏRQ YOXDUR!

Qonaqlara Həsən bəyin çox böyük məhrumiyyətlərlə qəzet çıxardığını xatırladıb, 135 ildən sonra qəzet çıxarmağın asan, ya çətin olduğunu da soruşduq. «Fərq varmı» sualını Qənimət Zahid belə cavabladı: «Böyük anlamda fərq görmürəm. O zaman da mətbəə yox idi, indi də yoxdur. O zaman mətbəə quberniya idarəsinin əlindəydi, indi də hamı bilir mətbəəçilik kimin əlindədir. O zaman Zərdabi əlbəəl yayırmış qəzeti. İndi də ölkənin kənd rayonlarına qəzet gedib çıxmır. Gedib çıxanda da, oranın «qubernatoru» tərəfindən müsadirə edilir. Yəni o qədər də qabağa getməmişik».

TƏHQİRLƏ TƏNQİD BİR-BİRİNƏ QARIŞIB


Jurnalistikada böyüdüyünü, 1958-ci ildən radioda çalışdığını, hətta Azərbaycan radio-televiziyasının Moskva müxbiri olduğunu və bununla fəxr etdiyini vurğulayan Altay Zahidovun dediyinə görə, indi keçmişə kölgə salmaq adətdir. «Baxın, görün, indi mətbuatımız nə bərbad haldadır? İmla-inşa yazan jurnalistika ilə məşğul olur. Ağzına gələni yazır. Məsuliyyət hissi yoxdur. Təhqirlə tənqid bir-birinə qarışıb, itib. Bu jurnalistika ilə hara gedib çıxacağıq? TV kanallarımız da bu gündədir. Niyə olanların üstündən xətt çəkirsiniz?
Altay Zahidov
Deyin görək siz neyləmisiniz?».

SOVETLƏRDƏ DAHA BÖYÜK AZADLIQLAR VARDI?


Qənimət Zahid Altay bəyin dediklərinə qatıldığını bildirdi. Onun fikrincə, sovet dövründə daha böyük azadlıqlar vardı. İndiki ilə müqayisədə azadlıqlarla bağlı daha böyük təşəbbüslər vardı. «Biz də istəyirik ki, o zamanınkından daha yaxşı olsun. Sovet hökuməti indikindən daha sahmanlı idi, ictimai, inzibati, siyasi düzənlər vardı. Amma dağıldı. İnsanlar istədilər ki, daha yaxşı bir dövlət modelində birləşsinlər. Çox təəssüf ki, bu olmadı və biz daha pis gerçəkliklərlə üz-üzə qaldıq».

Qənimət bəy vurğuladı ki, bugünkü mətbuatın da missiyası ondan ibarətdir ki, gerçəkliklərin iç üzünü açıb göstərsin. «Bəlkə də, eyni adamlar barədə davamlı yazmaq kimlərisə bezdirir. Amma o adamlar ictimai qınağa çəkilməlidirlər. İctimai qınaq mexanizmə çevrilməlidir. Mətbuatın da işi bu mexanizmi yaratmaqdır».

VƏZİYYƏT DÜZƏLMİR...

Qənimət Zahidə görə, bizim borcumuz jurnalist olaraq bu eybəcərliklərə qarşı çıxmaqdır. «Biz deyirik, yazırıq, adamların qulağını, gözünü ağrıdırıq. Amma vəziyyət düzəlmir. Düzəlmirsə, demək kifayət qədər demirik. Ölkə mətbuatı bir sistem olaraq bu eybəcərliklərin üstünə getmir, onun yanında yer alır, korrupsiya ilə işləməyə üstünlük verir. Bax, bu, çox pisdir».

«Can Bakı»nın bu buraxılışını elə bu səhifədən dinləyə bilərsiniz.
XS
SM
MD
LG